Məhkəmə qərarları › İş №1(071)-77/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-77/2025

14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-77/2025 14.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün xeyli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri Ə.Xəqani küçəsinə daşımış, 13 mart 2025-ci il tarixdə saat 10:40-da Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri Ə.Xəqani küçəsində saxlanılarkən üzərində yoxlama aparılan zaman əlində olan 01 ədəd kağız bükülüdə olan 01 ədəd bükümdə təmiz çəkisi 0,214 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,198 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 13 mart 2025-ci il tarixdə saat 10 radələrində yaşadığı evdən çıxıb Hacıqabul şəhəri D.Ağamaliyev küçəsi ilə ara yollarla piyada gedən zamanı yerdə torpaq örtüyünün üzərində 1 ədəd sellofana bükülmüş bükülünü görmüş, 1 ədəd kağız bükülünü götürüb açıb içərisinə baxdıqda orada 2 ədəd bükülünün olduğunu, bükülünün birində narkotik vasitə heron və digərində isə psixotrop maddə metamfetamin olduğunu bilmiş, içərisində heroinlə psixotrop maddə metamfetamin olan büklüləri büküb qəbul etmək məqsədi ilə əlində saxlayıb yoluna davam etmişdir. Həmin günü saat 10:30 radələrində Hacıqabul şəhəri Ə.Xəqani küçəsi ilə 5 saylı orta məktəbə tərəf gedən zamanı arxadan tanıdığı polis əməkdaşlarının gəldiyini gördükdə əlində saxladığı bükülünü yerə atanda polis əməkdaşları bunu görüb onu saxlamışlar. Polis əməkdaşları videoçəklişdən isitifadə edib onun yerə atmış olduğu bükülü götürüb, sağ əlində saxlayaraq həmin bükülünün ona məxsus olmasını bildirmişdir. Polis əməkdaşları tərəfindən hüquq və vəzifələri izah etdikdən sonra video çəkilişdən istifadə edilməklə əlində saxladığı bükülüyə baxış keçirilmişdir. Baxış keçirilən zamanı kağız bükülü açılmış, bükülünün içərsində başqa büklünün olduğunu görmüşlər. 1-ci bükülüdə narkotik vasitə heroin və 2-ci bükülüdə isə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Aşkar olunub götürülmüş narkotik vasitə heroinlə psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilərkən narkotik vasitə heroinin 0,25 qram və psixotrop maddə metamfetamin isə 0,24 qram olduğu müəyyən edilmişdir. Polis əməkdaşları üzərində yoxlama aparan zamanı əyninədə olan boz rəngli qış gödəkçənin sağ yan cibində 1 ədəd istifadə olunmuş tibbi şpris və gödəkçənin sol iç cibindən özünə məxsus 1 ədəd «Samsung» markalı mobil telefonu aşkar etmişlər. Aşkar olunub götürülmüş narkotik vasitə heroinlə psixotrop maddə metamfetamin poçt zərfinə qoyularaq qablaşdırılmış və poçt zərfin üzərinə imza etmiş, Hacıqabul rayon Polis Şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində olan zaman hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət edilmişdir. Hacıqabul şəhəri Ə.Xəqani küçəsində aşkar edib götürülərək qablaşdırılmış narotik vasitə heroinlə psixotrop maddə metamfetamin müdafiəçinin iştirakı və videoçəklişdən istifadə edilməklə poçt zərfi açılaraq götürülmüş və sonra isə narkotik vasitə heroinlə psixotrop maddə metamfetamin başqa bir poçt zərfinə qablaşdırlaraq möhürlənmişdir. Üzərində yoxlama aparılması və əşyalara təkrar baxış keçirilməsi barədə tərtib edilmiş protokolların məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Onun üzərində yoxlama aparılan zaman və ya ona yaxınlaşan zaman polis əməkdaşları ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişlər. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək barəsində ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 mart 2025ci il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin əldə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı almışdır. Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə məruzə etmiş və rayon PŞ-nin əməkdaşları Şahid2 və Şahid3 iştirakları ilə əməliyyat müşahidə qrupu yaradılmışdır. Həmin günü əməliyyat məlumatın göstərildiyi ünvana yəni, Hacıqabul şəhəri Ə.Xəqani küçəsinə yollanmış və saat 10:40-da Təqsirləndirilən şəxs saxlanılan zaman əlində olan bükülünü yerə atmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra yerə atmış olduğu bükülünü götürərək həmin bükülünün ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs videoçəklişdən istifadə edilməklə üzərində yoxlama aparılacığı bildirilib hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs da saxlanılan zaman yerə atmış olduğu 01 ədəd sellofan bükülünü təqdim etmişdir. Sellofan bükülü açıldıqda, içərisində 2 ədəd kağız bükülülər aşkar olunmuş, həmin bükülülər açıldıqda 1- ci kağız bükülüdə narkotik vasitə heroin və 2-ci bükülüdə isə psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş kütlələr kağızla birlikdə elektron tərəzidə çəkilərkən 0,24 qram narkotik vasitə heroin və 0,25 qram psixotrop maddə metamfetamin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılsa da, qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin poçt zərfinə qoyularaq qablaşdırılmış və Təqsirləndirilən şəxs Hacıqabul rayon Polis Şöbəsinə dəvət olunmuşdur. Rayon PŞ-də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət olunmuş, ondan aşkar olunub götürülərək qablaşdırılmış poçt zərfi Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə açılaraq 1 ədəd bükümdə narkotik vasitə heroinə və 1 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə baxış keçirildikdən sonra başqa bir poçt zərfinə qoyularaq qablaşdırılmış, yoxlama və götürmə aparılması və əşyalara təkrar baxış keçirilməsi barədə tərtib olunmuş protokolların məzmunu ilə tanış olduqdan sonra protokollara imza etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 13 mart 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının ona yaxınlaşmasını görərək əlində saxladığı bükülünü yerə atmış, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra yerə atdığı bükülünü götürərək həmin bükülülərin ona məxsus olmasını bildirmişdir. Həmin selofan bükülü açıldıqda içərisində 2 ədəd kağız bükülü aşkar edilmişdir. Həmin bükülülər açıldıqda 1-ci kağız bükülüdə narkotik vasitə heroinə bənzər kütlə, 2-ci bükülüdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilərək narkotik vasitə heroinə bənzər kütlənin çəkisinin 0,25 qram, psixotrop maddə metamfetaminə bənzər kütlənin 0.24 qram olduqları müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əlində bir ədəd bükülüdə içərisində çəkisi 0,24 qram psixotrop maddə metamfetaminə bənzər kütlə və digər 1 ədəd bükülüdə içərisində çəkisi 0,25 qram narkotik vasitə heroinə bənzər kütlə qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq orada olan maddələrə baxış keçirildi. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 18/229 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs ...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,214 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bükümdə təmiz çəkisi – 0,198 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarının həddinin 0,15 qram, külli miqdarın həddinin 2 qram, həmin Qanunun İİ siyahısının 118-ci bəndində metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1840 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı Qərarına əsasən Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyil. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini və narkotik vasitə heroini haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,164 qram narkotik vasitə heroin, təmiz çəkisi 0,148 qram qalan psixotrop maddə metamfetamin və 2 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10:40-dan etibarən faktiki azadlığı məhdudlaşdırılmış, həmin tarixdə saat 12:10-da Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. “Tutulmuş şəxsin azad edilməsinə dair” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə MSY-dən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş 18-1-41/2-262/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin konsultativ-poliklinika şöbəsinin narkoloji kabinetində 2010-cu ildən “F 12.2 asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 daxil olmuş 3-17-1/2-83482/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliyə görə əmək pensiyası ödənilir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlillik dərəcəsi vardır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmünün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 66.2, 66.5-ci maddələri ilə təqsirli bilinərək 01 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Salyan rayon məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 2 gün ərzində Hacıqabul RPŞ-nin MSY-də saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət əməli törədilərkən Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təqsirli bilindiyi cinayət əməlinə görə məhkumluq ödənilməmişdir. Bu səbəbdən hazırki, cinayət əməli törədilərkən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması məlum olur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroin əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə heroini əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, əvvəllər dəfələrlə cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq əvvəlki cinayət əməlinə görə məhkumluq ödənilmədən yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət təyin edilmiş cəzadan çıxılmalı, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri tətbiq edilməli və məhkəmə iclas zalında həbsə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,164 qram narkotik vasitə heroin, təmiz çəkisi 0,148 qram qalan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən edilməsinə baxmayaraq yaş həddi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmamalı və ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 16 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 176 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 14 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmasın və ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 0,164 qram narkotik vasitə heroin və təmiz çəkisi 0,148 qram qalan psixotrop maddə metamfetamin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 16 (on altı) saata görə 176 (bir yüz yetmiş altı) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Şirvan şəhər filialındakı hesabı – SWİFT kodu - İBAZAZ2X, H/N AZ85İBAZ********************, Alan bankın kod: 805681, VÖEN **********, M/H AZ03NABZ013501**********2944, VÖEN **********). Hökmdən, hökm elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar