Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-85/2025 18.09.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, İİ qrup əlillik dərəcəsi olan, ünvan 1 ünvanda yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə narkotik vasitə olan qurudulmuş marixuananı və xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxlamış, 14 mart 2025-ci il tarixdə saat 23 radələrində Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 256-da yerləşən yaşadığı fərdi yaşayış evinin qarşısındakı küçədə saxlanılaraq üzərində yoxlama aparılan zaman 07 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,310 qram, 0,305 qram, 0,140 qram, 0,330 qram, 0,290 qram, 0,360 qram, 0,220 qram olmaqla, ümumi təmiz çəkisi 1,955 qram xeyli miqdarda kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamin və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,75 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı 01 ədəd kibrit qutusunun içərisindən aşkar edilib götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, təxminən 15-20 ilə yaxın “kakos” kimi tanıdığı narkotik vasitə heroindən istifadə etmişdir. Həmin istifadə etdiyi heroini müxtəlif vaxtlarda və məbləğdə tanımadığı şəxslərdən əldə etmişdir. Sonuncu dəfə satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələr əldə etdiyinə görə Hacıqabul rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2022-ci il tarixdə Bakı şəhər Xəzər rayon məhkəməsinin qərarı ilə cəzamın qalan 01 ay müddətini vaxtından əvvəl azad edilmişdir. Cəzaçəkmə müəssisəsindən azad olunduğu gündən etibarən orqanlarının çox hissəsi, xüsusilə qara ciyərində ciddi narahatlıqlar yaranmışdır. Hazırda hepatit və asma xəstəliklərindən əziyyət çəkir. Aldığı dərmanlar ağrılarını kəsmədiyindən arabir ağrını azaltmaq üçün güclü təsir edən dərmanlardan istifadə etmişdir. 14 mart 2025-ci il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman ağrıları çoxalmağa başlamışdır. Həmin vaxt psixotrop dərman əldə etmək üçün “Mosu” adlı şəxslə telefon əlaqəsi saxlayaraq ona 30 manat pul müqabilində psixotrop dərman gətirməsini xahiş etmişdir. Həmin şəxs onunla razılaşmış və o, yaşadığı evin qarşısında “Mosu” adlı şəxsin gəlməsini gözləmişdir. Təxminən saat 24 radələrində yaşadığı evin qarşısında olan zaman mülki geyimdə olan şəxslərin ona tərəf yaxınlaşdıqlarını görmüşdür. Həmin şəxslər yaxınlaşıb onu saxlayaraq Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını bildirib, özlərini təqdim etmişlər. Həmin vaxt əlində suvener kimi istifadə olunan bıçaq olmuşdur. Lakin, həmin vaxt onun üzərində narkotik vasitə və psixotrop maddə olmamışdr. Özünü Hacıqabul RPŞ-nin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 kimi təqdim edən şəxs ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqla, daşımaqda və satışını həyata keçirməkdə şübhəli olduğunu bildirmiş və əlində olan bıçağı ondan almışdır. Bundan sonra polis əməkdaşı üzərində yoxlama aparılacağını və yoxlama zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Üzərində yoxlama aparılması barədə əməliyyatçı məlumat verərək, hüquq və vəzifələrini elan etmişdir. Şahid1 üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyi ona təklif etmişdir. O, polis əməkdaşları tərəfindən onun cibinə narkotik atılacağını ehtimal edərək qışqırmağa başlamış və üzərində axtarış aparılmasına maneçilik törətməyə cəhd göstərmişdir. Üzərində axtarış aparılarkən marixuana və metamfetamin olan 01 ədəd kibrit qutusunu əynindəki gödəkçəsinin sağ cibindən aşkar edilib götürülmüşdür. Daha sonra kibrit qutusu açılaraq içərisində olan bükümlər ayrı-ayrılıqda içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq möhürlənmişdir. Həmin vaxt 07 ədəd kağız bükümdə metamfetamin, 01 ədəd kağız bükümdə isə marixuana aşkar edilərək götürülmüşdür. Daha sonra üzərində yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Sonda aşkar olunan kütlələr və əlində olan 01 ədəd bıçaq zərflərə qoyularaq möhürlənmişdir. Bundan sonra onu polis şöbəsinə dəvət etmişlər. Birlikdə polis şöbəsinə gəldikdən sonra üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Polis geyimində olan və özünü Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Zahid Salahov kimi təqdim edən şəxsin xidməti otağına daxil olmuşlar. Zahid Salahov, ona narkotik vasitə və psixotrop maddə əldə etdiyinə və saxladığına görə şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. O, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. X3 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərindən yoxlama aparılan zaman aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, müdafiəçinin və onun iştirakı ilə üzərindən aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə ona məxsus deyil, həmin maddələr onun üzərində axtarış aparılarkən polis əməkdaşları tərəfindən onun cibinə qoyulmuşdur. İfadəsinin sonunda təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlinə aidiyyətinin olmadığını bildirərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Hacıqabul rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 mart 2025-ci il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. 14 mart 2025-ci il tarixdə daxil olmuş məlumatın yoxlanılması məqsədilə eləcə də, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etdiyi mənbənin ifşa edilməsi və üzərində yoxlama aparılması ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” onun tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul rayon polis şöbəsinin rəisinin əmri ilə qrup rəhbəri kimi ondan, qrup üzvü kimi Hacıqabul RPŞ-nin əməkdaşları X4, Şahid3 və Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar verilən məlumata əsasən Hacıqabul şəhəri ərazisində əməliyyat tədbirini qurmuşlar. 14 mart 2025-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində yerləşən yaşadığı evin qarşısındakı küçədə dayanmasını görmüşlər. Onlar birlikdə Təqsirləndirilən şəxs tərəf yaxınlaşmaq istəyən zaman onların polis əməkdaşı olduğunu anlayıb qaçmağa cəhd etmişdir. Buna baxmayaraq onlar Təqsirləndirilən şəxs saxlamışlar. Bundan sonra özlərini təqdim edib Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs əlində olan 01 ədəd bıçaq onlar tərəfindən götürülmüşdür. Bundan sonra o, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu, buna görə də üzərində yoxlama aparılacağını bildirib, hüquq və vəzifələrini ona elan edib, yoxlama zamanı video-çəkilişdən istifadə olunacağını demişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasını istəmədiyi üçün uca səslə qışqırmağa və özünü yerə atmağa çalışmışdır. Təqsirləndirilən şəxs yoxlamadan yayınmaq üçün göstərdiyi bütün səylərə baxmayaraq üzərində yoxlama aparılması barədə məlumat vermiş və üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olmadığını bildirmişdir. O, üzərində yoxlama aparmağa başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusu aşkar olunmuşdur. Həmin kibrit qutusunu açdıqda, içərisindən 08 ədəd kağız kəsiyi bükümləri müəyyən edilmişdir. Hər bir bükümə ayrı-ayrılıqda baxış keçirən zaman 07 ədəd kağız kəsiyi bükümündə psixotrop maddə metamfetaminə bənzər kütlələr, 01 ədəd kağız kəsiyi bükümündə isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və 07 ədəd kağız kəsiyi bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlələrin çəkiləri 0.46, 0.64, 0.67, 0.63, 0.68, 0.57, 0.57 və 01 ədəd kağız kəsiyi bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi isə 1,26 olmuşdur. Həmin kütlələr və 01 ədəd bıçaq ayrı-ayrılıqda zərflərə qoyularaq möhürlənmişdir. Bundan sonra üzərində yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edib, birlikdə polis şöbəsinə gəldikdən sonra onun tərəfindən üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Daha sonra Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Zahid Salahovun xidməti otağına daxil olmuşlar. X7 Əkbərova qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Hacıqabul rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X3 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video- çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra baş təhqiqatçının, onun, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə üzərindən aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmişdir, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Onun Təqsirləndirilən şəxs ilə heç bir ədavət və ya düşmənçliyi olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid4 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişdir. Xidmət yerinin dəyişməsi ilə əlaqədar məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunmaqla tədqiq edilmiş və məlum olmuşdur ki, o, şahidlər Şahid2, Şahid4 və Şahid1 ilə eyniməzmunlu ifadələr vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan zaman əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd kibrit qutusu aşkar edildi. Kibrit qutusu açıldıqda içərisində 8 ədəd kağız bükülü olduğu aşkar olundu. Həmin bükülülər açıldıqda 7 ədəd kağız bükülüdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə, 1 ədəd kağız bükülüdə narkotik vasitə marixuanaya bənzər kütlə olduğu müəyyən edildi. Həmin bükülülər elektron tərəzidə çəkildikdə içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan bükülü 1,26 qram, içərisində psixotrop maddə metmfetaminə bənzər bükülülər isə 0,46, 064, 0,67, 0,63, 0,68, 0,57, 0,57 qram oldu və həmin bükülülər zərfə qoyularaq möhürləndi və üzərinə imzalar edildi. Həmçinin Təqsirləndirilən şəxs saxlanılarkən əlində olan açılıb-bağlanan cib bıçağı zərfə qoyularaq möhürləndi və götürüldü. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən aşkar edilmiş 8 ədəd kağız bükülünün qablaşdırıldığı 1 ədəd zərf və 1 ədəd bıçağın qablaşdırıldığı 1 ədəd zərf təkrar açılaraq orada olan maddələrə baxış keçirildi. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 18/237-238 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdə 01 ədəd kibrit qutusunda 07 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,310 qram, 0,305 qram, 0,140 qram, 0,330 qram, 0,290 qram, 0,360 qram, 0,220 qram olmaqla, ümumi təmiz çəkisi 1,955 qram maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni tərkbli olan psixotrop maddə metamfetamindir. 01 ədəd bükümdə təmiz çəkisi – 0,75 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddinin 5 qram, külli miqdarın həddinin 500 qram olması göstərilmişdir. Həmin qanunda əks olunan İİ siyahının 118-ci bəndində metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdarı daxil olmaqla yuxarı həddinin 0,15 qram, külli miqdarı daxil olmaqla aşağı həddi isə 2 qram olması göstərilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana çəkisinə görə şəxsi istehlak miqdarından az olduğunu, yəni cinayət məsuliyyətinə səbəb olmadığına görə məhkəmə həmin fakta, yəni şəxsin üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi faktına hüquqi qiymət verməyi məqsədəuyğun hesab etmir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1796 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı Qərarının 3.2-ci bəndinə uyğun olaraq hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdən Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X5 verdiyi xx.xx.2025-ci il tarixli, 18-141/2- 263/2025 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın konsultativ poliklinika şöbəsinin narkoloji kabinetində xx.xx.2010-cu ildən qeydiyyatdadır, lakin ruhi-əsəb kabinetində qeydiyyatda deyildir. Əməliyyat tapşırığına verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan (raportdan) görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini şəxsiyyəti məlum olmayan şəxslərdən satış məqsədilə əldə etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə və psixtorop maddə satışı ilə məşğul olması müəyyən edilmişdir. Hazırda Təqsirləndirilən şəxs narkotik vasitələr və psixtorop maddələr satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra faktiki olaraq təmiz çəkisi 0,73 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və tədqiqata sərf etdikdən sonra faktiki olaraq təmiz çəkisi 1,605 qram qalmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2025ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 3 dəfə narkotik vasitələr və psixotrop maddələrin satışına görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 ay müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 309 saylı arayışdan müəyyən olunur ki, Əkbərov X2 şəhəri H.Z.Tağıyev küçəsi 256 saylı ünvanda yaşayır. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə müsbət rəy daxil olmuşdur. “Elektron məhkəmə informasiya sistemindən” əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlillik dərəcəsi vardır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 23:15-də şübhəli şəxs qismində tutulmuş və Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Tutulmuş şəxsin azad edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2025-ci il tarixli 18/239 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq- kustar üsulla istehsal edilmiş, birtərəfi kəsici, ucu batıcı xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 961 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən anlaqlı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində narkotik vasitənin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin polis əməkdaşları tərəfindən onun cibinə qoyulduğunu bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və psixotrop maddələri təkcə satma deyil, həmdə bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bükülməsi, onların hazırlanması üşün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən psixotrop maddə metamfetaminin ümumilikdə 7 kağız kəsiyi bükümündə olması, həmin bükümlərin çəkilərək qablaşdırılması Təqsirləndirilən şəxs həmin psixotrop maddələri satış məqsədilə üzərində saxlayaraq daşıdığına əsas verir. Eyni zamanda, Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərin çəkilərinə diqqət yetirildikdə onların hamısının təxminən eyni çəkidə olduqları müəyyən edilir. Bundan başqa, təqsirləndirilən şəxsin üzərində “Əməliyyataxtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, aşkar edilmiş bükümlər səliqəli şəkildədir və üzərlərində heç bir toz və çirklənmiş ləkələr mövcud deyil. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmaması, sadəcə həmin maddələrin istifadəçisi olması, aşkar edilmiş psixotrop maddə və narkotik vasitənin polis əməkdaşları tərəfindən onun cibinə qoyulması barədə verdiyi ifadələr iş üzrə tədqiq edilmiş digər mötəbər və bir-biriləri ilə uzlaşan sübutlarla ziddiyyət təşkil edir. Belə olan vəziyyətdə, məhkəmə təqsirləndirilən şəxsin bu ifadəsini mötəbər sübut kimi qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 saylı Qərarının 25 və 26-cı bəndlərində qeyd edilir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, İİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarindən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində MSY-də saxlanılmış, sonra isə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilərək barəsində azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini, habelə şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın təyin edilməsi və ya CM-in 70ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla, barəsində yalnız cinayət qanunu normasının sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında həbs edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və müalicəyə ehtiyacının olmasının müəyyən olunmasına baxmayaraq, təqsirləndirilən şəxsdə İİ qrup əlillik dərəcəsinin olması nəzərə alınmaqla onun barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmamalı, ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Hacıqabul rayon polis şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra faktiki olaraq təmiz çəkisi 0,73 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, tədqiqata sərf etdikdən sonra faktiki olaraq təmiz çəkisi 1,605 qram qalmış psixotrop maddə metamfetamin və kustar üsulla istehsal edilmiş, birtərəfi kəsici, ucu batıcı xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 98,28 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına təqdim edilmiş hesabata uyğun olaraq pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i̇ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasın və ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış tədqiqata sərf etdikdən sonra faktiki olaraq təmiz çəkisi 0,73 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və tədqiqata sərf etdikdən sonra faktiki olaraq təmiz çəkisi 1,605 qram qalmış psixotrop maddə metamfetamin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 98,28 (doxsan səkkiz manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Şirvan şəhər filialındakı hesabı – SWİFT kodu - İBAZAZ2X, H/N AZ85İBAZ********************, Alan bankın kod: 805681, VÖEN **********, M/H AZ03NABZ013501**********2944, VÖEN **********). Hökmdən, hökm elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-85/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-85/2025
18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver