Məhkəmə qərarları › İş №1(071)-78/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-78/2025

19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-78/2025 19.01.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X6 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru 2-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1988-ci ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində köməkçi fəhlə vəzifəsində işləyən, məhkum olunmuş və məhkumluğu ödənilməyən, ünvan 1 ünvanda yaşayan hal-hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi islehlak miqdarından artıq, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri, N.Allahverdiyev küçəsinə daşımış, 18 fevral 2025-ci il tarixdə saat 21:18-də Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, N.Allahverdiyev küçəsində saxlanılaraq üzərində yoxlama aparılan zaman əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,28 qram xeyli miqdarda bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs fakt üzrə istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü əvvəlcə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Hacıqabul RPŞ-nin əməkdaşları onu əvvəlcə məhkəmənin yaxınlığında saxlamışdılar. Həmin yerdə birinci videoçəkiliş məhkəmənin yaxınlığında yerləşən çayxananın qarşısında olmuş, daha sonra isə polis əməkdaşları onu xalça sexinin yanına, polis məntəqəsinə aparmış, orada ona təzyiq göstərildikdən sonra cinayəti boynuna almış, növbəti videoçəkiliş həmin ərazidə həyata keçirilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş 01 ədəd DVD diskdəki həmin videogörüntülər ikinci dəfə həyata keçirilmiş videoçəkilişə aid olmaqla, sözügedən xalça sexinin yanında çəkilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə üzərində olmamış, həmin narkotik vasitə üzərinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Birinci məhkumluğundan sonra narkotik vasitə istifadə etməmişdir. Polis əməkdaşları onu vursalar da bədən səthində iz qalmamışdır. Həmçinin polis əməkdaşları onu təhqir etmişdir. Tutulan vaxt üzərində elektron nəzarət qurğusu olmuş, lakin işləməmişdir. Tutulan vaxt onu heç kim görməmiş, müqavimət isə göstərməmişdir. Daha sonra Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ilkin ifadəsini təkzib edərək bildirmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilir. Hazırda barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı və 5.1-ci bəndlərinin tətbiq edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ilkin ifadəsində göstərilən hər bir xüsusatla bağlı məhkəmə tərəfindən əlavə araşdırma aparılmış, məhkəmənin təşəbbüsü ilə və müdafiə tərəfinin vəsatətinə əsasən təqsirləndirilən şəxsin telefon danışıqlarında dair məlumatlar, onun və Hacıqabul RPŞ-nin əməliyyat müvəkkillərinin istifadələrində olan mobil telefon nömrələrinin anten dairələrinə dair məlumatlar götürülmüş, sorğular verilərək cavablar əldə edilmişdir. Lakin qeyd olunan xüsusatlar təsdiqini tapmamışdır. Nəticədə Təqsirləndirilən şəxs son sözündə ibtidai istintaq tərəfindən verilmiş ittiham üzrə özünü tam təqsirli bildiyini, əməlindən səmimi peşman olmasını qeyd edərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı və 5.1-ci bəndlərinin tətbiq edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ilkin ifadəsində göstərilənləri özünümüdafiə xarakterli ziddiyyətli məlumat olaraq qiymətləndirir və onun məhkəməyədək icraat zamanı, eləcə də məhkəmə baxışı zamanı verdiyi sonuncu ifadəsini mötəbər sübut olaraq qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 18 fevral 2025-ci il tarixdə Hacıqabul rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanması, üzərinə müvafiq qaydada yoxlama keçirilməsi və Hacıqabul Rayon Polis Şöbəsinə gətirilməsi ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” onun tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul RPŞ-nin rəisinin əmri əsasında onun rəhbərliyi ilə qrup üzvü kimi onun, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 daxil olduğu əməliyyat qrupu yaradılmışdır. 18 fevral 2025ci il tarixdə saat 21 radələrində onlar Təqsirləndirilən şəxs N.Allahverdiyev küçəsində piyada hərəkətdə olan zaman saxlayaraq Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılacağını bildirib hüquq və vəzifələrini ona elan elmiş və Təqsirləndirilən şəxs onun üzərində aparılacaq yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirməyə başlamış və qara rəngli qış gödəkçəsinin sol yan cibində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 1 ədəd kibrit qutusunu aşkar edərək götürmüşdür. Onun tərəfindən həmin kibrit qutusuna baxış keçirilmiş və kibrit qutusunun içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusu onun tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 7,07 qram olduğu müəyyən edilmişdir. Həmin küllə zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 80 saylı möhürü ilə möhürlənmiş və tərəflərindən üzərinə imzalar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə onun tərəfindən yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs barəsində prosessual sənədləşdirilmə aparılması məqsədi ilə onlar Təqsirləndirilən şəxs Hacıqabul RPŞ-yə dəvət etmişlər. Onlar birlikdə polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Bundan sonra onlar birlikdə baş təhqiqatçı Zahid Salahovun xidməti otağına gəlmiş, baş təhqiqatçı X23 Hüseynliyə qanunsuz olaraq psixotrop maddə əldə etməsi və üzərində saxlamasında şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini Təqsirləndirilən şəxs elan edib bu barədə yazılı bildiriş vermişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş, müdafiəçi Şirvan Regional Vəkillər bürosunun vəkili X7 dəvət olunmuşdur. Baş təhqiqatçı X23 Hüseynlinin üzərindən yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçinin və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan və qablaşdırılan əşyaya baş təhqiqatçı Zahid Salahov tərəfindən yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 80 saylı möhürü ilə möhürlənmiş və üzərində tərəflərindən imzalar edilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs N.Allahverdiyev küçəsində çayxananın yaxınlığında saxlanılmışdır. Çəkiliş isə bir dəfə aparılmışdır. Təqsirləndirilən şəxs dedikləri həqiqəti əks etdirmir. Sonuncu polis şöbəsində də törətdiyi əməli etiraf etmişdir. Onun Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu barədə məlumatı olmamışdır. Bildirmişdir ki, təqsirləndirilən şəxs harada saxlanılmışdırsa, çəkilişdə həmin ərazidə aparılmışdır. Həmin vaxt təqsirləndirilən şəxsi arxadan heç kim izləməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Müdafiə tərəfinin şahid ifadəsinin sübut kimi qəbul edilməsinə etirazı daxil olmamışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin saxlanılması vaxtı və yeri ilə bağlı ifadəsində göstərilən xüsusatların yoxlanılması ilə bağlı telefon məlumatları götürülmüş, lakin anten ərazilərinin dəqiq əhatə dairəsini müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı, izahat verməsi üçün məhkəmə istintaqı zamanı mütəxəssis qismində cəlb edilməklə dindirilmiş X4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar anten dairələrini zəng və sms gəldikdə dəqiq müəyyən edə bilir. Zəng və sms olmadıqda isə bunu dəqiq müəyyən etmək mümkün olmur. Çünki GPRS məlumatları anten məlumatlarını tam dəqiq müəyyən etməyə imkan vermir. Bu zaman təxmini müəyyən edə bilir ki, şəxs həmin ərazidə olub və ya olmayıb. Kommunikasiya siqnalları zamanı hansı anten dairəsinin təsiri altına düşdükdə şəxs həmin anten dairəsində görünür. Göstərilən ünvanlar abunəçinin real olduğu ünvan deyil, o siqnalı tutan antenin ünvanıdır və təxmin etmək olur ki, həmin şəxs həmin antenin əhatə dairəsində olmuşdur. Hazırki iş üzrə "xxxx" MMC-yə aid olan nömrələrdə həmin zaman zəng və sms olmamışdır. Hər hansı nömrə hansı anten dairəsinə düşürsə, həmin anten dairəsinin başlanğıc və son nöqtəsində istənilən yerdə göstərilə bilər. Vaxt aralığında yerdəyişmə olsa da hər dəyişdiyi yeri göstərməyə bilər. GPRS internet istifadəsi deməkdir. Göndərdiyi ünvanlar antenlərin ünvanıdır. LSVN2766 nömrəli anten qərardadda göstərilən hər üç ünvanı tutur. Mobil telefon söndürüldükdə anten dairəsini müəyyən etmək olmur. Yalnız istifadə zamanı bu mümkündür. Bu zaman telefon sönməzdən əvvəlki vaxt hansı ərazidə olubsa, həmin dairənin anteninə düşür. 3705 anten dairəsi İsmət Qayıbov və 20 Yanvar küçələrinin kəsişməsini əhatə edir, Nəsimi Allahverdiyev küçəsini isə tutmaq ehtimalı yoxdur. Şəxsin həmin ərazidə hansı vaxtda olmasını isə demək mümkün deyil. LSVN2766 antenin özü, dəyişən rəqəmlər isə onun bucaqlarıdır. 03 bucağında nömrə sahibinin İsmət Qayıbov və 20 Yanvar küçələrinin kəsişməsində olma ehtimalı var. Amma yenə də saatını tam dəqiq demək olmaz. 05 və 02 bucağı daha çox İsmət Qayıbov küçəsi istiqaməti tutur. Nəsimi Allahverdiyev küçəsində olma ehtimalı da olur. 03 bucağı hər üç ünvana baxır. 02 bucağı daha çox İsmət Qayıbov küçəsini tutur. Ola bilər ki, yaxınlıqda yerləşən anten daha yüklü olduğu üçün abonent digər anten dairəsinə düşsün və həmin ərazidə olan kimi görsənsin. Eyni zamanda məhkəmə istintaqı zamanı mütəxəssis qismində cəlb edilmiş X11 ifadəsində verilmiş suallara cavab olaraq bildirmişdir ki, qeyd edilən anten dairəsində "xxxx" MMC-nin 3529 və 2766 nömrəli iki baza stansiyası mövcuddur. 3529 Pirsaat ərazisini 2766 isə rayon mərkəzi ərazisini əhatə edir. 3529 rayon mərkəzindən 9 kilometr məsafədə yerləşir. Bu iki anten dairəsində abonent olduğu yeri 200 metr dəyişsə hətta ola bilsin ki, anten məlumatları dəyişə bilər. Bu kimi hallar antenlərin gücündən, hava şəraitindən, yüklənmədən və digər amillərdən asılıdır. GPRS-də isə yüz faizlik dəqiq məlumat olmur. SMT-lər qəbul edilən və göndərilən smslərdir. Abunəçinin konkret hansı nöqtədə olmasını demək mümkün deyildir. Ancaq baza stansiyalarına əsasən ümumi məlumat verilməsi mümkündür. Məhkəmənin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli 1(071)-78/2025 saylı qərarları ilə Şahid2, Şahid1 və Şahid3 istifadəsində olmuş ***-***-**-**; ***-***-**-**; 055- ***-**-** saylı mobil telefon nömrələrinin xx.xx.2025-ci il tarixdə saat 19:00-22:00 aralığında olan müddət ərzində hərəkət trayektoriyası ərazi üzrə anten məlumatlarının "xxxx" MMC-dən götürülməsi, iş materiallarına əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinin xx.xx.2025-ci il tarixdə saat 19:00-22:00 aralığında olan müddət ərzində hərəkət trayektoriyası ərazi üzrə anten məlumatlarının "xxxx" MMC-dən götürülməsi, məlumatların Hacıqabul Rayon Məhkəməsinə göndərilməsi "xxxx" MMC və "xxxx" MMC-yə tapşırılmışdır. Qərar əsasında "xxxx" və "xxxx" MMC-lərdən qeyd edilən şəxslərin anten dairəsi barədə məlumatları ümumilikdə 02 ədəd CD diskdə məhkəməyə təqdim edilsə də, həmin məlumatlarda məhkəmə istintaqı zamanı cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən hallar aşkar edilməmiş, odur ki, sözügedən məlumatlar sübut qismində qəbul edilməmişdir. Məhkəmə qedy edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il Qərarının 25 və 26-cı bəndlərinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs ilkin ifadəsində göstəriyi ziddiyyətlə əlaqədar qeyd edir ki, o, saxlanılarkən hər hansı etirazını bildirməmiş, onun üzərində şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmiş və həmin vaxt şəxsən özü üzərində olan 01 ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim edərək ona aid olmasını bildirmişdir. Həmin istintaq hərəkəti Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun aparılmışdır. Eyni zamanda qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsinə baxmayaraq, o, ibtidai araşdırma zamanı qeyd edilən hallarla əlaqədar hər hansı bir dövlət orqanına bununla əlaqədar müraciət etməmiş, bundan başqa üzərində şəxsi axtarış aparılarkən tədbirin keçirilməsində iştirak edən müdafiəçiyə bu barədə heç bir məlumat verməmişdir. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı edilmiş qanunsuz hərəkətlərdən müxtəlif dövlət orqanlarına (prokurorluğa, məhkəməyə) şikayət etmək üçün kifayət qədər imkanlara malik olmuş, lakin o, hazıradək heç orqana şikayət etməmişdir. Həmçinin ibtidai istintaq zamanı müdafiəçisini bu barədə məlumat verməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli raport, əmr, protokol və qərardan müəyyən edilir ki, həmin tarixdə Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 şöbənin rəisi Anar Xəlilova müraciət edərək ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması üçün onların ətrafında müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Hacıqabul RPŞ-nin rəisi Anar Xəlilov tərəfindən verilmiş eyni tarixli, 3-13-78/Ə107/2025 saylı əmrə əsasən əməliyyat qrupu təşkil edilmiş, qrupun tərkibinə Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 daxil edilməklə, qrupa rəhbərlik Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 həvalə edilmişdir. Bundan sonra baş əməliyyat müvəkkili Şahid1 tərəfindən müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar RPŞ-nin rəisi tərəfindən təsdiq edilmişdir. Üzərində xx.xx.2025-ci il tarixli 169 nömrəli daxil olma ştampı olan, baş əməliyyat müvəkkilli Şahid1 tərəfindən tərtib edilmiş raportdan isə müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni qanunsuz əldə edib üzərində saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdə, saat 21:18-də Hacıqabul şəhəri, N.Allahverdiyev küçəsində saxlanılaraq üzərində yoxlama və götürmə aparılan zaman 01 ədəd kibrit qutusunda çəkisi 7,07 qram olan narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş və bu barədə müvafiq sənədləşmə aparılmışdır. İş materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə” barədə xx.xx.2025-ci il tarixli protokoldan müəyyən edilir ki, narkotik vasitənin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında və istifadə edilməsində şübhəli şəxs Hüseynli X13 şəhəri, N.Allahverdiyev küçəsində piyada hərəkətdə olarkən saat 21:18 dəqiqədə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirmişdir. Bundan sonra üzərində yoxlama aparılması barədə əməliyyatçı məlumat verərək, hüquq və vəzifələrini elan etmiş, üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyi ona təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd kibrit qutusu təqdim etmişdir. Kibrit qutusu açıldıqda içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Aşkar olunub götürülmüş narkotik vasitə olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərkən 7,07 qram çəkidə olduğu müəyyən edilmişdir. Bundan başqa hər hansı əhəmiyyət kəsb edən əşya müəyyən edilməmiş və videoçəkiliş başa çatmışdır. Protokolun yekununda şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Şübhəli şəxsin üstünün yoxlanılması və götürmə videoçəkiliş aparılmaqla DVD diskə köçürülmüş və protokola əlavə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə” aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntünün olduğu 01 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, “əməliyyataxtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması və götürmə” haqqında xx.xx.2025-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. İş materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan müəyyən edilir ki, 18 fevral 2025ci il tarixdə saat 21:18-dən saat 21:29-dək olan müddət ərzində RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin vasitələrə təkrar baxış keçirilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində “əməliyyat-axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi” aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntünün olduğu 01 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. Həmçinin videogörüntüdən müəyyən edilir ki, təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və o, baxış zamanı müdafiəçisinin suallarına sərbəst şəkildə cavab verərək ona qarşı təzyiq edilmədiyini, etirazının olmadığını və aşkar edilmiş narkotik vasitə marixuananın ona aid olmaqla istifadəçisi olduğunu təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş dindirmənin videogörüntüsünün əks olunduğu disk məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə sərbəst şəkildə dindirilərkən təqsirini etiraf etmişdir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin xx.xx.2025-ci il tarixli, 18/152 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş, “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 5,28 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Rəyə əlavə edilmiş aktdan həmçinin müəyyən edilir ki, tədqiqata sərf edildikdən sonra Təqsirləndirilən şəxs aşkar olunan kütlədən 5,26 qram qurudulmuş marixuana qalıq qalmışdır. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair ekspert komissiyasının 17 aprel 2025-ci il tarixli, 2162 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq nakomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X21 F15.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarında olan “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X24 tərəfindən verilmiş 01 mart 2025-ci il tarixli, PHŞ-18-1-41/2-193/2025 saylı məktubdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixindən “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin konsultaliv-poliklinika şöbəsinin narkoloji kabinetində “F15.2 zərərli maddələrdən asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır, lakin ruhi əsəb kabinetində qeydiyyatda deyildir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərar və tutma haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və tutulmanın əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il saat 21:18-dən hesablanmışdır. İş materiallarında olan Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs onun üzərindən xx.xx.2025-ci il tarixdə 5,28 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Daha sonra həmin müstəntiq tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarlarla CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən həmin tarixdə saat 14:30-da azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən edilir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(071)-78/2025 saylı hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 210 saylı arayışdan müəyyən edilir ki, təqsirləndirilən şəxs Hüseynli X13 şəhəri, H.Əliyev küçəsi, ev 33 ünvanında yaşayır. Himayəsində xx.xx.2015-ci il təvəllüdlü X18, xx.xx.2018-ci il təvəllüdlü X15, xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2024-cü il təvəllüdlü X16 adlı övladları vardır. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə onun barəsində nümayəndəliyə müsbət rəy daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 26 fevral 2025-ci il tarixli tələbnaməyə və hökmün surətinə əsasən müəyyən edilir ki, Hüseynli X13 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərarı ilə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs 02 il 08 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixində ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, özünü tam təqsir bilir. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşıması cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyi və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarının 5 qram olması, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin külli miqdarın aşağı həddinin isə 500 qram olması göstərilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı təmiz çəkisi 5,28 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur». Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu hazırki ittiham üzrə xx.xx.2025-ci il tarixdə cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin sadə residivini yaradır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Həmin Qərarın 24-cü maddəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və onun himayəsində 4 yetkinlik yaşına çatmayan uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər əməlində sadə residiv olmasına baxmayaraq, bununla bağlı amnistiya aktının tətbqiqində məhdudiyyət yoxdur) Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Həmçinin iş materiallarından məlum olur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı qüvvəyə minən günədək, yəni xx.xx.2025-ci il tarixdə törədilmişdir və onun tərəfindən Amnistiya aktının tətbiqinə dair razılıq ərizəsi məhkəməyə daxil olmuşdur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı və 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Bundan başqa Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş materialları ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə 5,26 qram marixuana cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu 2 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Beləliklə, maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”nda saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə 5,26 qram marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zaman qeydə alınmış videogörüntünün olduğu 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına ona ödənilməsi üçün 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat pul köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı və 5.1-ci bəndləri tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Hacıqabul RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə 5,26 qram marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. İBAZAZ2X, H/n AZ85İBAZ********************, Kod: 805681, VÖEN **********, M/h AZ03NABZ013501**********2944, VÖEN **********) Qərardan, qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar