Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-96/2023 10.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, müəyyənetdi: Hacıqabul rayon Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı daxil olmuşdur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən, təhqiqatçı tərəfindən ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən, məhkəməyədək sadələşdirilmiş icraat materialına baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 296.3 və 296.3.1-ci maddəsinə əsasən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə təhqiqatçı əvvəlcə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolu tərtib edib imzalamalı, daha sonra məhkəməyədək sadələşdirilmiş icraat materialını cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə, onun müdafiəçisinə və ya qanuni nümayəndəsinə, habelə zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və onların nümayəndələrinə tanış olmaq üçün təqdim etməlidir. Qanunvericiliyə əsasən cinayət işləri üzrə icraatın gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edildiyindən (CPM 223, 224), təqsirləndirilən şəxs artıq ona qarşı irəli sürülmüş ittiham barədə məlumatlı olur və bununla bağlı öz müdafiəsini qura bilir və icraatın yekununda təqsirləndirilən şəxs və cinayət prosesinin tərəfləri cinayət işinin materialları ilə tanış edilərkən irəli sürülmüş ittihamla bağlı öz münasibətini bildirə bilir və bu barədə vəsatət verə bilir. Cinayət işlərindən fərqli olaraq məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraatın nəticələrinə dair yekun protokolun daha əvvəlcə tərtib edilib cinayət prosesinin tərəflərinə təqdim edilməsi barədə qanunvericilikdəki tənzimləmənin səbəbi isə ondan ibarətdir ki, bu icraatın nəticələrinə dair yekun protokol özündə həm təqsirləndirilən şəxs qismində cəlb edilməni, həm də ittihamı ehtiva edir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 293.1-ci maddəsinin və 297.0.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli qərarı). Yəni, icraatın nəticələrinə dair yekun protokol əslində təqsirləndirilən şəxs qismində cəlb etmə barədə prosessual sənəd olduğundan, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əvvəlcə yekun protokol tərtib edilməli, daha sonra material yekun protokol ilə birlikdə cinayət prosesinin tərəflərinə təqdim edilməlidir ki, cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin hansı cinayət əməlinin törədilməsinə görə təqsirləndirildiyi məlum olsun və cinayət prosesinin tərəfləri iş materialları ilə tanış edilərkən irəli sürülmüş ittihamla bağlı öz münasibətini bildirə və bu barədə vəsatət verə bilsin. Lakin, iş materiallarından görünür ki, ibtidai araşdırmanı həyata keçirmiş təhqiqatçı məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasının nəticələrinə dair yekun protokolu tərtib etməzdən əvvəl cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, eləcə də zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iş materialları ilə tanış etmiş, bundan sonra yekun protokolu tərtib edərək təsdiq edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etmişdir. Bununla da təhqiqatçı Cinayət Prosessual Məcəlləsinin 296.3, 296.3.1-ci maddəsinin tələblərini pozmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, Cinayət Prosessual Məcəlləsinin 295.1-ci maddəsinin tələbinə uyğun olaraq təhqiqatçı məhkəməyədək sadələşdirilmiş icraat materialını vərəqləri nömrələnmiş şəkildə cinayət prosesinin iştirakçılarına təqdim etməli olduğu halda, qanunun həmin tələbinə də əməl etməmiş, materialın vərəqlərini nömrələmədən tanış olmaq üçün onlara təqdim etmişdir. Cinayət Prosessual Məcəlləsinin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. Bundan başqa, Cinayət Prosessual Məcəlləsinin 214.4-cü maddəsinə görə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat CM-in 127.1, 128-132, 174-176, 177.1, 186.1, 187.1, 187.2, 196.1, 197.1 və 201.1-ci maddələri ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə aparılır. Qanunverici təhqiqatı məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılan böyük ictimai təhlükə törətməyən cinayətləri digər kateqoriyadan olan cinayətlərdən ayırarkən onların dairəsini CPM-in 214.4cü maddəsində konkretləşdirməklə kifayətlənmiş və fərqləndirici meyar kimi belə cinayətlərin “aşkar olması” faktına üstünlük vermişdir. Cinayət Prosessual Məcəlləsinin 214.4-cü maddəsində sadalanan böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərin sübut edilməsi cinayət işindən fərqli olaraq, bütün zəruri istintaq hərəkətləri icra edilmədən də həyata keçirilə bilər və bu, məhkəmə baxışında iş üzrə qərar qəbul olunması ücün yetərli sayılır. Başqa sözlə desək, həmin cinayətlər üzrə bir qayda olaraq mürəkkəb istintaq hərəkətlərinin aparılmasına zərurət yaranmır, yəni sübut edilməli olan halların (CPM-in 139-cu maddəsi) əksəriyyəti icraat açılan anda müəyyən edilmiş olur (aşkar olur). Bu baxımdan cinayət əməlinin törədilməsi, onun törədilmə vaxtı, yeri və üsulu, dəymiş zərər və ən əsası isə cinayəti törətmiş şəxsin ibtidai araşdırmadan əvvəl təqsirkar kimi zərər çəkmiş şəxsə məlum olması (müvafiq sübutlar məcmusu da olmaqla) qanunverici tərəfindən aşkar cinayət kimi qəbul olunur. Məhkəmə hesab edir ki, hazırki material üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunsa da (CM-in 15.2-ci maddəsi), həmin cinayət aşkar deyildir. Belə ki, araşdırma zamanı Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, Zəhra adlı qadın onun qonşusudur. Əvvəllər münasibətləri yaxşı olub. Son 3 il ərzində münasibətləri pisləşmişdir. Zəhra uzun illərdir ki, evində pərakəndə şəkildə qadın paltarları alış-verişi ilə məşğul olur. O da son zamanlar paltar və digər əşyalar satmaq istəyən zaman Zəhra ona bildirmişdir ki, bu işlə məşğul olmasın və onun ruzisinə dəyməsini deyərək iradını bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində məhəllədə həyətdə qonşuları Şəhanə, Günay, Elnarə, Kəmalə və Solmaz adlı qadınlarla oturub söhbət edən vaxt Zəhra onların yanında oturmuş Solmaz adlı qadına yaxınlaşaraq onun bir neçə gün əvvəl həyətdə ocaq qalıyaraq yuxa bişirməsinə iradını bildirərək qarğışlar etmiş və getsin xarabasında bişirsin demişdir. Müxtəlif qarğışlar edən zaman yuxa bişirənin, od qalıyanın allah bəlasını versin deyərək ona söz atan zaman o, sözü kim dedi deyərək Elnarədən soruşanda Zəhra ayağa qalxaraq “belə mən demişəm, əcəb etmişəm” demişdir. Həmin vaxt o da ayağa qalxmışdır. Zəhra onun üstünə hücum çəkən zaman əlini onun hicabına atmış və o, özünü qorumaq məqsədi ilə əli ilə onun sifətindən itələmişdir. Həmin vaxt o, özünü müdafiə etmişdir. Araşdırma zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Günay adlı qadını tanıyır, qonşusudur, münasibətləri yaxşı olub. Xırdavat və qadın paltarları alveri ilə məşğuldur, son 2-3 il ərzində Günay da həmin işlə məşğul olduğu üçün Günayın təşəbbüsü ilə aralarında müştəri üstündə münasibətlər korlanıb, Günay onun müştərilərinə təsir edərək öz tərəfinə çəkib. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində yaşadıqları binanın qarşısında oturaraq bir neçə qadınla söhbət etmiş, sonra sağollaşaraq həyətin digər tərəfində oturmuş Solmaz adlı qadının ona borcu olmasını deyərək pulu almağa getmiş, bu zaman oraya Günay da yaxınlaşaraq “yenə süka gəldi” deyərək ona söz atmış, o da ayağa qalxaraq Günaya bu sözünə görə irad bildirmiş, Günayda onun sifətinə yumruqla vurmuş, nəticədə huşunu itirərək yerə yıxılmışdır. Həmin vaxt orada Solmaz və İradə adlı qonşular da olmuşdur. Araşdırma zamanı Şahid1 izahatında göstərmişdir ki, Hacıqabul şəhəri İ.Qayıbov küçəsi 13 saylı binada yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onlarla münasibətləri normaldır. Ədavəti və ya düşmənçiliyi yoxdur. xx.xx.2023-cü il tarixdə həyətdə oturaraq Solmaz adlı qonşusu ilə söhbət edən zaman Zəhra onlara yaxınlaşmış, xırdavat alverilə məşğul olduğu üçün Solmaz ondan nə isə alaraq borcu qalmışdı, Zəhra Solmazdan borcu istəyən zaman Günay heç bir səbəb olmadan yerindən duraraq ona yaxınlaşmış və Zəhranı əli ilə vurmuşdur, Zəhra da zərbənin təsirindən yerə yıxılmışdı.Zəhranın başını yerdən qldıraraq öz qucağında saxlamış, TTYS-na zəng edərək həkim çağıraraq onu xəstəxanaya aparmışlar. Araşdırma zamanı izahatı alınmış Şahid4 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində binanın qarşısında qonşularla oturmuşlar. Həmin vaxt orada Solmaz, İradə və Günay da olmuşdur. Zəhra onlar oturan yerə yaxınlaşaraq Solmazla qeybət etməyə başlamış, onlara nə olduğunu soruşan zaman Zəhranın bir neçə gün əvvəl binanın qarşısında ocaq qalayaraq yuxa bişirən şəxslərin ünvanına qarğışlar edən zaman yuxanı bişirən Günay bunu eşidərək reaksiya vermiş və Zəhra onun üstünə gedən zaman hicabını müdafiə etmək üçün əlini Zəhraya atmış və əli Zəhranın gözünə dəymişdir. Araşdırma zamanı izahatı alınmış Şahid5 izahatında göstərmişdir ki, Zəhra və Günay adlı şəxslər onun qonşusudur. Hər ikisi ilə münasibətləri yaxşıdır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində məhəllədə qonşular oturub söhbət edirdilər. O da həmin vaxt yoldaşı ilə evə gedirdi. Həyətdə olan səs-küyü eşitmiş və oraya yaxınlaşanda görmüşdür ki, mübahisə var. Zəhra bir neçə gün əvvəl həyətdə ocaq qalıyaraq yuxa bişirilməsinə iradını bildirərək qarğışlar etmişdir. Günay “bizə qarğış edirlər” deyəndə, Zəhra ayağa qalxaraq “belə mən demişəm, əcəb etmişəm” demişdir. Həmin vaxt Zəhra Günayın üzərinə hücum çəkmiş və əlini Günayın hicabına atmışdır. Günay özünü qorumaq məqsədi ilə əli ilə Zəhranın sifətindən itələmiş və əli onun gözünə dəymişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs arasında yaranmış mübahisənin və hadisənin baş verməsi səbəbləri, hadisənin baş vermə yeri, əməlin törədilməsi şəraiti və üsulu ilə bağlı zərər çəkmiş şəxs və təqsirləndirilən şəxsin izahatları, eləcə də hadisə vaxtı onların yanında olmuş şahidlərin izahatları arasında kifayət qədər ziddiyyətlər mövcud olmuşdur. Belə ki, zərər çəkmiş şəxs və hadisə vaxtı onun yanında olmuş şahidlər (qonşular) izahatlarında bildirmişlər ki, Zərərçəkmiş şəxs Solmaz adlı qadından borcunu istəyən zaman Günay onlara yaxınlaşaraq Zəhraya söz atmış və daha sonra heç bir səbəb olmadan onun sifətinə yumruqla vurmuşdur. Təqsirləndirilən şəxs və onun yanında olmuş şahidlər isə izahatlarında bildirmişlər ki, mübahisə Zəhranın həyətdə olan zaman Günayın ünvanına həyətdə yuxa bişirməsi ilə əlaqədar qarğışlar etməsi səbəbindən başlamış, Günay ona sözlə cavab verdikdə Zəhra onun üzərinə hücum çəkərək əlini onun hicabına atmış, bu zaman Günay özünü müdafiə etmək üçün əli ilə Zəhranı sifətindən itələmişdir. Belə olan vəziyyətdə ibtidai araşdırma zamanı ifadələri arasında ziddiyyətlər olan şəxslər arasında üzləşdirmə istintaq hərəkətləri keçirilməli, zərurət olduqda ifadələrin yerində yoxlanılması və s. istintaq hərəkətləri keçirilməlidir. Başqa sözlə, mövcud vəziyyətdə Təqsirləndirilən şəxs isnad edilən əməlin aşkar olmaması səbəbindən, işin hallarının tam və hərtərəfli araşdırılması üçün iş üzrə mürəkkəb istintaq hərəkətlərinin aparılmasına və məhkəməyədək icraatın ibtidai istintaq şəklində aparılmasına zərurət olduğu halda, icraat məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat formasında aparılmışdır. Cinayət Prosessual Məcəlləsinin 303.3.9-cu maddəsinə əsasən məhkəməyədək icraatın ibtidai istintaq şəklində aparılmasının məcburiliyinə dəlalət edən halların olmasına baxmayaraq, onun məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat formasında aparılması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. Bundan başqa, Cinayət Prosessual Məcəlləsinin böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə şikayətin verilməsi qaydasını tənzimləyən 293-cü maddəsindən aydın olur ki, belə cinayət üzrə yazılı şikayət və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda göstərilən məlumatlara cinayət qanunu ilə nəzərdə tutulan əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunması haqqında xahiş də daxildir. Eyni zamanda böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayət verən şəxsə bilə-bilə yalan xəbərçilik etməyə görə cinayət məsuliyyəti haqqında xəbərdarlıq edilir və bu barədə şikayətdə qeyd edilir. Şikayət şifahi verildikdə, bu izah protokola daxil edilərək şikayəti vermiş və protokolu tərtib etmiş şəxs tərəfindən imzalanır (CPM-in 293.4-cü maddəsi). Lakin, hazırki material üzrə məhkəməyədək sadələşdirilmiş icraat açmaq üçün zəruri olan CPM-in 293-cü maddəsində nəzərdə tutulmuş məzmunda nə yazılı şikayət, nə də şifahi şikayətin qəbul edilməsi barədə protokol mövcud olmamışdır. Belə ki, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə ərizə ilə Hacıqabul rayon Polis Şöbəsinə müraciət edərək, qonşusu Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə onu vuraraq xəsarət yetirdiyini bildirmiş və Günayın barəsində qanuni tədbir görülməsini, onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Həmin ərizə dərhal qeydə alınmış və ərizəyə dərkənar qoyulmaqla, təhqiqatçı tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat materialı açılmışdır. Göründüyü kimi, Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizə CPM-in 293-cü maddəsində nəzərdə tutulmuş məzmunda tərtib edilməməsinə baxmayaraq, məhkəməyədək sadələşdirilmiş icraat həmin ərizə əsasında açılmış, CPM-in 293.4-cü maddəsinə uyğun olaraq təhqiqatçı tərəfindən şikayət verən Zərərçəkmiş şəxs bilə-bilə yalan xəbərçilik etməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilməmişdir. Bununla da, məhkəməyədək sadələşdirilmiş icraat materialı açılarkən təhqiqatçı tərəfindən Cinayət Prosessual Məcəlləsinin 293-cü maddəsinin tələbləri pozulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 300.1 və 300.1.5-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində həmçinin, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, təhqiqatçı tərəfindən yol verilmiş göstərilən kobud qanun pozuntuları məhkəməyədək icraat zamanı aradan qaldırılmadan məhkəməyədək sadələşdirilmiş icraat materialının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir və bu səbəbdən də məhkəməyədək sadələşdirilmiş icraat materialına baxılmasına xitam verilməli və material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 300.1.5, 303.3.8 və 303.3.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxılmasına xitam verilsin və material qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən pozuntuların aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. X2
Məhkəmə qərarları › İş №1(071)-96/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-96/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver