Məhkəmə qərarları › İş №1(072)-13/2024

Cəbrayıl Rayon Məhkəməsi Hökm — İş №1(072)-13/2024

14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(072)-13/2024 14.11.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 14:05 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Müdafiəçi vəkili X6, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1989-cü il tarixdə Yevlax rayonu, İsmayılabad kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Yevlax rayonu, İsmayılabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən çətənə bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda, yəni təmiz çəkisi 67 qram qurudulmuş marixuananı qəsdən satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda yaşadığı Yevlax rayonu, İsmayılabad kəndində yerləşən fərdi yaşayış evinin həyətində nar ağaclarının arasında əkdiyi, lakin əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr (komponentlər) olan çətənə (kannabis) bitkisinə aid yarpaqları toplayıb qurudaraq əldə etməklə sellofan torbaya yığıb saxlamışdır. 13 iyul 2024-cü il tarixdə sellofan torbaya yığaraq saxladığı həmin narkotik vasitə hesab edilən qurudulmuş marixuananı Cəbrayıl rayonu, Horovlu kəndi ərazisinə daşımış, paltarları olan çantada gizlədərək 15 iyul 2024cü il tarixdə, saat 15:00 radələrində cinayətdən xəbərsiz olmaqla “TAXİ” fəaliyyətini həyata keçirən Şahid11 idarə etdiyi “VAZ-21015” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində gizlədərək, özü avtomobilin qabaq sərnişin oturacağında əyləşib, “Cəbrayıl-Füzuli” avtomobil yolu ilə Cəbrayıl rayonu, Horovlu kəndindən həmin rayonun Cocuq Mərcanlı kəndi istiqamətinə daşımışdır. 15 iyul 2024-cü il tarixdə, saat 16:30 radələrində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi yaxınlığındakı 3 saylı “Nəzarətburaxılış məntəqəsi”ndə Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən avtomobilin yük yerində ona məxsus polietilen torbanın içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasında avtomobilə baxış zamanı avtomobilin yük yerindən ona məxsus polietilen torbada xeyli miqdarda, yəni təmiz çəkisi 67 qram qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Yevlax rayonu, İslamabad kəndində yaşayır. Özü narkotik vasitə hesab edilən marixuana istifadə edir. Baş vermiş hadisə barədə bildirir ki, 2024-cü ilin iyul ayının əvvəllərindən Cəbrayıl rayonu, Horovlu kəndi ərazisində fəaliyyər göstərən 19 saylı "xxxx" MMC-də “suvaqçı” vəzifəsində işləyir. Narkotik vasitə hesab edilən marixuana istifadə etdiyi üçün 2024-cü ilin mart ayında yaşadığı Yevlax rayonu, İsmayılabad kəndində yerləşən fərdi yaşayış evinin həyətində nar ağacının altında 1 (bir) ədəd çətənə kolu əkmiş və xüsusi qulluq edərək böyütmüşdür. Daha sonra 10 iyul 2024-cü ildə şəxsi istifadəsi üçün onun yarpaqlarını kəsib qurutmağa başlamışdır. Həmin narkotik vasitə olan marixuananın yarpaqları tam qurumamış vəziyyətdə 1-2 dəfə siqaretə dolduraraq istifadə etmiş və qalan hissəsini isə sellofan torabaya yığıb, yaşadığı evdə gizlətmişdir. Daha sonra 13 iyul 2024-cü ildə işləmək üçün Cəbrayıl rayonu, Horovlu kəndində fəaliyyət göstərən şirkətə gedən zaman həmin sellofan torabada olan narkotik vasitəni də özü ilə götürərək, Cəbrayıl rayonu, Horovlu kəndində yerləşən yeni tikilən yaşayış evinin zirzəmisində gizlətmişdir. Həmin narkotik vasitədən təxminən 4-5 dəfə siqaretə doldurub istifadə etmişdir. Lakin həmin narkotik vasitədən istifadə etdikdən sonra yenidən zirzəmidə gizlətmişdir. O, həmin narkotik vasitədən istifadə etməsi üçün heç kimə verməmişdir. 15 iyul 2024-cü ildə əmək haqqı ilə bağlı razılaşa bilmədiyi üçün işdən çıxıb, evə getməyini fikirləşmişdir. Bu səbədən də, yataqxanada paltarlarını çantaya yığan zaman öz istifadəsi üçün saxladığı sellofan torbada olan həmin narkotik vasitəni də çantanın alt hissəsində gizlətmişdir. Digər iş yoldaşları Şahid12 və Şahid10 isə Füzuli rayonu, Horadiz şəhərində olan bərbərə getmələrini planlamışlar. Həmin gün, təxminən saat 15:00 radələrində işlədikləri şirkətin “Nəzarət-buraxılış məntəqəsi”nin qarşısına çıxıb, orada dayanmış ağ rəngli “VAZ-21015” markalı avtomobilə yaxınlaşmışlar. Həmin avtomobilin sürücüsündən, yəni onlar ilə birlikdə işləməsinə baxmayaraq üzdən tanısa da, şəxsən tanışlığı olmayan Şahid11 onları Füzuli rayonu, Horadiz şəhərində olan avtovağzalın yanına aparmasını xahiş etmişlər. Süleyman isə gediş haqqı olaraq 20 (iyirmi) AZN məbləğinə onları Füzuli rayonu, Horadiz şəhərinə aparacağını demişdir. Onlar sürücü ilə razılaşmış, Həsrət və Sərxan avtomobilin arxa sərnişin oturacağında əyləşmişlər. Özü isə sellofan torabaya yıxdığı narkotik vasitəni içərisində gizlətdiyi paltarları olan əl çantasını avtomobilin yük yerinə qoyub, avtomobilin qabaq sərnişin oturacağında əyləşmişdir. Həmin gün, təxminən saat 16:30 radələrində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi yaxınlığındakı polis postuna çatmışlar. Postda xidmət aparan polis əməkdaşları avtomobilin yük yerini yoxlayan zaman avtomobilin yük yerindən ona aid çantanın içində sellofan torbanı götürərək, həmin torabada narkotik vasitənin olduğuna aid şübhə yarandığını bildirmişlər. Bu səbəbdən də, onu, sürücü Süleymanı, Sərxanı və Həsrəti avtomobil ilə birlikdə Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə birlikdə Cəbrayıl Rayon Polis Şöbəsinə getmişlər. Cəbrayıl Rayon Polis Şöbəsinin xidməti otaqlarının birində, müdafiəçinin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə, onun üzərində şəxsi axtarış aparılmışdır. O, şəxsi axtarış zamanı polis əməkdaşlarına əynində olan boz rəngli cins şalvarın cibindən özünə məxsus olan “REDMİ NOTE 12” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Daha sonra sərnişin qismində əyləşdiyi “VAZ 21015” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerindən özünün paltarları olan əl çantasının içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olan bir neçə sellofana bükülmüş, 1 (bir) ədəd sellofan torba aşkar edilmişdir. Avtomobildən aşkar edilərək, götürülmüş həmin narkotik vasitə onun və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq zərfin içərisinə qoyulmuş, möhürlənmişdir. Onu da qeyd edir ki, onun özünün narkotik vasitə hesab edilən qurudulmuş marixuananı satmaq və ya kiməsə bağışlamaq niyyəti olmamış, sadəcə olaraq, özünün istifadə etməsi üçün özündə saxlamışır. Eyni zamanda bildirir ki, ümumiyyətlə o, həmin narkotik vasitə hesab edilən qurudulmuş marixuana, eləcə də onu əl çantasında sellofan torabaya yığaraq gizlətməklə “VAZ 21015” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyması barədə sürücü Şahid11, iş yoldaşları Şamilli Həsrət oğluna və Şahid12 heç bir söz deməmiş və onların bundan xəbəri olmamışdır. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir, səmimi peşmanlıq hissi keçirir və gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Cəbrayıl Rayon Polis X5 Bölməsinin polis sahə rəisi vəzifəsində işləyir və polis leytenantıdır. Cəbrayıl Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən tərtib edilmiş qrafikə əsasən 15 iyul 2024-cü il tarixdə, saat 08:00-dan saat 20:00-a dək Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi yaxınlığındakı 3 saylı “Nəzarət-buraxılış məntəqəsi”ndə o, Cəbrayıl Rayon Polis X21 Xidməti Bölüyünün polis nəfərləri, polis serjantları Şahid5, Şahid9, Şahid6, polis nəfəri, polis kiçik serjantı Şahid8 və Cəbrayıl Rayon Polis X5 Bölməsinin sahənin polis nəfəri, polis baş serjantı Şahid7 ilə birlikdə xidmətdə olmuşdur. Həmin gün, təxminən saat 16:00 radələrində “Nəzarət-buraxılış məntəqəsi”ndə xidmətdə olan zaman Cəbrayıl rayonundan Füzuli rayonu istiqamətinə hərəkət edən ağ rəngli “VAZ-21015” markalı, **- RF-*** dövlət nömrə nişanlı avtomobil polis postuna yaxınlaşmış və dayanması üçün işarə vermişlər. Həmin avtomobil postda saxlamış və avtomobildə sürücüdən əlavə 1 (bir) nəfər şəxs qabaq sərnişin oturacağında, 2 (iki) nəfər şəxs isə arxa sərnişin oturacağında əyləşmişdir. Sürücüyə avtomobilin yük yerinə baxış keçiriləcəyini bildirib, yük yerini açmasını xahiş etmişlər. Sürücü Şahid11 avtomobildən düşərək yük yerini açmışdır. Avtomobilin yük yerinə baxış zamanı paltarlar yığılmış əl çantasında 1 (bir) ədəd sellofan bükülünün olduğunu görmüşlər. Həmin bükülünün narkotik vasitəyə bənzər kütlənin olmasına şübhə yarandığı üçün kimə məxsus olduğunu soruşmuşlar. Bu zaman avtomobilin qabaq sərnişin oturacağında əyləşmiş Təqsirləndirilən şəxs avtomobildən düşərək, paltarlar olan çantanın, eləcə də sellofan torbada olan bükülünün də ona məxsus olduğunu və şəxsi istifadəsi üçün narkotik vasitə olduğunu demişdir. Bu səbəbdən də, avtomobildə olan şəxslər postda saxlanılmışlar. O, bu barədə raportla Cəbrayıl Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Bundan sonra, həmin ərazi “şəxsi axtarış” və “avtomobilə baxış” keçirilməsi üçün müvafiq yer olmadığına görə həmin şəxslər, yəni Təqsirləndirilən şəxs, sürücü Şahid11, sərnişinlər Şahid10 və Şahid12 “VAZ-21015” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasına aparılmış, özü isə postda xidmətini davam etdirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəbrayıl Rayon Polis X21 Xidməti Bölüyünün polis nəfərləri, polis serjantları Şahid5, Şahid6, Şahid9, polis nəfəri, polis kiçik serjantı Şahid8 və Cəbrayıl Rayon Polis X5 Bölməsinin sahənin polis nəfəri, polis baş serjantı Şahid7 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Cəbrayıl Rayon Polis X4 Qrupunun əməliyyat müvəkkilli vəzifəsində işləyir və polis kiçik leytenantıdır. 15 iyul 2024-cü il tarixdə Cəbrayıl Rayon Polis X5 Bölməsinin polis sahə rəisi, polis leytenantı Novruzlu X8 rayonu, Cocuq Mərcanlı kəndi yaxınlığındakı 3 saylı “Nəzarət-buraxılış məntəqəsi”ndə xidmətdə olan zaman avtomobilin yük yerindən narkotik vasitəyə bənzər bükülü aşkar etdiyinə görə raportla rəhbərliyə məruzə etdiyi üçün həmin avtomobildə olan şəxslər avtomobil ilə birlikdə Cəbrayıl Rayon Polis Şöbəsinə gətirilmişlər. Cəbrayıl Rayon Polis X5 Bölməsinin polis sahə rəisi, polis leytenantı Şahid2 raportu əsasında araşdırma aparılması üçün Cəbrayıl Rayon Polis X13 təhqiqatçısı, polis baş leytenantı X10 həvalə edilmişdir. Cəbrayıl Rayon Polis Şöbəsinin xidməti otaqlarının birində, müdafiəçinin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə, həmin şəxslərin, eləcə də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sol ön cibindən özünə məxsus olan “REDMİ NOTE 12” markalı mobil telefonu çıxarıb, təqdim etmişdir. Daha sonra sərnişin qismində əyləşdiyi “VAZ 21015” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerindən Təqsirləndirilən şəxs paltarları olan əl çantasının içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olan bir neçə sellofana bükülmüş, 1 (bir) ədəd sellofan torba aşkar edilmişdir. Lakin avtomobildən digər qanunsuz narkotik vasitə, əşya və predmet aşkar edilməmişdir. Baxış zamanı sellofan torbada bir neçə sellofana bir-birinə keçirilmiş halda olmaqla, içində yaşıl rəngli, spesifik iyə malik kütlə, yəni narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlə olduğu müəyyən olunmuşdur. Həmin narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlə sellofan torbalar ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 102 (yüz iki) qram olduğu müəyyən edilmişdir. Avtomobildən aşkar edilərək, götürülmüş həmin narkotik vasitə baxışda iştirak edən şəxslərin, eləcə də Təqsirləndirilən şəxs və onun müdafiəçinin iştirakı ilə qablaşdırılaraq zərfin içərisinə qoyulmuş, möhürlənmişdir. “Baxış” protokolu tərtib olunaraq baxış iştirakçılarına ucadan oxunmuş, protokol baxış iştirakçıları, о cümlədən Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəbrayıl Rayon Polis X5 Bölməsinin polis nəfəri, polis baş serjantı Qəhrəmanov X2 Şamil Əfqan oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Biləsuvar rayonu, Ağayrı kəndində yaşayır. Narkotik vasitənin heç bir növündən istifadə etməmişdir. 2024-cü ilin iyun ayının əvvəllərindən Cəbrayıl rayonu, Horovlu kəndində fəaliyyət göstərən 19 saylı "xxxx" MMC-də “qəlibçi” vəzifəsində işləyir. Baş vermiş hadisə barədə bildirir ki, 15 iyul 2024-cü il tarixdə, təxminən saat 14:00 radələrində özünü yaxşı hiss etmədiyinə görə yaşadığı evə getmək üçün işdən icazə almış və işlədiyi yerin düşərgəsinin nəzarət buraxılış məntəqəsinin qarşısında 3 (üç) nəfər şəxsin dayandığını görmüşdür. Həmin şəxslər ona yaxınlaşaraq, Füzuli rayonu, Horadiz şəhərində yerləşən avtovağzalın yanına aparmasını xahiş etmişlər. O, həmin şəxslərə gediş haqqı olaraq 20 (iyirmi) AZN məbləğinə aparacağını demişdir. Bundan sonra həmin şəxslər yəni, Şahid12 və Şahid10 onun idarə etdiyi “VAZ 21015” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağında əyləşmişlər. Təqsirləndirilən şəxs isə əlində olan çantanı avtomobilin yük yerinə qoyaraq, qabaq sərnişin oturacağında əyləşmişdir. O, avtomobili idarə edərək Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi yaxınlığındakı polis postuna çatmışdır. Bu zaman postda xidmət aparan polis əməkdaşları onların “portal icazə”lərinin olub-olmadığını, eləcə də avtomobilin yük yerini yoxlamışlar. Polis əməkdaşları avtomobilin yük yerinə baxış zamanı paltarlar yığılmış əl çantasında 1 (bir) ədəd sellofan bükülünün olduğunu görüb, həmin bükülünün narkotik vasitəyə bənzər kütlənin olmasına şübhə yarandığı üçün kimə məxsus olduğunu soruşmuşlar. Bu zaman avtomobilin qabaq sərnişin oturacağında əyləşmiş, Təqsirləndirilən şəxs avtomobildən düşərək, paltarlar olan çantanın, eləcə də sellofan torbada olan bükülünün ona məxsus olduğunu və şəxsi istifadəsi üçün narkotik vasitə olduğunu demişdir. Bu səbəbdən də, onlar həmin postda saxlanılmışlar. Daha sonra onu, avtomobildə olan sərnişinlər Şahid12, Şahid10 və Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21015” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə birlikdə Cəbrayıl Rayon Polis Şöbəsinə getmişlər. Cəbrayıl Rayon Polis Şöbəsinin xidməti otaqlarının birində, müdafiəçinin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə, onun və həmin şəxslərin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən qanunsuz əşya və predmet aşkar edilməmişdir. Daha sonra idarə etdiyi “VAZ 21015” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerindən Təqsirləndirilən şəxs paltarları olan əl çantasının içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olan bir neçə sellofana bükülmüş 1 (bir) ədəd sellofan torba aşkar edilmişdir. Avtomobildən aşkar edilərək, götürülmüş həmin narkotik vasitə baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılaraq zərfin içərisinə qoyulmuş, möhürlənmişdir. “Baxış” protokolu tərtib olunaraq baxış iştirakçılarına ucadan oxunmuş, protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. Eyni zamanda bildirir ki, onun Təqsirləndirilən şəxs haradan və hansı məqsəd ilə narkotik vasitə əldə etməsi barədə, eləcə də onun əl çantasında sellofan torabaya yığaraq gizlətdiyi narkotik vasitəni idarə etdiyi avtomobilin yük yerinə qoymasından heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 oğlu Şahid11 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X14 Bölməsinin 3-16-16-18/2-667/2024 saylı, 16 iyul 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vaz 21015 markalı, **-RF-*** dövlət nömrə nişanlı avtomobilin yük yerindən...” sözləri və imzalar olan yazılmış kağız paketdə 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi-67 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: Marixuananın ümumi təmiz çəkisi-67 qram, tədqiqata sərf edildi-0.10 qram və qalıq-66.90 qram. Məhkəmə bioloji ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri 31.95 (otuz bir, doxsan beş) AZN məbləği təşkil edir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X25 Ambulator X1 5577 saylı, 14 avaust 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs nevroloji statusu: kəllə-beyin inervasiya norma daxilindədir. Bəbəklər eynidir. Fotoreaksiya normaldır. Akkomodasiya və konvergensiya normaldır. Nistaqm yoxdur. Burun-dodaq büküşləri simmetrikdir. Udma və yumşaq damaq refleksi normaldır. Dili orta xətt üzrədir. Kerer nöqtələr ağrısızdır. Vətər və sümüküstü refleksləri normaldır. Parez və plegiya yoxdur. Patoloji reflekslər aşkarlanmır. Qarın refleksi normaldır. Romberq vəziyyətində dayanıqsızdır. Qolları uzadılmış vəziyyətdə əl barmaqlarının titrəməsi müşahidə olunur. Vazomator ləbillik qeyd olunur. Psixi vəziyyəti: Huşu aydın, bələdliliyi bütün növlərdə saxlanılıb. Suallara düzgün cavab verir. Produktiv psixopatoloji simptomatika aşkar olunmur. Emosional iradi sferası dəyişkəndir. Əhvalruhiyyəsi aşağıdır. Öz psixi vəziyyətinə tənqidi münasibəti kifayət qədər deyildir. Təqsirləndirilən şəxs kannaboidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşka olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X19 xx/xx-9088 saylı, 09 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Mərkəzdə narkoloji qeydiyyatda olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X19 9893 saylı, 12 avqust 2024-cü il tarixli məktubundan görünür ki, İbrahimov X12 müalicədə olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X23 Şəxs “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X19 18-1-82/2-599/2024 saylı, 13 avqust 2024cü il tarixli məktubundan görünür ki, İbrahimov X9 psixo-nevroloji kabinetində qeydiyyatda dayanmır. Cinayət işində olan 15 iyul 2024-cü il tarixli “şübhəli şəxsi tutma haqqında” qərardan və protokoldan görünür ki, 15 iyul 2024-cü il tarixdə saat 17:50-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 17 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 17 iyul 2024-cü il tarixdə, saat 12:15-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan 17 iyul 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, 17 iyul 2024-cü il tarixdə, saat 13:50-də Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan 03 oktyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid11 15 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs xeyli miqdarda, yəni təmiz çəkisi 67 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması faktı üzrə qabaqcadan əlbirliyinin olması, eyni zamanda ona məxsus avtomobilin yük yerində narkotik vasitə daşımasından xəbərinin olması təsdiq olunmadığına görə onun əməlində cinayət tərkibi olmaması əsası ilə Şahid11 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 307.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Şahid12 15 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs xeyli miqdarda, yəni təmiz çəkisi 67 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması faktı üzrə qabaqcadan əlbirliyinin olması, eyni zamanda onun da sərnişin qismində əyləşdiyi avtomobilin yük yerində Təqsirləndirilən şəxs narkotik vasitə gizlədər daşımasından xəbərinin olması təsdiq olunmadığına görə onun əməlində cinayət tərkibi olmaması əsası ilə Şahid12 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 307.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Şahid10 15 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs xeyli miqdarda, yəni təmiz çəkisi 67 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması faktı üzrə qabaqcadan əlbirliyinin olması, eyni zamanda onun da sərnişin qismində əyləşdiyi avtomobilin yük yerində Təqsirləndirilən şəxs narkotik vasitə gizlədərək daşımasından xəbərinin olması təsdiq olunmadığına görə onun əməlində cinayət tərkibi olmaması əsası ilə Şahid10 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 307.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, X7 və X3 birlikdə yaşadıqları Yevlax rayonu, İsmayılabad kəndində yerləşən evin həyətyanı sahəsində övladları Təqsirləndirilən şəxs narkotik narkotik vasitə hesab edilən çətənə kolları əkibbecərməsindən və istifadə etməsindən məlumatlarının olması xüsusatı üzrə X7 və X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 307.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 15 iyul 2024-cü il tarixdə Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanmamışdan əvvəllər də narkotik vasitə hesab edilən marixuana istifadə etməsi faktında cinayətin və inzibati xətanın tərkibi olmaması əsası ilə Təqsirləndirilən şəxs barəsində həmin xüsusat üzrə inzibati icraatın açılması və cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu, İsmayılabad kəndində yerləşən evin həyətyanı sahəsində narkotik vasitə hesab edilən çətənə kolları aşkar edilmədiyi və sonuncunun valideynləri ilə qabaqcadan əlbirliyi olmadığı üçün həmin xüsusat üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan “Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiya etmə” inzibati xətanın tərkibi olmadığı üçün inzibati icraatın açılması və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.1-ci maddəsində nəzərdə tutulan “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə” cinayətinin tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu, İsmayılabad kəndində yerləşən evin həyətində nar ağaclarının arasında istintaqa məlum olmayan vaxtda tərkibində narkotik vasitə hesab edilən çətənə kolu əkib-becərərək yarpaqlarını qurudaraq əldə etdiyi qurudulmuş marixuananı sellofan torabada saxlayaraq 15 iyul 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Şahid11 idarə etdiyi “VAZ 21015” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən aşkar edilmiş ona məxsus sellofan torbada təmiz çəkisi 67 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması faktı təsdiq olunmadığı üçün onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddələrində nəzərdə tutulan “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” cinayətinin tərkibi olmadığı üçün Təqsirləndirilən şəxs barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işində olan Yevlax Rayon Məhkəməsinin 1(039)-074/2020 saylı 23 oktyabr 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. Cinayət işində olan 8 saylı, 24 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 1(039)-074/2020 saylı 23 oktyabr 2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. Təqsirləndirilən şəxs 11 noyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Səmədabad Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-9-15/2-202/2024 saylı, 12 avqust 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu, İsmayılabad kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. Cinayət işində olan Azərbaycan Respublikası Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Səmədabad Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-9-15/2-07/2024 saylı, 12 avqust 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında nümayəndəliyə heç bir şikayət ərizəsi daxil olmamış və o, müsbət xarakterizə edilmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsini və səmimi peşmanlığını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, bununla yanaşı aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən qurudulmuş marixuanın miqdarı şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda olmasa da, həmin narkotik vasitənin uzun illər erməni təcavüzü altında olmuş və minlərlə şəhidin, qazinin canı və qanı hesabına işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisinə keçirməsini, hətta orada istifadə etməsini, bununla yanaşı əvvəllər “müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza” təyin edən məhkəmə onu cəza çəkmədən islah olunması qənaətinə gələrək, həmin cəzanın şərti olaraq tətbiq etsə də, hətta məhkumluğu ödənilsə də, lakin onun islah olunmamasını, eləcə də cəmiyyətdən təcrid olunmadan islah oluna bilməyəcəyini, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilərsə, cəmiyyətdə mənfi emosiyalar doğuracağını və yenidən cinayət törətməklə, cəmiyyət üçün təhlükə yaradacağını nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın təyin edilməsini, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbirinin seçilməsini və cəzaçəkmə müddətinin başlanğıcının təqsirləndirilən şəxsin “zaldan həbs edildiyi tarixdən, yəni 14 noyabr 2024-cü il tarixdən” hesablanmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə cinayət işində olan ekspertiza xərci ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı ilkin “məhkəmə bioloji ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 31.95 (otuz bir, doxsan beş) AZN məbləğində eskpertiza xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən sənəd cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır. Məhkəmə cinayət işində olan maddi sübutlar ("xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş məlumatlara dair 2 (iki) ədəd “CD” disk, “şəxsi axtarış və götürmə” aparılmasına dair 3 (üç) ədəd “CD” disk, “baxış və götürmə” aparılmasına dair 1 (bir) ədəd “CD” disk) ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işində olan bu sübutlar cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə cinayət işində olan digər maddi sübutlarla bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 66.90 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 iyul 2024-cü il tarix, saat 17:50-dən 17 iyul 2024-cü il tarix, saat 13:50-ə dək saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəza müddətinə bir günə bir gün hesabı ilə 2 (iki) günə bərabər hesablanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs məhkəmə bioloji ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 31.95 (otuz bir, doxsan beş) AZN məbləğində eskpertiza xərci tutularaq, dövlət nəfinə ödənilsin. Cinayət işində olan "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş məlumatlara dair 2 (iki) ədəd “CD” disk, “şəxsi axtarış və götürmə” aparılmasına dair 3 (bir) ədəd “CD” disk, “baxış və götürmə” aparılmasına dair 1 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Cinayət işi üzrə maddi sübutun qalığı olan Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 66.90 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar