Məhkəmə qərarları › İş №1(071)-99/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-99/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-99/2022 15.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri - Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cu ildə Kürdəmir rayonu Sığırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində iki azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkumluğu olmayan, Şivan şəhəri S.Zeynalov küçəsi ev 21 mənzil 3 ünvanda qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,451 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq özündə saxlamış, 31 may 2022-ci il tarixdə saat 10 radələrində Hacıqabul rayon PŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhər ərazisində olan Hacıqabul-Şirvan körpüsünün yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürülmə keçirilən zaman həmin narkotik vasitə onun əynində olan qara rəngli cins şalvarının qabaq sağ cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, 31 may 2022-ci il tarixdə saat 08:30 radələrində yaşadığı ünvan 1 ünvanın yaxınlığında küçədən 1 ədəd siqaretin kağızına bükülmüş narkotik vasitə olan heroin tapmışdır. Heroini sonradan istifadə etmək məqsədi ilə özündə saxlamış və Hacıqabul şəhərinə gəlmişdir. Həmin günü saat 10 radələrində Hacıqabul şəhərindən yaşadığı Şirvan şəhərinə getmək məqsədi ilə Hacıqabul şəhər ərazisində olan Hacıqabul-Şirvan avtomobil körpüsünün yaxınlığında dayanan zaman, polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu Hacıqabul RPŞ-yə etmişlər. Hacıqabul RPŞ-də müdafiə etmək üçün müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı və videoçəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməmişdən əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya və predmetin olub-olmamasını soruşmuşlar. O, əynində olan qara rəngli cins şalvarının sağ cibində saxladığı bir ədəd siqaretin kağız bükümündəki narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Polis şöbəsində ona qarşı heç bir fiziki və ya psixi zorakılıq edilməyib. Əməlindən peşman olmuşdur. Evlidir, öhdəsində iki azyaşlı uşağı var. Ailədə ondan başqa işləyən yoxdur. Bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul rayon PŞ-nin CAB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 31 may 2022-ci il Şirvan şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə əməliyyat məlumat almış, Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə raportla məruzə etmiş və həmin günü saat 10 radələrində Hacıqabul rayon PŞnin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə məlumatın göstərildiyi Hacıqabul-Şirvan avtomobil körpüsünün yaxınlığına getmişlər. Orada Təqsirləndirilən şəxs saxlayaraq Hacıqabul rayon PŞ-yə dəvət etmişlər. Hacıqabul RPŞ-də müdafiəçinin iştirakı və videoçəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması Təqsirləndirilən şəxs soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının qabaq sağ cibində saxladığı bir ədəd siqaret kağız bükümünü təqdim etmiş və içərisində narkotik vasitə heroin olduğunu, heroini yerdən tapdığını və öz istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Onlar protokola imza etmişlər. Şahid Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Əşrəf oğlu ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Şəxsi axtarış və götürmə barədə xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon PŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Z.Salahov tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli cins şalvarının qabaq sağ cibindən 1 ədəd kağız bükümünün içərsindən narkotik vasitə heroinə oxşar vasitə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş 31 iyun 2022-ci il tarixli 18/605 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdəki 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi - 0,451 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. (iş v. 32-34). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 3454 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş v. 85-86). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(032)-158/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(007)- 71/2022 nömrəli qərarı ilə məhkum Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən, 6 ay azaldılmışdır. Məhkum Təqsirləndirilən şəxs əvvəli 08 iyun 2020-ci il tarixdən hesablanan azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınaraq, o, cəza çəkməkdən azad edilmişdir. Qərar dərhal icra edilmişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndində göstərilir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin məhkumluqları götürülsün. Məhkəmə qeyd edir ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndinə əsasən Təqsirləndirilən şəxs üzərindən Şirvan Şəhər Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli hökmü ilə yaranmış məhkumluq götürülmüşdür, o, məhkumluğu olmayan şəxs hesab edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahid ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş 0,451 qram narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini və əməlindən peşman olmasını, evli, öhdəsində yetkinlik yaşına çatmayan iki uşağı olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz çəkisi 0,401 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 30,40 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz çəkisi 0,401 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 11 saata görə 66 manat olmaqla, cəmi 186 (yüz səksən altı) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar