Məhkəmə qərarları › İş №1(071)-99/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-99/2025

18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-99/2025 18.09.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – X7, Tərcüməçi – X6, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Türkiyə Respublikasında doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, ali təhsilli, evli, “X18 Zavodu” MMC-də texniki işlər şöbəsinin müdiri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla, Hacıqabul rayonu Padar qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i̇ : X9 xx.xx.2024-cü il tarixli əmək müqaviləsi əsasında “X18 Zavodu” MMC-də texniki işləri şöbəsinin müdiri vəzifəsində işləyərkən üzərinə texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi xx.xx.2024cü il tarixdə “X18 Zavodu”nda elektrikli nəqliyyat vasitəsinin idarə edilməsi üçün təhlükəsizlik texnikası üzrə müvafiq ixtisas qrupuna malik olmayan Şahid3 elektrikli nəqliyyat vasitəsinin idarə edilməsinə, həmçinin müəssisənin ərazisində elektrikli nəqliyyat vasitəsinin ayaqaltısında dayanmaqla adamın daşınmasına yol verildiyinə görə “Əməyin təhlükəsizli sistemi. Müəssisədə yüklərin yerdəyişməsi prosesləri. 12.3.020-80.DÜST-nın 3.4.10-cu bəndinin (“Nəqliyyat vasitələrində adamların daşınmasına yanız istehsalçıların sənədlərinə uyğun olaraq hazırlanmış əlavə oturacaqlar olduqda icazə verilir”), 4.2-ci bəndinin (“Elektrikli nəqliyyat vasitələrinin idarə edilməsinə, təhlükəsizlik texnikası üzrə birinci ixtisas qrupuna malik olan sürücülər buraxılır”) və “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 13.4.10-cu bəndinin (“Avtomobilin hərəkəti zamanı onun ayaqaltısında, qanadlarında və kabinanın dam hissəsində adamların olması qadağandır”) tələblərinə riayət etməyərək həmin qaydaları pozmuş və nəticədə ehtiyatsızlıqdan xx.xx.2024-cü il tarixdə saat 15:35-də “X18 Zavodunda” qaynaqçı vəzifəsində işləmiş Zərərçəkmiş şəxs onunla eyni sexdə çilingər vəzifəsində işləyən Şahid3 idarə etdiyi elektrikli nəqliyyat vasitəsinin kabinasından tutaraq hərəkət etmək istəmiş, nəqliyyat vasitəsi işlədiyi sex istiqamətində hərəkətə başlayaraq saatda 10-15 km surətlə 15-20 metr hərəkət etdikdən sonra Zərərçəkmiş şəxs sağ əli kabinadan sürüşdüyündən özünü saxlaya bilməmiş, sol əli ilə tutduğu güzgünü qıraraq kürəyi üzərində asfalta yıxılmış, bununla da, kəllənin-sol oksipital və parietal sümüklərində xətti sınığı, beyindaxili epidural qansızma, ənsə nahiyəsinin dərialtı hematoması kimi həyat üçün təhlükəli olan ağır xəsarət almışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X4 qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, əmək müqaviləsi əsasında “X18 Zavodu” MMC-də texniki işləri şöbəsinin müdiri vəzifəsində işləyir. Onun üzərinə qoyulmuş əsas vəzifə işçilər tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsinə nəzarət etməkdir. İşlədiyi zavodda elektrikli nəqliyyat vasitəsi mövcuddur. Həmin nəqliyyat vasitəsi ilə işçilər zərurət yarandıqda zavod ərazisində xırda yüklərin daşınmasını həyata keçirirlər. O, heç vaxt işçilərə elektrikli nəqliyyat vasitəsindən istifadə edərək zavod ərazisində yerləşən müxtəlif obyektlərə getmələri barədə göstəriş verməmişdir. Lakin, işçilərin həmin elektrikli nəqliyyat vasitəsindən bəzən istifadə edərək zavod ərazisində hərəkət etmələrini görmüşdür. xx.xx.2024-cü il tarixdə o, zavod ərazisində xidməti vəzifələrinin icrası ilə məşğul olarkən ona məlumat verilmişdir ki, bir neçə işçi elektrikli nəqliyyat vasitəsindən istifadə edərək zavod ərazisində yerləşən tualetə getmişlər və oradan qayıdarkən Zərərçəkmiş şəxs nəqliyyat vasitəsindən yıxılaraq xəsarət almışdır. O, təcili olaraq hadisənin baş verdiyi yerə getmiş və ona məlum olmuşdur ki, elektrikli nəqliyyat vasitəsi Şahid3 tərəfindən idarə edilmiş, həmin nəqliyyat vasitəsində Şahid4, Şahid1 və Şahid2 olmuş, onlar həmin nəqliyyat vasitəsi ilə tualetə getmiş, oradan geri qayıdarkən isə Zərərçəkmiş şəxs nəqliyyat vasitəsinə minərək kabinadan tutmuş, nəqliyyat vasitəsi hərəkətdə olarkən Zərərçəkmiş şəxs yıxılaraq xəsarət almışdır. Bundan sonra Zərərçəkmiş şəxs xəstəxanaya göndərmişdir. O, əməkdaşlarla mütəmadi olaraq əməyin təhükəsizliyi qaydalarına riayət etmələri barədə söhbətlər apararaq onları təlimatlandırmış, üzərinə düşən vəzifələri layiqincə icra etmişdir. Baş vermiş hadisədə onun heç bir təqsiri yoxdur, hadisə işçilərin öz məsuliyyətsizliyi nəticəsində baş vermişdir. Elektrikli nəqliyyat vasitəsi heç kimə təhkim olunmamış, həmin nəqliyyat vasitəsindən istifadə qaydaları haqqında əməkdaşlara heç bir məlumat verməmiş, onlar təlimatlandırılmamışlar. Elektrikli nəqliyyat vasitəsini zavod ərazisində zəruri hallarda müxtəlif işçilər idarə etmişlər. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanı tamamilə ödəmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs baş vermiş hadisədə təqsirli olmadığını bildirərək barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 05 aprel 2023-cü il tarixdən “X18 Zavodu”nun “Təmir sexi”ndə qaynaqçı kimi işləməyə başlamış, işə başladığı vaxtdan onunla əmək müqaviləsinin bağlanılmış və həmin vaxtdan “ASB Bank” kartı vasitəsi ilə əmək haqqı almışdır. O, xx.xx.2024-cü il tarixdə səhər saat 09:00-da “Təmir sexində” işə başlamışdır. Saat təxminən 15:35 radələrində işlədiyi sexdən 50-60 metr aralıda olan tualetə getmişdir. Tualetdən çıxdığı zaman onunla eyni sexdə çilingər vəzifəsində işləyən Şahid3, Sərvan Rüstəmovun və Şahid4 də yük daşımaq üçün istifadə edilən “Golf maşını” adlandırdıqları nəqliyyat vasitəsi ilə tualetə gəldiklərini görmüşdür. Bir neçə dəqiqə sonra adlarını çəkdiyi iş yoldaşları da tualetdən çıxmışdır. Şahid3 nəqliyyat vasitəsinin sükanının arxasına, Şahid4 isə sonuncunun yanına əyləşmişdir. Şahid1 isə nəqliyyat vasitəsinin yük yerinə minmişdir. Taleh onlara yaxınlaşaraq, onu da özləri ilə aparmalarını demiş, lakin Vüsal nəqliyyat vasitəsində yer olmadığını ona bildirmişdir. Buna baxmayaraq o, sol əli ilə nəqliyyat vasitəsinin güzgüsündən, sağ əli ilə isə kabinadan tutmuşdur. Həmin nəqliyyat vasitəsi tualetdən onun işlədiyi sex istiqamətində hərəkətə başlayaraq saatda 10-15 km olmaqla 15-20 metr hərəkət etdikdən sonra onun sağ əli nəqliyyat vasitəsinin kabinasından sürüşmüş və özünü saxlaya bilmədiyindən sol əli ilə tutduğu güzgünü qıraraq kürəyi üstə asfalta yıxılmışdır. O, bundan sonra huşunu itidiyindən nə baş verməsindən xəbəri olmamış, ayıldığı zaman Bakı şəhərində “City Hospital”da olduğunu bildirmişdir. “X18 Zavodun”da işlədiyi müddətdə əməyin mühafizəsi barədə təlimatlar Alpaslan Soytürk tərəfindən keçirilmişdir. Hadisə günü Alpaslan Soytürk bütün işçiləri təlimatlandırmış və hadisə günü zavodda olmuşdur. O, “X18 Zavodu” MMC-də təhlükəsizliklə bağlı xüsusi geyim forması, əlcək, xüsusi ayaqqabı ilə təmin olunmuş, hadisə zamanı yıxıldığı nəqliyyat vasitəsinin işlədiyi sexə ağır yükləri daşımaq üçün verilmişdir. Həmin nəqliyyat vasitəsi hər hansı şəxsə təhkim olunmamış, onunla həmin nəqliyyat vasitəsindən istifadə edilməsi ilə bağlı hər hansı təlimat keçirilməmişdir. Nəqliyyat vasitəsində gedərkən sabitliyini itirdiyinə görə yıxılmış və həmin vaxt nəqliyyat vasitəsində olan iş yoldaşlarından heç kim onu itələməmiş, yaxın məsafələrə gedilən zaman işçilərin nəqliyyat vasitəsinin yük yerinə əvvəllər də, minmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, 2024-cü ilin fevral ayından “X18 Zavodu”da çilingər kimi işləməyə başlamışdır. Zərərçəkmiş şəxs Kürdəmir rayon sakini kimi tanıyır. O, Talehlə birlikdə zavodda qaynaqçı vəzifəsində işləyir. Talehin təxminən 3-4 aya yaxındır ki, öz ərizəsi ilə işdən çıxmışdır. O, xx.xx.2024-cü il tarixdə səhər saat 09:00-da “Təmir sexində” işə başlamışdır. Saat təxminən 16:00 radələrində iş yoldaşları Sərvan Rüstəmov və Şahid4la birlikdə işlədikləri zavoda məxsus elektrikli “Golf maşını” adlandırılan nəqliyyat vasitəsi ilə işlədikləri sexdən təxminən 500-600 metr arılıya tualetə getmişdir. Həmin nəqliyyat vasitəsində 2 nəfərin əyləşməsi nəzərdə tutlduğundan Şahid1 həmin nəqliyyat vasitəsinin yük yerinə minmişdir. Tualetə getdikdən sonra onlarla eyni sexdə işləyən Zərərçəkmiş şəxs da, tualetdən çıxaraq onlarla getmək istədiyini demişdir. Lakin Talehə nəqliyyat vasitəsində yer olmadığını, yalnız yük yerinə minə biləcəyini desələr də, Taleh onlara avtomobildən tutaraq gedəcəyini bildirmişdir. Tualetdən geri dönərkən gəldikləri kimi nəqliyyat vasitəsini idarə etmək üçün o, sükan arxasına, Ramil sərnişin oturacağına, Sarvan isə yük yerinə minmişdir. Nəqliyyat vasitəsi hərəkətə başlayan zaman Taleh nəqliyyat vasitəsindən sallanaraq sol əli ilə güzgüdən, sağ əli ilə isə yük yerindən tutmuşdur. Sarvan Talehə nəqliyyat vasitəsinə minməməsini desə də, sonuncu buna məhəl qoymayaraq nəqliyyat vasitəsindən tutmuşdur. Hərəkətə başladıqdan bir qədər sonra Talehin sağ əli yük yerindən sürüşmüş və sol əli ilə güzgünü qıraraq kürəyi üstə asfaltın üzərinə yıxılmışdır. Nəqliyyat vasitəsi təxminən 5-7 metr hərəkət etdikdən sonra dərhal nəqliyyat vasitəsini saxlayaraq kömək üçün Talehin yanına qaçmış, ona yaxınlaşdığı zaman baş nahiyəsinin asfalta dəydiyini və özündən getdiyini görmüşdür. Dərhal onu qaldıraraq kömək etmək istəsə də, Taleh oyanmadığından zavoda məxsus avtomobillə Rəşad və Azadla birlikdə onu Kürdəmir rayon xəstəxanasına aparmışdır. Xəstəxanaya getdikləri zaman Taleh yolda ayılmış, xəstəxanaya gəldikdən sonra ilkin müayinə olunmuş və ətraflı müayinə olunması üçün Bakı şəhərinə aparılmışdır. O, “X18 Zavodun”da əmək müqaviləsi əsasında işləmiş, zavodda onlara əməyin mühafizəsi, həmçinin ehtiyatlı olmaqları, işlərini məsuliyyətlə görməkləri barədə təlimatın müdiri Alpaslan Soytürk tərəfindən hər səhər işə başlamazdan qabaq keçirilmişdir. Alpaslan Soytürk hadisə günü Zərərçəkmiş şəxs da, daxil olmaqla işçiləri təlimatlandırmış, bundan sonra isə onun zavodda olub-olmamasını xatırlamır. Elektrikli nəqliyyat vasitəsindən istifadə ilə bağlı onlara konkret olaraq hər hansı təlimat keçirilməmiş, sadəcə olaraq ehtiyatlı olmaqları deyilmiş, işlədiyi müəssisədə elektrikli nəqliyyat vasitəsinin istifadə qaydası haqqında hər hansı məlumatlandırıcı lövhə və ya məlumatlandırıcı sənəd olmamış, bu barədə işçilərə nəsə deyilməmiş, nəqliyyat vasitəsi hər hansı şəxsə təhkim olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid1 və Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 21 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Hacıqabul rayonu Padar kəndi ərazisində yerləşən “X18 Zavodu”nun ərazisində yerləşən Zərərçəkmiş şəxs “Golf maşını” adlandırılan nəqliyyat vasitəsindən yıxılaraq xəsarət aldığı yerdir. Hadisə yeri asfalt örtüklü olmaqla 8 metr enindədir. Hadisə yerinə zavodun giriş qapısından irəli doğru hərəkət etdikdə sol hissədə kənd təsərrüfatı texnikalarının duracağı, sağ tərəfdə sanitar qovşaq, laboratoriya binası və zavodun ofisinin binası olması görünürş. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixli Əmək müqaviləsindən görünür ki, “X18 Zavodu” MMC ilə Zərərçəkmiş şəxs arasında başlanmış müqaviləyə əsasən o, qaynaqçı vəzifəsinə təyin edilmişdir. VT-01 saylı xx.xx.2024-cü il tarixli vəzifə təlimatının 9-cu bəndinə əsasən Zərərçəkmiş şəxs vəzifələrindən biri də, əməyin mühafizəsi, təhlükəsizliyi, sanitargigiyenası və yanğından mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etməkdir. xx.xx.2024-cü il tarixli Əmək müqaviləsindən görünür ki, “X18 Zavodu” MMC ilə X9 arasında bağlanmış müqaviləyə əsasən o, texniki işlər şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 452 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – kəllənin sol oksipital və parietal sümüklərində xətti sınığı, beyindaxili epidural qansızma, ənsə nahiyyəsinin dərialtı hematoması. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilər. Müddəti hadisə gününə uyğundur. Qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. “X18 Zavodu” MMC tərəfindən verilmiş 10022025/01 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs yıxılaraq xəsarət aldığı “Golf maşını” adlandırılan nəqliyyat vasitəsinin texniki istismar pasportu mövcud deyil. Əməyin-təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2025-ci il tarixli 10/82 saylı rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Əməyin təhlükəsizliyi sistemi. Müəssisədə yüklərin yerdəyişməsi prosesləri. 12.3.020-80. DÜST-nın 3.4.10, 4.2-ci bəndlərinin, Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydalarının 13.4.10-cu bəndinin və Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili intizam qaydalarının 11-ci bəndinin tələbləri pozulmuşdur. “X18 Zavodu”nda elektrik nəqliyyat vasitələrinin idarə edilməsi üçün təhlükəsizlik texnikası üzrə müvafiq ixtisas qrupuna malik olmayan Şahid3 elektrikli nəqliyyat vasitəsinin idarə edilməsinə, həmçinin müəssisənin ərazisində elektrikli nəqliyyat vasitəsinin ayaqaltısında dayanmaqla adamın daşınmasına yol verildiyinə görə Əməyin təhlükəsizliyi sistemi. Müəssisədə yüklərin yerdəyişməsi prosesləri. 12.3.020-80. DÜST-nın 3.4.10, 4.2-ci bəndlərinin və Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydalarının 13.4.10-cu bəndinin tələbi müəssisədə iş şəraitinin yaradılmasına cavabdeh olan şəxs (lər) tərəfindən pozulmuşdur. Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırılmış işçi Zərərçəkmiş şəxs müəssisənin ərazisində iş sahəsində yol verilməz halda elektrikli nəqliyyat vasitəsinin ayaqaltısının üzərində dayanıb getməklə öz fərdi təhlükəsizliyini qorumadığına görə Təşkilat, idarə və müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili intizam qaydalarının 11-ci bəndinin tələbləri Zərərçəkmiş şəxs özü tərəfindən pozulmuşdur. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/687 saylı rəyindən görünür ki, baş vermiş hadisənin yol-nəqliyyat hadisəsi olub-olmamasının müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyil, hüquqi məna kəsb etdiyindən həmin hala istintaq orqanı tərəfindən qiymət verilə bilər. Baş vermiş hadisənin yol-nəqliyyat hadisəsi olmasına istintaq tərəfindən qiymət verilməsi şəraitində nəqliyyat vasitəsinin sürücüsü Şahid3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 56-cı maddəsinin 9-cu hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. VT-01 saylı xx.xx.2024-cü il tarixli vəzifə təlimatından görünür ki, X9 vəzifələrindən biri də, əməyin mühafizəsi, sanitariya və ekologiya ilə bağlı qərar və tədbirlərin qəbulunda iştirak etmək, onların icrasını yoxlamaq, işçilərin sağlamlığı və təhlükəsizliyini, personalın bilik səviyyələrinin yoxlanılması və lazımi iş yerində təlimlərin keçirilməsini təmin etməkdir. xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, X9 işlədiyi müddət ərzində özünü bacarıqlı işçi kimi göstərmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrindən görünür ki, X7 himayəsində iki azyaşlı övladı var. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X9 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən müəyyən olunur ki, X9 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Hacıqabul rayon İHB-nın Padar qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X9 Padar qəsəbəsi ərazisində yerləşən “X18 Zavodu” MMC-yə məxsus şəhərcikdə ailə üzvləri: arvadı X11, övladları - 2013-cü il təvəllüdlü X8, 2017-ci il təvəllüdlü X1 və 2019-cu il təvəllüdlü X2 ilə birlikdə yaşayır. Hacıqabul rayon İHB-nın Padar qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X9 yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxs tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərərin vurulması tamamilə sübuta yetirilir. X7 bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X9 qeyd edilən cinayətdə özünü təqsirli bilməyərək baş vermiş hadisədə onun təqsiri olmadığını, hadisənin zərərçəkmiş şəxsin özünün ehtiyatsızlığı nəticəsində baş verdiyini bildirmişdir. Lakin, bununla yanaşı təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərkən zavod ərazisində istifadə edilən elektrikli nəqliyyat vasitəsinin hər hansı bir şəxsə təhkim olunmadığını, nəqliyyat vasitəsinin texniki sənədlərinin mövcud olmadığını, həmin nəqliyyat vasitəsinin zavod ərazisində müxtəlif şəxslər tərəfindən idarə edildiyini, nəqliyyat vasitəsinin texniki istismarı barəsində işçiləri təlimatlandırmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxs tərəfindən baş vermiş cinayət hadisəsində təqsirini etiraf etməməsini cinayət məsuliyyətindən yayınmaq üçün onun tərəfindən istifadə edilən vasitə kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Hazırki cinayət işinin faktiki halları ondan ibarətdir ki, təqsirləndirilən şəxs X9 Türkiyə Respublikasının vətəndaşı olmaqla, müvəqqəti olaraq Azərbaycan Respublikasının ərazisində yaşayır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Bundan başqa, təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş, yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Göründüyü kimi, təqsirləndirilən şəxs X9 əcnəbi vətəndaş olmaqla, onun əməlində cəzası yüngülləşdirən kifayət qədər hallar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsinin sanksiyasında 4 növ cəza, yəni cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 52-1.6-cı maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3cü bəndinə əsasən təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilməyən şəxslər kateqoriyasına aid olması özü-özlüyündə ona maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza növünün təyin edilməsi üçün əsas ola bilməz. Qanunvericiliyin yuxarıda qeyd edilən normaların ümumiləşdirilmiş təhlilindən məlum olur ki, qanun norması hazırki vəziyyətdə təqsirləndirilən şəxsin əcnəbi vətəndaş olması səbəbindən ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qadağan edir. Digər tərəfdən cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən kifayət qədər halların olması özlüyündə Cinayət Məcəlləsinin 162.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş digər cəza – azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə əsas vermir. Qeyd edilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 162.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan cərimə cəzasının təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs X9 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə həmçinin hesab edir ki, X9 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 185 manat pul X5 tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 29 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 319 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2500 manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cəzanın icrası Hacıqabul rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi vaxtdan hesablansın. X9 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan bir ədəd CD formalı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 185 (yüz səksən beş) manat pul X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 29 (iyirimi doqquz) saata görə 319 (üç yüz on doqquz) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Şirvan şəhər filialındakı hesabı – SWİFT kodu - İBAZAZ2X, H/N AZ85İBAZ********************, Alan bankın kod: 805681, VÖEN **********, M/H AZ03NABZ013501**********2944, VÖEN **********). Hökmdən, hökm elan edildiyi gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar