Məhkəmə qərarları › İş №1(071)-9/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-9/2024

27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-9/2024 27.03.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X2 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Hacıqabul şəhəri, Koroğlu küçəsi 8 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 29 aprel 2023-cü il tarixdə saat 23 radələrində Hacıqabul şəhəri, Koroğlu küçəsində öncədən tanıdığı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun onu təhqir etməsini bəhanə edərək Zərərçəkmiş şəxs üzərinə hücum edib, özünü ətrafdakılara qarşı qoyaraq cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış qaydalarını, ictimai qaydanı qərəzli surətdə pozub, özünü cəmiyyətdəki şəxslərin fövqündə qoyaraq ətrafdakı şəxslərin yanında xuliqanlıq niyyəti ilə sonuncunun sinəsinin sol nahiyəsindən bir neçə dəfə yumruqla qəsdən vuraraq ona döş qəfəsinin sol hissəsinin qançırı, sol Xİ-Xİİ qabırqaların bitişməkdə olan sınıqları ilə nəticələnən, dərəcəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmaqla xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 30 aprel 2023-cü il tarixdə qonşusu Şahid2 oğluna kiçik toy məclisi edəcəkdi. Bir gün əvvəl, yəni 29 aprel 2023-cü il tarixdə o, Şahid2 həyətində təşkil etdiyi toy axşamına getmiş və orada qonaqlara qulluq edilməsində Familə köməklik göstərmişdir. Həmin vaxtı əvvəldən tanıdığı Zərərçəkmiş şəxs də toy axşamına gəlmişdir. Saat 22:30 radələrində toy axşamında Novruz onu yanına çağırıb siqaret istəmiş və o, cibindən «Kent» siqaretinin qutusunu çıxarıb bir ədədini və alışqanı Novruza vermişdir. Novruz siqaretə baxandan sonra «Nahid, bu siqaret kişi siqaretidir?» demişdir. Novruzun davranışı xoşuma gəlmədiyinə görə bir müddət sonra onu çölə küçəyə çağırmışdır. Həyətdən bir qədər aralaşdıqdan sonra küçədə qaranlıq bir yerdə Novruza zarafatının düzgün olmadığını demişdir. Bu zaman aralarındakı söhbət mübahisəyə çevrilmiş və mübahisə zamanı onlar əlbəyaxa olmuşlar və bir-birilərinə yumruq və təpiklə vurmuşlar. Həmin vaxtı o, Novruza kəllə ilə vurmamış, nə də ona qabırğası sınacaq qədər xəsarət yetirməmişdir. Dava zamanı onların yanında heç kim olmamışdır. Sonra hadisə yerinə anası Şahid3 və qardaşı Şahid1 gəlmiş və onları aralamışdır. Anası onu evə aparmış, Novruz isə orada qalmışdır. Hadisədən sonra Novruzla bir neçə dəfə barışıq əldə etməyə çalışmışdır. Lakin, hər dəfəsində Novruz ondan barışmaq üçün 1000 manat pul tələb etmişdir. Onun həmin pulu ödəməyə maddi imkanı olmadığına görə Novruz onunla barışmamış və baş vermiş hadisəyə görə ondan polisə şikayət ərizəsi vermişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi iki, Təqsirləndirilən şəxs Hacıqabul şəhər sakini kimi tanıyır, onunla hər hansı ədavəti olmamışdır. 29 aprel 2023-cü il tarixdə tanışı Şahid2 oğlunun toy axşamı məclisinə getmişdir. Toy axşamında olan şəxslərlə birlikdə yemək yeyib spirtli içki qəbul etmişdir. Nahid isə məclisdə qonaqlara qulluq edirdi. Həmin günü saat 23 radələrində Nahiddən siqaret istəmişdir. Siqareti istəyən zaman isə zarafat mənasında Nahidə kişi siqareti verməsini demişdir. Onunla başqa heç bir zarafatı olmamışdır. Bundan bir qədər müddət keçdikdən sonra Nahid onu küçəyə çağırmışdır. Küçəyə çıxdıqdan və təxminən 15 metr getdikdən sonra Nahid ona zarafatının xoşuna gəlmədiyini demişdir. Bu zaman aralarında mübahisə başlamışdır. Mübahisə zamanı Nahid onu yumruq və təpik zərbələri ilə vurmuşdur. Hadisə vaxtı onların yanında heç kim olmamışdır. Nahid onu vurduqdan sonra o, huşunu itirib yerə yıxılmışdır. Ayıldıqda Nahidin anası və qardaşının yanlarında olduğunu görmüşdür. Ona elə gəlir ki, Nahidin qardaşı Vüqar da onu vurmuşdur. Hadisədən sonra evinə getmişdir. Bir neçə gün keçdikdən sonra Nahidə zəng etmişdir ki, vəziyyəti pisdir, müalicə almalıdır. Nahidin qaynı Xəyal onun vəziyyəti ilə maraqlandı. Lakin, Nahid onu müalicə etdirmədiyinə görə baş vermiş hadisə barədə polisə şikayət ərizəsi vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, 30 aprel 2023-cü il tarixdə oğlu Amil üçün kiçik toy məclisi olacaqdı. Bu məqsədlə 29 aprel 2023-cü il tarixdə yaşadığı evin həyətində toy axşamı keçirmişdir. Toy axşamına tanışı Zərərçəkmiş şəxs, qohumları, qonşuları, o cümlədən Şahid1 və onun qardaşı Təqsirləndirilən şəxs da gəlmişdilər. Yaşadığı evin həyətinə qonaqlar gəldikləri üçün qonaqlar ilə maraqlanıb onlara qulluq etdirir və digər işlərlə məşğul olurdu. Həmin günü axşam saat 22:30 radələrində bəzi məhsulları almaq üçün mağazaya getmişdir. Mağazadan qayıdanda Nahid ilə Novruzun küçədə dalaşdıqlarını öyrənmişdir. O, Nahid ilə Novruz arasındakı mübahisəni görməmişdir. Sonradan öyrənmişdir ki, Novruz siqaret məsələsi ilə bağlı Nahidlə zarafatlaşmış və mübahisə də həmin məsələyə görə baş vermişdir. Bir neçə gün sonra Nahidin qaynı Xəyal onunla telefon əlaqəsi yaradaraq Novruzun Nahid tərəfindən döyülməsinə görə xəsarət aldığını və onu birgə həkimə aparmasını xahiş etmişdir. Etiraz etməyib Xəyal ilə birlikdə Novruzu Şirvan şəhər mərkəzi xəstəxanasına aparmışlar. Orada Novruz həkim müayinəsindən keçəndən sonra Hacıqabul şəhərinə gəlib Novruzu evinə və özü isə yaşadığı evinə gəlmişdir. Aradan bir neçə gün keçəndən sonra Novruzun Nahiddən şikayət etməsini öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, 03 may 2023-cü il tarixdə yeznəsi Nahid ona zəng edərək Novruz adlı şəxslə mübahisəsi olduğunu və mübahisə zamanı onunla əlbəyaxa olduğunu bildirmiş, Novruz ilə maraqlanmasını xahiş etmişdir. Bu məqsədlə Şahid2 ilə telefon əlaqəsi yaradaraq Novruzu tanıdığını, onunla birlikdə Novruzun evinə getməsini xahiş etmişdir. Famil də etiraz etməmişdir. Famil ilə birlikdə Novruzun yaşadığı evinə getmişdir. Novruzla görüşüb tanışlıq vermiş və üzrxaqlıq edib səhhətində problemi varsa həkimə apara biləcəyini demişdir. Novruz da Nahid tərəfindən vurulan zaman xəsarət aldığını və həkimə getməyə ehtiyacı olduğunu bildirmişdir. Novruzu Famil ilə birlikdə Şirvan şəhər mərkəzi xəstəxanasına aparmış, həkim müayinəsindən keçəndən sonra lazım olan dərman preparatlarını alıb onu yaşadığı evinə gətirmiş və cibinə də pul qoymuşdur. Aradan bir neçə gün keçdikdən sonra Novruz telefonla zəng edərək ağrıdığını, Qarasu kəndində təbabətlə məşğul olan şəxsin yanına getmək istədiyini bildirmişdir. Bu məqsədlə onu Qarasu kəndinə aparmış, orada ona bel hissəsinə “karset” bağlanılması məsləhət bilinmişdir. 50 manat dəyərində bir ədəd “karset” alıb Novruza vermişdir. Bir neçə gün sonra Novruz onunla əlaqə saxlayaraq işlədiyi idarədə onun üçün bir aylıq məzuniyyət almasını, məzuniyyət pulunu alıb yaşadığı evdə qalmaq istədiyini demiş, lakin o Novruza bunu edə bilməyəcəyini demişdir. Bir neçə gündən sonra Novruzun rayon PŞ-nə şikayət etdiyini eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. 30 aprel 2023-cü il tarixdə qonşusu Şahid2 oğlunun kiçik toy məclisi olacaqdı. O da bir qonşu kimi 29 aprel 2023-cü il tarixdə toy axşamında iştirak etmək üçün Familin yaşadığı evin həyətinə getmişdir. Orada bir neçə saat olduqdan sonra təxminən saat 22:30 radələrində oğlu Vüqar ilə yaşadıqları evə getmişdir. Təxminən yarım saatdan sonra oğlu Vüqar ilə yaşadıqları evin küçəsinə çıxdıqda evdən kənarda kiçik oğlu Nahid ilə sonradan tanıdığı Novruz adlı şəxsin dalaşdıqlarını görmüşdür. Oğlu Vüqar ilə onların yanına gedərək onları aralaşdırmış və hər ikisini danlamışdır. Sonra Nahidi evinə gətirmiş, Novruz isə orada qalmışdır. Bir neçə gün keçdikdən sonra Novruzun Nahid barəsində polisə şikayət etdiyini öyrənmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunaraq tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs Hacıqabul şəhər sakini kimi tanıyır, onunla hər hansı bir düşmənçiliyi və yaxud ədavəti yoxdur. 30 aprel 2023-cü il tarixdə Hacıqabul şəhərində qonşusu Şahid2 adlı şəxsin oğlunun kiçik toy məclisi olacaqdı. 29 aprel 2023-cü il tarixdə toy axşamında iştirak etmək üçün Familin yaşadığı evin həyətinə getmiş və toy axşamına gələn qonaqlara qulluq olunmasına köməklik etmişdir. Sonra işi olduğu üçün yaşadığı evə getmişdir. Həmin günü 23 radələrin olardı, yaşadığı evin həyətindən küçəyə çıxarkən yaşadığı evdən kənarda qardaşı Nahid ilə tanıdığı Novruzun mübahisə edib dalaşdıqlarını görmüşdür. Anası Şahid3 ilə onların yanına gedib Nahid ilə Novruzu aralaşdırıb sakitləşdirmiş və Nahidi evə aparmışlar, Novruzun isə orada qalmışdır. Bir neçə gün sonra isə Novruz döyülməsi barədə polisə şikayət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Üzləşdirmə keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ifadələri arasında yaranmış ziddiyyətlə bağlı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzünə qarşı xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhəri, Koroğlu küçəsində ona xəsarət yetirən zaman onların yanında heç kimin olmaması barədə ifadəsini təsdiq etmişdir. Zərərçəkmiş şəxs isə mübahisənin zarafatla siqaret istəmə məsələsinə görə yarandığını, Nahidin onu küçəyə çağırdığını və küçədə onu yumruq və təpiklə vurduğunu bildirmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 132 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmş xəsarətlər – döş qəfəsinin sol hissəsinin qançırı, sol Xİ-Xİİ qabırqaların bitişməkdə olan sınıqları kimi xəsarətlər vardır. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə, yəni kənar şəxs(lər) tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2023-cü il tarixə uyğundur. Qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Hacıqabul rayonu İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 669 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qeydiyyatdadır və ailə üzvləri - arvadı, 2007 və 2011-ci il təvəllüdlü olmaqla iki yetkinlik yaşına çatmayan uşaqdan ibarətdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, ilk növbədə məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna əsaslanmaqla qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı xuliqanlıq niyyəti ilə qəsdən döş qəfəsinin sol hissəsinin qançırı, sol Xİ-Xİİ qabırqaların bitişməkdə olan sınıqları ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlərin yetirilməsi təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işdə olan ekspertiza rəyi və istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilir. Belə ki, baş vermiş hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında həm təqsirləndirilən şəxs, həm də zərər çəkmiş şəxs iş üzrə şahid qismində dindirilmiş Şahid2 yaşadığı fərdi yaşayış evinin həyətində oğlu üçün keçirilən toy axşamı məclisində iştirak etmişlər. Həmin vaxt zərər çəkmiş şəxs təqsirləndirilən şəxsdən bir ədəd siqaret istəmişdir. Təqsirləndirilən şəxs cibində olan “Kent” adlı siqaretin bir ədədini zərər çəkmiş şəxsə təqdim etdikdən sonra, zərər çəkmiş şəxs təqsirləndirilən şəxsə “Nahid bu kişi siqaretidir?” sualını vermişdir. Zərər çəkmiş şəxsin bu davranışından hiddətlənən təqsirləndirilən şəxs zərər çəkmiş şəxsi məclisin keçirildiyi həyətyanı sahədən kənara, yəni küçədə heç kimin olmadığı bir yerə çağırmış və orada zərər çəkmiş şəxsə davranşının düzgün olmadığını demişdir. Bu zaman aralarındakı söhbət mübahisəyə çevrilmiş və mübahisə zamanı təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə yumruq zərbələri vuraraq ona az ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Bundan sonra hadisə yerinə gələn təqsirləndirilən şəxsin anası və qardaşı onları aralaşdırmış və mübahisə başa çatmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CMin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. Göründüyü kimi, şəxsiyyət əleyhinə törədilən hər hansı bir cinayət əməli heç bir səbəb olmadan, yaxud cüzi səbəbdən törədilirsə, həmin əməl xuliqanlıq niyyəti ilə törədilmiş hesab olunur. Hazırki iş üzrə təqsirləndirilən şəxslə zərər çəkmiş şəxs arasında münaqişə isə hər hansı əsaslı bir səbəbdən deyil, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən aldığı siqaretlə bağlı “bu kişi siqaretidir?” deməsi kimi cüzi bir səbəbdən baş vermiş və təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin məhz bu davranışından hiddətlənərək onun sağlamlığına qəsdən az ağır xəsarət yetirmişdir. Məhkəmə hesab edir ki, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə “bu kişi siqaretidir?” deməsi, təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsin sağlamlığına zərər vurması üçün əsaslı səbəb hesab edilə bilməz. Belə olan vəziyyətdə məhkəmə, təqsirləndirilən şəxsin xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər yetirməsi ilə bağlı istintaq orqanının gəldiyi qənaətlə razılaşır və hesab edir ki, təqsirləndirilən şəxsin həmin əməli Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. İbtidai istintaq orqanı tərəfindən eyni zamanda təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, ictimai yer olan – Hacıqabul şəhəri, Koroğlu küçəsində ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı qərəzli surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid edilən xəsarət yetirərək xuliqanlıq etmişdir. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının uzun müddətdə pozulmasına səbəb olan xəsarət yetirsə də, həmin əməli ictimai qaydanı kobud surətdə pozmaqla və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə xx.xx.2023-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin bilavasitə hadisədən əvvəl, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduqları ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı ifadələrində 29 aprel 2023-cü il tarixdə Şahid2 həyətində təşkil etdiyi toy axşamında iştirak etdiyini, toy axşamında Novruzun onu yanına çağırıb siqaret istədiyini, cibindən «Kent» siqaretinin qutusunu çıxarıb bir ədədini Novruza verdiyini, Novruz siqaretə baxandan sonra «Nahid bu siqaret kişi siqaretidir?» dediyini, Novruzun davranışı xoşuna gəlmədiyinə görə onu çölə küçəyə çağırdığını, həyətdən bir qədər uzaqlaşdıqdan sonra küçədə qaranlıq bir yerdə Novruza zarafatının düzgün olmadığını dediyini, bu zaman aralarındakı söhbətin mübahisəyə çevrildiyini və birbirilərinə yumruq və təpiklə vurduqlarını, sonra hadisə yerinə anası və qardaşının gələrək onu evə apardıqlarını, Novruzun isə orada qaldığını bildirmişdir. Zərər çəkmiş şəxs də ibtidai istintaq zamanı həm ilkin izahatlarında, həm də zərər çəkmiş şəxs qismində dindirilərkən hadisə ilə bağlı ifadələrində bildirmişdir ki, 29 aprel 2023-cü il tarixdə tanışı Şahid2 oğlunun toy axşamı məclisinə getmiş, həmin günü saat 23 radələrində toy axşamında iştirak edən Təqsirləndirilən şəxs siqaret istəmişdir. Siqareti istəyən zaman isə zarafat mənasında “Nahid, bu kişi siqaretidir?” demiş, bundan bir qədər müddət keçdikdən sonra Nahid onu küçəyə çağırmışdır. Küçəyə çıxdıqdan sonra Nahid ona zarafatının xoşuna gəlmədiyini demişdir. Bu zaman aralarında mübahisə başlamışdır. Mübahisə zamanı Nahid onu yumruq və təpik zərbələri ilə vurmuşdur. Hadisə vaxtı onların yanında heç kim olmamışdır. Nahid onu vurduqdan sonra o, huşunu itirib yıxılmışdır. Göründüyü kimi, məhkəmə istintaqı zamanı həm təqsirləndirilən şəxsin, həm də zərər çəkmiş şəxsin ifadələri – hadisənin baş vermə səbəbi, yeri və mexanizmi ilə bağlı hissədə bir-biriləri uzlaşır. Cinayət işi üzrə şahid qismində dindirilmiş şəxslərdən Şahid2 və Şahid4 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi zamanı orada olmadıqlarını və hadisəni bilavasitə görmədiklərini bildirmişlər. Digər şahidlər – təqsirləndirilən şəxsin qardaşı Şahid1 və anası Şahid3 isə ifadələrində təqsirləndirilən şəxslə zərər çəkmiş şəxsin küçədə dalaşdıqlarını görüb onları aralaşdırdıqlarını və Nahidi evə apardıqlarını bildirmişlər. Göründüyü kimi, hadisə günü təqsirləndirilən şəxs siqaretlə bağlı zərər çəkmiş şəxsin davranışını aydınlaşdırmaq üçün sonuncunu toy axşamı məclisinin keçirildiyi və insanların çoxluq təşkil etdiyi həyətyanı sahədən kənara, yəni küçədə heç kimin olmadığı bir yerə çağırmış və baş vermiş münaqişə zamanı təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsi vurması və sonra hadisə yerindən getməsi ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və «cinayətin bilavasitə obyekti» adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üst-üstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Həmin normaya əsasən xuliqanlıq cinayətinin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığı, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Həmçinin, təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, "B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 17 fevral 2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv ve məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş vermesini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir”. Konstitusiya Məhkəməsi həmin qərarda həmçinin qeyd etmişdir ki, "Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz". Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsə qarşı hərəkətləri, o cümlədən onun zərər çəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmasının motivi cəmiyyətə açıqca hörmətsizlik göstərmək, ictimai qaydanı kobud şəkildə pozmaq kimi xuliqanlıq motivinin əsasını təşkil edən niyyət və məqsədlər deyil, hadisədən əvvəl zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə siqaret məsələsi ilə bağlı dediyi sözləri ona irad tutması ilə əlaqədar şəxsi münasibətlərinin pozulmasından yaranan, hadisə günü də özünü göstərən münaqişəli vəziyyətlə şərtlənmiş, yəni cinayətkar hərəkətlərini törədərkən təqsirləndirilən şəxsin qəsdi birbaşa ictimai qaydanın qərəzli surətdə pozulmasına, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməmişdir. Hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz qərəzli şəkildə pozulmasına dəlalət edən (o cümlədən, bu pozuntunun nədə ifadə olduğunu göstərən) konkret faktlar isə nəinki məhkəmədə müəyyən edilməmiş, belə faktlara heç təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda da istinad olunmamışdır. Belə ki, ittihamda təqsirləndirilən şəxsə istinad edilən cinayətləri yaradan hallar kimi müstəsna olaraq onun zərərçəkmiş şəxsə qarşı törətdiyi hərəkətlər təsvir edilmiş və xuliqanlıq cinayətinə aid əlamətlər sadalanmışdır. Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın qərəzli surətdə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edilməsi göstərilsə də, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz qərəzli olmasına dəlalət edən hallar ittihamda müəyyən edilmiş saydıqları xuliqanlıq cinayətinin təsvirində əks etdirilməmiş, xuliqanlıq cinayətinə dair ittiham təqsirləndirilənin “ictimai qaydanı qərəzli surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmişdir. Bundan başqa, ittihamda cinayətin Hacıqabul şəhəri, Koroğlu küçəsində baş verməsi göstərilsə də, məhkəmə qeyd edir ki, cinayətin ictimai yerdə baş vermiş olması özlüyündə əməlin xuliqanlıq kimi qiymətləndirilməsi üçün yetərli deyil. Belə ki, bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk etməli və bunu arzu etməlidir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, ittihamda təqsirləndirilən şəxsin bu cinayəti ətrafdakı şəxslərə məhəl qoymadan törətməsi göstərilsə də, istintaq orqanı tərəfindən hadisə zamanı həqiqətən də orada hər hansı kənar şəxslərin olması müəyyən edilməmiş, həmin şəxslər müəyyən edilərək şahid qismində dindirilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hadisə baş verən yerdə təqsirləndirilən şəxslə zərər çəkmiş şəxsin yanında heç kim olmamışdır. Sonradan hadisə yerinə təqsirləndirilən şəxsin anası və qardaşı gələrək onları aralaşdırmış və təqsirləndirilən şəxsi evlərinə aparmışdır. Hadisə günü təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsin davranışını aydınlaşdırmaq üçün sonuncunu toy axşamı məclisinin keçirildiyi və insanların çoxluq təşkil etdiyi həyətyanı sahədən kənara, yəni küçədə heç kimin olmadığı bir yerə çağırması və orada zərər çəkmiş şəxsi vurması da ona dəlalət edir ki, təqsirləndirilən şəxsin qəsdi ictimai qaydanı pozmağa, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməyə yönəlməmişdir. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 58-ci bəndində qeyd olunur ki, əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 42.1 və 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda ona qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi (obyekt və subyektiv cəhət) olmadığından, ona həmin maddə ilə bəraət verilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayət tərkibinin olmaması onun əməlinin xuliqanlıq niyyəti ilə törədilən qəsdən sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilməsinə mane olmur. Başqa sözlə desək, cinayət hüququnda xuliqanlıq əməli ilə xuliqanlıq niyyəti ilə törədilən əməl fərqləndirilir və şəxsin əməlində xuliqanlıq cinayət əməli olmasa belə, onun əməli xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi qiymətləndirilə bilər. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2004-cü il tarixli Qərarının 5-ci bəndində qeyd olunur ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Bununla yanaşı məhkəmə, təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs ilə aralarında yaranmış münaqişə zamanı ona qabırğası sınacaq qədər xəsarət yetirməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq, həmin ifadəni məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla (zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi) tam təsdiq olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində yaranmış mübahisə zamanı təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə yumruq zərbələri vuraraq ona döş qəfəsinin sol hissəsinin qançırı, sol Xİ-Xİİ qabırqaların bitişməkdə olan sınıqları ilə nəticələnən xəsarətlər yetirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə əhatə olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır (CM 59.1.4, 59.2). Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan əlavə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 34 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 204 manat pul köçürülməlidir. İş üzrə maddi sübut, müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Hacıqabul rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 204 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Haciqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar