Məhkəmə qərarları › İş №1(071)-78/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-78/2024

12.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-78/2024 12.08.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1955-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Hacıqabul şəhəri Xətai küçəsi ev 10 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi beş ədəd döyüş sursatı – patronları, bir ədəd əl qumbarasının gövdəsini – natamam tipli döyüş sursatını, bir ədəd əl qumbarasının partladıcısını üzərində saxlayıb gəzdirməklə Hacıqabul şəhəri ərazisinə daşıyaraq gizlətmiş, 12 mart 2024-cü il tarixdə saat 14 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri ərazisində saxlanılaraq Hacıqabul şəhəri Xətai küçəsində yerləşən qamışlıq əraziyə baxış keçirilən zaman onun qanunsuz olaraq əldə edib gizlətdiyi 05 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli “Marqolin” kosntruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, təyinatı üzrə atəş açmaq üçün yararlı patronlar – döyüş sursatları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, təyinatı üzrə istifadəyə yararlı müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsi – natamam tipli döyüş sursatı, 01 ədəd təyinatı üzrə istifadəyə yararlı “UZRQM” tipli F-1, RQD-5, RQ-42 əl qumbaralarının partladıcısı bir ədəd torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətinin protokolu ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Hacıqabul şəhəri Xətai küçəsi ev 10 ünvanında yerləşən yaşadığı evdən çıxıb piyada şəklində gəzərək yolun kənarı ilə hərəkət etmişdir. Bir müddət gəzdikdən sonra yaşadığı evə geri qayıtmaq qərarına gəlmişdir. Gəldiyi yolu piyada şəklində qayıdan zaman Xətai küçəsində zibil tullantılarını yığmaq üçün nəzərdə tutulmuş qutunun yaxınlığından keçən zaman 01 ədəd qara rəngli parça bağlama olduğunu görmüşdür. Bağlamanın xarici görünüşü onun diqqətini cəlb etmişdir. Bu səbəbdən yaxınlaşaraq həmin torbanı əlinə götürüb içərisinə baxmaq qərarına gəlmişdir. Tapdığı torbanın içərisinə baxan zaman əvvəldən tanıdığı 01 ədəd qumbara kimi tanıdığı əşya, 01 ədəd zapal və 05 ədəd patronlar olduğunu görmüşdür. Həmin torbada olan əşyaları saxlamaq qərarına gəlmişdir. Ətrafa baxıb heç kimin onu görmədiyinə tam əmin olduqdan sonra içərisində 01 ədəd qumbara, 01 ədəd zapal və 05 ədəd patronu qoyulduğu torbaya bükərək əlində saxlayıb paltarının arasında yaşadığı binaya doğru piyada şəklində hərəkət etməyə başlamışdır. Onu kiminsə görəcəyindən ehtiyat etdiyi üçün yaşadığı binanın yaxınlığında olan qamışlıq hissəyə gəlmiş və ətrafa nəzər yetirib heç kimin onu görmədiyinə bir daha əmin olduqdan sonra tapdığı 01 ədəd qumbara, 01 ədəd zapal, 05 ədəd patronun qoyulduğu torbanı qamışlıqda gizlətmişdir. 12 mart 2024-cü il tarixdə saat 14 radələrində yaşadığı məhəllədə olan zaman mülki formada 2 nəfər şəxs ona yaxınlaşaraq Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq döyüş sursatları əldə edərək gizlətməkdə şübhəli olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Hacıqabul rayon polis şöbəsinə getmişdir. O, polis şöbəsində olarkən özünü Hacıqabul RPŞ-nin TB-nin baş təhqiqatçısı kimi təqdim edən Zahid Salahov onun qanunsuz olaraq döyüş sursatı əldə edib gizlətməkdə şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini bildirmişdir. O, müdafiəçi ilə təmin edildikdən sonra tapdığı döyüş sursatlarını gizlətməsini etiraf etmişdir. O, polis əməkdaşlarını tapdığı döyüş sursatını gizlətdiyi yerə aparmışdır. Təhqiqatçı gizlətdiyi yerə aparılacaq baxış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə həmin əraziyə baxış keçirilməsi barədə Zahid Salahov məlumat vermişdir. Təhqiqatçı həmin ərazidə qanunla qadağan olunmuş hər hansı əşya, predmet varsa təqdim etməsini ona təklif etmişdir. O, qamışlıqda gizlətdiyi torbanı təqdim edərək içərisində 01 ədəd qumbara, 01 ədəd zapal, 05 ədəd patronlar olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən həmin torba açılaraq içərisinə baxış keçirilmiş və torbanın içərisindən 01 ədəd qumbara, 01 ədəd zapal, 05 ədəd patron aşkar olunaraq götürülmüşdür. Bundan sonra baxış aparılması barədə protokol tərtib edilmiş və həmin protokolu təsdiq etmişdir. Tapdığı əşyalardan xoşu gəldiyi üçün saxlamaq qərarına gəlmişdir, başqa məqsədi olmamışdır. O, döyüş sursatlarının alqı-satqısı ilə məşğul olmamış, hər hansı şəxsə bu barədə məlumat verməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili işləyir. xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq döyüş sursatı olan qumbaranı, partladıcını və patronları əldə etdiyi mənbənin ifşa edilməsi, gizlətdiyi yerə baxış keçirilməsi ilə əlaqədar təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmişdir. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində onlar Təqsirləndirilən şəxs yaşadığı məhəllədə piyada şəklində hərəkətdə olmasını görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs yaxınlaşıb Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını, onun qanunsuz döyüş sursatı olan qumbaranı, partladıcını və patronları qanunsuz olaraq əldə edərək gizlətməsində şübhəli olduğunu bildirib rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra onlar baş təhqiqatçı Zahid Salahovun xidməti otağına daxil olmuşlar. Baş təhqiqatçı ilkin olaraq Təqsirləndirilən şəxs döyüş sursatı olan qumbaranı, partladıcını və patronları qanunsuz olaraq əldə edib gizlətməkdə şübhəli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunduqdan sonra baş təhqiqatçı Təqsirləndirilən şəxs şifahi olaraq qanunla qadağan olunmuş hər hansı əşya, maddə əldə etməsi, saxlaması, gizlətməsi barədə soruşmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet olmadığını, lakin yaşadığı evin yaxınlığında olan qamışlıqda qumbara, partladıcı və patronlar gizlətdiyini, həmin yeri və qeyd edilən əşyaları təqdim edəcəyini bildirmişdir. Qeyd olunan əraziyə baxış keçirilən zaman aşkar olunacaq əşyaların götürülməsi və paketlənməsində kömək üçün Daxili Qoşunların N saylı hərbi hissəsinin istehkamçısı baş çavuş Şahid3 dəvət edilmişdir. Bundan sonra bütün iştirakçılar qeyd olunan əraziyə gəlmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığındakı qamışlığı göstərərək həmin yerdə 01 ədəd qara rəngli bağlama olduğunu və həmin bağlamanın içərisində 01 ədəd qumbara, 01 ədəd partladıcı və patronlar olduğunu bildirmişdir. Sonra təqdim olunan bağlamaya baxış keçirilərkən içərisindən 01 ədəd qumbara, 01 ədəd partladıcı və 05 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd qumbara, 01 ədəd partladıcı və 05 ədəd patronların xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Hacıqabul şəhəri Xətai küçəsində zibil qutularının yaxınlığında yerdən tapdığını bildirmişdir. Bundan sonra həmin əraziyə baxış keçirilməyə davam etdirilmiş, lakin qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd qumbara, 01 ədəd partladıcı və 05 dəd patronların qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, şahidlər Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdə saat 14:00-dan məhdudlaşdırılmış, xx.xx.2024-cü il tarixdə saat 15:15-də şübhəli şəxs qismində tutulmuşdur. “Baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında olan ərazidir. Baxış zamanı Qasımov X1 şəhəri Xətai küçəsi ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında qamışlıqda gizlətdiyi parçanın arasında 1 ədəd zapal, 1 ədəd qumbara və 5 ədəd patronların olduğunu bildirmişdir. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/559 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 05 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modeilli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar, atəş üçün yararlıdırlar, partlayıcı maddə hesab edilmir. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/560 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 01 ədəd əşya “UZRQM” tipli partladıcıdır, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partladıcısıdır. Həmin 01 ədəd əl qumbarasının gövdəsi ilə 01 ədəd “UZRQM” tipli alışdırıcı partladıcını komplekləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı döyüş sursatıdırlar MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığı pozulmadığı halda təyinatları üzrə istifadə üçün yararlıdırlar. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-16/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Əməliyyat tapşırığına xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş odlu döyüş sursatlarının haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş döyüş sursatlarının alqı-satqısı ilə məşğul olması və həmin döyüş sursatlarını satış məqsədi ilə üzərində saxlaması ilə bağlı hər hansı bir məlumat daxil olmamışdır. Hacıqabul rayon İHB-nin 1 saylı MİS-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Qasımov X1 şəhəri Xətai küçəsi ev 10 mənzil 4 ünvanında övladları – X2 və X3 ilə bir yerdə yaşayır. Hacıqabul rayon İHB-nin 1 saylı MİS-si tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 901 saylı kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda heç bir psixi xəstəlikdən əziyyət çəkmir, cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamış, hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib qablaşdırılmış 05 ədəd patronlar – döyüş sursatları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş F-1 tipli əl qumbarasının gövdəsi – natamam tipli döyüş sursatı, 01 ədəd təyinatı üzrə istifadəyə yararlı “UZRQM” tipli F-1, RQD-5, RQ-42 əl qumbarlarının partladıcısı maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 27 may 2005-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, partlayıcı maddələrdən və konstruktiv təyinatına görə partlayış edilməsi üçün qurğulardan ibarət olan müxtəlif partlayıcı qurğuların qanunsuz əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınılması, gəzdirilməsi və ya talaması da müvafiq olaraq Azərbaycan Respublikası CMnin 228 və ya 232-ci maddələrində nəzərdə tutulan cinayət məsuliyyətini yaradır. Həmin Qərarın 9-cu bəndində göstərilir ki, silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 05 ədəd patronlar – döyüş sursatları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş F-1 tipli əl qumbarasının gövdəsi – natamam tipli döyüş sursatı, 01 ədəd təyinatı üzrə istifadəyə yararlı “UZRQM” tipli F-1, RQD-5, RQ-42 əl qumbarlarının partladıcısını qanunsuz olaraq əldə etməsi və gizlətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətinin protokolu və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə əməlləri qeyd edilmişdir. Göründüyü ki, maddənin dispozisiyasında cinayətin predmeti kimi odlu silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğuların olduğu qeyd edilmişdir. Maddənin dispozisiyasında qanunverici tərəfindən cinayətin predmetləri sadalanarkən onların texniki imkanları və ətrafa zərər yetirə bilməsi dərəcəsi nəzərə alınaraq, təyinatı üzrə istifadə edilərkən daha təhlükəli predmetdən daha az təhlükəli predmetə nəzərən sıralama aparılmışdır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanunu Azərbaycan Respublikasında xidməti və mülki silahın və onun sursatının dövriyyəsi, habelə onu müstəsna hallarda tətbiqi ilə yaranan hüquq münasibətlərini tənzimləyir. Qanununun 2-ci maddəsinin 8-ci bəndinə əsasən odlu silah — barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Həmin Qanununun 2-ci maddəsinin 5-ci bəndinə əsasən döyüş sursatı — müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. Qanununun qeyd edilən normalarından görünür ki, odlu silahdan fərqli olaraq döyüş sursatı müstəqil şəkildə hər hansı bir hədəfi məhv etmək xüsusiyyətinə malik deyildir. Hazırki, cinayət işində Təqsirləndirilən şəxs döyüş sursatı hesab edilən - 05 ədəd patron, natamam döyüş sursatı hesab edilən – bir ədəd F-1 tipli əl qumbarasının gövdəsi, natamam döyüş sursatı hesab edilən – 01 ədəd “UZRQM” tipli partladıcı aşkar edilərək götürülmüşdür. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/560 nömrəli rəyindən görünür ki, aşkar edilmiş 01 ədəd F-1 tipli əl qumbarasının gövdəsi 01 ədəd “UZRQM” tipli partladıcı ilə yalnız komplektləşdirildikdən sonra döyüş sursatı hesab olunur, yəni ayrı-ayrılıqda aşkar olunmuş əşyaların hər biri natamam döyüş sursatı hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsinidə nəzərdə tutulmuş cinayət əməlinin predmetlərindən daha az təhlükə törədə bilən, yəni sıralamanın sonunda yer almış natamam döyüş sursatı və döyüş sursatı (05 ədəd patron) aşkar edilmişdir. Yuxarıda qeyd edilən hallar Təqsirləndirilən şəxs cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınacaqdır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, həm məhkəmə iclası, həm də, ibtidai araşdırma zamanı törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsini, habelə onun ahıl yaşında olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır (CM 59.2). Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən kifayət qədər halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qanunvericliyin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və Hacıqabul şəhər Polis şöbəsində saxlanılan 05 ədəd patronlar – döyüş sursatları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş F-1 tipli əl qumbarasının gövdəsi – natamam tipli döyüş sursatı, 01 ədəd təyinatı üzrə istifadəyə yararlı “UZRQM” tipli F-1, RQD-5, RQ-42 əl qumbarlarının partladıcısı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan 05 ədəd patronlar – döyüş sursatları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş F-1 tipli əl qumbarasının gövdəsi – natamam tipli döyüş sursatı, 01 ədəd təyinatı üzrə istifadəyə yararlı “UZRQM” tipli F-1, RQD-5, RQ-42 əl qumbarlarının partladıcısı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar