Məhkəmə qərarları › İş №1(071)-95/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-95/2025

25.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-95/2025 25.09.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul-Şirvan avtomobil yolunun Hacıqabul şəhəri ərazisindən keçən hissəsinə daşımış, 22 aprel 2025-ci il tarixdə saat 18 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul-Şirvan avtomobil yolunun Hacıqabul şəhəri ərazisindən keçən hissəsində yolun kənarında yerləşən "ENDİ" marketin qarşısında saxlanılaraq üzərində yoxlama aparılarkən 01 ədəd polietilen kəsiyi bükümündə şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,372 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynindəki göy rəngli cins şalvarının sol arxa cibindən aşkar edilib götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən 6 aya yaxındır ki, güclütəsiredici maddə olan preqabalin həbindən və psixotrop maddə metamfetamindən istifadə edir. Oğurluq cinayətini törətdiyinə görə Abşeron rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 19 iyul 2023-cü il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra bədənində ağrılar yaranmağa başlamışdır. Ağrıları azaltmaq məqsədilə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən və preqabalin həblərindən istifadə etməyə başlamışdır. Metamfetamindən və preqabalindən bir neçə dəfə istifadə etdikdən sonra ağrıları azaldığından ağrıları olan zaman arabir istifadə etmişdir. İstifadə etdiyi metamfetamin və preqabalin həblərini teleqram mobil tətbiqində tanış olduğu tanımadığı şəxslərdən müəyyən məbləğ qarşılığında əldə etmişdir. Tutulmamışdan bir gün əvvəl, yəni 21 aprel 2025-ci il tarixdə günorta saatlarında yaşadığı Şirvan şəhəri İsmət Qayıbov küçəsində olan zaman hazırda yadında qalmayan xarici mobil nömrəyə sms yazaraq istifadə etməsi üçün metamfetamin və preqabalin həbləri sifariş vermişdir. Daha sonra ona gələn məkan və fotoşəkillər əsasında Şirvan şəhərində şifariş verdiyi 01 ədəd bükümdə olan metamfetamini və 08 ədəd preqabalin həblərini 50 manat qarşılığında qoyulduğu yerdən götürmüşdür. Bundan sonra hər ikisini əynindəki şalvarının ciblərinə qoyub həmin hissədən uzaqlaşıb getmişdir. Ertəsi gün, yəni 22 aprel 2025-ci il tarixdə saat 18 radələrində ərzaq almaq üçün Hacıqabul şəhərində yerləşən Endi adlanan ərzaq mağazasının qarşısına gəlmişdir. Həmin vaxt əldə etdiyi preqabalin həblərini əynindəki göy rəngli cins şalvarı ilə bel nahiyəsinin arasında gizlətmiş, 01 ədəd bükümdə olan metamfetamini isə şalvarının arxa sol cibinə qoymuşdur. Mağazanın giriş qapısına yaxınlaşmaq istəyən zaman mülki geyimdə olan şəxslər ona tərəf yaxınlaşmış və Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Onun qanunsuz olaraq psixotrop maddə əldə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərində yoxlama aparılacağını ona bildirib hüquq və vəzifələrini elan etmişlər. Polis əməkdaşları qoluna qandal vuraraq üzərində yoxlama aparmağa başlamışlar. Əməliyyatçı onun üzərində aparılacaq yoxlama zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra üzərində yoxlama aparılması barədə əməliyyatçı məlumat verərək, üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini istəməsi barədə təklif etmişdir. O, əynindəki şalvarının bel hissəsini göstərərək, həmin hissədə preqabalin həbləri olduğunu bildirmişdir. Əməliyyatçı üzərində yoxlama aparmağa başlamış və əynində olan göy rəngli cins şalvarının bel hissəsindən 01 ədəd sellofan torbaya bükülmüş 08 ədəd preqabalin həblərini aşkar edərək götürmüşlər. Həmin həblər zərfə qoyularaq möhürlənmişdir. Daha sonra üzərində yoxlama davam etdirilmiş və əynində olan göy rəngli cins şalvarının arxa sol cibinə qoyduğu 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamin həmin cibindən aşkar olunaraq götürülmüşdür. Əməliyyatçı Şahid1 tərəfindən cibindən aşkar olunan içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan büküm zərfə qoyularaq möhürlənmişdir. O, əvvəl məhkum olunduğu üçün məsuliyyətdən necə yayına biləcəyini bildiyindən, üzərindən aşkar olunan psixotrop maddə metamfetaminin ona məxsus olmadığını, cibində olmasından məlumatının olmadığını, həmin kütlənin polis əməkdaşları tərəfindən tutulan zaman üzərinə qoyulduğunu bildirmişdir. Lakin, əməliyyatçı onun dediklərinə məhəl qoymayaraq sənədləşməyə davam ediyindən yalan danışmağın mənasız olduğunu anlamışdır. Bundan sonra üzərində yoxlama davam etdirilmiş və əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən ona məxsus olan 01 ədəd Honor markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra üzərində yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra onu polis şöbəsinə dəvət etmişlər. Birlikdə polis şöbəsinə gəldikdən sonra üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Polis geyimində olan və özünü Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Zahid Salahov kimi təqdim edən şəxsin xidməti otağına daxil olmuşlar. Zahid Salahov, ona qanunsuz olaraq psixotrop maddələri əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. O, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. X3 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərindən yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, müdafiəçinin və onun iştirakı ilə üzərindən aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmişdir. Baxış zamanı üzərindən aşkar olunan 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisinin 0,44 qram olması müəyyən edilmişdir. Daha sonra həmin əşyalar yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Polis əməkdaşları ona yaxınlaşan zaman və ya üzərində yoxlama aparılan zaman ona qarşı hər hansı bir fiziki güc və ya zorakılıq hərəkətləri etməmişlər. O, narkotik vasitə, psixotrop maddə və ya güclü təsiredici maddələrin satışı ilə məşğul olmamış, sadəcə olaraq istifadə etmişdir. Üzərindən aşkar olunan psixotrop maddədən və ya həblərdən kiminsə məlumatı olmamışdır. Üzərində yoxlama aparılması və əşyalara təkrar baxış keçirilməsi barədə tərtib edilmiş protokolların məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək barəsində ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Hacıqabul rayon X2 Mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 aprel 2025-ci il tarixdə Şirvan şəhəri sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində psixotrop maddə saxlamaqla daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. 22 aprel 2025-ci il tarixdə daxil olmuş məlumatın yoxlanılması məqsədilə, eləcə də Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi mənbənin ifşa edilməsi və üzərində yoxlama aparılması ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” onun tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul rayon polis şöbəsinin rəisinin əmri ilə qrup rəhbəri kimi ondan, qrup üzvləri kimi Hacıqabul RPŞnin əməkdaşları Şahid3, Şahid2 və Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar verilən məlumata əsasən Hacıqabul şəhəri ərazisində əməliyyat tədbirini qurmuşlar. Təqsirləndirilən şəxs 22 aprel 2025-ci il tarixdə saat 18 radələrində Hacıqabul-Şirvan avtomobil yolunun Hacıqabul şəhəri ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “ENDİ” adlanan ərzaq mağazasının qarşısında piyada hərəkətdə olmasını aşkar etmişlər. Həmin vaxt onlar Təqsirləndirilən şəxs tərəf yaxınlaşmışlar. Bundan sonra özlərini təqdim edib, Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu, buna görə də üzərində yoxlama aparılacağını bildirib, hüquq və vəzifələrini ona elan edib, yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs qoluna qandal vuraraq üzərində yoxlama aparmağa başlamışlar. O, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılması barədə məlumat vermiş və üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarı ilə bel nahiyəsi arasında həblər olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs göstərdiyi nahiyəni yoxlayan zaman 01 ədəd sellofan torbanın içərisindən 08 ədəd preqabalin adlı həbləri aşkar etmişdir. Həmin həbləri zərfə qoyaraq möhürləmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparmağa davam etmişdir. Yoxlama zamanı onun tərəfindən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının arxa sol cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan bir ədəd sellofan büküm aşkar olunaraq götürülmüşdür. Həmin kütlə zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs həmin kütlənin nə olması və nə məqsədlə üzərində saxlamaqla daşıması barədə şifahi sual vermişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin nə olduğunu bilmədiyini, cibində olmasından məlumatının olmadığını bildirmişdir. Bundan sonra üzərində yoxlama davam etdirilmiş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd Honor markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edib, birlikdə polis şöbəsinə gəldikdən sonra onun tərəfindən şübhəli şəxsin üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Daha sonra Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Zahid Salahovun xidməti otağına daxil olmuşlar. X6 Quliyevə qanunsuz olaraq psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Təqsirləndirilən şəxs, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Şirvan Regional Vəkil Bürosunun vəkili X3 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra təhqiqatçının, onun, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd sellofan kəsiyi bükümündə olan psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,44 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin əşyalar yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Bundan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs həmin kütlənin və həblərin nə olması və nə məqsədlə üzərində saxlamaqla daşıması barədə şifahi sual vermişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə metamfetaminə bənzər kütlənin və preqabalin adlanan həblərin ona məxsus olduğunu, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Onun Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs 22 aprel 2025-ci il tarixdə saxlanıldıqda, üzərində yoxlama və ondan aşkar olunaraq götürülmüş əşyaya baxış aparılan zaman ona qarşı hər hansı bir zor və ya fiziki güc tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin və üzərində preqabalin sözləri yazılmış həblərin aludəçisi olduğundan həmin psixotrop maddə metamfetamini və həbləri istifadə etmək məqsədilə əldə etdiyi və üzərində saxladığı müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid4, Şahid3 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 22 aprel 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa bel hissəsindən 8 ədəd “Preqabalin Krka 300 mq” adlı həbləri çıxarıb təhvil vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama davam etdirilmiş və yoxlama zamanı əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd selofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə və həblər zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd selofan bükümdə psixotrop maddə metamfetaminin qablaşdırıldığı zərf açılaraq həmin kütləyə baxış keçirildi və elektron tərəzidə çəkilərək kütləsinin 0,44 qram olduğu müəyyən edildi. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 18/335 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,372 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İİ siyahısının 118-ci bəndində psixotrop maddə metamfetamin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 1694 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış kağız paketdə 01 ədəd zərfdəki 08 ədəd ağ-qəhvəyi rəngli kapsulun tərkibində güclü təsir edən maddə preqabalinin təsiredici maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 2,4 qram olduğu müəyyən edildi. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 2452 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini və güclü təsir edən maddə preqabalini haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,322 qram qalan psixotrop maddə metamfetamin və 07 ədəd (2,1 qram) preqabalin kapsulları maddi sübut kimi tanınmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:16-dan etibarən faktiki azadlığı məhdudlaşdırılmış, həmin tarixdə saat 18:50-də Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Tutulmuş şəxsin azad edilməsinə dair xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmünün surətlərindən görünür ki, Quliyev X4 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azadlığa buraxılmışdır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. İş materiallarından görünür ki, Quliyev X4 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət əməli törədilərkən Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilindiyi cinayətə görə məhkumluq nəzərə alınmalı və onun əməlində cinayətlərin sadə residivinin olması müəyyən edilməlidir. Təqsirləndirilən şəxs üzərindən 8 ədəd ümumi miqdarı 2,4 qram olan güclü təsir edən maddə preqabalin aşkar edilmişdir. Cinayət Məcəlləsinin 240.1-ci maddəsində qeyd edilmişdir - Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin əldə edilməsi, saxlanılması, daşınması və göndərilməsi yalnız satış məqsədilə edildikdə ictimai təhlükəli xarakter alaraq Məcəllənin 240.1-ci maddəsinin təsiri altına düşür. Hazırki cinayət işi üzrə materiallardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 8 ədəd ümumi miqdarı 2,4 qram olan güclü təsir edən maddə preqabalin həblərini o, satış məqsədi olmadan yalnız şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamışdır. Odur ki, Təqsirləndirilən şəxs 8 ədəd ümumi miqdarı 2,4 qram olan güclü təsir edən maddə preqabalin həblərini satış məqsədi olmadan yalnız şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığından həmin əməl cinayət məsuliyyəti yaratmır. Bundan başqa, “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarda güclü təsir edən maddə preqabalin həblərinin aşkar edilməsi faktına hüquqi qiymət verilərək Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, əvvəllər cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq əvvəlki cinayət əməlinə görə məhkumluq ödənilmədən yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbs edilməlidir. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,322 qram qalan psixotrop maddə metamfetamin və 7 ədəd ümumi miqdarı 2,1 qram olan güclü təsir edən maddə preqabalin həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 120,95 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən edildiyinə görə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 28 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 308 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i̇ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 25 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 0,322 qram olan psixotrop maddə metamfetamin və 7 ədəd ümumi miqdarı 2,1 qram olan güclü təsir edən maddə preqabalin həbləri məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 120,95 manat (yüz iyirmi manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 28 (iyirmi səkkiz) saata görə 308 (üç yüz səkkiz) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Şirvan şəhər filialındakı hesabı – SWİFT kodu - İBAZAZ2X, H/N AZ85İBAZ********************, Alan bankın kod: 805681, VÖEN **********, M/H AZ03NABZ013501**********2944, VÖEN **********). Hökmdən, hökm elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar