Məhkəmə qərarları › İş №1(071)-7/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-7/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-7/2025 10.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X7 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Qazı-Məmməd (hazırkı Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Hacıqabul rayonu Muğan qəsəbəsi ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan hal-hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün xeyli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri, M.F.Axundov küçəsində daşımış, 16 fevral 2024-cü il tarixdə saat 17:30-da Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, M.F.Axundov küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 01 ədəd bükülüdə xeyli miqdarda, yəni təmiz çəkisi 0,590 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən aşkar edilib götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs fakt üzrə istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, ay ərzində bir dəfə “kakos” kimi tanıdığı narkotik vasitələrdən istifadə etmişdir. Sonuncu dəfə 2025-ci ilin yanvar ayında Ceyranbatan qəsəbəsinin ərazisində narkotik vasitədən istifadə etmişdir. 16 fevral 2024-cü il tarixdə Şirvan şəhərinin ərazisində olmuş orada yeyib içmiş və sərxoş vəziyyətdə olduğundan narkotik vasitə qəbul etmək istəmişdir. Bu səbəbdən həmin tarixdə saat 16:30 radələrində Şirvan şəhərində yerləşən Nərimanov adına parkın qarşısında olarkən özünə məxsus mobil telefonla Samir adlı şəxsə məxsus ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək gələcəyini bildirmiş, həmin vaxt telefona cavab verən Samir isə ona gəlməsini bildirmişdir. Samir adlı şəxs onun nə məqsədlə gələcəyini anlamışdır. Lakin, həmin vaxt sərxoş olduğu üçün telefon zənginə Samir və ya digər şəxs tərəfindən cavab verilməsini dəqiq bilməmişdir. O, Samir adlı şəxsdən narkotik vasitə əldə etmək məqsədilə taksi ilə Şirvan şəhərindən Hacıqabul şəhərinə gəlmişdir. Belə ki, Samir adlı şəxsin narkotik vasitələrin aludəçisi olması ona əvvəlcədən məlum olmuşdur. Hacıqabul şəhərinə çatdıqdan sonra mülki geyimdə olan 3 nəfər şəxs onu saxlamışlar. Saxlanılanadək Samir adlı şəxslə telefon danışığı bir neçə dəfə olmuş sonuncu dəfə saat isə 17:03-də danışmışdır. Polis əməkdaşları tərəfindən tutulduqdan sonra onu Hacıqabul rayon polis şöbəsinə gətirmişlər. Onu şöbənin inzibati binasının 3-cü mərtəbəsində təhqiqatçının otağına aparmışlar. Üzərində aparılmış axtarışı əks etdirən videoçəkiliş həmin otaqda olmuşdur. O, baş vermiş hadisələr haqqında vəkilə heç bir məlumat verməmişdir. Hacıqabul RPŞ-dən buraxıldıqdan sonra polis əməkdaşları tərəfindən ona edilmiş qeyriqanuni əməllər barəsində heç bir dövlət orqanına şikayət etməmişdir. Polis əməkdaşları tərəfindən tutularkən üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu “Hacıqabul” marketin qarşısında tutmuşlar. Hazırda iş üzrə şahid olan Şahid1 onun tutulması zamanı orada olmayıb. Telefon danışıqlarına dair məlumatı məhkəməyə təqdim edərək sübut kimi qəbul edilməsini xahiş edir. Sonda təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətmədiyini bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Hacıqabul rayonu, Muğan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında o, Hacıqabul RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3 və Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə Zeynalov X5 şəhəri, M.F.Axundov küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişdirlər. Polis şöbəsində TB-nin təhqiqatçısı Tural Namazov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi Ağabba Qədirov ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Tural Namazov tərəfindən onun, əməliyyat qrupunun digər üzvləri və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd sellofan kəsiyinin içində narkotik maddə heroinə bənzər maddəni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan götürülmüş maddənin narkotik maddə heroin olduğunu, Bakı şəhərində 20 Yanvar metro stansiyasının yaxınlığında yerdən tapmasını və özünün istifadə etməsi məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,64 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs götürülmüş narkotik maddə heroinə oxşar maddə bir ədəd zərfə qoyularaq RPŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. O da həmin protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Verilmiş suallara əsasən Şahid1 Təqsirləndirilən şəxs ifadəsində göstərilənləri təkzib edərək bildirmişdir ki, həmin tarixdə narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan Şahid4 səhər radələrində Hacıqabul RPŞ-nin əməliyyat qrupu tərəfindən saxlanılmışdır. O, həmin əməliyyat qrupunda üzv olaraq iştirak etmiş və Samirin barəsində olan əməliyyat məlumatı ona daxil olmamışdır. Lakin Elşən barəsində əməliyyat məlumatı ona daxil olduğundan yaradılmış qrupa rəhbərlik ona həvalə edilmişdir. Samirin üzərindən aşkar edilmiş mobil telefon onun iştirakı ilə təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bu səbəbdən Elşənin dediyi kimi əgər Samirə zəng etmiş olsaydı onunla danışıq aparılması mümkün deyildir. Hesab edir ki, Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli yalan məlumat verir və həqiqəti əks etdirmir. Göstərilənlərlə yanaşı əlavə olaraq qeyd edir ki, əməliyyat tədbiri yekunlaşdırıldıqdan sonra iş təhqiqatçı və müstəntiqdə olduğundan götürülən telefonların aqibəti barədə onun məlumatı olmur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Müdafiə tərəfinin şahid ifadəsinin sübut kimi qəbul edilməsinə etirazı daxil olmamışdır. Məhkəmə istintaqı zamanı hazırda Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkən Şahid4 məhkəmə iclasına gətirilərək əlavə şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə səhər saat 07 radələrində polis əməkdaşları tərəfindən tutulmuşdur. İstifadə etdiyi ********** nömrəsi olan mobil telefonun üzərində olmaqla həmin vaxt polis şöbəsində olmuşdur. Belə ki, o, yaşadığı evdə olarkən polis əməkdaşları evə daxil olaraq onu tutmuş və istifadə etdiyi mobil telefonu ondan götürmüşlər. O, Təqsirləndirilən şəxs tanımır, lakin Təqsirləndirilən şəxs əmisi Ziyafəti tanıyır. Ziyafətlə Rusiya Federasiyasında olarkən tanış olmuşdur. O, heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır və Təqsirləndirilən şəxs tanımır, əvvəllər onunla telefon əlaqəsi olmamışdır. Verilmiş suala əsasən əlavə olaraq bildirir ki, barəsində olan cinayət işi gedişatında mobil telefonlar iş üzrə tədqiq edilib zəruri məlumatlar aşkar edilmədikdən sonra onun xahişinə əsasən qohumlarına qaytarılmışdır. Şahid4 ilə çarpaz dindirmə zamanı Təqsirləndirilən şəxs əvvəl verdiyi ifadəsini qismən təkzib edərək göstərmişdir ki, o, Samiri narkotik vasitə aludəçisi kimi tanmış, bu səbəbdən hesab etmişdir ki, onda mütləq olaraq narkotik vasitə ola bilər. X12 birlikdə olduqda Samirin də iştirakı ilə narkotik vasitə qəbul etmişlər. Həqiqətən də əvvəllər onun Samirlə əvvəllər hər hansı telefon danışığı olmamış, həmçinin ondan narkotik vasitə almamış, yalnız əmisi vasitəsilə əlaqə yaranmışdır. Əmisi Ziyafət isə 2023-cü ilin dekabr ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı tutulmuşdur və hazırda həbsdədir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, o, taksidən düşüb Hacıqabul marketin qarşısında bankomatdan 14 manat çıxarıb Samirin evinə doğru hərəkət etməkdə məqsədi o, olmuşdur ki, birdən pula ehtiyac olar. Lakin narkotik vasitəni pulla əldə etmək niyyəti olmamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin PPXT-nin polis nəfəri Şahid6 ifadəsində göstərmişdir ki, Şahid4 tanıyır, lakin Təqsirləndirilən şəxs isə tanımır. Şahid4 saxlanılmazdan əvvəl təhqiqatçı tərəfindən əməliyyat tapşırığı verilmişdir. Şahid4 10 manat müqabilində Əliağa adlı şəxsə narkotik vasitə satmışdır. Əməliyyat tapşırığına əsasən əməliyyat qrupu yaradılmışdır. Şahid4 səhər saatlarında saat 8-9 arası saxlamışlar. Şahid4 saxlanılan zaman üzərinə baxış keçirilməmiş, lakin Şahid4 yaşadığı evinə baxış keçirilmişdir. Onun evində olan çamadanda iynələr, ikinci mərtəbədə pəncərənin qarşısından isə 2 kibrit qutusunda narkotik vasitə aşkar edilmişdir. Şahid4 üzərinə polis şöbəsində baxış keçirilən zaman o, baxışda iştirak etmişdir. Şahid4 üzərindən telefon aşkar edilməsi ilə bağlı protokolda olan imzalarn biri ona məxsusdur. Şahid4 istifadəsinə olmuş telefonun necə və kim tərəfindən götürülməsi dəqiq yadında deyildir. Lakin, telefon qablaşdırıldıqdan sonra Şahid4 tərəfindən istifadə edilə bilməzdi. Həmin vaxt telefona zəng gəlsə də, heç kim cavab verə bilməzdi. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində işləyən, Şahid8 ifadəsində göstərmişdir ki, Şahid4 barəsində narkotik vasitənin satışı ilə bağlı polisə məlumat daxil olmuşdur. Şahid4 telefonu götürülüb qablaşdırılmışdır. Onda olan məlumata görə həmin vaxt telefonun üzərində nömrə olmamışdır. Şahid4 16 fevral 2024-cü il tarixdə səhər saatlarında polis əməkdaşları tərəfindən tutulmuşdur. Həmin gün Şahid4 axşam saatlarında Təqsirləndirilən şəxs ilə danışa bilməzdi. Belə ki, həmin mobil telefon qablaşdırıldıqan sonra istifadəsi qeyri-mümkündür. Şahid4 üzərindən 2 mobil telefon götürülmüş, həmin mobil telefonlardan biri smartfon formasında, digəri isə smartfon olmayan sadə formada olan mobil telefon olmuşdur. Smartfon formasında olan mobil telefonda “Whatsapp” mobil tətbiqi olmuşdur. İstintaq bölməsindən əməliyyat məlumatı daxil olduqda, bununla bağlı əməliyyat işi açılmışdır. Prosedur qaydalara uyğun olaraq təhqiqatçı telefonun qablaşdırılmasını edir, ekspert rəyi gəldikdən sonra isə telefonu müstəntiqə verir. Polis şöbəsindən Şahid4 telefonu ilə Təqsirləndirilən şəxs ilə danışılması mümkün deyildir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Hacıqabul RPŞ-də təhqiqatçı vəzifəsində işləyən Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində aparılan işlə bağlı onu tanımışdır. Onunla hər hansı başqa əlaqəsi yoxdur. Şahid4 üzərindən mobil telefon aşkar edilmişdir. Bununla bağlı o, həmin protokola imza atmışdır. Şəxsi axtarış zamanı aşkar olunan mobil telefon qablaşdırılır, daha sonra istintaq bölməsinə təhvil verilir. Telefonun içərisində olan məlumatlara isə istintaq tərəfindən baxılır. Şahid4 üzərindən aşkar olunan mobil telefon söndürülərək qablaşdırılmış, telefonun daxilindəki məlumatlar yoxlanılmamışdır. Şahid4 əvəzindən Təqsirləndirilən şəxs ilə heç kim danışa bilməzdi. Şahid4 üzərinə səhər 8-9 radələrində baxış keçirilib. O, Şahid4 telefonlarını qablaşdırıb, istintaqa təhvil vermişdir. Mobil telefonlarda nömrə olmasını yoxlamadan qablaşdırmışdır. Məhkəmə istintaqı zamanı yaranmış zərurətlə əlaqədar olaraq təkrarən dindirilmiş Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bir daha göstərmişdir ki, digər iş üzrə təqsirləndirilən Şahid4 telefonundan heç kim istifadə edə bilməzdi, həmin telefon qablaşdırılmışdır. Axundov küçəsində piyada olarkən Təqsirləndirilən şəxs tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli raport, əmr, protokol və qərardan müəyyən edilir ki, həmin tarixdə Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 şöbənin rəisi Anar Xəlilova müraciət edərək Hacıqabul rayonu, Muğan qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması üçün onun ətrafında müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Hacıqabul RPŞ-nin rəisi Anar Xəlilov tərəfindən verilmiş eyni tarixli 3-13-78/Ə-109/2024 saylı əmrə əsasən əməliyyat qrupu təşkil edilmiş, qrupun tərkibinə Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və Hacıqabul RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, Şahid3 daxil edilməklə, qrupa rəhbərlik Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 həvalə edilmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar RPŞ-nin rəisi tərəfindən təsdiq edilmişdir. Üzərində xx.xx.2024-cü il tarixli 188 nömrəli daxil olma ştampı olan, əməliyyat müvəkkilli Şahid1 tərəfindən tərtib edilmiş raportdan isə müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni qanunsuz əldə edib üzərində saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:30-da Hacıqabul şəhəri, M.F.Axundov küçəsində saxlanılaraq Hacıqabul RPŞ-yə gətirilmiş və həmin gün şöbənin təhqiqatçısı tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2024-cü il tarixli protokoldan müəyyən edilir ki, narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında və istifadə edilməsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl ona üzərində olan hər hansı qanunsuz əşyanın olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd sellofan bükülü çıxararaq təqdim etmiş, həmin sellofan bükülü açılan zaman içərisindən narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüş, zərfə qoyularaq qablaşdırılmış, ƏN-nin MEM-in Şirvan Regional bölməsinə göndərilməsi üçün RPŞ-nin 80 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmaqla DVD diskə köçürülmüş və protokola əlavə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntünün olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. Videogörüntülər tədqiq edilərkən Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadəsini dəyişməsinin səbəbini mötəbər sübutlarla əsaslandıra bilməmiş, yalnız Şahid4 istifadəsində olan mobil telefon danışıqlarına istinad edərək bildirmişdir ki, o, saxlanılarkən ümumiyyətlə narkotik vasitənin alınmasına cəhd etmiş, lakin niyyətini başa çatdıra bilmədən polis əməkdaşları tərəfindən saxlanılmışdır. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/181 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi-0,590 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Rəyə əlavə edilmiş aktdan həmçinin görünür ki, tədqiqata sərf edildikdən sonra 0,490 qram heroin qalıq qalmışdır. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair ekspert komissiyasının 12 mart 2024-cü il tarixli 1658 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından müəyyən edilir ki, məhkəmə baxış iclası zamanı cinayət işi üzrə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti əsasında cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və Şahid4 istifadəsində olmuş ***-***- **-** saylı mobil telefon nömrələrinin məlumatların əldə olunaraq götürülmüşdür. "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim edilən məlumatlardan müəyyən edilir ki, 16 fevral 2024cü il tarixində saat 16:16–17:00 radələrində qeyd olunan mobil telefon nömrələri arasında 4 dəfə ardıcıl olaraq 8,16,77 və 15 saniyə danışıq olmuşdur. Lakin danışıqların məzmunu açıqlanmır. Qeyd olunan xüsusatın araşdırılması məqsədilə Şahid4 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə təqsirləndirilənməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş cinayət işi materialları məhkəmə tərəfindən tədqiq edilmişdir. Belə ki, həmin iş materiallarında olan xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Şahid4 üzərində həmin tarixdə saat 08:50 baxış keçirilmişdir. Baxışın əks olunduğu videogörüntünün 02:54-cü dəqiqəsində təhqiqatçı Şahid7 tərəfindən Samir Talibovun üzərindən iki ədəd biri smartfon tipli olmaqla mobil telefon aşkar edilməsi müşahidə edilir. Daha sonra sorğu-sual zamanı Şahid4 smartfon telefonda nömrə olmadığını, digər telefonda isə ***-***-**-** nömrəli mobil nömrə olmasını bildirir. Bundan sonra təhqiqatçı telefonun daxilini, yəni həqiqətən üzərində nömrə olub-olmamasını yoxlamadan söndürüb qablaşdırır və zərfdə möhürlənir. Beləliklə, qeyd olunan cinayət işi materiallarında mobil telefonların üzərində nömrə olmasını müəyyən etmək mümkün olmadı. Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsindən isə qeyd olunan hal təkzib edilərək Hacıqabul RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları, o cümlədən Şahid8 ifadəsində göstərmişdir ki, mobil telefonlarda nömrə mövcud olmamışdır. Məhkəmə işin faktiki hallarını nəzərə alıb və öz daxili inamını rəhbər tutub hesab edir ki, Təqsirləndirilən şəxs öz ifadəsində etiraf etdiyi kimi narkotik vasitə aludəçisidir və əvvələr Şahid4 narkotik vasitə almamışdır, onlar arasında əlaqə əmisi vasitəsilə yaranmışdır. Bu hal özü-özlüyündə ona dəlalət edir ki, Təqsirləndirilən şəxs digər mənbələrdə də narkotik vasitə əldə etmək imkanı mövcud olmuşdur və onun həmin vaxt üzərində narkotik vasitənin olması ehtimalı istisna edilmir. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin tələbləri kontekstində, təqsirləndirilən şəxsin narkotik vasitəni hansı mənbədən aldığı və ya kimin vasitəsilə əldə etdiyi faktı cinayət tərkibinin araşdırılması üçün əsas deyil. Həmin maddə yalnız qanunsuz narkotik vasitənin alınıb saxlanılmasını və şəxsi istifadə məqsədilə təyinatını maddi faktda təsdiqlənmiş sayır. Məhkəmə işi üzrə aparılan ekspertizanın nəticəsində Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edildiyindən – onların mənbəyi tam dəqiqləşməsə də – şəxsin öz adına belə bir maddəni şəxsi istifadəyə götürməsi faktı Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş bütün elementləri tamamlayır və ittihamın sübutu hesab olunur. Telefon danışıqlarına münasibətdə isə məhkəmə qeyd edir ki, Şahid4 da ifadəsində qeyd etdiyi kimi, istintaq zamanı sonradan ona məxsus mobil telefon iş üzrə əhəmiyyət kəsb etmədiyindən sonradan onun qohumlarına qaytarılmışdır. Belə olan halda həmin vaxt nömrənin də onun qohumlarında olması ehtimalını istisna etmir. Bununla belə, əgər zənn edilsə ki, həqiqətən də mobil telefon nömrəsi polis əməkdaşlarının nəzarəti altında olduqda Təqsirləndirilən şəxsla danışıqlar aparılaraq onun saxlanılmasına təhrik edilmiş, bu fakt özü belə Təqsirləndirilən şəxs digər mənbədən əldə etdiyi narkotik vasitəni üzərində saxlaması ehtimalını təkzib etmir. Çünki ifadəsində qeyd etmişdir ki, əvvəllər özünü əldə etdiyi narkotik vasitəni Samirlə birlikdə olduqda istifadə etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallarla əlaqədar qeyd edir ki, o, saxlanılarkən hər hansı etirazını bildirməmiş, onun üzərində “şəxsi axtarış və götürmə” videoçəkiliş aparılmaqla həyata keçirilmiş və həmin vaxt üzərindən aşkar edilən bükümdəki narkotik vasitəni tanıyaraq ona aid olmasını bildirmişdir. Həmin istintaq hərəkəti Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun aparılmış və nəticədə onun üzərindən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı qeyd edilən hallarla əlaqədar hər hansı bir dövlət orqanına bununla əlaqədar müraciət etməmiş, bundan başqa müdafiəçiyə sadalanan hallar barədə heç bir məlumat verməmişdir. Yəni, onun müxtəlif dövlət orqanlarına şikayət etmək üçün kifayət qədər imkanı olmuşdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatları inandırıcı hesab etməyək özünümüdafiə xarakterli məlumat kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 saylı Qərarının 25 və 26-cı bəndlərində qeyd edilir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşıması cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə görə narkotik hesab edilən heroin maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,590 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı cinayət əməli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarından öncə törədildiyi üçün onun təsiri altına düşmür. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərar və tutma haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və tutulmanın əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il saat 17:30-dan hesablanmışdır. İş materiallarında olan Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs onun üzərindən xx.xx.2024-cü il tarixdə 0,590 qram narkotik vasitə heroinin aşkar edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Daha sonra həmin müstəntiq tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli qərarlarla CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən həmin tarixdə saat 16:30-da azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən edilir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(071)-77/2024 saylı hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Muğan qəsəbəsi İƏV üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 112 saylı arayışdan müəyyən edilir ki, təqsirləndirilən şəxs Zeynalov X5 rayonu Muğan qəsəbəsində daimi qeydiyyatdadır və yaşayır. Ailə tərkibi həyat yoldaşı – xx.xx.1998-ci il təvəllüdlü X3 və oğlu – xx.xx.2018-ci il təvəllüdlü X4 ibarətdir. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Muğan qəsəbəsi İƏV üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 26 fevral 2024-cü il tarixli məktubdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Hacıqabul rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin konsultativ-poliklinika şöbəsinin narkoloji kabinetində xx.xx.2020-ci il tarixindən qeydiyyatda dayanır, lakin ruhiəsəb kabinetində qeydiyyatda deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 04 mart 2024-cü il tarixli tələbnaməyə əsasən müəyyən edilir ki, Zeynalov X5 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Daha sonra o, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 06 ay cəzası endirilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə isə 01 ay 23 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəzası bitmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 18.1ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə ki, CM-nin CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan azad edildikdən sonra həmin cinayət əməlinə görə məhkumluq ödənilmədən yenidən hazırki cinayət əməlini törətməsi onun əməlində cinayətin sadə residivini yaradır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, əvvəllər analoji cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona əməldə residiv olması nəzərə alınaraq həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır Həmçinin Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli, seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli o, həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablamalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilir. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı «Qərarı»nın 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-nin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İş materiallarında olan məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə 0,490 qram heroin cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri, 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Beləliklə, maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”nda saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə olan 0,490 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zaman qeydə alınmış videogörüntünün olduğu 1 ədəd DVD disk, o cümlədən məhkəmə araşdırması zamanı toplanmış digər sübutlar cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341- 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 10 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Hacıqabul RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə 0,490 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar