Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-96/2022 29.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, öhdəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Hacıqabul şəhəri H.Əliyev küçəsi ev 33-də daimi qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 07 iyun 2022-ci il tarixdə saat 14 radələrində X3 məxsus Hacıqabul şəhəri 20 Yanvar küçəsi 31 nömrəli fərdi yaşayış evinin qapısının kilidini istintaq zamanı yerini müəyyən etmək mümkün olmayan kəlbətinlə qırmaqla qanunsuz olaraq evin həyətinə, oradan isə yaşayış sahəsi hesab edilən evin pəncərəsini qırmaqla qanunsuz olaraq daxil olub, evdə yaşayan zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd 300 manat dəyərində «Shivaki» markalı, «43/A9000» modelli, 109 diaqonallı smart televizoru, bir ədəd 25 manat dəyərində «SuperBox» markalı, «S8 7700FTA» modelli rəqəmsal aparatı, bir ədəd 70 manat dəyərində «24 l İzmir» markalı su qızdırıcısını gizli olaraq talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 395 (üç yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,597 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bir ədəd sellofan kəsiyi bükümündə qablaşdırılmış halda əynində olan qara rəngli cins şalvarının qabaq sağ cibində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən oğurluq cinayətində şübhəli bilindiyi üçün Hacıqabul şəhəri İ.Qayıbov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan çəkidə psixotrop maddə metamfetamin onun əynində olan qara rəngli cins şalvarının qabaq sağ cibindən bir ədəd sellofan kəsiyi bükümündə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, əvvəllər Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmuş və əvvəllər narkotik vəsitə aludəçisi olmuşdur. 3 ildir ki, Hacıqabul şəhərində yaşıllaşdırma idarəsində “DOST” işçi olaraq işləyir və 250 manat əmək haqqı alır. Maddi çətinlik çəkdiyindən və pula ehtiyacı olduğundan xx.xx.2022-ci il tarixdə qonşuluqda sahibsiz ev olduğunu bildiyindən həmin evə oğurluğa girməyi qərara almışdır. Həmin gün saat 14 radələrində yaşadığı evin həyətində köməkçi tikilidə olan kəlbətini götürüb cibinə qoyub sahibsiz olan Hacıqabul şəhəri 20 Yanvar küçəsi 31 nömrəli fərdi yaşayış evinə getmişdir. Evin giriş qapısı qıfılla bağlı olduğundan cibində olan kəlbətinlə qıfılın dəmirin kəsmiş və həyətə daxil olmuşdur. Evin giriş qapısı dəmirdən və bağlı olduğundan evin girişində olan plastik pəncərələri açmağa çalışmış, evin sağ tərəfində olan plastik pəncərəni yumruqla vurmuş, pəncərə açılmış və pəncərədən içəri daxil olmuşdur. Evin girişində qonaq otağından “SHİVAKİ” markalı televizoru, “SUPER BOX” markalı rəqamsal aparatı (tüner) və iki ədəd həmin əşyalara aid idarəetmə (pult) cihazlarını götürüb yataq otağından böyük tutumlu əl çantası götürüb içərisinə yerləşdirmişdir. Sonradan qonaq otağından solda yerləşən hamama daxil olmuş, hamamdan əlində olan kəlbətinlə su qızdırıcısının (pitiminutka) su və qaz xətlərini açıb yerə qoymuşdur. Yataq otağına keçib oradan bir ədəd yastığın üzünü çıxardıb su qızdırıcısını onun içinə qoymuşdur. Əl çantasında və bağlamada olan oğurladığı əşyaları pəncərədən çölə həyətə qoymuşdur. Sonra pəncərədən özü çölə çıxıb əl çantasını və əlinə bağlamanı götürüb piyada küçəyə çıxmışdır. Hava günəşli və isti olduğundan küçədə heç kim olmamışdır. Oğurladığı əşyaları evin əks istiqamətində yəni, avtomobil yolunun sol tərəfində olan sahibsiz ərazidə yulğun kolunun altına qoyub gizlətmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat 16 radələrində tanışı Şahid1 istifadəsində olan 070 *** ** ** nömrəsi ilə istifadəsində olan 055 *** ** ** mobil nömrəsinə zəng edib özünə məxsus televizorun olduğunu və satmaq istədiyini bildirmişdir. Mikayıl bildirmişdir ki, “mən həmin televizora baxım bəlkə aldım”. O, səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat 09 radələrində televizoru qoyduğu yerdən götürüb Mikayılın yaşadığı Hacıqabul şəhəri İ.Qayıbov küçəsi 13 saylı evin həyətinə gətirmiş, Mikayıla zəng etmişdir. Mikayıl binanın 5-ci mərtəbəsində yaşadığından təxminən 10 dəqiqə sonra həyətə düşmüş, əl çantasında olan televizora baxmış, həmin televizoru sonuncuya 100 manata təklif etmiş, lakin Mikayılla 80 manata razılaşmışlar. Mikayıl bildirmişdir ki, Rusiya Federasiyasında müvəqqəti yaşayan qardaşı Kamran ona pul göndərmişdir. Poçtdan pulu götürüb onun pulunu verəcəkdir. O, razılaşmış və televizoru Mikayıla vermişdir. Mikayıl əl çantasında olan televizoru yaşadığı evə yəni, Hacıqabul şəhəri İ.Qayıbov küçəsi 13 saylı binanın 5ci mərtəbəsinə aparıb qoymuş, sonradan həyətə düşmüş, birlikdə Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən poçt şöbəsinə getmişlər. Hər ikisi içəri daxil olmuşlar. Mikayılın adına qardaşı Kamran tərəfindən göndərilmiş 600 manat pulu Mikayıl almış və poçt filialının qarşısında 4 ədəd 20 manatlıq əskinas olaraq cəmi 80 manat pulu ona vermişdir. Mikayıl bu televizor oğurluq olubolmadığını ondan soruşmuşdur. O, bildirmişdir ki, narahat olmasın, televizor öznə məxsusdur. O, Mikayıldan aralanıb 80 manatı cibinə qoymuş və xx.xx.2022-ci il tarixədək siqaret və ərzaq alıb həmin 80 manatı xərcləmişdir. Pul qurtardığına görə xx.xx.2022-ci il tarixdə saat 19 radələrində əşyaları gizlətdiyi yerdən bir ədəd rəqamsal aparatı və bir ədəd su qızdırıcısını götürüb satmaq məqsədi ilə Hacıqabul şəhəri İ.Qayıbov küçəsi ilə gedərkən onu polis əməkdaşları saxlamışlar və onu əlində olan oğurluq əşya ilə birlikdə Hacıqabul RPŞ-yə gətirmişlər. Polis şöbəsində müdafçi ilə təmin edildikdən sonra, müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində axtarış aparılmışdır. Bu zaman onun şalvarının cibindən metamfetamin aşkar olunmuşdur. O, oğurluq cinayətini tam etiraf edir. Lakin cibindən çıxan metamfetamin ona məxsus deyildir. Hesab edir ki, həmin maddəni RPŞ-də polislər cibinə qoymuşlar. O, narkotik maddələrdən uzun müddətdir ki, istifadə etmir. Ona qarşı Hacıqabul RPŞ-də və yolda polis əməkdaşları tərəfindən heç bir təzyiq olmamış, onu döyməmişlər. O, törətdiyi əməldən peşmandır. Öhdəsində iki azyaşlı övladı var. Bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram vuraraq səhhəti ilə məhkəməyə gələ bilməyəcəyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, qızı X1 şəhər sakini X7 ilə ailə qurmuşdur. ünvan 1-də şəxsi evləri vardır. Onlar uzun müddətdir Rusiya Federasiyasında yaşadığından və ev yeni tikili olduğundan həmin evə o, özü cehizlik əşyaları alıb yaşamaq üçün əlverişli şərait yaratmağa başlamış və özü tək yaşamışdır. Şirvan şəhərində baxçada işlədiyindən hər gün saat 9-dan saat 14-dək işdə olur, bu səbəbdən qonşulara evə nəzarət etməsini tapşırmışdır. Şəxsi işləri ilə bağlı təxminən 10 gün bundan öncə evin qapılarını açarla və giriş qapısını qıfılla bağlamış və şəxsi işləri ilə bağlı Şirvan şəhərində olan öz evinə getmişdir. xx.xx.2022-ci il tarixdə qonşulardan kimsə ona zəng etmişdir ki, evin həyət qapısı açıqdır və qıfıl bağlanan yer kəsilmişdir. O, tez işdən icazə alıb ünvan 1 ünvana gəlmişdir. Evin həyət qapısının qıfıl bağlanan dəmirinin kəsildiyini və evin girişində olan plastik materialdan olan pəncərənin açıq olduğunu görmüşdür. Üzərində olan açarla evin dəmir giriş qapısını açmış və evə daxil olmuşdur. Ev 3 otaqdan, bir qonaq otağı, bir yataq otağı, bir mətbəx və bir hamam-tualetdən ibarətdir. Evə daxil olan naməlum şəxs və ya şəxslər evin pəncərəsindən evə daxil olaraq girişdə qonaq otağı olduğundan otaqdan bir ədəd 800 manat dəyərində olan “SHİVAKİ” markalı televizoru, 60 manat dəyərində olan “SUPER BOX” rəqəmsal aparatı və hamamdan 140 manat dəyərində olan “İzmir” markalı su qızdırıcısını oğurlamışlar. Bundan sonra o, Hacıqabul RPŞ-yə gəlib ərizə ilə müraciət etmişdir. İş üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə tanış olmuşdur. Həmin rəydə göstərilən qiymətlərlə bağlı heç bir vəsatət və etirazı yoxdur. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsində göstərmişdir ki, yaşadığı ünvan 1 ünvandan oğurlanmış bir ədəd televizov, bir ədəd rəqəmsal aparat və bir ədəd suqızdırıcı ona qaytarılmışdır. Ona dəymiş maddi zərər tamamilə ödənilmişdir. Onun heç bir şikayəti və tələbi yoxdur. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul RPŞ-nin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili işləyir. 11 iyun 2022-ci il tarixdə icraatına Hacıqabul RPŞ-nin İstintaq bölməsinin müstəntiqi Ayxan İsgəndərlinin əməliyyat tapşırığı daxil olmuşdur. Həmin əməliyyat tapşırığında ünvan 1 ünvanda oğurluq hadisəsinin törədilməsi, oğurluq hadisəsini törədən şəxs və ya şəxslərin müəyyən edilməsi qeyd olunmuşdur. O, bu istiqamətdə bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini müəyyən etmişdir. 12 iyun 2022-ci il tarixdə saat 19 radələrində Hacıqabul şəhəri İ.Qayıbov küçəsində olarkən Təqsirləndirilən şəxs əlində bir ədəd su qızdırıcısı və bir ədəd rəqəmsal aparatla hərəkət etdiyini görüb, sonuncuya yaxınlaşmış və əlində olan əşyalarla bağlı sorğu-sual etdikdə Təqsirləndirilən şəxs həmin əşyaları oğurladığını etiraf etmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs Hacıqabul RPŞ-yə dəvət etmiş və onlar birlikdə Hacıqabul RPŞ-yə gəlmişlər. Hacıqabul RPŞ-də olarkən Təqsirləndirilən şəxs gətirilməsi ilə bağlı raportla rəhbərliyə müraciət etmiş və Təqsirləndirilən şəxs İstintaq bölməsinə təhvil vermişdir. Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə narkotik vasitələrin istifadəsi və satışı ilə bağlı məhkum olunmuşdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr saxlaması ilə bağlı ona məlumatlar da daxil olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs üzərində İstintaq bölməsində müstəntiq Ayxan İsgəndərli tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış vidleoçəkilişlə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ cibindən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin ona məxsus olmadığını, həmin maddəni cibinə polis əməkdaşlarının qoyduğunu, polis əməkdaşları tərəfindən döyülmədiyini, heç bir fiziki zor tətbiq olunmadığını bildirmişdir. Daha sonra müstəntiq tərəfindən protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs başqa həmin protokola hamı imza etmişdir. O, Təqsirləndirilən şəxs cibinə metamfetamin qoymamışdır. Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq üçün üzərindən aşkar olunan maddənin polis əməkdaşları tərəfindən onun cibinə qoyulduğunu bildirir. Şahid Hacıqabul RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasında Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Şahid1 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs istifadəsində olan 055 774 88 50 saylı mobil nömrəyə istifadəsində olan 070 202 15 03 saylı mobil nömrə ilə zəng edib özünə məxsus televizoru satmaq istədiyini bildirmişdir. O, Elşada bildirmişdir ki, həmin televizora baxsın, bəlkə alar. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Elşad ona zəng etmişdir ki, «sənin yaşadığın binanın həyətindəyəm və televizoru da gətirmişəm». O, yaşadığı Hacıqabul şəhəri İ.Qayıbov küçəsi 13 saylı evin həyətinə düşmüş, Elşadın əl çantasında gətirdiyi televizora baxmış, Elşad televizoru ona 100 manata təklif etmişdir. Lakin o, Elşadla 80 manata razılaşmış, Elşada bildirmişdir ki, Rusiya Federasiyasında müvəqqəti yaşayan qardaşı Kamran ona pul göndərmişdir. Gedib poçtdan götürüb onun pulunu verəcəkdir. Elşad onunla razılaşmış və televizoru alıb yaşadığı evə, yəni Hacıqabul şəhəri İ.Qayıbov küçəsi ev 13 mənzil 13-ə aparıb qoymuş və həyətə düşmüş, onlar ikisi Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən poçt şöbəsinə getmişlər, hər ikisi içəri daxil olmuşlar. Onun adına qardaşı Kamran tərəfindən göndərilmiş 600 manat pulu almış və poçt filialının qarşısında 4 ədəd 20 manatlıq əskinas olaraq 80 manat pulu Elşada vermişdir. O, Elşaddan soruşmuşdur ki, bu televizor oğurluq deyil və ya zibili çıxan əşya olar, başı ağrıyar. Elşad ona bildirmişdir ki, «narahat olma mənlikdir və televizor da mənimdir». Pula təcili ehtiyacı vardır, satıb dərman alacaqdır. Hacıqabul RPŞ-dən polis şöbəsinə dəvət olunduqda bunun səbəbini soruşmuş və telefonda ona Elşad adlı şəxsdən televizor alıb-almadığını soruşduqda, başa düşmüşdür ki, Elşadın ona satdığı televizor özünün olmamışdır. Buna görə də televizoru da götürüb polis şöbəsinə gəlmişdir. Cinayət işində olan 11 iyun 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evidir. Şəxsi axtarış və götürmə barədə 12 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının qabaq sağ cibindən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işində olan 13 iyun 2022-ci il tarixli qərardan, həmin tarixli götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 təqdim etdiyi bir ədəd televizor sonuncudan götürülməklə baxış keçirildikdə müəyyən edilmişdir ki, televizor «Shivaki» markalı olmaqla qarşı hissəsi plazma ekrandan ibarətdir, arxa hissəsi isə qara rənglidir. Televizor işlək vəziyyətdədir, üzərində zədə izləri müşahidə olunmur. Televizorun ekranı 109 diaqonaldır. Əşyanın tanınmaya təqdim edilməsi haqqında 15 iyun 2022-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona təqdim olunmuş bir ədəd «Shivaki» markalı televizoru, bir ədəd «Superbox» markalı rəqəmsal aparatı və bir ədəd «24 l İzmir» markalı su qızdırıcısını tanıyıb, həmin əşyaların məhz onun evindən oğurlandığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsi tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli 18/654 nömrəli ekspertiza rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə.” sözləri yazılmış və imzalar olan kağız zərfdəki 1 ədəd sellofan bükümdə təmiz çəkisi - 0,597 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (i.v. 41-44). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 07 iyul 2022-ci il tarixli 3695 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.130-131). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2022ci il tarixli 9/4598 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən bir ədəd «Shivaki» markalı, «43/A9000» modelli, Özbəkistan istehsallı, 43 düym (109 diaqonal) qara rəngli smart televizorun 2022-ci ilin iyun ayına orta bazar qiyməti 300 manat, «SuperBox» markalı, «S8 7700FTA» model rəqəmsal aparatın (tüner) 2022-ci ilin iyun ayına orta bazar qiyməti 25 manat, 24 L «İzmir» markalı su qızdırıcısının 2022-ci ilin iyun ayına orta bazar qiyməti 70 manat müəyyən edilir. Təqdim olunmuş malların ümumi dəyəri 395 manat müəyyən edilir. (iş v. 132-135) Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hacıqabul rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 1(071)-136/2012 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilmişdir, Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən məhkumluğu olmayan şəxs hesab edilir. (iş v. 109-110, 124-129). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübutlar, digər iş materialları ilə Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli talamaqla oğurluq cinayətini, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,597 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilməməsi, üzərindən aşkar olunan metamfetaminin ona məxsus olmamaması və həmin maddənin polis əməkdaşları tərəfindən onun cibinə qoyulduğuna dair məhkəmə iclasında ifadəsində göstərdikləri xüsusatlar özünü müdafiə xarakteri daşıyır və onun məsuliyyətdən kənarda qalmaq niyyəti güddüyünü təsdiq edir, iş materialları ilə tam təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti oğurluq cinayətini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, evli olmasını, himayəsində iki azyaşlı uşağı olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilən cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 0,547 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd «Shivaki» markalı televizor, 1 ədəd «SuperBox» markalı rəqəmsal aparat, 1 ədəd 24L «İzmir» markalı su qızdırıcısının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 30,40 + 50 = 80,40 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 0,547 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd «Shivaki» markalı televizor, 1 ədəd «SuperBox» markalı rəqəmsal aparat, 1 ədəd 24L «İzmir» markalı su qızdırıcısının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 30,40 + 50 = 80,40 (səksən manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 40 saata görə 240 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 33 saata görə 198 manat olmaqla, cəmi 438 (dörd yüz otuz səkkiz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-96/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-96/2022
29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver