Məhkəmə qərarları › İş №1(072)-12/2023

Cəbrayıl Rayon Məhkəməsi Hökm — İş №1(072)-12/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(072)-12/2023 08.06.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 11:25 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs müdafiəçisi: Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1969-cü ildə Cəbrayıl rayonu, Papı kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Papı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış, eləcə də davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, həmçinin ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq hərəkətləri edərək, 14 mart 2023-cü il tarixdə, saat 19:30 radələrində oğlu Şahid1 əvvəldən aralarında mübahisələri olan qonşusu Zərərçəkmiş şəxs yaşadığı Biləsuvar rayonu, 1 saylı qəsəbə, 311 saylı evin həyətinə pirotexniki vasitə (partlayıcı) atdığına görə Samikin Rəşada bildirdiyi irada görə ailə üzvləri ilə birlikdə Samikin yaşadığı evin qarşısına gedərək sonuncunun küçəyə çıxması barədə səs-küy salmağa başlamışdır. Zərərçəkmiş şəxs səs-küyə yaşadığı evdən küçəyə çıxan zaman aralarında mübahisə yaranmış, həmin mübahisə zamanı Zərərçəkmiş şəxs ünvanına yüksək səslə nalayiq ifadələr işlədərək qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə heç bir əsaslı səbəb olmadan sonuncunun burun nahiyəsindən başı ilə 1 (bir) dəfə vurub ona burnun yumşaq toxumaların şişkinliyi və qançırı, burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burun sümüyünün yerini dəyişməyən sınığı ilə nəticələnən, zərərçəkmiş şəxsin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə qonşuluqda yaşayan və küçədə olan şəxslərin narahatçılığına səbəb olan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur. Əvvəllər də bir neçə dəfə qonşusu Samik ilə aralarında mübahisələri yaranmışdır. Baş vermiş hadisə barədə bildirir ki, 14 mart 2023-cü il tarixdə, təxminən saat 19:30 radələrində oğlu qonşusu Samik ilə oğlu Rəşad arasında sözlə mübahisə yaranmışdır. O, bu mübahisəyə aydınlıq gətirilməsi üçün ailə üzvləri ilə birlikdə Samikin yaşadığı evə gedərək, onu yüksək səslə həyətə çağırmışdır. Bu zaman aralarında yenidən mübahisə yaranmışdır. Mübahisə zamanı o, heç bir səbəb olmadan əsəbləşib, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək burun nahiyəsindən 1 (bir) dəfə başı ilə vurmuşdur. Eyni zamanda bildirir ki, onların mübahisəsi və onun Samiki döyməsi təxminən 25-30 dəqiqə davam etmişdir. Həmin vaxt orada onların ailə üzvləri və digər şəxslər də olmuşdur. O, hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir və səmimi peşmanlıq hissi keçirir. Zərərçəkmiş şəxs ilə bir neçə dəfə barışığa cəhd etmiş, akin bunun heç bir müsbət nəticəsi olmamışdır. Eyni zamanda qeyd edir ki, heç vaxt belə bir hadisənin baş verməsini arzu etməz idi və məhz özünün səbrsizliyi icbatından cinayət əməlini törətmişdir. Hesab edir ki, bu müddət ərzində bütün səhvlərini dərk etmiş və nəticə çıxarmışdır. Məhkəmə qarşısında söz verir ki, gələcəkdə bir daha cinayət əməli törətməyəcək, nizam-intizama və qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur. Əvvəllər də bir neçə dəfə qonşusu İlqar ilə aralarında mübahisələri yaranmışdır. Baş vermiş hadisə barədə bildirir ki, İlqarın oğlu Rəşad onun yaşadığı evin həyətinə pirotexniki vasitə (partlayıcı) atdığına görə o, Rəşada iradını bildirmişdir. Bu səbəbdən də, 14 mart 2023-cü il tarixdə, təxminən saat 19:30 radələrində İlqar ailə üzvləri ilə birlikdə onun yaşadığı evin qarşısına gələrək, onun küçəyə çıxması barədə səs-küy salmağa başlamışdır. O, səs-küyə yaşadığı evdən küçəyə çıxan zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı İlqar onun ünvanına yüksək səslə nalayiq ifadələr işlədərək burun nahiyəsindən başı ilə 1 (bir) dəfə vurmuşdur. Eyni zamanda bildirir ki, onların mübahisəsi və Təqsirləndirilən şəxs onu döyməsi təxminən 25-30 dəqiqə davam etmişdir. Həmin vaxt orada onların ailə üzvləri və digər şəxslər də olmuşdur. Hesab edir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməlidir. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 İmran oğlu ifadəsində bildirmişdir ki, o, ailəsi ilə ünvan 1 ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun atası, Zərərçəkmiş şəxs qonşusudur. Əvvəllər də bir neçə dəfə qonşusu Samik ilə aralarında mübahisələri yaranmışdır. Baş vermiş hadisə barədə bildirir ki, 14 mart 2023-cü il tarixdə, təxminən saat 19:30 radələrində onun Samik ilə sözlə mübahisə yaranmışdır. Atası İlqar bu mübahisəyə aydınlıq gətirilməsi üçün ailə üzvləri ilə birlikdə Samikin yaşadığı evə gedərək, onu yüksək səslə həyətə çağırmışdır. Bu zaman aralarında yenidən mübahisə yaranmışdır. Mübahisə zamanı atası İlqar Samikin ünvanına nalayiq ifadələr işlədərək burun nahiyəsindən 1 (bir) dəfə başı ilə vurmuşdur. Eyni zamanda bildirir ki, həmin vaxt orada onların ailə üzvləri və digər şəxslər də olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 İmran oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə ünvan 3 ünvanda yaşayır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qonşusudurlar. Baş vermiş hadisə barədə bildirir ki, 14 mart 2023-cü il tarixdə, təxminən saat 19:00 radələrində yaşadığı evdə olan zaman küçədəki səs-küyü eşidib, çölə çıxmışdır. Bu zaman onun yaşadığı ev ilə üzbəüz olan Samikin yaşadığı evin qarşısında İlqarın və onun ailə üzvlərinin dayandığını, eləcə də onların Samik ilə mübahisə etdiyini görmüşdür. Bu zaman o və orada olan digər qonşular onlara yaxınlaşmış, dava-dalaş etməməsini bildirərək, onları sakitləşdirmiş və ayırmışdır. Daha sonra mübahisə zamanı İlqarın Samikin burun nahiyəsindən 1 (bir) dəfə baş ilə zərbə vurmasını eşitmişdir. Eyni zamanda bildirir ki, o, İlqar ilə Samikin hansı səbəbdən mübahisə etdiyini və mübahisə zamanı kimin bir-birinə nə ilə xəsarət yetirməsini görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 199 saylı, 17 mart 2023-cü il tarixli rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər: 1. Burnun yumşaq toxumaların şişkinliyi və qançırı, burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burun sümüyünün yerini dəyişməyən sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən 14 mart 2023-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. 2. Qeyd olunmuş xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işində olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X5 182 saylı, 03 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Rayon Poliklinikasının Nevroloji və Ruhiəsəb kabinetində dispanser qeydiyyatda olmamışdır. Cinayət işində olan 05 may 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb haqqında” qərardan görünür ki, 05 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan 05 may 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Biləsuvar Rayonu Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 601 saylı, 04 aprel 2023-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X1, övladları X2 və Şahid1 ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Cinayət işində olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Biləsuvar Rayonu Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 32 saylı, 04 aprel 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həmin maddələrinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə tюrətməyən cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsini, səmimi peşmanlığını, ailəli olmasını, eləcə də istintaq müddəti ərzində öz səhvlərini dərk edərək, nəticə çıxarmasını, davranışında islah olunması əlamətlərinin aşkarlığını, məhkəmə qarşısında gələcəkdə bir daha cinayət əməli törətməyəcəyi, qanunlara əməl edəcəyi barədə söz verməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan islah işləri ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının məhkumun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmasını və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən sənəd cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır. Məhkəmə cinayət işində olan maddi sübutlar (“baxış aparılmasına dair” 2 (iki) ədəd “CD” disk) ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işində olan bu sübutlar cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs qızının qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işində olan “baxış aparılmasına dair” 2 (iki) ədəd “CD” disk cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmün icrası Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar