Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-71/2025 12.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, ikinci qrup əlilliyi olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i̇ : Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri M.Füzuli küçəsinə daşımış, 04 mart 2025-ci il tarixdə saat 20 radələrində Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri M.Füzuli küçəsində saxlanılaraq üzərində yoxlama və götürmə aparılan zaman 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,292 qram xeyli miqdarda olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan göy rəngli qış gödəkçəsinin sol ön cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 04 mart 2025-ci il tarixdə saat 18 radələrində Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən dairəvi yolun yaxınlığında «Oba» marketdən bir ədəd siqaret alıb çölə çıxıb avtobus dayanacağına yaxınlaşarkən yerdə asfat örtüyünün üzərində 01 ədəd sellofana bükülmüş bükülü görmüşdür. Həmin sellofan bükülünü götürüb açıb içərisinə baxdıqda bükülünün içərsində psixotrop maddə metamfetaminin olduğunu bilmiş və sonra qəbul etmək məqsədi ilə əyninə geydiyi göy rəngli qış gödəkçənin sol cibinə qoyub yoluna davam etmişdir. Həmin günü saat 20 radələrində Hacıqabul şəhəri M.Füzuli küçəsi ilə yaşadığı ev istiqamətinə piyada gedərkən mülki formada bir neçə şəxs ona yaxınlaşıb özlərini Hacıqabul rayon PŞ-nin polis əməkdaşları kimi təqdim edərək, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu, video çəkilişdən istifadə edilməklə üzərində yoxlama aparacaqlarını bildirib hüquq və vəzifələri izah etmişlər. Üzərində psixotrop maddə metamfetaminin olmasına görə və məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə polis əməkdaşlarına etiraz edib üzərində hər hansı bir qanunsuz əşyanın olmadığını bildirmiş, polis əməkdaşları videoçəkilişdən istifadə edilməklə üzərində yoxlama aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmamasını soruşmuş, üzərində hər hansı bir qanunsuz əşyanın olmadığını bildirmiş, polis əməkdaşları videoçəklişdən istifadə etməklə üzərində yoxlama aparan zaman əynində olan göy rəngli qış gödəkçənin sol yan cibində gizlətdiyi 01 bükümün içərsində psixotrop maddə metamfetamin aşkar etmişlər. Aşkar olunub götürülmüş 01 ədəd bükülüdə psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilərkən 0,38 qram olduğu müəyyən müəyyən edilmişdir. Bundan sonra üzərində yoxlama aparılmış, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Aşkar olunan psixotrop maddə metamfetamin poçt zərfinə qoyularaq onun iştirakı ilə qablaşdırılmış və poçt zərfin üzərinə imza etmiş və rayon Polis Şöbəsinə dəvət olunmuşdur. RPŞ-də hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət edilmiş, Hacıqabul şəhəri, M.Füzuli küçəsində üzərindən aşkar edilib götürülmüş psixotrop maddə metamfetamin müdafiəçinin iştirakı ilə və videoçəklişdən istifadə edilməklə poçt zərfi açılaraq götürülüb təkrar baxış keçirilmiş və psixotrop maddə metamfetamin başqa bir poçt zərfinə qablaşdırlaraq möhürlənmişdir. Üzərində yoxlama aparılması və əşyalara təkrar baxış keçirilməsi barədə tərtib edilmiş protokolların məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, Hacıqabul rayon PŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 aparel 2025-ci il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olması barədə əməliyyat məlumat almışdır. Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə raportla məruzə etmiş və həmin günü saat 20:03-də Hacıqabul rayon PŞ-nin əməkdaşları Şahid1 və Şahid3 ilə məlumatın göstərildiyi Hacıqabul şəhəri M.Füzuli küçəsinə gedərək orada Təqsirləndirilən şəxs saxlanılaraq üzərində psixotrop maddə olmasına görə, üzərində videoçəklişdən istifadə edilməklə yoxlama aparılacağı bildirmiş, Təqsirləndirilən şəxs etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşyanın olmadığını bildirmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxsin üzərində videoçəkilişdən istifadə etməklə yoxlama aparılmış, yoxlama zamanı Təqsirləndirilən şəxsin əynində olan göy rəngli qış gödəkçənin sol yan cibində bir ədəd sellofan bükümün içərsində psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Aşakr olunub götürülmüş psixotrop maddə metamfetamin bükülü ilə birlikdə elektron tərəzidə çəkilərkən 0,38 qram olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılsada qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır.Aşkar olunan psixotrop maddə metamfetamin poçt zərfinə qoyularaq Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış və poçt zərfin üzərinə imza edilmiş və Təqsirləndirilən şəxs rayon Polis Şöbəsinə dəvət olunmuşdur. RPŞ-də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət edilmiş, Hacıqabul şəhəri, M.Füzuli küçəsində Təqsirləndirilən şəxsin üzərindən aşkar edilib götürülmüş psixotrop maddə metamfetamin müdafiəçinin iştirakı ilə və videoçəklişdən istifadə edilməklə poçt zərfi açılaraq götürülüb təkrar baxış keçirilmiş və psixotrop maddə metamfetamin başqa bir poçt zərfinə qablaşdırlaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılması və əşyalara təkrar baxış keçirilməsi barədə tərtib edilmiş protokollara imza etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 və Şahid3 ifadələri elan olunmaqla tədqiq edilmiş və məlum olmuşdur ki, onlar Şahid2 ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 04 mart 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcənin sol yan cibindən 1 ədəd selofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərək çəkisinin 0.38 qram olduğu müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcənin sol yan cibindən 0.38 qram çəkidə olan 1 ədəd selofan bükümün qablaşdırıldığı 1 ədəd zərf təkrar açılaraq orada olan maddəyə baxış keçirildi. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 18/202 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,292 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,05 qramı sərf edildikdən sonra 0,242 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İİ siyahısının 118-ci bəndində metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Əməliyyat tapşırığına cavab olaraq Hacıqabul RPŞ-nin NMQ–nun baş əməliyyat müvəkkili Şahid1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini özü qəbul etmək üçün əldə edib üzərində saxlamış, həmin psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,242 qram qalan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Həsənov X5 rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay 29 müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli arayışdan görünür ki, Həsənov X5 şəhəri Ş.İ.Xətai küçəsi ev 24 ünvanında yaşayır. Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi rəy daxil olmuşdur. Hacıqabul Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən daxil olmuş 18-1-41/2- 233/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs xəstəxananın narkoloji kabinetində “F11.2 zərərli istifadə, asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 tərəfindən verilmiş 3-17-1/2-76822/2025 saylı 9 fevral 2025-ci il tarixli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs hazırda əlilliyə görə əmək pensiyası ödənilir. “Elektron Məhkəmə İnformasi Sistemindən” əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlildir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20:03-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X6 azad edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddələrinin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, 2-ci dərəcəli əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlaması nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət işi üzrə materiallara əlavə edilmiş tələbnamədən görünür ki, Həsənov X5 rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay 29 müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs bundan əvvəl analoji cinayətə görə təqsirli bilinərək azadlıqdan məhrum edilməsinə və sonradan cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, o, öz əməllərinə tənqidi yanaşmayaraq yenidən şəxsi istehlak miqdarından artıq psixotrop maddə metamfetamin əldə edərək üzərində daşımışdır. Məhkəmə hesab edir ki, şəxs barəsində azadlıqdan mərumetmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda təqsirləndirilən şəxs tərəfindən yenidən analoji əməllərə yol veriləcəyi istisna deyil. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq tam islah olunmamış və cəzanın islahedici təsiri yetərli olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə X6 azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qanunun yuxarıda qeyd edilən tələblərinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 13 mart 2025-ci il tarixli, 1554 saylı nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamalı, onun yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,242 qram qalan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (CPM 132). İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM 198.1.) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 5 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 55 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 12 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasın və onun ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan – Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 0,242 qram qalan psixotrop maddə metamfetamin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 5 (beş) saata görə 55 (əlli beş) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********). Hökmdən hökm elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-71/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-71/2025
12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver