Məhkəmə qərarları › İş №1(071)-8/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-8/2025

12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-8/2025 12.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi sürücülüklə məşğul olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs, 15 yanvar 2024-cü il tarixdə saat 00:15 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan X3 məxsus «Mercedes-Benz 0403» markalı vaqon tipli 47+1 yerli **-KX-*** dövlət qeydiyyat nişanlı avtobusu Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisindən keçən 152-ci kilometrliyində Qazax istiqamətində 80-90 km/saat sürətlə hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolun hərəkət hissəsində yol-nəqliyyat hadisəsinə görə dayanmış avtomobildən vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, həmin avtomobilin yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli və lazım gəldikdə isə həmin həmin avtomobilə çatmadan idarə etdiyi avtobusu dayandırmalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtobusun yolun hərəkət hissəsi ilə hərəkətinin təhlükəsizliyini təmin edə bilməmiş və avtobus hərəkət hissəsində yol-nəqliyyat hadisəsindən sonra dayanmış vəziyyətdə olan 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi «Mercedes-Benz C200» markalı **-RE- *** dövlət qeydiyyat nişanlı seden tipli minik avtomobili ilə toqquşmuş, nəticədə Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs açıq kəllə beyin travması, əsas sümüyün hər iki qanadabənzər çıxıntısının sınıqları, burun sümüklərinin, hər iki haymor divarlarının, almacıq qövsünün, göz yuvasının bayır divarının, almacıq sümüklərinin yerdəyişmiş sınıqları, sağ bud sümüyünün açıq qəlpəli, sağ baldır sümüklərinin orta 1/3-nin qapalı, qəlpəli yerdəyişən sınıqları, sol qalça sümüyünün yuxarı şaxəsinin, oma sümüyünün sağ qanadının və L2 fəqərəsinin sol köndələn çıxıntısının sınıqları, üzün, burun çəpərinin, sol topuğun əzilmiş yaraları, üzün və alının dərialtı hematoması, travmatik şok İİ dərəcə kimi xəsarətləri almaqla yetirilən anda həyat üçün təhlükəli olduğundan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, BCDE kateqoriyalı sürücüdür. «Mercedes- Benz 0403» markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtobusu etibarnamə ilə idarə edib Bakı şəhərindən Qazax rayonuna sərnişin daşıyır. 14 yanvar 2024-cü il tarixdə Bakı beynəlxalq avtovağzalından 45 nəfər sərnişin götürüb Qazax rayonuna yola düşmüş, avtobus texniki cəhətdən saz vəziyyətdə olmuş, yükü olmamışdır. 15 yanvar 2024-cü il tarixdə saat 00:15 radələrində Hacıqabul rayonunun ərazisindən keçən Bakı-Qazax yolunda Qazax istiqamətində qaranlıq, sulu və qarlı yol şəraitində sağ hərəkət zolağında avtobusu 80-90 km/saat sürətlə hərəkət etdirmiş, avtobusdan qarşıda sol zolaqda hərəkətdə olan «Mercedes-Benz» markalı minik avtomobili beton səddə dəydikdən sonra saat əqrəbi istiqamətində fırlanaraq təkrar beton səddə dəymiş və yenidən fırlanaraq yola çıxmış, avtomobilin arxa tərəfi beton səddə tərəf, qabaq hissəsi isə sağ hərəkət zolağına doğru yolun orta bərabərliyində qalmışdır. Əyləci basmamış, səs siqnalından və işıqdan istifadə etmiş, sürətlər qutusunu 6-dan 5-ə keçirib sürəti azaltmışdır. Sükanı sağa almaq istəmiş, bu vaxt avtobusun qabaq sol hissəsi minik avtomobilinin qabaq sol hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra avtobus yoldan sağa çıxaraq boş torpaq sahəyə çıxmış, xeyli gedib dayanmışdır. Hadisə nəticəsində özü və sərnişinlər xəsarət almamışlar. Minik avtomobilinin sürücüsü xəsarət aldığı üçün onu hadisə yerinə gələn TTTY maşını xəstəxanaya aparmışdır. Hadisə yerinə baxış keçirilməsində iştirak etmiş, minik avtomobilinin ilkin olaraq beton səddə dəydiyi yeri və avtobus ilə toqquşduğu yeri göstərmişdir. Minik avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs tanımamış, onunla, onun ailə üzvləri ilə qohumluq əlaqəsi və ədavəti yoxdur. Sonda təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş zərəri ödədiyini bildirərək, onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, etibarnamə əsasında idarə etdiyi «Mercedes-Benz C200» markalı **-RE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 14 yanvar 2024-cü il tarixdə yuxarı yol buzlu olduğu üçün aşağı yolla Bakı şəhərindən Ağsu rayonuna yola düşmüşdür. Bakı-Qazax yolu da, sulu və qarlı olmuşdur. Saat təxminən 00:15 radələrində avtomobili Qazax istiqamətində sağ zolaqla 70 km/saat sürətlə hərəkət etdirmiş, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, yükü və sərnişini olmamışdır. Hərəkətdə olduğu vaxt avtomobil ləngərləyib sola istiqamətlənərək əvvəlcə qabaq hissəsi, daha sonra isə arxa sol tərəfi ayırıcı zolaqda olan beton səddə dəyərək hərəkət hissəsində qalmışdır. Heç bir xəsarət almamış, yerə düşüb avtomobilinə baxmış, avtomobilin qabaq hisəsi qırılmış olmuş və yenidən avtomobilə əyləşmişdir. Bakı istiqamətindən avtobus gəldiyini görüb işığını yandırıb söndürmüş, avtobus gəldiyi sürətlə avtomobilinə çırpılmışdır. Bundan sonra baş verənlərdən xəbəri olmamışdır. Təcili yardım maşını onu Şirvan şəhər xəstəxanasına aparmış, həkimlər onu müayinə edib Bakı şəhərinə getməli olduğunu bildirmişlər. Yanvar ayının 16-da Bakı şəhər 1 saylı klinik xəstəxanasına getmiş və mart ayının 1-dək orada müalicə olunmuşdur. Sonda zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş zərərin ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı videokonfrans vasitəsilə şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, 14 yanvar 2024-cü il tarixdə saat 22:00-da Bakı Beynəlxalq avtovağzalından «Mercedes-Benz 0403» markalı avtobusla Qazax rayonuna yola düşmüşdür. Avtobusda sürücünün arxasında ona yaxın yerdə əyləşmişdir. 15 yanvar 2024-cü il tarixdə saat 00:15 radələrində Bakı-Qazax yolunda sağ zolaqla hərəkətdə olmuşlar. Hava qaranlıq, yol sulu və qarlı olmuş, yolu görmüşdür. Sürücü avtobusu sağa sola çəkmiş, sərnişinlər qışqırışmış, qışqırıq səsinə yola baxanda sol zolaqda göy rəngli «Mercedes-Benz» markalı minik avtomobilinin yolda saat əqrəbi istiqamətində fırlanaraq beton səddə dəydiyini görmüşdür. O, görən an avtomobil ikinci dəfə betoq səddə dəymiş, üçüncü dəfə dəyəndə avtomobilin sol arxa tərəfi beton səddə tərəf, qabaq hissəsi isə avtobusa tərəf qalmışdır. Minik avtomobili dayananda avtobusla ara məsafəsi təxminən 25-30 metr olmuşdur. Avtobusun sürücüsü səs siqnalından istifadə etmiş, işığı yandırıb söndürmüş, yol sulu və qarlı olduğundan avtobusu kənara çıxara bilməmiş, avtobusun qabaq sol hissəsi çəp vəziyyətdə dayanmış olan minik avtomobilinin qabaq sol hissəsinə dəymişdir. Zərbənin təsirindən avtobus yoldan çıxaraq boş qarlı sahəyə çıxmışdır. Hadisə nəticəsində xəsarət almamış, sürücüləri tanımır, onlarla qohumluq əlaqələri və ədavəti yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 şahid X1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonu Padar kəndi ərazisindən keçən 152-ci kilometrliyidir. Hadisə yerində hərəkət hissəsi düz, hamar, üfüqi, sulu və qarlı olmaqla asfalt örtüklüdür. Qazax rayonu istiqamətində yolun hərəkət hissəsi birtərəfli olmaqla iki hərəkət zolağından ibarət olub eni 7,5 metr, sol ayrıcı zolağın eni 2,2 metrdir. Ayırıcı zolaqda 90 sm hündürlükdə beton sədd vardır. Sağ ehtiyat hissəsinin eni 3,5 metrdir. Sağ ehtiyat hissədə qabaq hissəsi tamamilə əzilmiş arxa sol yan hissəsində sürtünmə izləri müşahidə edilir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olması müəyyən edilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 57 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-açıq kəlləbeyin travması, əsas sümüyün hər iki qanada bənzər çıxıntısının sınıqları, burun sümüklərinin hər iki haymor divarının, almacıq qövsünün, göz yuvasının, bayır divarının, almacıq sümüklərinin yerdəyişmiş sınıqları, sağ bud sümüyünün açıq qəlpəli, sağ baldır sümüklərinin orta 1/3-nin qapalı qəlpəli yerdəyişən sınıqları, sol qalça sümüyünün yuxarı şaxəsinin, oma sümüyünün sağ qanadının və L2 fəqərəsinin sol köndələn çıxıntısının sınıqları. Tarvmatik şok İİ dərəcə. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2024-cü il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 13 fevral 2024-cü il tarixli, 8/341 nömrəli rəyindən məlum olur ki, Mersedec-Benz markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti haqqnda» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mersedec-Benz 0403 markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqnda» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Yusifov X5 rayonu Masazır kəndində yaşayır. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təkrar məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 19 mart 2025-ci il tarixli, 8/3006 nömrəli rəyindən məlum olur ki, 0403 markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqnda» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclası zamanı zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş maddi ziyana görə 5000 manat, əldə çıxmış faydaya görə 18264 manat, müalicə xərclərinə 9300 manat, mənəvi zərərə görə 2000 manat olmaqla, 4ümumilikdə 49168 manat pul vəsaitinin təqsirləndirilən şəxsdən tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs notaril qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncunun ona dəymiş zərəri ödədiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışdığından və onlara dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı, barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 74-cü bəndinə əsasən bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Hazırki, cinayət işində zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması nəticəsində cinayət işinə bəraətverici əsas olmadan xitam verilir. Odur ki, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs tərəfindən verilmiş mülk iddia baxılmamış saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, X6 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri 456 (dörd yüz əlli altı) manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən zərərçəkmiş şəxslə barışmaqla əlaqədar təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildikdə şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Bununla əlaqədar hazırki məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra qərarın surəti təqsirləndirilən şəxsin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə göndərilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 330 manat pul köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 39, 43, 186, 321, 346-347, 356, 358-ci və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi tətbiq edilməklə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci mаddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməlinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəyə mindikdən sonra aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə göndərilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Mercedes-Benz 0403” markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtobusun qanuni sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 456 (dörd yüz əlli altı) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********). İş üzrə Zərərçəkmiş şəxs tərəfindən verilmiş müki iddia baxılmamış saxlanılsın. xx.xx.2025-ci il tarixli, ********** (GPP) nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 244 (iki yüz qırx dörd) manat dövlət rüsumu Zərərçəkmiş şəxs qaytarılsın. Qərardan, qərar elan olunduğu andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar