Məhkəmə qərarları › İş №1(071)-9/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-9/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-9/2023 27.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X2 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1955-ci il tarixdə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olan və yaşamış, barəsində “həbs”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair hissədə cinayət işinin materialına məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: Təqsirləndirilən şəxs, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd siqaretin gümüşü rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 0,690 qram narkotik vasitə olan heroini əldə edib əynində olan boz rəngli şalvarının qabaq sağ cibində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsində 71 №-li fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Hacıqabul RPŞ-nə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd edilən narkotik vasitə onun üzərindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 18-19 il bundan əvvəl Hacıqabul şəhərində zibillikdən bir ədəd “kalaşnikov” markalı silah tapmışdır. Həmin silahı maraq üçün götürərək yaşadığı evin zirzəmisində saxlamışdır. 21 sentyabr 2022ci il tarixdə saat 17 radələrində Hacıqabul şəhərində H.Z.Tağıyev küçəsində piyada gedərkən bir ədəd içərisi dolu olan kağız bükümü görüb yerdən götürüb içərisinə baxmış, bükümün içərisində heroin olduğunu görmüşdür. Narkotik vasitə istifadəçisi olduğuna görə bir büküm heroini şalvarının cibinə qoymuşdur. Həmin vaxt yaşadığı evə doğru piyada gedərkən Hacıqabul rayon PŞ-nin polis əməkdaşları ona yaxınlaşıb ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Hacıqabul rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində ondan üzərində qanunsuz hər hansı əşya olub-olmaması soruşulmuş, bu zaman o, şalvarının cibində olan kağız bükümü təqdim edərək içərisində heroin olduğunu demişdir. Həmin vaxt o, həmçinin evində avtomat silah olduğunu, həmin silahı 18-19 il əvvəl tapdığını demişdir. Onun bu sözündən sonra polis əməkdaşları onunla birlikdə yaşadığı evə getmişdir. Həmin vaxt o, yaşadığı evin birinci mərtəbəsində yerləşən otaqda şkafın arxasında kisədə gizlətdiyi silahı polis əməkdaşlarına təqdim etmişdir. Həmin silahdan o, heç vaxt istifadə etməmiş, silahdan heç bir atəş açmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul rayon polis şöbəsinin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkkili işləyir. 21 sentyabr 2022-ci il tarixdə Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi, ev 71-də yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Daxil olmuş məlumat əsasında baş əməliyyat müvəkkili Şahid2la birlikdə həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ cibindən bir ədəd kağız bükümü çıxarıb təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni yerdən tapdığını demişdir. Bundan əlavə Təqsirləndirilən şəxs bildirmişdir ki, 18-19 il bundan əvvəl zibillikdən “Kalaşnikov” markalı avtomat silah tapmış və bu müddət ərzində silahı yaşadığı evdə saxlamışdır. Təqsirləndirilən şəxs verdiyi bu məlumat əsasında özünün razılığı ilə onun evinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin alt mərtəbəsində yerləşən otaqda şkafın arxasında kisənin içərisində olan silahı onlara təqdim etmişdir. Təqdim edilən silah qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla bağlı daxil olmuş əməliyyat məlumatı yalnız onun qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması ilə bağlı olmuşdur. Onun qanunsuz olaraq odlu silah saxlaması ilə bağlı onlarda hər hansı məlumat olmamışdır. Narkotik vasitə saxlaması şübhəsi ilə saxlanılıb polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs özü bildirdi ki, bundan əlavə yaşadığı evdə “Kalaşnikov” markalı avtomat vardır. Təqsirləndirilən şəxs yaşadığı evdə silah saxlaması ilə bağlı məlumatı verməsəydi, onun yaşadığı evə baxış keçirilməyəcəkdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1955-ci il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. “Şəxsi axtarış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ondan üzərində qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ cibində bir ədəd siqaretin gümüşü kağız bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bir ədəd kağız bükümə baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni Hacıqabul şəhəri ərazisində yerdən tapdığını və istifadə etmək məqsədi ilə üzərində saxladığını, həmçinin 19 il bundan əvvəl zibillikdən tapdığı Kalaşnikov markalı avtomatı yaşadığı evdə saxladığını və təqdim edə biləcəyini demişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 18/1046 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd kağız bükümdə təmiz çəkisi-0,690 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,05 qramı sərf edildikdən sonra, 0,640 qram qalıq qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6698 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, yaşı ilə əlaqədar ona məcburi müalicə təyin edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,640 qram qalan narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır. Hacıqabul Rayon Məhkəməsinin 4(071)-129/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroini əldə edib üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda (dörd dəfədən artıq miqdarda) narkotik vasitə olan heroini əldə edib daşıyaraq saxlaması, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,640 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (CPM 132). Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması, lakin yaşı ilə əlaqədar onun barəsində məcburi müalicə təyin edilməsinin mümkün olmaması qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Odur ki, məhkəmə qanunvericiliyin həmin tələbinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunsa da, onun yaşı 60-dan yuxarı olduğundan barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Sultanağa oğlu tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 13 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 Sultanağa oğlunun işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 78 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0,640 qram olan narkotik vasitə heroin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat, doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 Sultanağa oğlunun işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 78 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar