Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-88/2022 06.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Bağırov Nurəddin Abuzər oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi ilə, İmranov Taleh Əli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında verdiyi şikayətə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, İmranov Taleh Əli oğlunun onun barəsində yaydığı böhtan xarakterli məlumatlarla bağlı onun xüsusi ittihamçı qismində tanınmasına dair qərar qəbul edilməsini, İmranov Taleh Əli oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət təqibinin həyata keçirilməsini və onun cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasını xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, onun keçmiş əri İmranov Taleh Əli oğlu Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə yazaraq həqiqəti əks etdirməyən böhtan xarakterli müraciət etmişdir. Müraciət baxılması üçün aidiyyəti üzrə Şamaxı Rayon Təhsil Şöbəsinə göndərilmişdir. O, Şamaxı Rayon Təhsil Şöbəsinə dəvət olunaraq izahat yazmışdır. İmranov Taleh Əli oğlunun yazdığı ərizəsində göstərilir ki, 2015-ci ildə yaşadığı bir qadın olub, həmin xanım dələduzluqla məşğul olduğundan onun törətdiyi əməllərini bir ailə üzvü kimi öz üzərinə götürmüş və üç il müddətinə azadlıqdan məhrum olunmuşdur. Hal-hazırda Şamaxı şəhər 3 saylı məktəbdə müəllim işləyir. Daha sonra bildirib ki, qeyri leqal vasitələrdən istifadə etməklə işə qəbul olunub. Bu necə müəllimdir ki, bütün günü Bakı şəhərində Polis Bölmələrində ona şər böhtan atmaqla məşğuldur. Daha sonra ərizəsində, onun qeyri leqal yolla işə düzəlməsi və layiqli müəllim olmaması barədə araşdırma aparılıb və işdən xaric olmağını xahiş etmişdir. Bu da onun işlədiyi təhsil müəssisəsində nüfuzunun aşağı salınması və insanlar arasında etibarının itirilməsi deməkdir. Araşdırma zamanı barəsində yazılmış şikayət öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin tərkib əlamətləri yaranmışdır. Belə ki, o, dövlət orqanına böhtan yazaraq, yəni yalan olduğunu bilə-bilə, onun şərəf və ləyaqətini ləkələyən və ya nüfuzdan salan məlumatları yaymışdır. Göründüyü kimi, barəsində verilmiş şikayət ərizəsi öz təsdiqi tapmadığından və sübuta yetirilmədiyindən İmranov Taleh Əli oğlu barəsində Azərbaycan Respublikası CM-in 147-ci maddəsinə əsasən Cinayət Prosessual Məcəllənin 37.2-ci maddəsinin tələbləri əsasında xüsusi ittiham qaydasında cinayət təqibi həyata keçirilməlidir. Məhkəmənin hazırlıq iclası xx.xx.2022-ci il tarixə saat 11:00-a təxirə salınmışdır. Məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə xüsusi ittiham qaydasında şikayət verən X2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən İmranov Taleh Əli oğluna məlumat verilmişdir. Lakin onlar məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası CPM-in 299.11-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası barədə vaxtında məlumat verilmiş X1 və İmranov Taleh Əli oğlunun iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini və müvafiq qərarın qəbul edilməsini mümkün hesab edir. Məhkəmə şikayəti, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası CPM-nın 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası CPM-nın 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Şikayəti araşdıran zaman məlum oldu ki, şikayət Azərbaycan Respublikası CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə əməl edilmədən tərtib edilmişdir. Belə ki, X3 şikayəti tərtib edərkən barəsində ərizə verilən İmranov Taleh Əli oğlunun haqqında məlumatları göstərməmiş, şikayətinə əlavə etdiyi xx.xx.2022-ci il tarixdə 368 nömrə ilə Şamaxı rayon təhsil şöbəsində qeydiyyatdan keçmiş teleqramı İmranov Taleh Əli oğlu Sumqayıt şəhərində Poçtdan vurmuşdur. Odur ki, xususi ittiham qaydasında olan şikayətin baxılması Hacıqabul rayon Məhkəməsinin səlahiyyətinə aid deyildir. X3 hazırkı şikayət ərizəsi ilə xüsusi ittiham qaydasında teleqramın vurulduğu yer üzrə Sumqayıt şəhər Məhkəməsinə müraciət etməlidir. Çünki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin xüsusi ittiham qaydasında şikayət verilmiş şikayətdə göstərilən əməlində Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri mövcud olub-olmamasının yoxlanılması Hacıqabul rayon Məhkəməsinin səlahiyyətinə aid olmadığına görə xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 74, 75, 299, 300, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş İmranov Taleh Əli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Hacıqabul rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Nurəddin Bağırov
Məhkəmə qərarları › İş №1(071)-88/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-88/2022
06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver