Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-87/2025 26.12.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 müdafiəçi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2, 148-ci maddələri ilə təqsirləndirilməsinə dair X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Hacıqabul rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdı: X1 Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə müraciət edərək X3 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və həmin maddələrin sanksiyası çərçivəsində cəzalandırılmasını xahiş etmişdir. Ərizənin məzmunundan görünür ki, xüsusi ittihamçı Məmməd Kərimov “Caucasus Ventures MMC” Kommandit Ortaqlığının rəhbəri vəzifəsində işləyir. O, “Caucasus Ventures MMC” Kommandit Ortaqlığın yeganə tam ortağıdır, ortaqlığın digər iştirakçıları isə kommanditçilərdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Kərimova qarşı təhqir və böhtan xarakterli ifadələr işlədərək əsassız şəkildə ortaqlığın hesabatının təqdim edilməsini istəmişdir. Şikayət ərizəsində təhqirə münasibətdə aşağıdakılar qeyd edilmişdir: İnstaqram videosunda Nicat Manafov deyir: “... bir az da kilolusan arıqla, çox kilolusan, mütləq arıqlamaq lazımdır”, İnstaqram videosunda Məmməd Kərimovun özünə müdafiəçi tutmasına irad bildirərək 120 kiloqram olduğunu vurğulayır, İnstaqram videosunda Nicat Manafov deyir: “sən xəstəsən, normalsan nəsən, sən peysər kimi tanınassan”. Şikayət ərizəsində təhqirə münasibətdə aşağıdakılar qeyd edilmişdir: Ortaqlığın vəsaitinin ABŞ-na yerləşdirilməsi bildirilmişdir, həqiqətən də, ortaqlı ABŞ-na məxsus şirkətlərə vəsait qoymuşdur, lakin N.Manafovun dediyi məbləğdən az məbləğdə, İnstaqram səhifəsində N.Manafov yazır “... Azərbaycan Staruplarına yardım edəcəm deyib, dövlət büdcəsindən vəsait alıb köçürdün Delaware şirkətlərinə...”, İnstaqram səhifəsində N.Manafov yazır “.... Causasus VC-nin yerli startuplara dəstək üçün nəzərdə tutduğu pul vahidini düzəltmişəm, sadəcə keçərli deyil deyə vermirlər”, İnstaqram səhifəsində yazır “vəsaitlərin 99,9 % Amerikaya gedir”, İnstaqram videosunda N.Manafov deyir “büdcədən Məmməd Kərimə pul verirlər, bu da gedir gəzir xaricdə özü üçün, Amerika startuplarına yatırım edir”, İnstaqram səhifəsində yazır (M.Kərimova oxşar şəkil yerləşdirməklə) “vencurxana Məlikməmmədin əsas hədəfi Amerikada özü və ailəsi üçün qalıcı yaşamaq icazəsi almaqdır.... Tək yolu büdcənin pullarını Amerikadakı Startuplara yatırım adı ilə ötürüb özünə qalıcı investor vizası almaqdır”, müsxtəlif vaxtlarda Facebook səhifəsində N.Manafov qeyd edir “Hava qəflətən soyuyub Məmməd Kərim ofisdə büdcəni müvəqqəti yandırmağı dayandırıb ona görədir, 15 ildir bu adamı biz sektordan niyə göndərə bilmirik... ancaq 0 mənfəət milyonlarla dollar zərərə uğramış yerli VC-lər, Fond 2022-ci ildə yaradılanda 60% çox büdcəsi Azərbaycan lahiyələrinə yatırılması qeyd edilmişdi görüən odur ki, sözlər tutulmayıb”, İnstaqram səhifəsində N.Manafov qeyd edir “Məlikməmməd div qovlayan yox, büdcə qovlayan bir pəhləvan idi, Məlikməmməd divi yox büdcəni udur”, İnstaqram səhifəsində N.Manafov qeyd edir “vencurxana Məlikməmməd üçün əsas investisiya kriteriyası götürəcəyi komissiyadır, Caucasus Ventures MMC dosttanışa müsbət yanaşır, vencurxana Məlikməmməd.... köhnə iş yoldaşı əfsanəvi Johnnyni Amerikadakı ofisinə dəvət edir, vencurxana Məlikməmməd əldə xaricə pul daşımaqdan bezib, hər dəfə aeroporta girəndə həyacan keçirir, yeni çıxan bank qərarının dəyişməsini tələb edir, hazırki limit onun daşıma sürətini azaldıb, X9 Unionun rəqibi sayılır, Wester Unionun 50000 dollar limiti var, amma bunda yoxdur.... kimin ehtiyacı olsa yaxınlaşsın”, İnstaqram səhifəsində N.Manafov qeyd edir “vencurxana Məlikməmməd yeni HUB yaradır, o biri HUB-un torbasını tikir, vencurxana Məlikməmməd bu aralar çox fikirlidir..... Johnny.... Amerikaya köçürəcəyi pulları bir an öncə icra etməsini tələb edir..... Məlikməmməd....söz verir ki, onların fədakarca edəcəyiqoruma xidməti yerdə qalmayacaq”. X6 ünvanına yuxarıda qeyd edilən böhtanlar atılmış və o, təhqir edilmişdir. Buna əsasən hazırki, ərizə ilə məhkəməyə müraciət edərək X3 CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub cəzalandırılmasına dair ittiham hökmünün çıxarılması xahiş olunmuşdur. Xüsusi ittihamçı X10 və nümayəndəsi Müdafiəçi1 xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişlər. Xüsusi ittihamçının nümayəndəsi Müdafiəçi1 xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, lakin səhhətində yaranmış problemləri, habelə xəstəliyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Lakin, buna baxmayaraq Hacıqabul məhkəməsinin qərarı ilə məhkəmə növbəti iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə xüsusi ittihamçıya və onun nümayəndəsinə qanunla müəyyən edilmiş qaydada məlumat verilmişdir. xx.xx.2025-ci il tarixdə xüsusi ittihamçının nümayəndəsi Müdafiəçi1 xx.xx.2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində keçirilən məhkəmə iclasında iştirakı ilə əlaqədar Hacıqabul rayon məhkəməsində keçirilən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixinə məhkəmə iclasının təyin edilməsi barədə Müdafiəçi1 əvvəlcədən məlumatlandırılmış, lakin sonuncu tərəfindən məhkəmədə hər hansı səbəbdən iştirak edə bilməməsi barədə məhkəməyə əvvəlcədən məlumat verilməmişdir. Yalnız məhkəmə iclasının keçirilməsinə bir gün qalmış, yəni xx.xx.2025-ci il tarixdə Müdafiəçi1 Sumqayıt İnzibati Məhkəməsində keçirilən məhkəmə iclası ilə əlaqədar Hacıqabul rayon məhkəməsində keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə elektron ərizə ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittihamçı və onun nümayəndəsinin təkrarən üzürlü səbəb olmadan məhkəmənin baxış iclasında iştirak etməməsi ilə əlaqədar xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi xüsusi ittiham qaydasında şikayətin icraatına xitam verilməsinə etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikası CPM-nin 315.5-ci maddəsinə əsasən xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı zamanı üzrsüz səbəblərə görə təkrarən məhkəmə iclasına gəlmədikdə, məhkəmənin qərarı ilə cinayət işinin məhkəmədə xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3№ li qərarının 17-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir (CPM-nın 43.1.1 və 43.2-ci maddələri). Məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayət üzrə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla xitam verilməsi haqqında qərarın qəbul edilməsi zərərçəkmişin təkrarən eyni ittiham üzrə məhkəməyə müraciət etməsini istisna edir. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanaraq, yuxarıda qeyd olunan qanunvericilik normalarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 № li qərarının 17-ci bəndinin müddəalarını rəhbər tutaraq hesab edir ki, xüsusi ittihamçı X6 X4 qarşı verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə keçirilən məhkəmənin baxış iclaslarında ittihamçı X10 və ya nümayəndəsi Müdafiəçi1 üzürlü səbəb olmadan təkrarən məhkəmə iclaslarına gəlmədiklərinə görə X3 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və müsadirə olunası əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 315.5-ci maddəsini rəhbər tutaraq, qəraraaldı: Azərbaycan Respublikası CPM-nin 315.5-ci maddəsinin tələbləri rəhbər tutulmaqla X3 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs X4 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Şirvan şəhər filialındakı hesabı – SWİFT kodu - İBAZAZ2X, H/N AZ85İBAZ********************, Alan bankın kod: 805681, VÖEN **********, M/H AZ03NABZ********************, VÖEN **********). Qərardan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-87/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-87/2025
26.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver