Məhkəmə qərarları › İş №1(071)-8/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-8/2024

27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-8/2024 27.03.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X22 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Zərər çəkmiş şəxsin hüquqi varisi Şahid4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin baş mütəxəssisi (böyük inspektor) vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 08 mart 2023-cü il tarixdə saat 22:57 radələrində sürücülük vəsiqəsi və sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Renault Megane” minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax-Gürcüstan sərhədi yolu ilə Qazax istiqamətində 90 km/saat sürətlə hərəkət etdirərkən həmin yolun Hacıqabul rayonu, Padar kəndi ərazisindən keçən 159,5-ci kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməli olduğu, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, eləcə də hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin sağ qabaq hissəsini Şahid1 idarə etdiyi “Mercedes Benz 818L” yük markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsi ilə toqquşması nəticəsində idarə etdiyi avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs müştərək travma, ağır açıq kəllə beyin travması, baş beyin əzilməsi, sol beyin yarımkürəsinin subdural hematoması, sağ təpə payının intraparenximatoz hematoması, əsas sümüyünün çıxıntısının və hər iki qanada bənzər çıxıntısının sınığı, hər iki almacıq sümüyünün və sağ almacıq qövsünün, burun sümüyünün, çənə sümüyünün sağ şaxəsinin sınığı, sağ tərəfli ağ ciyərin əzilməsi, pinevmotoraks, sağ tərəfli 4-5-ci qabırğaların, sağ kürək sümüyün çıxıntısının sınığı, hər iki göz ətrafının, alın nahiyyəsinin qançırları, sağ bazu nahiyyəsinin əzilib-cırılmış yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər almasına, X6 isə sol əlin arxa səthinin sıyrığı və qançırı, hər iki diz oynaqların bayır səthlərinin sıyrıqları kimi dərəcəsi təyin olunmayan, alın nahiyyəsinin əzilmiş-cırılmış yarası kimi sağlamlığa yüngül zərər vuran, burun sümüyünün açıq sınığı, alt çənə sümüyünün qapalı sınığı kimi sağlamlığa az ağır zərər vuran, kəllə əsası sümüyünün sınığı, beyinin yumuşaq toxumasına, eləcə də mədəciklərinə qansızmalarla müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 08 mart 2023-cü il tarixdə, saat 19:00 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Renault Megane” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə nənəsi Asya və dayısı arvadı Alidə ilə birlikdə Bakı şəhərindən Bərdə rayonuna yola düşmüşlər. Yol boş olduğundan o, avtomobili Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsinə çatanda yolun sağ hərəkət zolağı ilə 90 km/saat sürətlə uzaq vuran işıqlar istifadə etməklə idarə etmişdir. O, avtomobili idarə edərkən maşında nənəsi və bibisi söhbət edərək onlarla danışmış, bu vaxt təxminən 100 metr məsafədə yolun sağında bir yük avtomobilinin geriyə doğru hərəkət etdiyini görmüşdür. Yük avtomobili yolun sağ zolağında çəkilmiş sarı xətdən sağda və aşağı sürətlə hərəkət etmiş, həmin vaxt söhbət etdiyi üçün fikri yayındığından və sol hərəkət zolağında qeydiyyat nömrəsini və markasını xatırlamadığı minik avtomobili onu ötüb keçərkən fikri həmin avtomobildə qalmış, bu zaman yolun kənarı ilə geriyə doğru hərəkət edən yük avtomobilinin sol arxa hissəsi ilə toqquşmuşdur. Onun hadisənin qarşısını almağa imkanı olmamışdır və hadisənin baş verməsinə səbəb “Mercedes-Benz 818L” markalı avtomobilin geriyə doğru hərəkət etməsi olmuşdur. Həmin vaxt yük avtomobilinin sol təkərləri sağ hərəkət zolağında olmuşdur. Toqquşmadan sonra yük avtomobilinin sürücüsü avtomobili bir qədər irəli sürmüş, bu vaxt o, “ölən var maşını saxla” deyərək qışqırmış, yük avtomobilinin sürücüsü maşını saxlamışdır. Hadisə zamanı o, yüngül xəsarət aldığından avtomobildən düşmüş, qabaq sağ oturacaqda əyləşmiş nənəsi Asya Əliyeva isə toqquşmanın təsirindən hadisə yerində öldüyünü, arxa oturacaqda olan bibisi Zərərçəkmiş şəxs vəziyyətinin isə ağır olduğunu görmüşdür. Yolda köməyə gələn tanımadığı adamların köməyi ilə bibisini və nənəsinin meyitini avtomobildən çıxarıb təhlükəsiz yerə, yolun ehtiyat hissəsinə qoymuş, bundan sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş və onunla bibisini xəsarət aldıqları üçün Şirvan şəhər Mərkəzi xəstəxanasına aparmışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, qayınanası X14 ilə birlikdə xx.xx.2023-cü il tarixdə baldızı oğlu Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megane” minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Bərdə rayonuna yola düşmüşlər. Avtomobilin qabaq sağ oturacağında qayınanası əyləşmiş, o isə sağ arxada oturmuşdur. Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Hacıqabul rayonu Padar kəndi ərazisindən keçən hissəsinə çatan vaxt, təqribən saat 22:57 radələrində Elməddin avtomobilinin sağ qabaq tərəfini qarşıda geriyə hərəkət edən yük avtomobilinin sol arxa hissəsinə vurmuşdur. Hadisə zamanı avtomobildə olan qayınanası ölmüş və özü isə ağır xəsarət almışdır. Hadisə baş verən zaman Elməddin magistral yolun sağ zolağı ilə hərəkət etmişdir. Avtomobildə qayınanası və Elməddin söhbət etdiyi üçün Elməddinin fikri yayındığından qarşıdan yolun sağında geriyə doğru hərəkət edən yük avtomobilini gec görmüş və avtomobilin idarə etməsini itirmişdir. Nəticədə toqquşma baş vermiş, hadisə Elməddinin və yük maşını sürücüsünün ehtiyatsızlığı üzündən baş vermişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Şahid4 ifadəsində bildirdi ki, mərhum Asya Əliyeva onun anası olmuş, Zərərçəkmiş şəxs isə onun arvadıdır. 08 mart 2023-cü il tarixində anası Asya Əliyeva bacısı oğlu Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megane” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhərindən Bərdə rayonuna yola düşmüş, anası avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. Həmin günü saat təxminən 23:05 radələrində Elməddin ona zəng edərək Hacıqabul rayonu ərazisindən keçən baş yolda avtomobilinin yük avtomobilinə çırpıldığı barədə məlumat vermiş, nənəsinin öldüyünü, onların isə hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə Şirvan şəhər mərkəzi xəstəxanasına aparıldığını demişdir. O, Bakı şəhərindən Şirvan şəhərinə xəstəxanaya yola düşmüş, anasının meyiti Şirvan şəhər mərkəzi xəstəxanasının morquna yerləşdirilmişdir. Hadisə baş verən zaman avtomobildə olan mərhum anası, yoldaşı və Elməddin söhbət etmiş, Elməddinin fikri yayındığından qarşıdan yolun sağında geriyə doğru hərəkət edən yük avtomobilini gec görmüş və avtomobilin idarə etməsini itirərək yol-nəqliyyat hadisəsini törətmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, 08 mart 2023-cü il tarixdə saat 22:57 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz olan “Mercedes Benz 818L” yük markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobili içərisi kartofla dolu vəziyyətdə Bakı-Qazax-Gürcustan sərhədi yolu ilə Qazax istiqamətində getmişdir. Yorulduğu üçün Hacıqabul rayonu, Padar kəndi ərazisindən keçən hissəsində avtomobili yolun sağ ehtiyat hissəsində saxlamış və biraz yatmaq istəmişdir. Həmin vaxt birdən avtomobilinin sol arxa tərəfinə “Renault Megane” minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobil dəymişdir. Baş vermiş hadisə nəticəsində xəsarət almadığı üçün avtomobildən düşərək avtomobilin arxa tərəfinə yaxınlaşmışdır. Yoldan keçən tanımadığı adamlar avtomobillərini saxlayıb ora yaxınlaşmış və ona avtomobili bir az qabağa doğru hərəkət etdirməyi demişlər. O, avtomobili qabağa doğru hərəkət etdirməsinə baxmayaraq avtomobilinə dəymiş minik avtomobili onun avtomobilindən qopmamış və həmin avtomobili də qabağa sürükləmişdir. Tanımadığı adamlar minik avtomobilindən qabaqda sağda olan yaşlı qadını çıxaran zaman onun öldüyü məlum olmuşdur. Həmin vaxt minik avtomobilində sürücü və başqa bir qadın da xəsarət aldığı üçün hadisə yerinə gəlmiş TTY avtomobili onları xəstəxanaya aparmışdır. Başqa bir TTY avtomobili isə gələrək ölən qadının meyitini aparmışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin razılığı ilə məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, Şahid2 BDYPİ-nin YPXA-nın 7-ci tağımın inspektoru vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə inspektor X11 ilə birlikdə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində xidmətdə olarkən saat 23:00 radələrində həmin yolun Hacıqabul rayonu, Padar kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat almışlar və hadisə yerinə getmişlər. Hadisə yerinə gəldikdə məlum olmuşdur ki, hadisə həmin yolun 159,5-ci km-də, Qazax istiqamətində baş vermişdir. “Renault Megane” minik markalı avtomobillə “Mercedes Benz” yük markalı avtomobillər toquşmuş və hadisə nəticəsində minik avtomobilində olan bir yaşlı qadın ölmüş, bir qadın isə xəsarət almışdır. Xəsarət alanları TTY avtomobili ilə xəstəxanaya aparmışlar, ölən qadının meyitini isə digər TTY avtomobili ilə Şirvan şəhərinə meyitxanaya yola salmışlar. Sonra hadisə yerinə gəlmiş müstəntiq onların, hal şahidlərin və toqquşmada iştirakçı olan yük avtomobilinin sürücüsünün iştirakı ilə hadisə yerinə baxış keçirmiş, baxış zamanı müəyyən edilmişdir ki, toqquşma yolun sağ çiynində çəkilmiş sarı xəttə 65 sm. qalmış, yəni avtomobillərin hərəkət zolağında baş vermiş hadisəçyerində avtomobillərə aid şüşə və plastmas qırıntıları yola səpələnmişhalda tökülmüş və yolun hərəkət zoağından sağ ehtiyyat hissəyədoğru avtomobilə aid təkərin sürtünmə izi qalmışdır. Avtomobillərin toqquşma yerini toqquşmada iştirakçı olan yük avtomobilinin sürücüsü göstərərək bildirmişdir ki, yük avtomobilini geriyə hərəkət etdirərkən “Renault Megane” minik markalı avtomobil onun idarə etdiyi yük avtomobilinin arxa sol tərəfi ilə toqquşmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin razılığı ilə məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş X4 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə yol-nəqliyyat hadisəsi baş verdiyi yerə baxış keçirilmişdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə Bakı-Qazax- Gürcüstan yolunun Hacıqabul rayonu Padar kəndi ərazisindən keçən 159,5-ci km-də küçədə baş vermişdir. Yolun hərəkət hissəsi quru, hamar, düz üfüqü olmaqla asfalt örtüklüdür. Asfalt örtük üzərində heç bir deffekt yoxdur. Qazax istiqamətində hərəkət hissəsi iki hərəkət zolağından ibarət olmaqla bir tərəfli olub, eni 7,5 metrdir. Sol ayrıc zolağının eni 4,4 metr olmaqla ayrıc zolağı orta bərabərlikdə 90 sm hündürlükdə beton arakəsmə vardır. Sağ ehtiyyat hissəsinin eni 3,5 metrdir. “Renault Megane” minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes Benz 818L” yük markalı, **-VX- *** dövlət qeydiyyat nişanlı avtomobil hadisə yerindədir. Müşahidə olunan torpaq qırıntılarından, su, yağ izlərinin başlanğıcından Qazax istiqamətində hərəkət hissəsinin sağ kənarına sarı düz xəttə qədər olan məsafə 65 santimetrdir. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş, sxem və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 979\K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 4 saylı rəyində göstərilmişdir ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol əlin arxa səthinin sıyrığı və qançırı. Hər iki diz oynaqların bayır səthlərinin sıyrıqları. Alın nahiyəsinin əzilmişcırılmış yarası. Burun sümüyünün açıq sınığı. Alt çənə sümüyünün qapalı sınığı.Kəllə əsası sümüyünün sınığı. Beyinin yumuşaq toxumasına, eləcə də mədəciklərinə qansızmalar. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) qüvvətli təsirindən əmələ gəlməklə, müxtəlif şəraitlərdə, eyni zamada baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gəlmişdir. Xəsarətlər həyati olmaqla ölümündən bir qədər əvvəl əmələ gəlmişdir.Yuxarıda qeyd olunan xəsarətlərdən kəllə əsası sümüyünün sınığı, beyinin yumuşaq toxumasına, eləcə də mədəciklərinə qansızmalar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddir. Burun sümüyünün açıq sınığı. Alt çənə sümüyünün qapalı sınığı canlı şəxslərdə götürüldüyü kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə aiddir. Alın nahiyəsinin əzilmiş-cırılmış yarası, canlı şəxslərdə götürüldüyü kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvumanın əlamətlərinə aiddir. Sol əlin arxa səthinin sıyrıq və qançırı.Hər iki diz oynaqlarının bayır səthlərinin sıyrıqları isə canlı şəxslərdə götürüldüyü kimi sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin olunmayan xəsarətlərin əlamətlərinə aiddir. X1 ölümünə səbəb başın küt travması nəticəsində kəllə əsası sümüyünün sınığından sonra baş vermiş beyinin yumşaq toxumasına və eləcədə mədəciklərinə qansızmalar olmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 106 saylı rəyində göstərilmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-sol əlin 5-ci barmağının arxa səthinin piqmentasiya sahəsi (sıyrığının sağalma izi). Yuxarıda qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gəlmişdir. Müddəti hadisə gününə xx.xx.2023-cü il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin olunmur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 136 saylı rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- Müştərək travma. Ağır açıq kəllə beyin travması, baş beyin əzilməsi. Sol beyin yarımkürəsinin subdural hematoması. Sağ təpə payının intraparenximatoz hematoması, əsas sümüyünün çıxıntısının və hər iki qanada bənzər çıxıntısının sınığı. Hər iki almacıq sümüyünün və sağ almacıq qövsünün, burun sümüyünün, çənə sümüyünün sağ şaxəsinin sınığı. Sağ tərəfli ağ ciyərin əzilməsi, pinevmotoraks. Sağ tərəfli 4-5-ci qabırqaların, sağ kürək sümüyünün çıxıntısının sınığı. Hər iki göz ətrafının, alın nahiyyəsinin qançırları. Sağ bazu nahiyəsinin əzilib-cırılmış yarası. Yuxarıda qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gəlmişdir. Müddəti hadisə gününə xx.xx.2023-cü il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Məhkəmə-trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 8/1141 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş “Renault Megane” minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq bamperində, kapotda, qabaq sağ qanadda, qabaq sağ qapıda,arxa sağ qapıda, banında, qabaq sağ dirəkdə) və “Mercedes Benz 818L” yük markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (arxa qoruyucuda, yük yerinin arxa sol təkərində, təkər qoruyucusuda) olan zədələr, izlər, öz formasına, morfoloji qurluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetlə kontaktda olması, dəyməsi, o cümlədən avtomobillərin hərəkəti zamanı birbiriləri ilə toqquşması nəticəsində yaranması mümkündür. Avtomobillərin qarşılıqlı vəziyyətləri sxemdə göstərilib. İlkin kontakt anında toqquşma “Renault Megane” minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq nisbətən sağ hissəsi ilə “Mercedes Benz 818L” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi arasında təxminən 15-20 dərəcə bucaq altında baş vermişdir. Məhkəmə-yol nəqliyyat hadisələri üzrə nəqliyyat-ekspertizasının xx.xx.2023-cü il tarixli 8/2117 nömrəli rəyində göstərilmişdir ki, “Renault Megane” minik markalı, **-RH-*** qeydiyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-1612-41817\2023 saylı məktubundan görünür ki, xx.xx.1996cı il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüquqlarının məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək müddətə etibarlı olan) AE 229344 nömrəli “BC” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin uçot kartoçkasının surətindən görünür ki, **-RH-*** dövlət qeydiyyat nişanlı “Renault Megane” minik markalı avtomobil Bərdə şəhəri, S.Zöhrabbəyov küçəsi ev 29-da qeydiyyatda olan X5 mülkiyyətindədir. DİN Bİ və Tİ-nin YNHDİ üzrə istntaq və təhqiqat şöbəsinin rəisi polis polkovnki Vüqar Əhədov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 22:57 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Hacıqabul rayonu Padar kəndi ərazisindən keçən 159,5-ci kilometrində ünvan 2 ünvanında qeydiyyatda olan, 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megane” minik markalı, **-RH-*** qeydiyat nişanlı avtomobillə Qazax rayonu istiqamətində hərəkətdə olarakən qarşıda hərəkətdə olan Ağsu rayonu, Daşdəmirbəyli kəndində qeydiyyatda olan, 1996-cı il təvəllüdlü Şahid1 idarə etdiyi “Mercedes Benz 818L” markalı **-VX-*** qeydiyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Renault Megane” minik markalı avtomobildə olan sərnişin ünvan 1 ünvanda qeydiyyatda olan, 1937-ci il təvəllüdlü X12 almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölmüş, sürücü Təqsirləndirilən şəxs və digər sərnişin həmin ünvanda yaşayan 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs xəsatət almışlar. Bərdə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirlyinin qeyiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən həmin xidmət mərkəzində qeydiyyat şöbəsinin baş mütəxəssisi (böyük inspektor) vəzifəsində işləyir və iş yeri üzrə müsbət xarakterizə olunur. Bərdə rayonu İcra Hakimiyyəti başçısının Bərdə şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1576 saylı və Bərdə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirlyinin qeyiyyat şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda qeydiyyatda olmaqla, 1959-cu il təvəllüdlü atası Cabbarov Əhəd səfiyar oğlu, 1959-cu il təvəllüdlü anası X7, 2000-ci il təvəllüdlü qardaşı X8, arvadı 2002-ci il təvəllüdlü X2 və oğlu 2022-ci il təvəllüdlü X9 ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi Şahid4 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs X15 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıq əldə etmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər xidmətindən əldə edilmiş videogörüntülərinin əks olunduğu 1 ədəd DVD diskə baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 22:57 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən 159,5-ci km-də baş vermiş müvafiq yol nəqliyyat hadisəsi üçün əhəmiyyət kəsb edəcək görüntü aşkar edilməmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid1 idarə etdiyi “Mercedes Benz 818L” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı və Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megane” minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sürücülər Şahid1 və Təqsirləndirilən şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalıdır. Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Başqa sözlə, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi **-RH-*** dövlət qeydiyyat nişanlı “Renault Megane” minik markalı avtomobili ilə hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamsına dair yol hərəkəti haqqında qanunvericiliyin tələblərinə əməl edib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyərək yol hərəkəti qaydalarını pozmuş, nəticədə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olan və X6 isə ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilməyərək hadisənin qarşısını almağa imkanının olmamasını, hadisənin “Mercedes-Benz 818L” markalı avtomobilin geriyə doğru hərəkət etməsi səbəbindən baş verməsini bildirsə də, onun bu ifadəsi məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyi ilə təkzib olunur. Belə ki, təqdim edilmiş məlumatlar əsasında keçirilmiş ekspertiza tədqiqatı zamanı aparılmış hesablamalar nəticəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin bu ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxs və zərəçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, himayəsində bir azyaşlı uşağının olmasını, iş yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir (CM 59.1.4, 59.1.12, 59.2) Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, o cümlədən cinayəti törətdikdən sonrakı davranışı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Həmçinin, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar da aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası çərçivəsində əlavə və əsas cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut olan avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM- 198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 28 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 168 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz 818L” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı “Renault Megane” minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 168 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar