Məhkəmə qərarları › İş №1(071)-88/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-88/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-88/2023 15.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına” vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tərkibində narkotik maddə olan xeyli miqdarda bitkiləri əkib, yetişdirməklə kultivasiya etmək qərarına gələrək, bu məqsədlə təxminən 2023-cü ilin aprel ayının ortalarında qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) növünə aid olan xeyli miqdar təşkil edən 8 ədəd bitki toxumlarını yaşadığı Hacıqabul şəhəri, C.Cabbarlı küçəsi 26 nömrəli evin həyətyanı sahəsində əkib, kök üstə bitən bitkilərə aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş, 04 iyul 2023-cü il tarixdə saat 15 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən 8 ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri oradan aşkar edilərək kökündən çıxarılmaqla götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin mart ayının sonlarında Hacıqabul şəhəri, H.Həmidov küçəsi ilə piyada gedərkən, yerdə asfalt örtüyünün üzərində bir ədəd kağız bükülünü görmüş, kağız bükülünü götürüb içərisinə baxarkən orada marixuananın tumlarının olmasını bilmişdir. Həmin tumları yaşadığı evin həyətyanı sahəsində əkib becərmək məqsədi ilə özündə saxlamışdır. 2023-cü il aprel ayının ortalarında çətənə tumlarını yaşadığı evin həyətyanı sahəsində, yarımtikilinin içərisində torpaq qatının üzərində əkmiş və aradabir həmin əkililərə su vermişdir. 04 iyul 2023-cü il tarixdə Hacıqabul rayon PŞ-nin əməkdaşları onun yaşadığı ünvan 1 ünvanına gəlib baxış keçirmiş, baxış zamanı yaşadığı evin həyətyanı sahəsində olan yarımtikilinin içərisində əkib qulluq etdiyi 8 ədəd çətənə kolları aşkar olunmuşdur. Çətənə kolları əkildikləri yerdən çıxarılıb bir ədəd kisəyə yığılmış və kisənin ağzı möhürlənmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Fərrux oğlu ifadəsində bildirdi ki, Hacıqabul rayon PŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyir. 04 iyul 2023-cü il tarixdə Hacıqabul RPŞ-nə Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri, C.Cabbarlı küçəsi 26 nömrəli evinin həyətyanı sahəsində narkotik xassəli bitkilərin əkib becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Hacıqabul rayon PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Eldadr Əliyevin ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilib şöbə rəhbərliyinə məruzə edilmiş, bu barədə əməliyyat qrupu yaradılmış, o və Hacıqabul rayon PŞ-nin PPXT-nın polis nəfəri Şahid3 əməliyyat qrupuna daxil edilmişdir. Həmin günü saat 15 radələrində həmin şəxslərlə və X5 İnkişaf mərkəzində aqronom mütəxəssis vəzifəsində işləyən Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanındakı həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadğı evin həyətyanı sahəsində olan yarımtiklinin içərisindəki otaqda 5 ədəd, digər otaqda 2 ədəd, digər otaqda isə 1 ədəd olmaqla, ümumlikdə 8 ədəd torpaq qatının üzərində əkib aqrotexniki qaydada qulluq edilmiş çətənə koları aşkar olunmuşdur. Həmin vaxt baxışdan iştirak edən aqronom da Təqsirləndirilən şəxs tərəfindən əkilib aqrotexniki qaydada qulluq olunmuş 8 ədəd çətənə kollarına baxış keçirmiş, həmin kollara aqrotexniki qaydada qulluq olunması barədə rəy vermişdir. Aşkar olunmuş çətənə kolları kökündən çıxarıb götürülərək qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 Fərrux oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Hacıqabul rayon DAİM-də bitkiçilik sektorunun baş məsləhətçisi işləyir. 04 iyul 2023-cü il tarixdə Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşlarının dəvəti ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında evin həyətyanı sahəsinə baxış keçirilməsində aqronom kimi iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində mişar daşından tikilmiş, üstü açıq olan yarımtikili olan otaqda torpaq qatının üzərində 5 ədəd, digər otaqda torpaq qatının üzərində 2 ədəd, digər otaqda isə torpaq qatının üzərində bir ədəd əkilmiş 8 ədəd çətənə kolları aşkar edilmişdir. Həmin kollara baxış zamanı onlara aqrotexniki qaydada qulluq olunduğunu, kolların təxminən 0,50 metrdən 1,7 metrə qədər hündürlükdə olduğunu müəyyən etmişdir. Aşkar olunmuş çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq qablaşdırılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri, C.Cabbarlı küçəsi 26 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həyətdəki yarımtikiliyə daxil olub sağ kənarda yerləşən otaqda 5 ədəd çətənə kollarına bənzər bitkiləri göstərib həmin kolları əkib becərdiyini bildirmişdir. Bundan sonra aqronom Şahid4 həmin 5 ədəd çətənə kollarına bənzər bitkilərə baxaraq onlara aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs həmin otaqdan çıxıb sağ kənarda yerləşən digər otağa daxil olub orada olan 2 ədəd kolları göstərib həmin kolların da çətənə kolları olduğunu və onları əkib becərdiyini bildirmişdir. Aqronom Şahid4 həmin 2 ədəd kollara da baxaraq onlara aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin otaqdan digər otağa keçib orada olan bir ədəd kolu göstərərək həmin kolun da çətənə kolu olduğunu və əkib becərdiyini bildirmişdir. Aqronom Şahid4 həmin bir ədəd kola da baxaraq onlara aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Bundan sonra aşkar olunmuş 8 ədəd çətənə kollarına bənzər bitkilər kökündən çıxarılaraq qablaşdırılmışdır. Hacıqabul rayon DAİM-də bitkiçilik sektorunun baş məsləhətçisi Şahid4 tərəfindən verilmiş rəydən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 fərdi evin həyətyanı sahəsinin bağ hissəsində əkdiyi bitkilərə baxış keçirilən zaman aşkar olunmuşdur ki, bağ hissəsində inşası tamamlanmamış yarımtikilinin daxilində 3 hissədə əkilmiş 1 otaqda 5 ədəd, 2-ci otaqda 2 ədəd, 3-cü otaqda 1 ədəd, cəmi 8 ədəd çətənəyə bənzər bitki kolları əkilmişdir. Bitki kollarının ölçüsü 0,50-1,70 metr olmaqla onlara aqrotexniki qaydada qulluq göstərilmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/694 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs oğlnunu yaşadığı mənzilin həyətyanı sahəsindən…» sözləri və imzalar olan sintetik torbanı ümumi sayı 8 ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi - 1200,0 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 8 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İİİ siyahısının 1.2-ci bəndində çətənə növlü bitkilərin xeyli miqdarı dedikdə 3-15 ədəd (6-30 hissə) başa düşülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4353 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında” xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri, C.Cabbarlı küçəsi 26 nömrəli evin həyətyani sahəsində aşkar olunaraq götürülmüş 8 ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və həmin evin həyətyanı sahəsinə baxış keçirilməsini özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Hacıqabul şəhər İƏD-nin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 655 saylı arayışdan müəyyən olunur ki, Əliyev X2 şəhəri, C.Cabbarlı küçəsi 26 saylı ünvanda ailə üzvləri - həyat yoldaşı X4 ilə birlikdə yaşayır. Hacıqabul şəhər İƏD-nin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmur. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X3 azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən, məhkəmə aktının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dörd dəfə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmiş, bütün məhkumluqları ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 fevral 2013cü il tarixli Qərarında qeyd edilmişdir ki, CM-in 237.1-ci maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə, onların (onların hissələrinin) toplanmasına, habelə çətənə, xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiya edilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin obyektiv cəhəti tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, toplanması və kultivasiyasında əks olunur. Bu əməllər nəticəsində törədilən cinayət formal tərkibli olduğundan tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, toplama, habelə tərkibində xüsusi növ narkotik maddələr olan bitkiləri kultivasiya etmə anından cinayət başa çatmış hesab olunur, yəni cinayətin başa çatması əməlin ictimai təhlükəli nəticəyə səbəb olması ilə şərtlənmir. Məhkəmə iclasında tədqiq edilmiş və bir-biri ilə uzlaşan təqsirləndirilən şəxsin etirafedici ifadəsi, baxış keçirilməsi haqqında protokol, ekspertiza rəyi və digər sənədlərlə müəyyən edilir ki, təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik xassəli çətənə (kannabis) növünə aid olan xeyli miqdar hesab edilən 8 ədəd bitki kolunu əkib becərməklə yetişdirmiş, onlara aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuna uyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Çünki, məhkumluqları ödənilmiş olsa da, təqsirləndirilən şəxsin əvvəllər dörd dəfə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilməsi onun cinayət törətməyə meyilli şəxs olmasına, əvvəlki cəzaların onun islah olunması üçün kifayət etməməsinə dəlalət etməklə yanaşı şəxsiyyətini mənfi səciyyələndirir. Digər tərəfdən, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi (aşkar olunmuş çətənə bitkilərinin sayı və çəkisi) nəzərə alındıqda, onun barəsində yalnız CM-in 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla belə məhkəmə təqsirləndirilən şəxsin yaşını, ailə vəziyyətini nəzərə alaraq ona aşağı həddə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 8 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM 132). Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31,95 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və müalicəyə ehtiyacının olması müəyyən olunduğundan, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93- 1.2-ci maddələrinə əsasən onun barəsində tibbi xarakterli məcburi tədbir tətbiq olunmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 08 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********). Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar