Məhkəmə qərarları › İş №1(071)-74/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-74/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-74/2023 20.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Sabirabad rayonu Pokrovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 2-ci qrup əlil, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, Hacıqabul şəhəri, H.Həmidov küçəsində nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi texniki cəhətdən saz və hər iki lüləsi atəşə yararlı olan bir ədəd tətik qoruyucusunun altında, gövdənin üzərində 55149 nömrəsi olan, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1959-cu ildə istehsal olunmuş, 16 kalibrli, TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli və qundağı kustar üsulla kəsilmiş (obrez), odlu yivsiz silah olan ov tüfəngini üzərində daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Hacıqabul şəhəri, H.Həmidov küçəsində saxlanılaraq Polis Şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman həmin odlu silah onun əlində olan qırmızı-yaşıl rəngli sellofan torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətinin protokolu ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Muğan qəsəbəsi ərazisindəb keçən Şirvan kanalına balıq tutmağa gedərkən yulğun ağacının qırağında bir ədəd qırmızı-yaşıl rəngli sellofan torba görmüş, götürüb içərisinə baxarkən, sellofanın içərisində bir ədəd qoşa lüləli, lüləsi və qundağı kəsilmiş ov silahının olduğunu görmüşdür. Həmin silahı götürüb Hacıqabul şəhərində kirayə yaşadığı evə aparmışdır. Lakin, silahı evə gətirdikdən sonra peşman olmuş və fikirləşdirmişdir ki, birdən həmin silahla başqa bir cinayət hadisəsi törədilmiş olar. Ona görə qorxmuş və xx.xx.2023cü il tarixdə silahı tapdığı yerə geri aparmaq məqsədi ilə götürüb Hacıqabul şəhəri H.Həmidov küçəsi ilə piyada gedən zaman, polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu polis şöbəsinə dəvət etmişlər. O polis əməkdaşları ilə birlikdə Hacıqabul rayon polis şöbəsinə getmişdir. O, polis şöbəsində olarkən ondan üzərində hər hansı bir qanunsuz əşya və predmetin olub-olmaması soruşulmuşdur. O, əlində olan qırmızı-yaşıl rəngli sellofanın içərisində olan silahı çıxarıb təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili işləyir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin günü saat 15:30 radələrində Muradov X2 şəhəri, H.Həmidov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş və polis şöbəsində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ondan üzrərində hər hansı bir qanunsuz əşya və predmetin olub-olmaması ondan soruşulmuşdur. Həmin vaxt o əlində olan qırmızı-yaşıl rəngli sellofanın içərisində olan qoşa lüləli və qundağı kəsilmiş ov tüfəngini təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş lüləsi və qundağı kəsilmiş ov silahını bir gün əvvəl tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş silah sellofan torbaya qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxs axtarış aparılan zaman o, əlində olan bir ədəd qırmızı-yaşıl rəngli sellofanda qundağı və lüləsi kəsilmiş qoşa lüləli ov tüfəngini təqdim etmişdir. Həmin odlu silaha baxış keçirən zaman onun 1959-cü il buraxılışlı, 01 ədəd tətik qoruyucusunun altında, gövdənin üzərində 55149 nömrəsi olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin silahı bir gün əvvəl Hacıqabul rayonu ərazisindən keçən “Şirvan” kanalının kənarından tapmışdır. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli 23/312 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd tətik qoruyucusunun altında, gövdənin üzərində 55149 nömrəsi olan silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1959-cu ildə istehsal olunmuş, 16 kalibirli, TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli ov tüfəngidir. Lakin həmin ov tüfənginin lüləsi və qundağı sonradan kustar üsulla kəsilmişdir, hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və hər iki lülədən atəş üçün yararlıdır. xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan (raportdan) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş odlu yivli silahı (obrezi) haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs əvəllər odlu silahın alqı-satqısı ilə məşğul olması və odlu silah satış məqsədi ilə üzərində saxlaması ilə bağlı hər hansı bir məlumat daxil olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 55149 nömrəsi olan silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1959-cu ildə istehsal olunmuş, 16 kalibrli, TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsul ilə kəsilmiş odlu yivli silah maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası ƏƏSMN-ni tabeliyində olan DSMF-nin 1 saylı X1 tərəfindən verilmiş 14 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir və əlilliyə görə 220 manat sosial müavinət alır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X3 azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və məhkəmə hökmlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər dörd dəfə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmiş və bütün məhkumluqları ödənilmişdir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 27 may 2005-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, mülki dövriyyədən çıxarılmayan yivsiz lüləli ov tüfənginin qanunsuz hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaratmır. Lakin qadağan edilmiş, uzunluğu 800 mm-dən az olan, habelə konstruksiyası onu qatlamaq, sökmək və ya yığmaq imkanı verən və bu zaman atəş imkanının aradan qaldırmayan odlu ov silahının qanunsuz dövriyyəsi CM-nin yuxarıda qeyd edilən maddələrinin tərkibini yaradır. Bununla belə ov tüfənglərinin, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs lüləsi və qundağı kustar üsulla kəsilmiş, öz təyinatını itirmiş qoşa lüləli 16 kalibrli ov tüfəngini qanunsuz olaraq əldə etməsi və üzərində daşıyaraq saxlaması məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətinin protokolu və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs 2-ci qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır (CM 59.2). Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuna uyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Məhkumluqları ödənilmiş olsa belə təqsirləndirilən şəxsin əvvəllər dörd dəfə cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunması, onun cinayət törətməyə meyilli şəxs olmasına və şəxsiyyətinin mənfi xarakterizə olunmasına dəlalət edir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətinin mənfi xarakterizə olunması nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(071)-74/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək axtarış elan edilmiş və o, polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tutularaq Hacıqabul RPŞ-nin MSY-nə təhvil verilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və Hacıqabul şəhər Polis şöbəsində saxlanılan 01 ədəd tətik qoruyucusunun altında, gövdənin üzərində 55149 nömrəsi olan silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1959-cu ildə istehsal olunmuş, 16 kalibirli, TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli ov tüfəngi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. (CPM 132.1.1) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 14 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 84 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 08 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan 01 ədəd tətik qoruyucusunun altında, gövdənin üzərində 55149 nömrəsi olan silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1959-cu ildə istehsal olunmuş, 16 kalibrli, TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 84 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar