Məhkəmə qərarları › İş №1(071)-86/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-86/2025

07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-86/2025 07.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X10 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – X14 və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1976-cı ildə Hacıqabul (Qazı-Məmməd) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 2-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan halhazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X22 məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri, Həmid Həmidov küçəsinə daşımış, 06 mart 2025-ci il tarixdə saat 08 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, Həmid Həmidov küçəsində yerləşən ayaqqabı təmiri ilə məşğul olduğu mağazanın içərisində saxlanılaraq üzərində yoxlama aparılarkən 01 ədəd kibrit qutusunda şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 6,35 qram xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki qara rəngli qolsuz gödəkçəsinin sol yan cibindən aşkar edilib götürülmüşdür. Beləliklə, X18 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X14 əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X22 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 2-də qeydiyyatda olmaqla, Hacıqabul şəhəri, M.F.Axundov küçəsi, ev 29-da yaşayır. O, uzun müddətdir ki, ayaqqabı təmiri ilə məşğul olur. Hacıqabul şəhəri, Həmid Həmidov küçəsində yerləşən ayaqqabı təmiri mağazası vardır. Boşandığı və 1-ci Qarabağ müharibəsində iştirak etdiyi üçün əsəbləri son zamanlar yerində deyildir. Buna görə də, təxminən 1 aya yaxındır ki, narkotik vasitə marixuanadan istifadə edib sakitləşməyə çalışır. Təxminən 3-4 gün bundan əvvəl Hacıqabul şəhərində yerləşən mərkəzi bazarın yaxınlığında olan zaman bir nəfər tanımadığı şəxslə təsadüfi rastlaşmış, həmin şəxslə söhbətləşməyə başlamışlar və söhbətləri səmimi alınmışdır. Söhbət əsnasında əsəblərinin yerində olmadığını həmin şəxsə bildirmişdir. Tanımadığı şəxs cibindən 01 ədəd kibrit qutusu çıxarıb ona verərək, içərisində marixuana olduğunu, istifadə etdikdən sonra sakitləşə biləcəyini və ona pay verdiyini bildirmişdir. O, həmin şəxsdən 01 ədəd kibrit qutusunu alıb cibinə qoymuşdur. Daha sonra işlədiyi mağazada içərisinə baxdıqda, kibrit qutusunun içərisində marixuana olduğunu görmüşdür. Bundan sonra istifadə etmək məqsədi ilə cibində saxlamışdır. Lakin, marixuanadan əldə etdiyi vaxtdan tutulduğu günə qədər olan müddət ərzində istifadə etməmişdir. 06 mart 2025-ci il tarixdə səhər saat 08 radələrində Hacıqabul şəhəri, Həmid Həmidov küçəsində işlədiyi ayaqqabı təmiri mağazasında olan zaman içəri mülki geyimdə olan şəxslərin daxil olmasını görmüşdür. Həmin şəxslər ona yaxınlaşaraq Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində və işlədiyi mağazada saxlamaqda şübhəli olduğunu bildirmişlər. Əməliyyatçı onun üzərində aparılacaq yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra üzərində yoxlama aparılması barədə əməliyyatçı məlumat vermişdir. Əməliyyatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini istəməsi barədə təklif etmişdir. Üzərində hər hansı qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olmadığını bildirmişdir. Lakin, həmin vaxt tanımadığı şəxsdən əldə etdiyi 01 ədəd kibrit qutusunda olan marixuana əynindəki qolsuz gödəkçəsinin sol cibində olduğundan həyəcanlanmış və üzərində yoxlama keçirilməsinə maneə yaratmağa çalışmışdır. Həmin vaxt polis əməkdaşları qoluna qandal vuraraq yoxlama aparmağa başlamışlar. O, həmin vaxt məsuliyyətdən boyun qaçırmaq üçün cibinə polis əməkdaşları tərəfindən nəsə qoyulduğunu uca səslə bildirmiş və daha sonra qandal vurulan əli ilə gödəkçəsinin sol cibindəki içərisində marixuana olan kibrit qutusunu yerə atmışdır. Bundan sonra polis əməkdaşları onun yerə atdığı 01 ədəd kibrit qutusunu götürüb içərisinə baxan zaman, həmin kibrit qutusunun içərisində marixuana olduğunu aşkar etmişdir. Əməliyyatçı tərəfindən yerə atdığı içərisində narkotik vasitə marixuana olan bir ədəd kibrit qutusu elektron tərəzidə çəkilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş, hər biri tərəfindən üzərinə imzalar edilmişdir. Bundan sonra əməliyyatçı həmin kütlənin nə olması və nə məqsədlə üzərində saxlamaqla daşıması barədə ona şifahi sual vermişdir. O, həmin kütlənin ona məxsus olmadığını bildirmişdir. Çünki, həmin vaxt aşkar olunan marixuananın ona məxsus olmadığını deyəcəyi təqdirdə məsuliyyətdən boyun qaçıracağını düşünürdü. Bundan sonra üzərində yoxlama davam etdirilmiş və üzərindən özünə məxsus olan 02 ədəd “Samsung” markalı mobil telefonlar aşkar edilərək götürülmüş və həmin mobil telefonlarda zərfə qoyularaq möhürlənmişdir. Daha sonra üzərində yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra onu polis şöbəsinə dəvət etmişlər. Birlikdə polis şöbəsinə gəldikdən sonra üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Bundan sonra təhqiqatçı qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona izah etmişdir. Bundan sonra dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və onun iştirakı ilə üzərindən aşkar olunaraq qablaşdırılan əşyaya yenidən baxış keçirilmişdir. Verilmiş suallara əsasən təqsirləndirilən şəxs Bəhruz Əliyev əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları ona yaxınlaşan zaman və ya üzərində yoxlama aparılan zaman ona qarşı hər hansı bir fiziki güc və ya zorakılıq hərəkətləri etməmişlər. Üzərindən aşkar olunan narkotik vasitədən kiminsə məlumatı olmamış, üzərində və işlədiyi obyektdə yoxlama aparılan zaman o, həyəcanlı olduğundan və ilk dəfə tutulduğundan üzərindən aşkar olunan marixuananın ona məxsus olmadığını bildirəcəyi təqdirdə məsuliyyətdən boyun qaçıracağını düşünmüş, lakin dediklərinin heç bir əhəmiyyəti olmadığını gördüyü üçün aşkar olunan əşyalara baxış keçirilən və ifadəsi alınan zaman həqiqəti danışmışdır. Təqsirləndirilən şəxs X9 sözündə hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsi, himayəsində azyaşlı ovladının olmasını, saxlanıldıqdan sonra hər hansı növdə narkotik vasitə qəbul etmədiyini nəzərə alınaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 06 mart 2025-ci il tarixdə X14 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində və fərdi qaydada işlədiyi Hacıqabul şəhəri, Həmid Həmidov küçəsində yerləşən ayaqqabı təmiri mağazasında saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə, eləcə də X14 narkotik vasitəni əldə etdiyi mənbənin ifşa edilməsi, üzərində yoxlama və işlədiyi mağazada baxış aparılması ilə əlaqədar “təxirə salınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” onun tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul rayon polis şöbəsinin rəisinin əmri ilə qrup rəhbəri kimi ondan, qrup üzvü kimi Hacıqabul RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar verilən məlumata əsasən Hacıqabul şəhəri ərazisində əməliyyat tədbirini qurmuşlar. 06 mart 2025-ci il tarixdə saat 08 radələrində X14 işlədiyi Hacıqabul şəhəri, Həmid Həmidov küçəsində yerləşən ayaqqabı təmiri mağazasında olmasını görmüşlər. Onlar birlikdə X18 tərəf yaxınlaşaraq onu mağazanın içərisində saxlamışlar. Bundan sonra özlərini təqdim edib, Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bəhruz Əliyevə qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində və işlədiyi mağazada saxlamaqda şübhəli olduğunu bildirib, üzərində yoxlama aparılacağını demişdir. Bundan sonra hüquq və vəzifələrini elan edib, yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını qeyd etmişdir. O, Bəhruz Əliyevə üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. Bəhruz Əliyev üzərində qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olmadığını bildirmişdir. Buna baxmayaraq, Bəhruz Əliyev həyəcanlanmış və üzərində yoxlama keçirilməsinə maneə yaratmağa çalışmışdır. Təhlükəsizlik məqsədi ilə onlar Bəhruz Əliyevin qoluna qandal vuraraq yoxlama aparmağa başlamışlar. Bəhruz Əliyev, həmin vaxt uca səslə qışqırmağa və üzərində hər hansı əşya olmadığını bildirməyə başlamış və qandal vurulan əli ilə əynindəki qolsuz gödəkçəsinin sol yan cibindən 01 ədəd kibrit qutusunu yerə atmışdır. Bəhruz Əliyev tərəfindən yerə atılan 01 ədəd kibrit qutusunu yerdən götürüb içərisinə baxan zaman, həmin kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğunu aşkar etmişdir. Həmin kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 9,52 qram olduğu müəyyən edilmişdir. Sonda həmin kütlə onun tərəfindən zərfə qoyularaq möhürlənmiş və üzəri hər biri tərəfindən imzalanmışdır. Bundan sonra Bəhruz Əliyevin üzərində yoxlama davam etdirilmiş və üzərindən 02 ədəd “Samsung” markalı mobil telefonlar aşkar edilərək, onun tərəfindən götürülmüşdür. Həmin mobil telefonlar zərfə qoyularaq möhürlənmişdir. Bəhruz Əliyevun üzərində yoxlama və işlədiyi mağazada baxış keçirilməyə davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra Bəhruz Əliyevi polis şöbəsinə dəvət edib, birlikdə polis şöbəsinə gəldikdən sonra onun tərəfindən şübhəli şəxslərin üstünün yoxlanılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Daha sonra Bəhruz Əliyevlə birlikdə Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Zahid Salahovun xidməti otağına daxil olmuşlar. X4suz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini izah etmişdir. Bəhruz Əliyev, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirdiyindən müdafiəçi dəvət olunmuşdur. X21 üzərində yoxlama zamanı aşkar olunan əşyaya yenidən baxış keçiriləcəyini və baxış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra təhqiqatçının, onun, müdafiəçi və Bəhruz Əliyevin iştirakları ilə aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzəri hər biri tərəfindən imzalanmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun X22 ilə hər hansı bir ədavəti, düşmənçiliyi olmamışdır. X22 06 mart 2025-ci il tarixdə saxlanıldıqda, həmin şəxsin üzərində yoxlama aparılan zaman ona qarşı hər hansı bir zor və ya fiziki güc tətbiq olunmamışdır. X22 narkotik vasitə marixuananın aludəçisi olduğundan həmin narkotik vasitəni istifadə etmək məqsədilə əldə etdiyi və üzərində saxladığı müəyyən edilmişdir. Onun narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq Şahid2 məhkəmə iclaslarına gəlməmiş, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət prosesi tərəflərinin mülahizələri dinlənildikdən sonra elan edilmiş və müəyyən edilmişdir ki, o, Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Müdafiə tərəfinin şahid ifadəsinin sübut kimi qəbul edilməsinə etirazı daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxs X19 və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli raportlar, əmr, protokol və qərardan müəyyən edilir ki, həmin tarixdə Hacıqabul RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 şöbənin rəisi Anar Xəlilova müraciət edərək ünvan 2-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan X14 narkotik vasitə əldə etməsi, üzərində və fərdi qaydada işlədiyi Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən ayaqqabı təmiri mağazasında saxlaması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması və sonuncunun cinayət əməllərinin ifşa olunması üçün əməliyyat qrupu yaradılmaqla müvafiq tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Hacıqabul RPŞ-nin rəisi Anar Xəlilov tərəfindən verilmiş eyni tarixli, 3-13-78/Ə144/2025 saylı əmrə əsasən əməliyyat qrupu təşkil edilmiş, qrupun tərkibinə Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 daxil edilməklə, qrupa rəhbərlik Şahid1 həvalə edilmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən müvafiq əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Hacıqabul RPŞ-nin rəisi tərəfindən təsdiq edilmişdir. Üzərində xx.xx.2025-ci il tarixli, 230 nömrəli daxil olma ştampı olan və əməliyyat müvəkkilli Şahid1 tərəfindən tərtib edilmiş raportdan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitə saxlanması və daşımasında şübhəli olan X22 xx.xx.2025-ci il tarixdə, saat 07:26 radələrində Hacıqabul şəhəri, Həmid Həmidov küçəsində yerləşən ayaqqabı təmiri ilə məşğul olduğu mağazanın içərisində saxlanılaraq üzərində yoxlama aparılarkən 01 ədəd kibrit qutusunda çəkisi 9,52 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə əynindəki qara rəngli qolsuz gödəkçəsinin sol yan cibindən aşkar edilib götürülmüş və bu barədə müvafiq sənədləşmə aparılmışdır. İş materiallarında olan “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması baxış keçirilməsi və götürmə” haqqında xx.xx.2025-ci il tarixli protokoldan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni qanunsuz əldə edib üzərində saxlamaqda şübhəli bilinən X14 işlədiyi Hacıqabul şəhəri, Həmid Həmidov küçəsində yerləşən ayaqqabı təmiri mağazasında olması müəyyən edilmiş, polis əməkdaşları X18 tərəf yaxınlaşaraq onu mağazanın içərisində saxlamışlar. Bundan sonra özlərini təqdim edib, Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bəhruz Əliyevə qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində və işlədiyi mağazada saxlamaqda şübhəli olduğunu bildirib, üzərində yoxlama aparılacağı izah edilmişdir. Bundan sonra hüquq və vəzifələrini elan edib, yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını qeyd edilmişdir. Bəhruz Əliyevə üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsi təklif edilmişdir. Bəhruz Əliyev üzərində qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olmadığını bildirmişdir. Buna baxmayaraq, Bəhruz Əliyev həyəcanlanmış və üzərində yoxlama keçirilməsinə maneə yaratmağa çalışmışdır. Təhlükəsizlik məqsədi ilə Bəhruz Əliyevin qoluna qandal vurularaq yoxlama aparılmağa başlanmışdır. Bəhruz Əliyev həmin vaxt uca səslə qışqırmağa və üzərində hər hansı əşya olmadığını bildirməyə başlamış və qandal vurulan əli ilə əynindəki qolsuz gödəkçəsinin sol yan cibindən 01 ədəd kibrit qutusunu yerə atmışdır. Bəhruz Əliyev tərəfindən yerə atılan 01 ədəd kibrit qutusunu yerdən götürüb içərisi yoxlanılan zaman, həmin kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğunu aşkar edilmişdir. Həmin kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 9,52 qram olduğu müəyyən edilmişdir. Sonda həmin kütlə onun tərəfindən zərfə qoyularaq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Bəhruz Əliyevin üzərində yoxlama davam etdirilmiş və üzərindən 02 ədəd “Samsung” markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Həmin mobil telefonlar zərfə qoyularaq möhürlənmişdir. Bəhruz Əliyevun üzərində yoxlama və işlədiyi mağazada baxış keçirilməyə davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Protokolun yekununda şübhəli şəxs qismində saxlanılan Bəhruz Əliyevin müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirinin videogörüntüsünün olduğu 1 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs X14 üzərində “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması baxış keçirilməsi və götürmə” aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntünün olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə saat 07:26-dan saat 07:43-dək olan müddət ərzində Hacıqabul RPŞ-nin CAB-nin və NMQ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X14 əynindəki qara rəngli qolsuz gödəkçəsinin sol yan cibindən aşkar edilib götürülmüş 01 ədəd kibrit qutusunun içərisində 9,52 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləyə, daha sonra əməliyyat-axtarış tədbirinin videoqeydini özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilmişdir. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsinə dair protokola əlavə edilmiş 01 ədəd DVD diskdə əks olunmuş videogörüntü məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edildi ki, Bəhruz Əliyev müdafiəçisinin suallarına əsasən saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalmadığını və aşkar edilən narkotik vasitənin ona aid olmasını etiraf etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və götürmə” aparılması zamanı qeydə alınmış, iş üzrə maddi sübut kimi tanınmış videogörüntünün olduğu 1 ədəd DVD disk və tərtib edilmiş protokol məhkəmə iclasında tədqiq edilərkən X14 şübhəli şəxs qismində tutulmadan qollarına polis əməkdaşları tərəfindən xüsusi vasitə olan qandal vurulması müəyyən edilmişdir. Belə ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən xüsusi vasitələr dedikdə, dəyənəklər, əl-qolu bağlama və elektroşok vasitələri, xüsusi təyinatlı gözyaşardıcı qazlar, rezin güllələr, suatan vasitələr, nəqliyyatın məcburi dayandırma vasitələri və Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş digər xüsusi vasitələr nəzərdə tutulur. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının bu Qanunla müəyyənləşdirilmiş qaydada və hallarda fiziki qüvvə işlətmək, habelə xüsusi vasitələr və odlu silah saxlamaq, gəzdirmək və onları tətbiq etmək hüququ vardır. Həmin Qanunun 26-cı maddəsinin 2-ci hissəsinə əsasən Polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı xüsusi vasitələri aşağıdakı hallarda tətbiq edə bilər: 1) insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə; 2) qiyam və ya kütləvi iğtişaşlar baş verdikdə; 3) girov saxlanılan şəxs və ya zəbt olunmuş binalar, tikililər, qurğular, torpaq sahələri və nəqliyyat vasitələri azad edildikdə; 4) yaşayış binalarına, habelə müəssisələrin, idarələrin, təşkilatların binalarına qrup halında basqın dəf edildikdə; 5) müqavimət göstərən və ya insan həyatı və sağlamlığı, habelə mülkiyyət əleyhinə cinayət törədən şəxs yaxalandıqda və ya qaçmağa cəhd göstərdikdə; 6) tutulan şəxs tərəfindən silahlı müqavimət göstərildikdə və ya göstərəcəyinə ehtimal etməyə kifayət qədər əsas olduqda; 7) cinayət törədilməsində şübhələndiyinə görə tutulmuş, barəsində həbs qəti-imkan tədbiri seçilmiş və ya müəyyən müddətə azadlıqdan məhrum etmə yaxud ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxsin həbsdən qaçmasının qarşısını aldıqda, habelə bu şəxsin qanunsuz azad edilməsi üçün kənar şəxslər tərəfindən güc işlədildikdə; 8) ictimai təhlükəli əməl törətmiş şəxsi tutub polisə gətirərkən onun müqavimət göstərə biləcəyi və ya qaçma ehtimalı olduqda; 9) həbs olunanları müşayiət etdikdə; 10) şəxsin təhlükəli hərəkətləri ilə özünə və ya ətrafındakılara zərər yetirə biləcəyi ehtimalı olduqda; 11) ictimai təhlükəli əməl törətmiş şəxs tutularkən onu binadan, nəqliyyat vasitəsindən çıxmağa məcbur etdikdə; 12) sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsini dayandırmaq haqqında polis əməkdaşının aşkar olan dayanma tələbinə tabe olmadıqda və onun saxlanılmasına başqa imkan olmadıqda (məcburi dayandırma vasitələri). Həmin Qanunun 6-cı hissəsinə əsasən həmin qanunun tələblərinə uyğun olaraq fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tam zəruri hallarda tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır. Beləliklə, məhkəmə yuxarıda sadalanan müqayisəli təhlilləri nəzərə alaraq hesab edir ki, Bəhruz Əliyevin saxlanılması zamanı polis əməkdaşları tərəfindən ona xüsusi vasitə olan qandal tətbiq edilməsi mövcud şəraitə uyğun olaraq mütənasib olmuş və polis əməkdaşları tərəfindən hər hansı qanun pozuntusu halına yol verilməmişdir. Belə ki, cinayət işi materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və götürmə” aparılması zamanı qeydə alınmış, iş üzrə maddi sübut kimi tanınmış videogörüntünün olduğu 1 ədəd DVD disk məhkəmə iclasında tədqiq edilən zaman həmçinin müşahidə edilmişdir ki, şübhəli şəxs qismində saxlanılan Bəhruz Əliyev saxlanıldıqdan bir neçə dəqiqə sonra polis əməkdaşlarına öz etirazını bildirmiş, səs-küy salmağa başlamış, sağ və sol qol nahiyəsindən tutan əməliyyatçılara qarşı qüvvə tətbiq edərək qollarını sərbəst buraxmağa cəhd etmiş, həmçinin, “özümü doğrayacam” kimi ifadələr işlədərək Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının öz xidməti fəaliyyətlərini icra etmələrinə qəsdən maneə olmağa çalışmışdır. Belə olan halda saxlanılan şəxsin şəxsiyyəti nəzərə alınmaqla, təhlükəsizlik tədbirinin təmin edilməsi məqsədilə ona qandal vurulmasını məhkəmə pozuntu kimi qiymətləndirmir. Eyni zamanda videogörüntüdən müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbiri polis əməkdaşları tərəfindən fasiləsiz videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Müdafiə tərəfi isə əməliyyat tədbirinin sübut olaraq qəbul edilməsinə etiraz etməmişdir. Bundan başqa, iş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinin xx.xx.2025-ci il tarixli, 18/209 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş, üzərində: “...X14 üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 6,35 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Rəydən həmçinin görünür ki, tədqiqata sərf edildikdən sonra 6,33 qram marixuana qalıq qalmışdır. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X26 Şəxsi Ambulator X5 dair ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1776 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, müayinə zamanı X1 istifadə etmə halları olub. Lakin hal-hazırda X15 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı X22 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan Hacıqabul rayon X17 Hüquqi Şəxsi tərəfindən verilmiş 13 mart 2025-ci il tarixli, 18-1-41/2-238/2025 nömrəli məktubdan müəyyən edilir ki, X3 rayon X8 Hüquqi Şəxsinin konsultativ-poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyildir. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, X14 törətdiyi cinayət əməli, yəni onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bitki mənşəli kütlə olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşıması cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X14 əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarının 5 qram olması, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin külli miqdarın aşağı həddinin isə 500 qram olması göstərilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs X14 üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi 6,35 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar X14 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur». Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X14 barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərar və tutma haqqında protokoldan müəyyən edilir ki, X22 həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və tutulmanın əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il saat 07:26-dan hesablanmışdır. İş materiallarında olan Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, X16 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, X22 onun üzərindən xx.xx.2025-ci il tarixdə 6,35 qram olan bitki mənşəli kütlə olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi faktı üzrə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Daha sonra həmin müstəntiq tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarlarla CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən X22 müvəqqəti saxlama yerindən həmin tarixdə saat 20:15-də azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə X22 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, X14 tutulması bir sutkadan artıq müddəti əhatə etmişdir. Ona görə də, bu hal təqsirləndirilən şəxsin xeyrinə həll edilməklə onun tutulma müddəti iki günə bərabər sayılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, X22 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Hacıqabul şəhər İH-nin Başçısının Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 mart 2025-ci il tarixli, 248 nömrəli arayışdan müəyyən edilir ki, X3 şəhəri, M.F.Axundov küçəsi, ev 17 ünvanında yaşayır. Həmçinin “Elektron Məhkəmə” İnformasiya X2 “qohumluq məlumatları” sorğulanan zaman müəyyən edilmişdir ki, X14 himayəsində yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X23 adlı övladı vardır. İş materiallarına əlavə edilmiş Hacıqabul şəhər İH-nin Başçısının Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 mart 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, X22 barəsində nümayəndəliyə müsbət rəy daxil olmuşdur. Dolayısıyla, o yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X14 törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, himayəsində azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X14 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxs X14 cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri X18 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X22 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X14 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən X14 üzərinə Hacıqabul rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli X14 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, X14 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxil edilir. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir (m.15.5-1); azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır (51-2.1); azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir (51-3.1). Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 8 saylı qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. İş materiallarında olan məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, X14 narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, X18 narkomaniyadan məcburi müalicə təyin olunmamalı və o, ərazi narkoloji dispanserində qeydiyyatda alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, təqsirləndirilən şəxs X12 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə 6,33 qram qurudulmuş marixuana cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Hacıqabul RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Bundan başqa, təqsirləndirilən şəxs X14 üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu 02 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X12 aşkar edilib götürülmüş, hazırda Hacıqabul RPŞnin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə 6,33 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs X14 üzərində şəxsi axtarış və götürmə aparılması zaman qeydə alınmış videogörüntünün olduğu 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti X12 tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X14 məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, X18 göstərilmiş hüquqi xidmətə görə Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 13 (on üç) saata görə 143 (yüz qırx üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X14 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X14 üzərinə Hacıqabul rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası X14 yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. X14 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X22 yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Hacıqabul RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə 6,33 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul X12 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs X18 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 13 (on üç) saata görə 143 (yüz qırx üç) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********) Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar