Məhkəmə qərarları › İş №1(072)-11/2025

Cəbrayıl Rayon Məhkəməsi Hökm — İş №1(072)-11/2025

11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(072)-11/2025 11.12.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 13:10 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Cəmilli Ülvi Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1996-cı ildə Biləsuvar rayonu, 5 saylı çadır şəhərciyində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 aprel 2025-ci il tarixdə, saat 00:10 radələrində yaşadığı qəsəbə ərazisində “Zakirin kafesi” kimi tanınan yeməkxanada spirtli içki qəbul etdikdən sonra piyada hərəkət edərək Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin darvazasının qarşısına gəlib, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qəsdən mənzildə yaşayanların, yəni Zərərçəkmiş şəxs və az yaşlı övladlarının iradəsi ziddinə hərəkət edərək, sonuncuların kənar şəxslərin evə gəlməsinin qarşısını almaq məqsədilə əvvəlcədən içəridən bağladıqları darvazanın üzərindən aşmaqla evin həyətinə daxil olmuşdur. Həyətdə saxlanılan itin hürməsi nəticəsində Zərərçəkmiş şəxs yataq otağının pəncərəsindən həyətə baxmış və əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olduğunu görmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs gördükdə evin pəncərəsinə yaxınlaşaraq, ona cinsi əlaqədə olmağı təklif etmiş, sonuncu bu təklif ilə razılaşmayaraq həmin qəsəbədə yaşayan qohumu - qardaşının arvadı Şahid5 mobil telefon vasitəsilə zəng edərək bu barədə məlumat vermişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs atası Şahid1, anası Şahid3 və qardaşının arvadı Şahid5 hadisə yerinə gəldiklərini görüb, Təqsirləndirilən şəxs qonşuluqda yaşayan Şahid6 həyəti istiqamətdə qaçıb getmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, o, valideynləri ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Zərərçəkmiş şəxs qəsəbə sakini kimi tanıyır və aralarında heç bir ədavət yoxdur. Baş vermiş hadisə barədə bildirir ki, o, 07 aprel 2025-ci il tarixdə, təxminən saat 17:00-dan saat 19:00-dək yaşadığı qəsəbədə yerləşən “Zakirin kafesi” kimi tanınan yeməkxanada spirtli içki qəbul edib, oradan çıxaraq yaxınlıqda yerləşən “Yamilin mağazası” kimi tanınan ərzaq mağazasına getmişdir. Mağazada olan zaman Yazgül və onun qız övladını görüb, mağazadan çıxaraq onların arxasınca getməyə başlamışdır. Yazgül yaşadığı evə çatıb, evə daxil olmuş və o, evin qarşısında dayanmayaraq həmin küçəni sonadək getmişdir. Lakin o, gecə vaxtı Yazgülün yaşadığı evə getməmiş və yaşadığı evin həyətinə daxil olmamışdır. Onu da qeyd edir ki, həmin gün sərxoş vəziyyətdə olduğu üçün başqa heçnə xatırlamır. Beləliklə, özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə təqsirli bilmir, hesab edir ki, ona qarşı irəli sürülmüş ittiham şər və böhtandır. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən ədalətli qərar, yəni bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, övladları Nurcan və Aysu ilə birlikdə ünvan 2 ünvanda yaşayır. Bir neçə il əvvəl həyat yoldaşından ayrılmışdır. Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanıyır və aralarında heç bir ədavət yoxdur. Baş vermiş hadisə barədə bildirir ki, 07 aprel 2025-ci il tarixdə, təxminən saat 18:00 radələrində azyaşlı qızı Nurcan ilə birlikdə yaşadığı qəsəbədə yerləşən “Yamilin mağazası” kimi tanınan ərzaq mağazasına getmiş, bu zaman Rahibi orada görmüşdür. O, qızı ilə birlikdə mağazadan çıxaraq piyada yaşadıqları evə tərəf gedən zaman Rahibin də piyada onların arxasınca gəldiyini görmüş, lakin buna əhəmiyyət verməmişdir. Həmin gün, gecə vaxtı, yəni 08 aprel 2025-ci il tarixdə, təxminən saat 00:10 radələrində o, yaşadığı evin həyətində səs gəldiyini eşidərək pəncərədən həyətə baxmış və bu zaman Rahibi yaşadığı evin həyətində görmüşdür. Rahib ona tərəf yaxınlaşaraq onunla cinsi əlaqədə olmaq üçün gəldiyini bildirmişdir. O, dərhal bu barədə qardaşının arvadı Şahid5 mobil telefon vasitəsilə zəng edərək bu barədə məlumat vermiş, eləcə də mobil telefon vasitəsində quraşdırılmış “Whatsapp” proqramı vasitəsilə Rahibin səsini yazaraq ona göndərmişdir. Hətta Rahib pəncərəyə vurulmuş həşərat əleyhinə olan toru da cırmışdır. O, çöl qapını açarkən özünü qorumaq məqsədilə mətbəxdən 1 (bir) ədəd bıçaq götürmüş və mətbəxin qapısını açıb, evin pilləkənində dayanmışdır. Bu zaman Rahib də mətbəx kimi istifadə etdikləri evin girişinin digər qapısını, yəni evin həyətə açılan qapısını açaraq onun qarşısında dayanmışdır. O, Rahibə əlində bıçaq olduğu üçün üzərinə gəlməməsini demiş və bu vaxt Rahib də ona “mənim də bıçağım var.” deyərək, cibindən mətbəx bıçağını çıxarmışdır. Bu zaman atası İbadulla kişi darvazanı itələyərək həyətə daxil olmuş, Rahib isə valideynlərinin həyətə daxil olduğunu görüb, oradan qaçaraq uzaqlaşmışdır. Atası İbadulla kişi bu barədə dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102” Xidməti- Zəng Mərkəzinə zəng edərək, məlumat vermişdir. Onu da qeyd edir ki, Rahib onun yaşadığı evin həyətinə daxil olan zaman heç bir oğurluq hadisəsi baş verməmiş, lakin evin pəncərəsinin üzərinə vurulmuş, həşərat əleyhinə olan toru cırdığı üçün təxminən 5-6 AZN məbləğində maddi zərər vurmuşdur. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən ağır cəza, yəni müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanda yaşayır. Zərərçəkmiş şəxs onun övladıdır. Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanıyır və aralarında heç bir ədavət yoxdur. Qızı Yazgül xanım övladları Nurcan və Aysu ilə birlikdə ünvan 2 ünvanda yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, 08 aprel 2025-ci il tarixdə, saat təxminən 00:10 radələrində yaşadığı evdə yatan zaman arvadı Sucahət onu yuxudan oyadaraq qızları Yazgülün evinə kiminsə girərək pəncərəni döydüyünü demişdir. O, yuxudan oyanıb, tez arvadı Sucahət və gəlini Mübarək ilə birlikdə Yazgülün yaşadığı evə getmişdir. Bu zaman Yazgül yenidən gəlini Mübarəkə mobil telefon vasitəsilə zəng edərək, həmin şəxsin qəsəbə sakini Rahib olduğunu və onun əlində bıçaq olduğu üçün ehtiyatlı olmalarını bildirmişdir. Təxminən 4-5 dəqiqə sonra onlar Yazgülün evinə çatıb, həyətə açılan böyük darvazanı açaraq, həyətə daxil olmuşlar. Evin həyətinə daxil olan zaman o, qəsəbə sakini Rahibin evin həyətində, mətbəxin giriş qapısının ağzında durduğunu görmüşdür. Həmin zaman Rahib ilə onun arasında üzbəüz təxminən 3-4 metr məsafə olmuş və onun əlində parıltılı metal olduğunu görmüşdür. Lakin Rahib onların həyətə daxil olduğunu görüb, tez qaçaraq ordan uzaqlaşmışdır. Fiziki cəhətdən çətin olduğu üçün Rahibin arxasınca gedə bilməmiş, lakin bu barədə dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102” Xidməti-Zəng Mərkəzinə zəng edərək, məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid5 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 4 ünvanda yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur. Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanıyır. Baş vermiş hadisə barədə bildirir ki, 07 aprel 2025-ci il tarixdə, saat təxminən 18:00-19:00 radələrində Yazgülün balaca qızı Nurcan ilə birlikdə mağazadan evə gəldiyini və onların arxasınca isə Rahibin gəldiyini görmüşdür. 08 aprel 2025-ci il tarixdə, gecə vaxtı, yəni təxminən saat 00:30 radələrində Yazgülün yaşadığı evin həyətinə Polis avtomobilinin gəldiyini eşitmiş, lakin gec olduğu üçün nə baş verməsi barədə xəbər almamışdır. Həmin günün səhəri eşitmişdir ki, Biləsuvar rayonu, 6 saylı qəsəbə sakini Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs İbadulla qızının yaşadığı evin həyətinə daxil olaraq, ona əxlaqsız təklif etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 5 ünvanda yaşayır. Zərərçəkmiş şəxs qonşu kimi tanıyır, lakin Təqsirləndirilən şəxs tanımır. Baş vermiş hadisə barədə bildirir ki, 08 aprel 2025-ci il tarixdə, gecə vaxtı yaşadığı evdə olan zaman qonşusu Yazgülün yaşadığı evin həyətindən itin hürdüyünü eşitmiş, lakin buna əhəmiyyət verməmişdir. Həmin günün səhəri yaşadığı evin həyətindəki çəpərin, yəni dəmir çərçivənin qırıldığını və dəmir torun (setka) isə əzildiyini görmüşdür. Daha sonra eşitmişdir ki, Biləsuvar rayonu, 6 saylı qəsəbə sakini Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs İbadulla qızının yaşadığı evin həyətinə daxil olaraq, ona əxlaqsız təklif etmişdir. Cinayət işində olan 24 iyul 2025-ci il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, fakta görə 24 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə cinayət işi başlanmış, icraata qəbul edilərək, ibtidai istintaq aparılmışdır. Cinayət işində olan 13 avqust 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 13 avqust 2025-ci il tarixdə, saat 13:20-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan 13 avqust 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 538 saylı, 15 avqust 2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs nevroloji statusu: Mərkəzi sinir sistemi tərəfindən dağınıq üzvi zədələnmə əlamətləri müəyyən edilir. Psixi vəziyyəti: Zahirən səliqəlidir. Öz şəxsiyyətinə, zamana və məkana görə bələdliyi qənaətbəxş səviyyədə saxlanılmışdır. Bir qədər narahat və gərgin görünür. Buna baxmayaraq, söz ünsiyyəti zamanı söhbətə sərbəst şəkildə qoşulur. Sualları mahiyyətinə uyğun şəkildə cavablandırır. Təfəkkürü bir qədər ləng tempdə və torpid xarakter daşıyır. Bununla belə nitqinin ardıcıl olması müşahidə edilir. Aparılan sorğu-sual gedişatında kəskin produktiv psixopatoloji simptomatika (qavrama yanlışlığı, təsəvvür pozuntusu və sayıqlama fikirləri) müəyyən edilmir. Mnestik funksiyalarından yaddaşında bir qədər zəiflik və diqqətində cüzi formada dağınıqlıq müşahidə edilir. Buna baxmayaraq, anamnestik məlumatları xronoloji ardıcıllıqla ümumən düzgün çatdırır. Sorğu-sual gedişatında emosional labilliyi, bir qədər əsəbiliyi özünü büruzə verir. Əhvali-ruhiyyə fonu dəyişkəndir. Yaranmış situasiya ilə əlaqədar olaraq istintaqa cəlb edilməsinə etirazını bildirir. İttiham olunduğu cinayət əməli və hadisələrin mahiyyəti barəsində soruşularkən cinayət əməlini inkar edərək ittihamla razılaşmadığını qeyd edir. Söhbət edərkən tez yorulduğu, bir qədər səbirsiz olduğu müşahidə edilir. Göndərildiyi ekspertizanın keçirilməsi məqsədini düzgün başa düşür, onun gedişinə və nəticəsinin necə olacağına maraq göstərir. Hal-hazırkı vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibət bəsləyir. Qeyd: Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/1290-4/1296 saylı, 12 sentyabr 2025-ci il tarixli ekspert rəyindən görünür ki,

1. Ekspertizaya təqdim edilmiş 1 (bir) ədəd “BİNGO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir.

2. Ekspertizaya təqdim edilmiş 1 (bir) ədəd “BİNGO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs məxsusdur. 3. Ekspertizaya təqdim edilmiş 1 (bir) ədəd “BİNGO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K” kimi işarə olunmuş diktorun danışıq materialı eyniləşdirici tədqiqat üçün yararsız olduğundan Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsin 97.4.2 və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddələrinə əsasən həmin diktorun səs və nitqinin Təqsirləndirilən şəxs və ya digər şəxsə məxsus olubolmaması barədə rəy vermək mümkün deyil. 4. Ekspertizaya təqdim edilmiş 1 (bir) ədəd “BİNGO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqda emosianal vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəskin şəkildə dəyişməsi, keçid prosesi üçün xarakterik siqnalın olması, sözlərarası və cümlələrarası məntiqi rabitənin pozulması kimi montaj əlamətləri müəyyən olunmamışdır. Qeyd: İlkin “məhkəməfonoskopik ekspertizas”ının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) AZN məbləği təşkil edir. Cinayət işində olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X7 254 saylı, 29 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Rayon Poliklinikasının Nevroloji kabinetində ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatda olmamışdır. Cinayət işində olan 06 avqust 2025-ci il tarixli tələbnamədən (Əlavə 9) görünür ki, görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 1(072)-004/2019 saylı 13 iyun 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 10 (on) ay, 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa, Cəbrayıl Rayon Məhkəməsinin 1(072)-004/2022 saylı 12 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmiş və o, məsuliyyətdən azad edilmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş Cəbrayıl Rayon Məhkəməsinin 1(072)-004/2019 saylı 13 iyun 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Həşimov X3 Rayon Məhkəməsinin 1(072)-04/2019 saylı 13 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 1 (bir) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 20 fevral 2019-cu il tarixdən 13 iyun 2019-cu il tarixədək saxlanıldığı 3 (üç), 24 (iyirmi dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəza müddətinə bir günə iki gün hesabı ilə 7 (yeddi) ay, 18 (on səkkiz) gününə bərabər hesablanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) ay, 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş Cəbrayıl Rayon Məhkəməsinin 1(072)-004/2022 saylı 12 yanvar 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmiş və o, məsuliyyətdən azad edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin 98028/2019-60-1 saylı, 11 dekabr 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Cəbrayıl Rayon Məhkəməsinin 1(072)-004/2019 saylı 13 iyun 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 10 (on) ay, 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını 15 may 2020-ci il tarixdə çəkib qurtarmışdır. Cinayət işində olan Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının Böyük Mərcanlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 616 saylı, 04 avqust 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri-valideynləri X5 və X1 ilə birlikdə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatdadır, hal-hazırda ünvan 1 ünvanda yaşayır. Cinayət işində olan Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının Böyük Mərcanlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 617 saylı, 04 avqust 2025-ci il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs övladları Şahid2 və X4 ilə birlikdə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatdadır, hal-hazırda ünvan 2 ünvanda yaşayır. Cinayət işində olan Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının Böyük Mərcanlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünün təqsirli bilməməsinə dair verdiyi ifadəsinə hüquqi qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi inandırıcı deyildir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsi məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş şəxsin ifadəsi, şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun ifadələri ilə, eləcə də cinayət işində olan mötəbər sübutlar ilə təkzib olunduğu üçün onun ifadəsinə tənqidi yanaşılmalı və ifadəsi özünü müdafiə edilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə cinayət işində olan ekspertiza xərci ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı ilkin “məhkəmə-fonoskopik ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 (yüz əlli) AZN məbləğində eskpertiza xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət nəfinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və aylıq qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 10 (on) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ilkin “məhkəmə-fonoskopik ekspertizas”ının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 (yüz əlli) AZN məbləğində eskpertiza xərci tututlaraq, dövlət nəfinə ödənilsin. Hökmün icrası Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar