Məhkəmə qərarları › İş №1(072)-1/2025

Cəbrayıl Rayon Məhkəməsi Hökm — İş №1(072)-1/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(072)-1/2025 13.02.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 12:25 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Müdafiəçi vəkili X3, Zərərçəkmiş şəxs (mülki iddiaçı): Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1995-ci il tarixdə İmişli şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, İmişli şəhəri, M.Hüseyn küçəsi, ev 12 ünvanda qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu, Muxtarov qəsəbəsi, kirayə evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs İkinci Qarabağ müharibəsi iştirakçısı, İİİ qrup əlil Zərərçəkmiş şəxs İkinci Qarabağ müharibəsi iştirakçılarına gələcəkdə veriləcək avtomobil növbəsinə adını əlavə etdirəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə edərək, onu aldadıb özünə məxsus "xxxx" ASC-yə aid “4169 7388 8647 9231” nömrəli plastik kartın hesabına Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbədən keçən 1-11 saylı qəsəblərarası avtomobil yolunun kənarında yerləşən “OBA” marketdə olan “e-Manat” ödəmə terminalı vasitəsilə 21 fevral 2023-cü il tarixdə, saat 21:23:14-də 2500 (iki min beş yüz) AZN məbləğində və 23 fevral 2023-cü il tarixdə, saat 14:03:12-də 2500 (iki min beş yüz) AZN məbləğində pul olmaqla, vahid niyyətlə köçürtdürdüyü Zərərçəkmiş şəxs məxsus ümumilikdə 5000 (beş min) AZN məbləğində pulu vahid niyyətlə ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Muxtarov qəsəbəsində kirayədə yaşayır. Zərərçəkmiş şəxs tanıyır, belə ki, onların hər ikisi “İmişli Rayon Gənc X11”nin üzvüdür. Özü 2020-ci il tarixdə 44 günlük “Vətən müharibəsi”ndə iştirak edərək yaralanmış, İİİ qrup əlildir, qazidir və müharibə veteranıdır. Belə ki, o, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Baş vermiş cinayət hadisəsi barədə bildirir ki, 14 noyabr 2022-ci il tarixdə Bakı şəhərində yerləşən “Şəhidlər Abidəsi”nin qarşısında “Ceyhun Fərzəliyev” ad və soyadlı şəxs ilə tanış olmuşdur. Ceyhun ona sənəd işlərində nə köməklik lazımdırsa edə biləcəyini demişdir. O, Ceyhunun yalan vədinə inanıb, həmin vaxtdan sonra telefon əlaqələri saxlayaraq, arabir görüşmüşlər. 2023-cü ilin yanvar ayının ortalarında tanışı Zərərçəkmiş şəxs ilə “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlayan zaman ona “DOST” Agentliyində işləyən tanışı vasitəsilə qazilərə verilən avtomobil növbəsinə adını əlavə etdirə biləcəyini demişdir. Fizuli də onunla razılaşmış və o, Fizuliyə həmin adamla danışıb nə qədər pul qarşılığında köməklik edəcəyini soruşub, xəbər verəcəyini demişdir. Bundan sonra, o, tanışı Ceyhunun istifadəsində olan lakin hazırda dəqiq xatırlamadığı nömrəsinə “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlamışdır. Ceyhun ona 5000 (beş min) AZN məbləğində pul qarşılığında qazilərə verilən avtomobil növbəsinə adını əlavə etdirəcəyini demişdir. O, bu barədə Fizuliyə məlumat vermiş və sonuncu da onunla razılaşmışdır. Fizuli ona hazırda həmin məbləğdə pulunun olmadığını demişdir. O, Fizuliyə hazırda 2500 (iki min beş yüz) AZN məbləğində pul köçürməyini, qalan 2500 (iki min beş yüz) AZN məbləğində pulu isə sonra köçürməsini demişdir. Beləliklə, Zərərçəkmiş şəxs “e-Manat” ödəmə terminalı vasitəsilə 21 fevral 2023-cü il tarixdə, saat 21:23:14-də 2500 (iki min beş yüz) AZN məbləğində və 23 fevral 2023-cü il tarixdə, saat 14:03:12-də 2500 (iki min beş yüz) AZN məbləğində pul olmaqla, ümumilikdə 5000 (beş min) AZN məbləğində pulu özünə məxsus "xxxx" ASC-yə aid “4169 7388 8647 9231” nömrəli plastik kartın hesabına köçürmüşdür. O, həmin pul məbləğini hissə-hissə Ceyhunun istifadəsində olan dəqiq xatırlamadığı kart hesabına köçürmüşdür. O, Fizuliyə həmin pul məbləğini “DOST” Agentliyində işləyən tanışına verdiyini və sənədlərin qeydiyyata alındığını bildirmişdir. Lakin “DOST” Agentliyində işləyən tanışı vasitəsilə qazilərə verilən avtomobil növbəsinə Zərərçəkmiş şəxs əlavə edilməsi mümkün olmamış və yalandan vəd verdiyi iş baş tutmamışdır. O, hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir və səmimi peşmanlıq hissi keçirir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Qızılkənd kəndində yaşayır. Təqsirləndirilən şəxs tanıyır, belə ki, onların hər ikisi “İmişli Rayon Gənc X11”nin üzvüdür. Özü 2020-ci il tarixdə 44 günlük “Vətən müharibəsi”ndə iştirak edərək yaralanmış, İİİ qrup əlildir, qazidir və müharibə veteranıdır. Belə ki, o, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Baş vermiş cinayət hadisəsi barədə bildirir ki, təxminən 2023-cü ilin yanvarfevral aylarında mobil telefon vasitəsilə Təqsirləndirilən şəxs ilə əlaqə saxlayan zaman Murad ona “DOST” Agentliyində işləyən tanışı vasitəsilə qazilərə verilən avtomobil növbəsinə adını əlavə etdirə biləcəyini demişdir. O da Murad ilə razılaşmış və Murad ona həmin adamla danışıb nə qədər pul qarşılığında köməklik edəcəyini soruşub, xəbər verəcəyini demişdir. Daha sonra Murad ona 5000 (beş min) AZN məbləğində pul qarşılığında qazilərə verilən avtomobil növbəsinə adını əlavə etdirəcəyini demişdir. O, Murada hazırda həmin məbləğdə pulunun olmadığını demişdir. Murad ona hazırda 2500 (iki min beş yüz) AZN məbləğində pul köçürməyini, qalan 2500 (iki min beş yüz) AZN məbləğində pulu isə sonra köçürməsini demişdir. Beləliklə, o, “e-Manat” ödəmə terminalı vasitəsilə 21 fevral 2023-cü il tarixdə, saat 21:23:14-də 2500 (iki min beş yüz) AZN məbləğində və 23 fevral 2023-cü il tarixdə, saat 14:03:12-də 2500 (iki min beş yüz) AZN məbləğində pul olmaqla, ümumilikdə 5000 (beş min) AZN məbləğində pulu Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid “4169 7388 8647 9231” nömrəli plastik kartın hesabına köçürmüşdür. Lakin o, Muradın yalan vədlərinə aldandığını anladıqdan sonra bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102” Xidməti-Zəng Mərkəzinə zəng edərək və Cəbrayıl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, məlumat vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs ona “DOST” Agentliyində qazilərə verilən avtomobil növbəsinə adını əlavə etdirməyinə dair yalan vəd verib, vahid niyyət ilə onun ümumilikdə 5000 (beş min) AZN məbləğində pulunu ələ keçirərək, dələduzluq etmişdir. Baş vermiş cinayət əməli nəticəsində ona dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş, ona qarşı tələb və şikayəti vardır. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs 5000 (beş min) AZN məbləğində maddi ziyanın tutularaq, özünün xeyrinə ödənilməsi və Təqsirləndirilən şəxs məhkəmə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Cinayət işində olan 05 aprel 2024-cü il tarixli “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakt üzrə 05 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış, icraata qəbul edilərək, ibtidai istintaq aparılmışdır. Cinayət işində olan 23 may 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan 23 may 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, 23 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” Cəbrayıl Rayon Məhkəməsinin 1(072)-005/2024 saylı, 26 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “axtarış” elan edilməklə, barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinin 3-13-70/2-538/2025 saylı, 22 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2025-ci il tarixdə Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərində tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasının 3-16-17/42/2-317/2025 saylı, 22 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2025-ci il tarixdə Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq, 22 yanvar 2025-ci il tarixdə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işində olan 03 aprel 2024-cü il tarixli tələbnamədən (Əlavə 9) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün 30 sentyabr 2023-cü il tarixdə İmişli Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinin 3-43-30/2-339/2024 saylı 08 aprel 2024-cü il tarixli məktubundan görünür ki, 1. Təqsirləndirilən şəxs 44 günlük “Vətən müharibəsi”ndə iştirak etmiş, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. 2. Zərərçəkmiş şəxs 44 günlük “Vətən müharibəsi”ndə iştirak etmiş, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Cinayət işində olan “əlilliyi olan şəxslər barədə” elektron sorğu məlumatından görünür ki, 1. Təqsirləndirilən şəxs 44 günlük “Vətən müharibəsi”ndə iştirak etmiş və İİİ qrup əlillik dərəcəsi vardır. 2. Zərərçəkmiş şəxs 44 günlük “Vətən müharibəsi”ndə iştirak etmiş və İİİ qrup əlillik dərəcəsi vardır. Cinayət işində olan Azərbaycan Respublikası İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-53- 12/1-2-37/2024 saylı 07 may 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası X7, anası X8 və bacısı X5 ilə birlikdə İmişli şəhəri, M.Hüseyn küçəsi, ev 12 ünvanda qeydiyyatdadır. Cinayət işində olan Azərbaycan Respublikası İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 may 2024-cü il tarixli xasiyyətnamədən surətindən görünür ki, Təqsirləndirilən şəxs haqqında nümayəndəliyə heç bir şikayət ərizəsi daxil olmamışdır. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 436610 №-li, 07 may 2021ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 arasında 07 may 2021-ci il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 797 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Şirinova” soyadı verilmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İV 718102 №-li, 20 aprel 2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 birgə nikahından 18 mart 2019-cu ildə “X2” adında uşaqları anadan olmuşdur. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İV 718103 №-li, 20 aprel 2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 rəsmi nikahından 01 aprel 2022-ci ildə “X9” adında uşaqları anadan olmuşdur. Cinayət işində olan Zərərçəkmiş şəxs 13 fevral 2025-ci il tarixli ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində ona dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş, onun Təqsirləndirilən şəxs qarşı tələbi və şikayəti vardır, mülki iddianın təmin edilərək, məhkəmə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həmin maddələrinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsini, səmimi peşmanlığını, ailəli və himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, xüsusilə 44 günlük “Vətən müharibəsi”ndə (İkinci Qarabağ müharibəsi) iştirak etməsini, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini və İİİ qrup müharibə əlili olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, törədilmiş cinayətin real olaraq ictimai təhlükəlilik dərəcəsinin çox olmasını, eləcə də onun cəmiyyətdən təcrid olunmadan islah oluna bilməyəcəyini nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının təqsirləndirilən şəxsin barəsində “həbs” qətimkan tədbirinin seçildiyi vaxtdan hesablanmasını və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə onu da qeyd edir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Məhkəmə hesab edir ki, təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə cinayət işində olan mülki iddia ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsində qeyd edilmiş işin mübahisəli faktiki halları, daha doğrusu, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs dəymiş maddi zərərinin həcminin ümumilikdə məhz 5000 (beş min) AZN məbləği təşkil etməsi məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı üçün iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad edilmiş və işin mübahisəli faktiki halları əsaslandırılmış və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilmişdir. Ümumiyyətlə, mülki iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi işin mübahisəli faktiki halları formal mülahizələrə deyil, kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən sənəd cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır. Məhkəmə cinayət işində olan maddi sübut (“mobil telefona baxış” aparılmasına dair 1 (bir) ədəd “CD” disk) ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işində olan bu sübutlar cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 5000 (beş min) AZN məbləğində maddi ziyan tutularaq, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Cinayət işində olan “mobil telefona baxış” aparılmasına dair 1 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar