Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-72/2024 31.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul rayonu Navahi qəsəbəsinə daşımış, 13 mart 2024-cü il tarixdə saat 17 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Navahi qəsəbəsi ərazisində saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 01 ədəd kağız kəsiyi bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,168 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən 1-2 ildir narkotik vasitə heroin istifadə edir. İstifadə etdiyi narkotik vasitəni müxtəlif vaxtlarda və məbləğdə tanımadığı şəxslərdən əldə etmişdir. xx.xx.2024-cü il tarixdə tanışları Ələt qəsəbə sakinləri Şahid3 və Şahid4 ilə birlikdə Ağakişinin yenicə toyu olduğundan onu qeyd etmək qərarına gəlmişlər. O, onlara Hacıqabul rayonu Navahi qəsəbəsində yerləşən restoranların birində əyləşərək yemək yeməyi təklif etmiş, Mirələm və Ağakişi onunla razılaşmışlar. Bundan başqa onun Hacıqabul rayonu Navahi qəsəbəsinə gəlməkdə məqsədi həmin qəsəbədə yaşayan əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı Müşfiq Gözəlovdan istifadə etmək üçün narkotik vasitə almaq olmuşdur. Onunla birlikdə olan Mirələm və Ağakişinin onun, həm də, Navahi qəsəbəsinə gəlməkdə məqsədinin narkotik vasitə almaq olmasından heç bir məlumatları olmamışdır. Bundan sonra onlar Mirələmin idarə etdiyi VAZ 21014 markalı avtomobillə yaşadıqları Ələt qəsəbəsindən Navahi qəsəbəsinə gəlmişlər. Həmin ərazidə yol kənarında yerləşən adsız restoranların birində əyləşib yemək yemişlər. Təxminən saat 15 radələrində o, özünü narahat hiss etdiyi üçün hava almaq məqsədilə restorandan çıxıb restoranın qarşısında yerləşən asfalt yolun kənarı ilə piyada şəklində hərəkət etməyə başlamışdır. Həmin vaxt Mirələm və Ağakişi restoranda qalmışlar. Asfalt yolun kənarı ilə hərəkətdə olan zaman yerdə 01 ədəd kağız büküm olduğunu görmüş, həmin bükümü yerdən götürüb açdıqda içərisində istifadəçisi olduğu və kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu görmüşdür. Həmin bükümü əynindəki qara rəngli şalvarın sol yan cibinə qoymuşdur. Daha sonra restorana geri qayıtmışdır. Həmin vaxt narkotik vasitə heroin tapdığı üçün Müşfiqlə görüşmək fikrindən daşınmışdır. O, narkotik vasitə tapması barədə Mirələm və Ağakişiyə heç bir məlumat verməmişdir. Onlar yeməklərini bitirib yaşadıqları qəsəbəyə qayıtmaq məqsədi ilə avtomobilə əyləşmişlər. Mirələm Hacıqabul rayonu Navahi qəsəbəsi ərazisində idarə etdiyi avtomobili yolun kənarında saxlamışdır. Bir qədər yolun kənarında gözləmişlər. Təxminən saat 17 radələrində 2 nəfər mülki geyimdə olan şəxsin onun olduğu ön sərnişin qapısına tərəf yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Polislər onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərində şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə polis şöbəsinə getməyini bildirmişlər. Polis şöbəsinə getdikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan və özünü Hacıqabul rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Tural Namazov kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona izah edib yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və vəkil Müdafiəçi onun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərində aparılacaq şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmiş, bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə təhqiqatçı məlumat vermişdir. Təhqiqatçı ondan üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşyanın olub-olmadığını soruşmuş, o, əynində olan qara rəngli şalvarın sol yan cibində saxladığı narkotik vasitə heroini təqdim etmişdir. X7 tərəfindən onun təqdim etdiyi bükülü elektron tərəzidə çəkilmiş və çəkisinin 0,31 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş və tərəflər onu imzalamışlar. Bundan sonra təhqiqatçı həmin kütlənin nə olması və nə məqsədlə üzərində gəzdirməsi barədə ona şifahi sual vermiş, o, həmin kütlənin narkotik vasitə heroin olduğunu, Hacıqabul rayonu Navahi qəsəbəsində asfalt yolun kənarında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərində axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar edilməmişdir. Daha sonra onun üzərinə axtarış barədə protokol tərtib olunmuş və imzalarla həmin protokol təsdiq edilmişdir. O, həmçinin qeyd etmişdir ki, onun üzərində şəxsi axtarış aparılan zaman və ya ona yaxınlaşan zaman polis əməkdaşları ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişlər. Əlavə olaraq onuda bildirdi ki, avtomobildə Şahid3 və Şahid4 onun üzərindən aşkar olunan narkotik vasitə olan heroindən məlumatları olmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 13 mart 2024cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. 13 mart 2024-cü il tarixdə daxil olmuş məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır. O, digər qrup üzvü ilə birlikdə 13 mart 2024-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Hacıqabul rayonu Navahi qəsəbəsində asfalt yolun kənarında VAZ 2107 markalı avtomobildə olmasını görmüşlər. Onlar birlikdə Təqsirləndirilən şəxs olduğu avtomobilə yaxınlaşaraq özlərini təqdim edib Hacıqabul RPŞnin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin əldə etməsi və daşımasında şübhəli olduğunu bildirmişlər. Onlar orada şəxsi axtarış aparılması üçün əlverişli şəraitin olmadığını görüb Təqsirləndirilən şəxs avtomobildə onunla birlikdə olan Şahid3 və Şahid4 ilə birlikdə Hacıqabul RPŞ-nin inzibati binasına dəvət etmişlər. Bundan sonra Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Tural Namazovun xidməti otağına daxil olmuşlar. Təhqiqatçı ilkin olaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. Şübhəli şəxsə hüquq və vəzifələri barədə bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində Şirvan Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət olunduqdan sonra X7 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanıldığını bildirmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet varsa təqdim etməsini təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kağız kəsiyinə bükülmüş narkotik vasitə heroini təqdim edərək, həmin narkotik vasitəni 13 mart 2024-cü il tarixdə saat 15 radələrində Hacıqabul rayonu Navahi qəsəbəsində asfalt yolun kənarında yerdən tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Aşakar edilmiş narkotik vasitə heroin elektron tərəzi vasitəsilə çəkilmiş və çəksinini 0,31 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmiş, bu barədə ptorokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən kağız bükülüdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/284 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,168 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,05 qramı sərf edildikdən sonra 0,118 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarının həddinin 0,15 qram, külli miqdarın həddinin 2 qram olması göstərilmişdir. Əməliyyat tapşırığına cavab olaraq Hacıqabul RPŞ-nin NMQ–nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini özü qəbul etmək üçün əldə edib üzərində saxlamış, həmin narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa, müəyyən edilmişdir ki, Şahid3 və Şahid4 Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasında məlumatları olmamışdır. Hacıqabul rayon Nəvahi qəsəbə sakini X8 barəsində Hacıqabul RPŞ-nin İB-də cinayət işi başlanılmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,118 qram qalan narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və məhkəmə hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Qaradağ rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 69.4-cü maddələri ilə təqsirli bilinərək 2000 manat cərimə edilmiş, Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarına əsasən cəzadan azad edilmişdir, Salyan rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhər Qaradağ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə əməli Cinayət Məcəlləsinin 315-ci maddəsinə tövsif edilmiş, cəza müddəti isə 02 il 03 aya endirilmişdir, xx.xx.2020-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azadlığa buraxılmışdır. Bakı şəhər Qaradağ rayon İHB-nin Ələt qəsəbəsi İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında arvadı – X1, övladları – 2010-cu il təvəllüdlü X3 və 2012-ci il təvəllüdlüü X5 ilə birlikdə yaşayır. Bakı şəhər Qaradağ rayon İHB-nin Ələt qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:50-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X4 azad edilmişdir. Hacıqabul rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Penitensiar xidmətin 3 saylı istintaq təcridxanasından daxil olmuş 3-16-17/42/2-4944 saylı xx.xx.2024-cü il tarixli mətubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və himayəsində azyaşlı uşağın olmasını (CM 59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 04 aprel 2024-cü il tarixli, 2173 saylı nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,118 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (CPM 132). İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM 198.1.) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 22 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 132 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 1 ay 7 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 2 ay 18 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə ” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan – Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 0,118 qram qalan narkotik vasitə heroin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 132 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-72/2024
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-72/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver