Məhkəmə qərarları › İş №1(071)-74/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-74/2022

19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-74/2022 19.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1968-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2-ci qrup əlil olan, işsiz, məhkumluğu olmayan, Hacıqabul şəhəri Bakı küçəsi küçəsi 64-də yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PXnin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə, təmiz çəkisi 0,896 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq özündə saxlamış, 16 mart 2022-ci il tarixdə saat 02 radələrində Hacıqabul rayon PŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, Bakı küçəsi 64 №-li evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürülmə keçirilən zaman həmin psixotrop maddə onun əynində olan qara rəngli qış gödəkçəsinin sağ cibində aşkar edilərək götürülmüşdür. Bundan əlavə o, təkrarən istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə, təmiz çəkisi 0,559 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq özündə saxlamış, 28 mart 2022-ci il tarixdə saat 14 radələrində Hacıqabul rayon PŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, Bakı küçəsi 64 №-li evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürülmə keçirilən zaman həmin psixotrop maddə onun əynində olan qara rəngli şalvarının sağ cibində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, 15 mart 2022-ci il tarixdə saat 17 radələrində Hacıqabul şəhəri Ə.Vahid küçəsində yerdən 1 ədəd sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetamin tapmış və özü istifadə etmək üçün üstündə saxlamışdır. 16 mart 2022-ci il tarixdə saat 02 radələrində yaşadığı Hacıqabul şəhəri Bakı küçəsi 64 №-li evin yaxınlığından olarkən polis əməkdaşları onu saxlayıb Hacıqabul RPŞ-yə dəvət etmişlər. Hacıqabul RPŞ-də ona müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı və videoçəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməmişdən əvvəl üzərində hər hansı bir qanunsuz əşya və predmetin olub-olmaması soruşulmuşdur. O, əynində olan qara rəngli qış gödəkçəsinin sağ cibində saxladığı psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Onun barəsində cinayət işi başlanmışdır. Barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bundan sonra 28 mart 2022-ci il tarixdə saat 12 radələrində Hacıqabul şəhəri Bakı küçəsində yolun kənarından 1 ədəd sellofan kəsiyinə bükülmüş psixotrop maddə metamfetamin tapmış və qəbul etmək məqsədi özündə saxlamışdır. 28 mart 2022-ci il tarixdə saat 14 radalərində yaşadığı Hacıqabul şəhəri Bakı küçəsi 64 №-li evin yaxınlığından Hacıqabul RPŞnə dəvət olunmuşdur. Hacıqabul RPŞ-də müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı və videoçəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməmişdən əvvəl üzərində hər hansı bir qanunsuz əşya və predmetin olub-olmaması soruşulmuşdur. O, əynində olan qara rəngli şalvarının qabaq sağ cibində saxladığı psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Evli, 2-ci qrup əlildir. Bunları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Şahid4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 mart 2022-ci il Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə Şahid3 əməliyyat məlumat almışdır. Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə raportla məruzə etmiş və həmin günü saat 02 radələrində Şahid3 onunla birlikdə Hacıqabul şəhəri Bakı küçəsinə gedərək, orada Təqsirləndirilən şəxs saxlamış və Hacıqabul rayon PŞ-yə dəvət etmişlər. Hacıqabul RPŞ-də müdafiəçinin iştirakı və videoçəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması Təqsirləndirilən şəxs soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ cibində saxladığı bükümü təqdim etmiş və içərisində psixotrop maddə metamfetamin olduğunu, bir gün əvvəl küçədən tapdığını və öz istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs götürülmüş maddə poçt zərfinə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Onlar protokola imza etmişlər. Şahid1 Abasxan oğlu məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul rayon PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə əməliyyat məlumat almış və Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Həmin günü saat 14 radələrində Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə məlumatın göstərildiyi Hacıqabul şəhəri Bakı küçəsinə gedərək, orada Təqsirləndirilən şəxs saxlayıb Hacıqabul RPŞ-yə dəvət etmişlər. Hacıqabul RPŞ-də müdafiəçinin iştirakı və videoçəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması Təqsirləndirilən şəxs soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ cibində saxladığı bükülünü təqdim etmiş və içərisində psixotrop maddə metamfetamin olduğunu, yerdən tapdığını, öz istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs götürülmüş maddə poçt zərfinə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Onlar protokola imza etmişlər. Cinayət işində olan xx.xx.2022-ci il tarixdə şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli qış gödəkçəsinin sağ cibində olan 1 ədəd sellofan kəsiyinin içərsindən psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işində olan xx.xx.2022-ci il tarixdə şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli şalvarının qabaq sağ cibində olan 1 ədəd sellofan kəsiyinin içərsindən psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş 16 mart 2022-ci il tarixli 18/322 №-li rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən» sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi - 0,896 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş 28 mart 2022-ci il tarixli 18/357 №-li rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən» sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi - 0,559 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 2083 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və səhətlərinin, habelə narkomanlıq xəstəliyinə duçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ-cü qrup əlil olması ilə əlaqədar olaraq, ona nakomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş v. 180- 181) Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hacıqabul rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(071)-67/2018 nömrəli hökümü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM 69.3-cü maddəsinə əsasən ev dustaqlığında olduğu müddət çıxılmaqla, 7 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(071)-67/2018 nömrəli hökümü ilə yaranmış məhkumluğu ödənilmişdir, məhkumluğu olmayan şəxs hesab edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübutlar və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, təkrarən narkotik vasitələrin siyahısına daxil edilmiş çəkisi 0,896 qram və 0,559 qram psixotrop maddə olan metamfetaminləri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, məhkumluğu olmayan şəxs hesab edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal hesab edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95+31,95=63,90 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,846 qram və 0,509 qram psixotrop maddə olan metamfetaminlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193, 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 01(bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95+31,95=63,90 (altmış üç manat doxsan qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,846 qram və 0,509 qram psixotrop maddə olan metamfetaminlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 manat məhkəmə baxışı zamanı iştirak etdiyi 23 saata görə 138 manat olmaqla, cəmi 258 (iki yüz əlli səkkiz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar