Məhkəmə qərarları › İş №1(072)-14/2024

Cəbrayıl Rayon Məhkəməsi Hökm — İş №1(072)-14/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(072)-14/2024 28.11.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 13:30 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Müdafiəçi vəkili X3, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs, XX.XX.1936-cı ildə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, pensiyaçı, orta təhsilli, əvvəllər məhkum olunmamış, Böyük Mərcanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan 04 aprel 2024-cü il tarixdə, saat 12:00 radələrində özünün mülkiyyətində olan “VAZ-2105” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsiilə Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 1-11 nömrəli qəsəbələrarası avtomobil yolunda Biləsuvar rayonu, 2 saylı qəsəbədən 3 saylı qəsəbənin yaxınlığında olan qəbirstanlıq istiqamətində hərəkət edərkən, yol hərəkəti qaydalarını pozması nəticəsində, yəni həmin Qanunun 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələbinə riayət etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda onlara riayət etmədən hərəkətdə olduğu yolun Biləsuvar rayonu, 3 saylı qəsəbənin ərazisindən keçən hissəsində əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 - üfüqi nişanlanma xəttini (düz bütöv xətti) kəsməklə əks istiqamətli nəqliyyat axınına çıxaraq və nəqliyyat axınının əksinə hərəkət edərək, yolun sol tərəfində yerləşən avtoyuma məntəqəsinə dönən zaman arxadan eyni istiqamətdə hərəkət edən Şahid2 idarə etdiyi “MERCEDES-BENZ E220” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Şahid2 idarə etdiyi “MERCEDES-BENZ E220” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilində qabaq-sağ oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, sifətin sol yanaq nahiyəsində sıyrıq və sol mil sümüyünün distal ucunun yerini dəyişmiş qapalı sınığı kimi sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Özü pensiyaçı və şəhid atasıdır. Belə ki, oğlu X1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan 1-ci Qarabağ müharibəsində şəhid olmuşdur. O, zərərçəkmiş şəxs Şahid1 və “MERCEDES-BENZ E220” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 qəsəbə sakini kimi tanıyır, onlar ilə heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. “VAZ-2105” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O, Sovet hakimiyyəti dövründə sürücülük vəsiqəsi almış, həmin vəsiqənin müddəti başa çatsa da, lakin onu dəyişdirməmiş və yol nəqliyyat hadisəsi baş verən günədək həmin sürücülük vəsiqəsi əsasında avtomobil idarə etdmişdir. Baş vermiş hadisə barədə bildirir ki, 04 aprel 2024-cü il tarixdə “VAZ-2105” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin alt hissəsində çürüklər olduğu üçün İmişli rayonu, Aranlı kəndində işləyən avtomobil ustasının yanına getməyi qərara almışdır. Bu səbəbdən, o, həmin gün, təxminən saat 12:00 radələrində idarə etdiyi “VAZ-2105” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə yaşadığı Biləsuvar rayonu, 2 saylı qəsəbədə ərazisindən “Şirvan post” adlanan dairəvi yolayrıcı istiqamətinə hərəkətə başlamışdır. Hərəkət edən zamanı avtomobili yuyub-təmizləmək üçün Biləsuvar rayonu, 3 saylı qəsəbənin girişində yolun sol tərəfində yerləşən avtoyuma məntəqəsinə dönməyi fikirləşmişdir. Bu səbəbdən də, o, həmin avtoyuma məntəqəsinə çatmağa təxminən 10-15 metr qalmış sola dönmə işığını yandırıb, avtomobilin sürətini azaltmış və qarşıdan hərəkət edən avtomobilləri gözləyərək, avtoyuma məntəqəsinə dönməyə başlamışdır. Lakin həmin vaxt arxadan hərəkət edən hər hansı bir avtomobilin olduğunu görməmiş, asfalt yolun üzərində olan düz xətti kəsərək, sola dönərkən avtomobilin qarşı tərəfi əks hərəkət zolağına çıxmışdır. Bu zaman arxadan onunla eyni istiqamətdə yüksək sürətlə hərəkətdə olan “MERCEDES-BENZ E220” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi “VAZ-2105” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Belə ki, həmin avtomobilin qarşı tərəfi onun idarə etdiyi avtomobilinin qabaq sol tərəfindən toqquşmuş və idarə etdiyi avtomobil yan tərəf üstə sürüşərək dayanmışdır. O, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində özünü itirdiyi üçün bir müddət avtomobildən yerə düşə bilməmişdir. Orada olan kənar şəxslərin və “MERCEDES-BENZ E220” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün köməkliyi ilə avtomobildən yerə düşmüşdür. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hər iki avtomobil əzilmiş, özü və “MERCEDES-BENZ E220” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı sürücüsü Şahid2 dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışdır. Eləcə də “MERCEDES-BENZ E220” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobildə arxa oturacaqda əyləşmiş sərnişin Şahid1 yüngül dərəcəli və həmin avtomobildə qabaq-sağ oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs isə az ağır dərəcəli bədən xəsarətləri almışdır. Onu da qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsindən əvvəl səhhətində heç bir bir problem olmamış, səhhəti normal olmuşdur. Avtomobili idarə etməmişdən əvvəl spirtli içki qəbul etməmiş və avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Onu qeyd edir ki, belə bir hadisənin baş verməsini heç vaxt arzu etməz idi. Məhkəmə qarşısında söz verir ki, gələcəkdə bir daha cinayət əməli törətməyəcək, nizam-intizama və qanunlara əməl edəcəkdir. Özü ailəlidir, yaşlıdır, pensiyaçıdır və şəhid atasıdır. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanda yaşayır. O, Təqsirləndirilən şəxs qəsəbə sakini tanıyır, onun ilə heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. Lakin “MERCEDES-BENZ E220” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 onun xalasının oğlu və həmin avtomobildə sərnişin qismində əyləmiş Şahid1 isə eltisidir. Baş vermiş hadisə barədə bildirir ki, “Aprel döyüşləri” zamanı şəhid olmuş qohumu X2 və digər şəhidlərin il dönümü ilə bağlı qəbirstanlıqda yerləşən “Şəhidlər Abidəsi”nin qarşısında tədbir keçirilməsi nəzərdə tutulmuşdur. O da qohumu, yəni eltisi Şahid1 ilə birlikdə həmin tədbirdə iştirak etməyi qərara almışdır. Bu səbəbdən də, o və eltisi Püstə xanım, 04 aprel 2024-cü il tarixdə, saat 12:00 radələrində Fiyazın idarə etdiyi “MERCEDES-BENZ E220” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Belə ki, o, həmin avtomobildə qabaq sağ oturacaqda, Püstə xanım isə arxa oturacaqda əyləşmişdir. Hərəkətdə olan zaman Biləsuvar rayonu, 3 saylı qəsəbənin girişində onlardan qarşıda asta sürətlə hərəkət edərək sol tərəfə dönməyə başlayan qırmızı rəngli “VAZ-2105” markalı avtomobilin olduğunu görmüşdür. Həmin avtomobil yolu dönən zaman Fiyazın idarə etdiyi “MERCEDES-BENZ E220” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin avtomobil ilə toqquşmuşdur. Lakin yol hərəkəti haqqında qanundan məlumatı olmadığı üçün yol nəqliyyat hadisəsinin konkret olaraq necə baş verdiyini dəqiq bilmir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində o, az ağır dərəcəli və avtomobildə arxa oturacaqda əyləşmiş qohumu Şahid1 isə yüngül dərəcəli bədən xəsarətləri almışdır. Hal-hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Bütün bunları və eləcə də Təqsirləndirilən şəxs yaşlı və şəhid atası olmasını nəzərə alaraq, barəsində məhkəmə tərəfindən ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanda yaşayır. O, Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanıyır, onun ilə ilə heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs Şahid1 onun xalasının qızıdır. O, “MERCEDES-BENZ E220” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ və etibarnamə əsasında idarə edir. Baş vermiş hadisə barədə bildirir ki, “Aprel döyüşləri” zamanı şəhid olmuş qohumu X2 və digər şəhidlərin il dönümü ilə bağlı qəbirstanlıqda yerləşən “Şəhidlər Abidəsi”nin qarşısında tədbir keçirilməsi nəzərdə tutulmuşdur. Buna görə də, 04 aprel 2024-cü il tarixdə dayısı oğlu Əşrəf kişi ona zəng edərək, qohumları Zərərçəkmiş şəxs və Şahid1 “Şəhidlər Abidəsi”nə aparmasını xahiş etmişdir. O, həmin gün, təxminən saat 12:00 radələrində idarə etdiyi “MERCEDES-BENZ E220” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə qohumları Fatma və Püstə xanımı “Şəhidlər Abidəsi”nə aparmasına razılıq vermişdir. Belə ki, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə qabaq sağ oturacaqda, Şahid1 isə arxa oturacaqda sərnişin qismində əyləmişlər. O, yaşadığı Biləsuvar rayonu, 2 saylı qəsəbədədən 3 saylı qəsəbə ilə 4 saylı qəsəbə arasında yerləşən qəbiristanlıq istiqamətində hərəkət etməyə başlamışdır. Biləsuvar rayonu, 3 saylı qəsəbənin girişində yol sol tərəfə əyilən yeri keçərkən əks hərəkət zolağına çıxaraq hərəkətini davam etdirmişdir. Bu zaman qarşıda qırmızı rəngli “VAZ-2105” markalı, **-BA- *** dövlət qeydiyyat nişanlı avtomobilin düz xəttin tələbini pozaraq, dönmə işığını yandırmadan yolun sol tərəfində yerləşən avtoyuma məntəqəsi tərəfə döndüyünü görmüşdür. O, həmin avtomobilin döndüyünü görüb, əyləc sistemini sıxaraq tormoz versə də, lakin idarə etdiyi avtomobil sürüşərək, sağ qabaq qanadı ilə həmin avtomobilin sol qabaq qanadı toqquşmuşdur. Həmin zaman hər iki avtomobil arasında təxminən 10-12 metr məsafə olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hər iki avtomobil əzilmiş, özü və “VAZ-2105” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Təqsirləndirilən şəxs dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışdır. Eləcə də idarə etdiyi “MERCEDES-BENZ E220” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobildə arxa oturacaqda əyləşmiş sərnişin Şahid1 yüngül dərəcəli və həmin avtomobildə qabaq-sağ oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs az ağır dərəcəli bədən xəsarətləri almışdır. Onu da qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsindən əvvəl səhhətində heç bir bir problem olmamış, səhhəti normal olmuşdur. Avtomobili idarə etməmişdən əvvəl spirtli içki qəbul etməmiş və avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 zərərçəmiş şəxs Zərərçəkmiş şəxs və Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş АБЭ 735217 №-li Azərbaycan SSR Sürücülük Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Sovet hakimiyyəti dövrünə aid “E” kateqoriyası üzrə sürücülük vəsiqəsi verilmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AA 043836 №-li Azərbaycan Nəqliyyat Vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-2105” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs xüsusi mülkiyyətindədir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin 016-3-13-16-4/2-138/2024 saylı, 16 aprel 2024-cü il tarixli məktubunun surətindən görünür ki, kompüter-məlumat bazasında olan məlumata əsasən Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş 04 aprel 2024-cü il tarixli, 03522 saylı “Sərxoşluq vəziyyətinin müayinəsinə dair” xüsusi texniki vasitədən (müayinə qəbzi) görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti müəyyən edilməmişdir. Cinayət işində olan Azərbaycan Respublikası “Tibbİ Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X13 194 saylı, 17 aprel 2024-cü il tarixli məktubundan görünür ki, 04 aprel 2024-cü il tarixdə həkim tərəfindən Təqsirləndirilən şəxs müayinə olunmuş və müayinə zamanı onda sərxoşluq vəziyyəti aşkar edilməmişdir. Cinayət işində olan Azərbaycan Respublikası “Tibbİ Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X13 199 saylı, 18 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 Rayon Poliklinikasının Nevroloji kabinetində ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatda yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 İmişli Rayon Şöbəsinin 193 saylı, 25 aprel 2024-cü il ekspert rəyindən görünür ki, vətəndaş 1979-cu təvəllüdlü Şahid2 aşkar edilmiş xəsarətlər: 1. Sağ mil-bilək oynağının yumşaq toxumalarının əziyi bərk küt əşyanın təsirindən, sağ əlin arxa səthində səthi yara iti kənarlı kəsici xassəyə malik əşyanın, ola bilsin şüşə parçasının təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 04 aprel 2024-cü il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi. 2. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 İmişli Rayon Şöbəsinin 194 saylı, 25 aprel 2024-cü il ekspert rəyindən görünür ki, vətəndaş 1977-ci təvəllüdlü Şahid1 aşkar edilmiş xəsarətlər: 1. Beyin silkələnməsi halında qapalı kəllə-beyin travması bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 04 aprel 2024-cü il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi. 2. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 İmişli Rayon Şöbəsinin 195 saylı, 25 aprel 2024-cü il ekspert rəyindən görünür ki, vətəndaş 1968-ci təvəllüdlü Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər: 1. Baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, sifətin sol yanaq nahiyəsində sıyrıq, sol mil sümüyünün distal ucunun yerini dəyişmiş qapalı sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 04 aprel 2024-cü il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi. 2. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 İmişli Rayon Şöbəsinin 196 saylı, 25 aprel 2024-cü il ekspert rəyindən görünür ki, vətəndaş 1941-ci təvəllüdlü Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər: 1. Sol bazu oynağının yumşaq toxumalarının əzilməsi bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 04 aprel 2024-cü il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi. 2. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8/1163 saylı, 20 may 2024-cü il tarixli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, 1,2. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “VAZ-2105” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ-2105” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 3,4. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “MERCEDES-BENZ E220” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şahid2 maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 70 km/saat sürətlə idarə etdiyi üçün onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. 5. Hesabatdan məlum olur ki, mövcud şəraitdə hadisə yerində qalmış tormoz izinə görə “MERCEDES-BENZ E220” markalı avtomobilin tormozlamadan əvvəlki hərəkət sürəti 55 km/saatdır. Lakin toqquşma zamanı kinetik enerjinin bir hissəsinin kuzovun hissələrinin deformasiyasına sərf olunması nəzərə alınmaqla qeyd edilir ki, “MERCEDES-BENZ E220” markalı avtomobilin hadisədən əvvəlki real hərəkət sürəti hesabatla müəyyən edilmiş 55 km/saatdan artıq olmuşdur. Nəqliyyat vasitələrinin toqquşması zamanı deformasiyaya sərf olunan kinetik enerjinin itkisi nəzərə alan və ekspertizada istifadə edilməsi üçün təsdiq edilmiş metodik vəsait olmadığı üçün “MERCEDES-BENZ E220” markalı avtomobilin hadisədən əvvəlki real hərəkt sürətinin 55 km/saatdan nə qədər artıq olmasını ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri/xərci 85 (səksən beş) AZN məbləği təşkil edir.) Cinayət işində olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Biləsuvar Rayonu Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 697 saylı, 22 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı X11 ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Cinayət işində olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Biləsuvar Rayonu Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 57 saylı, 22 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş “009466” saylı, 27 noyabr 2007ci il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “şəhid ailəsi” statusuna malikdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikası "xxxx" MMC-nin 183 saylı, 10 iyul 2024-cü il tarixli zərər aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs mülkiyyətində olan “VAZ-2105” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində ümumilikdə 1683 (min altı yüz səksən üç) AZN məbləğində maddi zərər dəymişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikası "xxxx" MMC-nin 188 saylı, 20 iyul 2024-cü il tarixli zərər aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Şahid2 istifadəsində olan “MERCEDES-BENZ E220” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində ümumilikdə 3900 (üç min doqquz yüz) AZN məbləğində maddi zərər dəymişdir. Cinayət işində olan 03 avqust 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 03 avqust 2024-cü il tarixdə, saat 10:15-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan 03 avqust 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, 03 avqust 2024-cü il tarixdə, saat 11:35-də Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Cəbrayıl Rayon Məhkəməsinin 1(072)-008/2024 saylı, 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Şahid2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Cəbrayıl rayon prokuroruna qaytarılmışdır. Cinayət işində olan Cəbrayıl Rayon Məhkəməsinin 1(072)-008/2024 saylı, 12 sentyabr 2024-cü il tarixli xüsusi qərarından görünür ki, Şahid2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilmələrinə dair cinayət işinin ibtidai istintaqı aparan Cəbrayıl Rayon Polis X4 müstəntiqi, polis kapitanı X5 barəsində xüsusi qərar çıxarılmışdır. Cinayət işində olan 17 oktyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində yenidən ittiham edilməsi haqqında” qərardan görünür ki, 17 oktyabr 2024-cü il tarixdə, saat 12:40-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işində olan 22 oktyabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi, cinayət işinin icraatına hissəvi xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında” qərardan görünür ki,... Şahid2 Zərərçəkmiş şəxs ilə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün barəsində olan cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət təqibinə bəraət verməyən əsaslarla xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin 3135/2-18840/24 saylı, 23 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 1(072)-008/2024 saylı, 12 sentyabr 2024-cü il tarixli xüsusi qərarına əsasən nöqsanlara yol verdiyinə görə Cəbrayıl Rayon Polis X4 müstəntiqi, polis kapitanı X9 ciddi xəbərdar olunmuşdur. Cinayət işində olan Zərərçəkmiş şəxs 02 oktyabr 2024-cü il tarixli və 28 noyabr 2024cü il tarixli ərizələrindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmə tərəfindən ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, əməli etiraf etməsini, səmimi peşmanlığını, ailəli, yaşlı, pensiyaçı və xüsusilə şəhid atası olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi zərərin ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmamasını, eləcə də istintaq müddəti ərzində öz səhvini dərk edərək, nəticə çıxarmasını, davranışında islah olunması əlamətlərinin aşkarlığını, məhkəmə qarşısında gələcəkdə bir daha cinayət əməli törətməyəcəyi, qanunlara əməl edəcəyi barədə söz verməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın təyin edilməsini, lakin məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayaraq həmin cəzanın şərti olaraq tətbiq edilməsini, sınaq müddətinin məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmasını, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasının müstəqil icra olunmaqla, cəza müddətinin hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmasını və eləcə də barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə cinayət işində olan ekspertiza xərci ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı ilkin “məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 85 (səksən beş) AZN məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tututlaraq, dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə cinayət işində olan maddi sübut ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan Cəbrayıl Rayon Polis Şöbəsinin duracağında saxlanılan “VAZ-2105” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs geri qaytarılmalıdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmək hüququndan 1 (bir) il müddətinə məhrum edilməklə, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası müstəqil icra olunsun. Nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasının müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ilkin “məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 85 (səksən beş) AZN məbləğində ekspertiza xərci tututlaraq, dövlət nəfinə ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan Cəbrayıl Rayon Polis Şöbəsinin duracağında saxlanılan “VAZ-2105” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs geri qaytarılsın Hökmün icrası Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar