Məhkəmə qərarları › İş №1(071)-73/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-73/2022

14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-73/2022 14.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri - Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1986-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Hacıqabul şəhəri 28 May küçəsi ev 42də qeydiyyatda olmaqla, Hacıqabul şəhəri A.Şaiq küçəsi ev 5-də yaşamış, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4, 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi soyuq silah olan bir ədəd bıçağı üzərində daşımaqla gəzdirmiş, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Şirvan şəhər PŞ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Şirvan şəhəri S.Vurğun küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərinə baxış keçirilən zaman 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşiçi xassəyə malik olan və ölçülərinə, konstruktiv əlamətlərinə əsasən ümumi təyinatlı üzərində təyinatını dəyişdirən dəyişikliklər edilməmiş soyuq silah hesab edilən ov bıçağı aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,528 qram olan heroini 1 ədəd kağız kəsiyində qablaşdırılmış halda əynində olan boz rəngli qış gödəkçəsinin sol cibində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri A.Şaiq küçəsində saxlanılaraq, polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Hacıqabul şəhəri 28 May küçəsi ev 42-də qeydiyyatda olmaqla, Hacıqabul şəhəri A.Şaiq küçəsi ev 5-də yaşayır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində o, Şirvan şəhərinə dostları ilə görüşmək üçün getmişdir. O, Şirvan şəhəri S.Vurğun küçəsində mədəniyyət evinin yaxınlığında olarkən Şirvan şəhər PŞ-nin PPXB-nün əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, onu sorğu-sual etməyə başlamışlar. O, polis əməkdaşlarının suallarına cavab versə də, onlar ona inanmamış və onu Şirvan ŞPŞ-yə gətirmişlər. Şirvan ŞPŞ-nin NH-də onu müvəqqəti saxlama yerinə yerləşdirən zaman üzərinə baxış keçirilmiş və onun üzərindən bir ədəd qatlanan bıçaq aşkar edilmişdir. O, həmin bıçağı 5-6 il əvvəl tapmışdır, avtomobili köhnə olduğuna görə tez-tez xarab olur. O, həmin bıçaqdan istifadə etməklə avtomobilinin benzin nasosunu təmir edir. Bu məqsədlə bıçağı üstündə saxlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Hacıqabul şəhəri A.Şaiq küçəsi ilə hərəkət edən zaman yolun kənarından kağızı bükülüdə narkotik maddə olan heroin tapmışdır. Heroin olan bükülünü əynində olan boz rəngli qış gödəkçəsinin sol cibinə qoymuş və istifadə etmək üçün münasib yer axtarmışdır. Bu zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra, onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib, onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. O, Hacıqabul rayon PŞ-yə gətirildikdən sonra Müdafiəçi ona hüquqlarını müdafiə edən vəkil kimi təyin edilmişdir. Bundan sonra müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı ondan üzərində hər hansı bir narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmamaması soruşulmuşdur. O, əynində olan boz rəngli qış gödəkçəsinin qabaq sol cibindən 01 ədəd siqaretin kağız kəsəyində saxladığı heroini polis əməkdaşlarına təqdim etmiş, yerdən tapdığını və öz istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Onun təqdim etdiyi heroin zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuşdur. Onlar protokolu imzalamışdır. O, törətdiyi əməldən peşman olmuşdur. Ona yüngül cəza verilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili işləyir. xx.xx.2022-ci il tarixdə Hacıqabul şəhəri, 28 may küçəsi, ev 42-də qeydiyyatda olmaqla Hacıqabul şəhəri A.Şaiq küçəsi ev 5-də yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olduğu üçün o, həmin məlumatın yoxlanılması barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etdikdən sonra, daxil olmuş məlumat əsasında onun və Hacıqabul RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı, Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri A.Şaiq küçəsində saxlayaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı, polis mayoru Natiq Ağayev tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuş və bundan sonra video çəkilişdən istifadə edilməklə Natiq Ağayev tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmüş, Təqsirləndirilən şəxs əynində olan boz gödəkçəsinin sol cibində saxladığı 1 ədəd kağız kəsiyində narkotik maddə heroinə bənzər maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik maddə heroin olduğunu, həmin narkotik maddəni xx.xx.2022-ci ildə Hacıqabul şəhəri A.Şaiq küçəsində olarkən yolun kənarından yerdən tapdığını bildirmiş və bundan başqa Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddə heroinə bənzər maddə poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmiş və TBnin təhqiqatçısı Natiq Ağayev tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Şahid4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Şirvan ŞPŞ-nin PPXB-ın manqa komandiri vəzifəsində, işləyir. xx.xx.2022-ci il tarixdə saat 23:15 radələrində Şirvan şəhəri S.Vurğun küçəsində Şirvan ŞPŞ-nin polis nəfərləri Şahid3 və X3 ilə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin qaranlıq işıqlandırlmayan yerlə hərəkət etdiyini görüb onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra, həmin şəxsdən hara getdiyini soruşmuşlar. Şəxs onları görüb həyəcanlanmış və özünü şübhəli aparmağa başladığından və üstündə sənədi olmadığına, Şirvan şəhərinə nə səbəblə gəldiyini dolğun izah edə bilmədiyi üçün onlar şəxsiyyətini müəyyənləşdirmək və məsələyə aydınlıq gətirmək üçün həmin şəxsi Şirvan şəhər polis şöbəsinə dəvət etsələr də, həmin şəxs onlarla birlikdə Şirvan ŞPŞ-yə gəlməkdən imtina edərək, onlardan yayınmaq istəmiş və polisin qanuni tələbinə məhəl qoymadığı üçün onlar həmin şəxsi Şirvan şəhər PŞ-yə gətirmişlər. Şirvan ŞPŞ-nin NH-də məlum olmuşdur ki, həmin şəxs Hacıqabul rayon sakini Təqsirləndirilən şəxsdur. Bundan sonra PŞnin məsul növbətçisi, polis mayoru Orman İmanov və onun köməkçisi Rauf Əlizadə tərəfindən Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə yerləşdirilən zaman onların iştirakı ilə üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd bıçaq aşkar edilmişdir. Bundan sonra onlar və məsul növbətçi bu barədə şöbə rəhbərliyinə raportla məruzə etdikdən sonra onlar xidmətlərini davam etdirmək üçün Şirvan ŞPŞ-dən kənarlaşmışlar. Şahid X3 məhkəmə iclasında Şahid4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Cinayət işində olan xx.xx.2022-ci il tarixdə saat 11:35-də tərtib edilmiş protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 1 ədəd kağız kəsiyi aşkar edilmiş, həmin kağız kəsiyinə baxış keçirilən zaman içərsində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 18/335 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən ....” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,528qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin - xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (Siyahı İ) . Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 18/239 nömrəli məhkəmə - ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq - zavod üsulu ilə hazırlanmış, bir tərəfli kəsici, ucu deşici xassəyə malik olan və ölçülərinə, konsturktiv əlamətlərinə əsasən ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən dəyişikliklər edilməmişdir və soyuq silah hesab edilir. (i.v. 87-90). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator məcburinarkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 2243 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 160-161). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və məhkəmə aktlarında görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(089)-443/2017 nömrəli hökümü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Ədliyyyə Nazirliyi PX-nin 14 saylı X2 Müəssisəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübutlar və digər iş materialları ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşiçi xassəyə malik olan və ölçülərinə, konstruktiv əlamətlərinə əsasən ümumi təyinatlı üzərində təyinatını dəyişdirən dəyişikliklər edilməmiş soyuq silah hesab edilən ov bıçağı əldə etmə, saxlama və daşıma, həmçinin satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş çəkisi 0,528 qram çəkidə narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilən cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşiçi xassəyə malik olan və ölçülərinə, konstruktiv əlamətlərinə əsasən ümumi təyinatlı üzərində təyinatını dəyişdirən dəyişikliklər edilməmiş soyuq silah hesab edilən ov bıçağı və keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,478 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 89,35 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.4-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşiçi xassəyə malik olan və ölçülərinə, konstruktiv əlamətlərinə əsasən ümumi təyinatlı üzərində təyinatını dəyişdirən dəyişikliklər edilməmiş soyuq silah hesab edilən ov bıçağı və keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,478 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 89,35 (səksən doqquz manat otuz beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 15+32=47 saata görə 282 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 25 saata görə 150 manat olmaqla, cəmi 432 (dörd yüz otuz iki) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar