Məhkəmə qərarları › İş №1(071)-78/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-78/2023

02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-78/2023 02.08.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Hacıqabul rayonu, Muğan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs həmin ünvanda yerləşən yaşayış sahəsinə hasardan aşaraq, həyətyanı sahədəki evin qapısını açmaq yolu ilə evin otağına qanunsuz daxil olaraq oradan 1 ədəd 1985-ci ildə əl ilə toxunmuş eni 1,80 metr, uzunluğu 3,60 metr, qırağındakı saçaqları pambıqdan, ümumilikdə qoyunun bel yunundan olan istifadə olunmamış “Məkkə-Mədinə” xalçasını və 1 ədəd 1971-ci ildə toxunmuş eni 1,80 metr, uzunluğu 3,60 metr qırağındakı saçaqları pambıqdan, ümumilikdə qoyunun bel yunundan olan istifadə olunmamış “Xilə” xalçasını gizli olaraq talamış və zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, maddi vəziyyəti pis olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarix saat 01:00 radələrində Hacıqabul rayonu Muğan qəsəbəsinə getmişdir. Hacıqabul rayonu Muğan qəsbəsində yolun kənarında olan bir evin həyətində işıq yanmamasından evdə heç kimin yaşamadığını düşünmüş və evin daş hasarını aşaraq sakitcə evə yaxınlaşmışdır. Evin qapısı açıq olduğundan ora daxil olaraq əlindəki alışqanın fənəri ilə sağda birinci otağın qapısını açıb içəri girmişdir. Qapıdan daxil olan kimi sol tərəfdə divara söykənmiş 2 ədəd bükülü xalçanı görmüşdür. Həmin xalçaları götürmüş və tutulmaqdan qorxduğu üçün tələsik evi tərk etmişdir. Bundan sonra xalçaları hasardan çölə atmış və özü də həyətdən çıxmışdır. Götürdüyü xalçaları yolun əks tərəfinə keçirdərək, tanımadığı bir taksi avtomobili saxlamış və ondan onu Hacıqabul şəhər mərkəzinə aparmasını xahiş etmişdir. Taksi sürücüsü xalçaların kimə aid olduğunu soruşmuş və o da taksi sürücüsünə xalçaların özünə aid olmasını bildirmişdir. Taksi sürücüsü onu gətirərək Hacıqabul şəhərində yaşadığı evin yaxınlığında düşürmüşdür. O həmin xalçaları həyətlərinə aparıb gizlətmişdir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində küçədə gəzərkən xalça alqı-satqısı ilə məşğul olan şəxslərin küçədə görmüş və oğurladığı xalçaları biri 100 manat olmaqla 200 manata həmin şəxslər satmışdır. Xalçanı satdıqdan sonra əldə etdiyi pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, Hacıqabul rayonu Muğan qəsəbəsində bacıları Şahid2, Şahid1 və Ağayeva Şərqiyyə ilə birlikdə yaşayır. Evdə ona məxsus 1987-ci ildən əvvəl toxuduğu bir ədəd üzərində “Məkkə-Mədinə” işarələri olan xalça və bir ədəd 1971-ci ildən qalma qədimi toxunma sarı rəngli Xilə xalçası olmuşdur. Həmin xalçaları evin içəri otağında yığılmış halda saxlamışlar. xx.xx.2023-cü il tarixdə bacısı Şahid1 evdə təmizlik işləri görən zaman həmin otaqda olan iki ədəd qədim xalçaların yerində olmamasını görmüş və ona bildirmişdir. Ailə üzvləri ilə birlikdə həmin otağa baxdıqdan sonra onlara məlum olmuşdur ki, xalçalar oğurlanmışdır. Həmin xalçaların dəqiq nə vaxt oğurlanmasını bilməmiş, xalçaların oğurlanmasını xx.xx.2023-cü il tarixdə aşkar etmişdirlər. Lakin bacısı Şahid2 həmişə bağlı olan evin qapısının xx.xx.2023-cü il tarixdə səhər saatlarında açıq olmasını görmüşdür. Ona görə bilmişdir ki, oğurluq hadisəsi xx.xx.2023-cü il tarixdə gecə saatlarında baş vermişdir. Oğurlanmış xalçaların birini 1971-ci ildə, digərini isə 1985-ci ildə qoyunun bel yunundan toxumuşdur. O, xalçalarının geri qaytarılmasını tələb edir. Əks təqdirdə təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır və onlar Hacıqabul rayonu Muğan qəsəbəsində bir yerdə yaşayırlar. xx.xx.2023-cü il tarixdə evdə təmizlik işləri aparan zaman evlərində bacısı Xədicənin toxuduğu 2 ədəd xalçanın yerində olmadığını görmüşdür. Bu barədə Xədicəyə demişdir. Lakin, sonradan xatırlayır ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında evin giriş qapısının açıq olmasını görmüş, lakin həmin vaxt buna əhəmiyyət verməmişdir. Sonradan məlum olmuşdur ki, bacısına məxsus 2 ədəd xalça məhz həmin tarixdə oğurlanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 Şahid1 ilə eyni məzmunli ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hal şahidlərinin iştirakları ilə Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı həyətə evin giriş qapısından daxil olduqdan sonra evin giriş qapısının evin bir mərtəbəli olan evin sağ tərəfdə olması, əsas giriş qapısından əlavə evin arxasından əlavə giriş qapısının olması, evin 3 otaq, 1 zaldan ibarət olması müəyyən edilmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilmiş, bundan sonra oğurluq olan otaqdan əl barmaq izləri götürülmüşdür. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs oğurluq etdiyi Hacıqabul rayonu Muğan qəsəbəsində fərdi yaşayış evinin həyətyanı sahəsində və evin içərisində əhəmiyyət kəsb edən yerləri əyani olaraq göstərərək ifadəsini təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən göstərilən cinayətin mexanizmi baş vermiş cinayət hadisəsi ilə üst-üstə düşür. İfadənin yerində yoxlanılması zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/3631 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xalçaların istifadədə olmaması nəzərə alınmaqla 2023-cü ilin aprel ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 4000 manat müəyyən edilir. Məhkəmə-trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3-795 saylı rəyindən görünür ki, ********* saylı cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki "a” və “b”əl-barmaq izləri, 2,3,4 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri müqayisəli tədqiqat üçün yararlıdır, həmin izlər əlin dırnaq falanqının toxunması nəticəsində qalmışdır, izlərdə fərdi əlamətlər yoxdur. ********* saylı cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a”və “b” əl-barmaq izləri Təqsirləndirilən şəxs sol əlinin şəhadət və orta barmaqlarından. 2,3,4 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri isə onun sağ əlinin şəhadət, orta, adsız barmaqlarından qalmışdır. Əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab məktubundan (raportdan) görünür ki, Hacıqabul rayonu, Muğan qəsəbəsində yerləşən X3 məxsus fərdi yaşayış evindən 2 ədəd qədimi xalçaları oğurlayan şəxsin şəxsiyyətini əməliyyat yolu ilə müəyyən etmək mümkün olsa da, həmin xalçaları kimə satması, oğurluq etdiyi zaman yanında başqa şəxslərin olub-olmamasını və başqa cinayət əməlinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Hacıqabul Rayon Məhkəməsinin 4(071)-37/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Hacıqabul rayon İcra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Nəhmədov X2 şəhəri, H.Z.Tağıyev küçəsi 144 saylı ünvanda yaşayır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmlərinin surətlərindən görünür ki, Nəhmədov X2 rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Salyan rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə “amnistiya elan edilməsi” haqqında qərarın 4-cü hissəsinə əsasən cəzası 6 ay azaldlmlş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 3 il 5 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilərək təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti ilə şərti tətbiq edilmişdir. Bundan başqa o, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-2 və 234.1-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 71.5-ci maddəsinə əsasən şərti məhkum edilməsi ləğv edilərək həmin cəza CM-in 67.1-ci maddəsinə əsasən Hacıqabul rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 05 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərarı ilə xx.xx.2022-ci il tarixdə 22 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edildiyindən, onun həmin hökm və Hacıqabul rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə yaranmış məhkumluğun ödənilmə müddətləri cəzadan azad edildiyi xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Belə olan vəziyyətdə, Təqsirləndirilən şəxs cəzadan azad edildiyi vaxtdan iki il keçməmiş, yəni məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətdiyindən onun əməlində cinayətin təhlükəli residivi yaranır. Məhkəmə, təqsirləndirilən şəxslərə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Həmin qərarda həmçinin qeyd edilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin yaşayış sahəsinə qanunsuz daxil olaraq zərər çəkmiş şəxsə 4000 manat ziyan vuraraq oğurluq cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir .Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Təqsirləndirilən şəxsin əməlində cinayətin təhlükəli residivinin olmasını isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. (CM 61.1.1) Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, hazırki halda təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından CM-in 62-ci maddəsi tətbiq edilərək ona azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Belə ki, ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzasını yüngülləşdirən halların olmaması və cəzasını ağırlaşdıran halın olması, əvvəllər dəfələrlə məhkum edilməsinə baxmayaraq, islah olunmaması və yenidən qəsdən cinayət törətməsi, bununla da şəxsiyyətinin mənfi xarakterizə olunması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri, eləcə də Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona həmin Məcəllənin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 111,29 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 111,29 manat (yüz on bir manat iyirmi doqquz qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi andan, təqsirləndirilən şəxsə münasibətdə isə ona təqdim olunduğu andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar