Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-69/2025 01.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş – X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə Hacıqabul Rayon Məhkəməsinin binasında məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş, X1 barəsində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X4 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 2024-cü ilin noyabr ayında əsl adı Faya olan ona isə özünü Səma kimi tanıdan qadın ilə “4loft" adlı klubda gecə saat 3 radələrində tanış olmuşdur. Bir qədər söhbət etdikdən sonra öz avtomobili ilə evinə yola salmışdır. Faya ilə hər telefon danışığında işdən ayrıldığını özünə sığışdırmadığını evdə yeməyə bir şey olmadığını ona demişdir. Hər dəfəsində isə ona yemək göndərib və ya görüşüb yemək almışdır. Bir müddət sonra Faya ona yanvar ayının 18-i Qəbələdə “party” (yığıncaq) olacağını deyib onu dəvət etmiş, o isə həmin tarixdə ölkə xaricində olacağını bildirmişdir. 12 yanvar 2024-cü ildə dostları Qəbələ şəhərinə getməyi planlaşdırmışdır. Qəbələ şəhərinə çatarkən Faya “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə ona yazmışdır. Ona evdəkilər ilə dalaşdığını özünə həyatda yer tapmadığnı bildirmişdir. O, isə ona necə kömək edə biləcəyini soruşmuşdur. Faya Qəbələyə, yəni onun yanına gəlmək istədiyini bildirmişdir. Elə bu zaman dostu Nihatdan xahiş etmişdir ki, gələndə Fayanıda gətirsin. Onlar Qəbələ şəhərinə çatanda 1-ci evdə Fərid ilə öz otaqlarını seçmişdirlər. Aşağı otaqda o yatacağını bildirib çantasını ora yerləşdirib duşa getmişdir. Cəmil və həyat yoldaşı Roza isə 2-ci evdə yatacağını dedilər. Yerləşdikdən sonra onlar restorana getmişdirlər. Gecə saat 9 radələrində Faya və dostu Nihat Qəbələyə onların yanına çatdılar. (Soyuq bulaq restoranı). Bir qədər orda yeyib içdikdən sonra Tufan dağa əylənməyə getdilər. Gecə saat 1 radələrində evə gəlmişdirlər. 2 ev olmuşdur. Birinci ev iki otaqlı, ikinci ev isə 3 otaqlı olmuşdur. Bir qədər söhbət etdikdən sonra hər kəs öz otağına keçdi. O, öz otağında olarkən telefonuna zəng gəldi ve çıxıb həyətdə danışmışdır. Danışığını bitirdikdən sonra öz otağına keçəndə Fayanı otaqda onun yatağında uzanmış halda görmüşdür. Evdəkilər ilə dalaşdığını danışmış, sonra hansısa kursa yazılacağını ondan isə ona maddi yardım etməsini istəmişdir. O isə pulu olmadığını bildirmişdir. Sonra Faya otağı tərk edərək zalda divanda yatmışdır. Səhər yeməyinə gedəndə başının ağrıdığını görüb ona çantasından dərman vermiş və yemək yeyərkən ona qulluq etmişdir. Bir neçə saat sonra Bakı şəhərinə qayıdarkən avtomobildə 4 nəfər olduğunu bilə-bilə Faya onunla birlikdə qayıtdı və Bakıya çatanda Faya öz evinə çatdığdan sonra “Whatsapp” vasitəsi ilə ona səsli mesaj göndərərək “hər şey üçün çox sağol minnətdaram” demişdir. 13 yanvar 2024-cü ildə Faya ilə “Whatsapp” vasitəsi ilə rəqs etdikləri videonu çəkdiyini, çəkibsə ona göndərəcəyini istəmiş, o isə çəkmədiyini bildirmişdir. 14 yanvar 2024-cü ildə o, ölkə xaricində olarkən Faya öz “İnstagram” profilində zorlandığı haqqında “story” paylaşmış və “İnstagram”da qrup açaraq onun zorakılıq etməsini biİdirmişdir. Faya Pənahova xx.xx.2025-ci il tarixdə öz “İnstagram” sosial şəbəkisindəki “panakhova f” profilindən status paylaşaraq ona böhtan ataraq güya onun Faya Pənahovaya qarşı zorakılıq etdiyini paylaşmışdır. Həmin paylaşımda qeyd olunurdu: “-Bu arada neçə gün əvvəl təcavüzə özüm uğramışam. Özümü fiziki güc olaraq qoruya bilsəm də çənəm və dodağım əzilib.” Bundan başqa, Faya Pənahova xx.xx.2025-ci il tarixdə öz “İnstagram" sosial şəbəkəsindəki "panakhova_f" profilindən qrup açaraq Fəridi, Cəmili, Rozanı həmin qrupa əlavə edərək mətn paylaşaraq və ona böhtan ataraq güya ona zorakılıq etdiyini paylaşmışdır. Bundan sonra xx.xx.2025-ci ildə Faya Pənahova Bakı şəhər Baş Polis Ídarəsinə müraciət edərək onun güya zorakılıq etməsi barədə şikayət etmişdir. Araşdırma nəticəsində Qəbələ şəhərində olan Fərid, Nihat, Cəmil və Roza adlı vətəndaşlardan izahat alınmışdır. Yekundan Qəbələ rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək Faya Pənahovanın əsassız ittihamları rədd edilmişdir. İkincisi, Bakı şəhər Xətai rayon məhkəməsinə müraciət etməsinin səbəbi Qəbələ rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Faya Pənahovanın Bakı şəhəri Xətai rayonunda yaşaması olmuşdur. Bu halı Faya Pənahova özü bildirmişdir. Üçüncüsü, Faya Pənahovanın ona böhtan atmağı və ağır cinayətdə əsassız ittiham etməyi iş üzrə dindirilmiş şahidlər Fərid, Nihat, Cəmil və Roza ifadələri ilə təsdiq olunur. Qeyd olunan şahidlər hazırkı işdə də dindirilə bilərlər. Yuxarıdakı hərəkətlərlə Faya Pənahova həqiqətə uyğun olmayan, qərəz və yalanlardan ibarət böhtan xarakterli uydurma, şəxsiyyətin şərəf və ləyaqətini ləkələyən və onu ictimaiyət qarşısında nüfuzdan salan status (və qrup açaraq ordada ona böhtan atması) paylaşmaqla yalan məlumatlar kütləvi informasiya vasitəsi olan “İnstagram” sosial şəbəkəsində yayaraq ona böhtan atmışdır. Qeyd olunan əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən məsuliyyətə səbəb olur. Odur ki, xüsusi ittihamçı X4 göstərilənlərə əsasən, xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsini, X1 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilərək barələrində cəza tədbirinin görülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X4 izahatında ərizəsində göstərilənləri müdafiə edərək şikayətin məhkəmənin icraatına qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 şikayət ərizəsinin dəlillərinə etiraz edib əsassız olduğundan məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 şikayətin icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini, şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1) şikayət həmin məhkəməyə aid olmadıqda; 2) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3) şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6) cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlardan birini qəbul edir: 1) şikayət həmin məhkəməyə aid olmadığı müəyyən edildiyi halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 2) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduğu halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 3) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildiyi; şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığı; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi; şikayəti vermiş şəxs şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikasının CPM-nın 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Beləliklə, məhkəmə qeyd edir ki, yuxarıda sadalanan Azərbaycan Respublikası CPM-nin müvafiq normalarının məzmunundan göründüyü kimi yalnız xüsusi ittiham qaydasında şikayətin materiallarında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda və şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilə bilər. Hazırlıq iclasında məhkəmə şikayətin cinayət təqibini qeyri-mümkün edən hal aşkar etdikdə xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi haqqında qərar qəbul edir. Məhkəmənin hazırlıq iclasında vətəndaş X4 xüsusi ittiham qaydasında verdiyi şikayətin əsasını təsdiq edən sübut kimi X3 tərəfindən mobil telefonda quraşdırılmış “WhatsApp” tətbiqi vasitəsilə yaradılmış Cəmil Quluzadə, Roza Qafarova və Sema adlı şəxslərdən ibarət qrupda F.Pənahova tərəfindən ona qarşı böhtan xarakterli ifadələrin işlədilməsi olmuşdur. Lakin, yaradılmış qrupda olan şəxslərdən “Sema” adlı şəxsin X1 özü olduğu müəyyən edilmiş, digər şəxslər olan Cəmil Quluzadə, Roza Qafarova tərəfindən həmin məlumatların oxunması, habelə adları çəkilən şəxslərin yaradılmış qrupda faktiki iştirakını təsdiq edən hallar müəyyən edilməmiş, ərizəçi tərəfindən bu faktı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, barəsində şikayət edilmiş X3 tərəfindən “WhatsApp” tətbiqi vasitəsilə yaradılmış qrupda yazılan məlumatların yayılması faktı öz təsdiqini tapmamışdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin dəlillərini təsdiq edən sübutlar mövcud olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-nin 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-69/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-69/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver