Məhkəmə qərarları › İş №1(071)-83/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-83/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-83/2023 27.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçilər – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və fərdi fəaliyyət göstərən vəkil X3 iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 485 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı bir ədəd polietilen torbadakı bir ədəd şüşə balonda qablaşdırılmış halda əlində daşıyaraq saxlamış, 27 may 2023-cü il tarixdə saat 21:30-da Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, C.Cabbarlı küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış və götürmə aparılarkən qeyd olunan narkotik vasitə ondan aşkar edilərək götürülmüşdür. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, mütəmadi olaraq həftədə 1-2 dəfə narkotik vasitə marixuanadan istifadə edir. 27 may 2023-cü il tarixdə saat 21:00 radələrində Hacıqabul şəhərində dəmiryol xəttinin kənarı ilə gedən zaman yulğun kollarının yanında diqqətini yerdə olan bir ədəd sellofan torba cəlb etmişdir. O torbanı açıb içərisinə baxdıqda içərisində bir ədəd şüşə balon, şüşə balonun içərisində isə marixuana olduğunu görmüşdür. Həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə götürüb yaşadığı evə gedən zaman saat 21:30 radələrində Hacıqabul şəhəri, C.Cabbarlı küçəsində polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə saxlamaqda şübhəli olmasını bildirib onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. O, Polis Şöbəsinə gətirildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış o, əlində olan sellofan torbanı təqdim edərək həmin sellofan torbanın içərisində şüşə balon olduğunu, şüşə balonun içərisində isə marixuana olduğunu bildirmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs həmin tarixdə Hacıqabul şəhəri, C.Cabbarlı küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan bir ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbaya baxış keçirdikdə torbanın içərisində bir ədəd şüşə balon, şüşə balonun içərisində isə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni yaşadığı evin yaxınlığından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan marixuana şüşə balon və polietilen torba ilə birlikdə qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o əlində olan bir ədəd sellofan torbanı təqdim etmiş, həmin sellofan torbanın içərisində bir ədəd şüşə balon aşkar edilmiş, həmin şüşə balona baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/561 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərindəki ağ kağızda: “...Təqsirləndirilən şəxs əlindəki ....” sözləri yazılmış imzalar olan polietilen torbadakı bir ədəd şüşə balonda təmiz çəkisi – 485,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə marixuanadır. Ekspertiza tədqiqatına həmin maddənin 0,05 qramı sərf edildikdən sonra, 484,95 qram qalıq qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarının 5 qram olması, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin külli miqdarın aşağı həddinin isə 500 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3966 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabionidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal hazırda absitensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan (raportdan) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, onun narkotik vasitəni öz istifadəsi üçün üzərində saxlaması müəyyən olunmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 484,95 qram qalan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X4 azad edilmişdir. Hacıqabul şəhər İcra Hakimiyyəti başçısının İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 547 saylı arayışdan görünür ki, Soltanov X5 şəhəri, C.Cabbarlı küçəsi ev 24 ünvanında qeydiyyatda olmaqla, 1968-ci il təvəllüdlü həyat yoldaşı X1, 1993-cü il təvəllüdlü oğlu X7 və 1994-cü il təvəllüdlü oğlu X8 ilə birlikdə yaşayır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etməsi və əlində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda (külli miqdara yaxın həddə) narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla belə, məhkəmə təqsirləndirilən şəxsin yaşının çox olmasını, məhkumluğunun olmamasını və ailə vəziyyətini nəzərə alaraq, ona aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 484,95 qram olan narkotik vasitə hesab qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə Təqsirləndirilən şəxs əsasən narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Lakin, onun ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Həmçinin qeyd edilməlidir ki, məhkəmə araşdırmasının əvvəlində təqsirləndirilən şəxsin hüquqlarının müdafiə edilməsi üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Daha sonra təqsirləndirilən şəxs digər müdafiəçi ilə müqavilə bağlamasına baxmayaraq, dövlət hesabına təyin edilmiş müdafiəçidən imtina etməmişdir və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi dövlət büdcəsi hesabına Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 27 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 484,95 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********). Hökmdən elan edildiyi andan, təqsirləndirilən şəxsə münasibətdə isə ona təqdim edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar