Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(072)-15/2023 06.07.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 12:45 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi: X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, 06 sentyabr 1984-cü ildə İran İslam Respublikasının Tehran şəhərində anadan olmuş, ailəli, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, İran İslam Respublikası, Tehran şəhərində qeydiyyatda olan və Xudafərin şəhəri, Qaraqoç kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ümumvətəndaş pasportu olmadığı üçün İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunla müəyyən edilmiş qaydada gələ bilmədiyi üçün Azərbaycan Respublikasına gəlmək məqsədilə 13 aprel 2023-cü il tarixdə, saat 08:00 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsinin Cəbrayıl rayonunda yerləşən 10-cu sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq, İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, İran İslam Respublikasının vətəndaşıdır və ailəsi ilə birlikdə İran İslam Respublikası, Xudafərin şəhəri, Qaraqoç kəndində yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, sosial şəbəkələrdə iranlı mollaların Azərbaycanı təhdid etdiyini görmüş və onlar ilə həmfikir olmadığı üçün İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında müharibə olacağı təqdirdə, Azərbaycan tərəfdən vuruşmaq qərarına gəlmişdir. Ümumvətəndaş pasportu olmadığı üçün 13 aprel 2023-cü il tarixdə yaşadığı İran İslam Respublikasının Xudafərin şəhəri, Qaraqoç kəndindən “TAXİ” vasitəsilə Cəbrayıl rayonu ərazisində yerləşən “Xudafərin” körpüsünə və körpüdən keçib Azərbaycan Respublikası ərazisinə gəlmişdir. Bu zaman Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və sərhəd zastavasına gətirilmişdir. Eyni zamanda bildirir ki, ona İran İslam Respublikasından Azərbaycan Respublikasına qeyri-qanuni yolla gəlməsi üçün keç kim kömək etməmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zor və təzyiq tətbiq edilməmişdir. O, hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsinin 10-cu sərhəd zastavasının rəisi əvəzi vəzifəsində işləyir və leytenantdır. Baş vermiş hadisə barədə bildirir ki, 13 aprel 2023-cü il tarixdə, saat 06:00-dan saat 08:00-a dək 10-cu sərhəd zastavasında rabitə xidmətçisi xidmətinə təyin etdiyi əsgər Şahid4 zastava növbətçisi xidmətini təşkil edən əsgər Şahid3 İran İslam Respublikası tərəfdə 1 (bir) nəfər şəxsin Azərbaycan Respublikası ərazisini müşahidə etdiyini görməsi barədə ona məruzə etmişdir. O, xidməti təşkil edən hərbi qulluqçulara həmin şəxsin hərəkətlərini müşahidə etmələrini tapşırmışdır. 13 aprel 2023-cü il tarixdə, saat 08:25 radələrində rabitə növbətçisi əsgər Şahid4 həmin şəxsin “Xudafərin” körpüsü vasitəsilə Araz çayının üzərindən İran İslam Respublikasından Azərbaycan Respublikasına gəldiyini məruzə etmişdir. Bundan sonra sərhəd zastavası onun tərəfindən “Silaha” komandasına qaldırıldıqdan sonra hadisə yerinə gedərək, sərhəd pozucusunu saxlayıb, sərhəd zastavasına gətirmişlər. Daha sonra həmin şəxsin İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs oluduğu və onun İran İslam Respublikasından Azərbaycan Respublikasına qanuni yolla gələ bilmədiyi üçün dövlət sərhədini pozması müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsinin əsgərləri, Şahid2 və Şahid3 hər biri ayrı-ayrılıqda Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işində olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsinin 10-cu sərhəd zastavasının rəisi əvəzi, leytenant Şahid1 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsinin komandiri, polkovnik Samir Salamova ünvanlanmış raportdan görünür ki, 13 aprel 2023-cü il tarixdə 10-cu sərhəd zastavasının 5-ci sahəsində, “Xudafərin” körpüsü üzərində 1 (bir) nəfər şübhəli şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkəti müşahidə edilmişdir. Sərhəd zastavası 08:26 radələrində “Silaha” komandasına qaldırılmış və şübhəli şəxs videomüşahidə kamerası ilə müşahidə edilərək, saat 08:30 radələrində 42 nömrəli sərhəd nişanından 300 metr sağa Dövlət Sərhəd xəttindən 150 metr aralı 5-ci sahədə HQ sərhəd naryad başçısı, leytenant Şahid1 tərəfindən saxlanılmışdır. Həmin şəxsin İran İslam Respublikası vətəndaşıl, Tehran şəhər sakini 06 sentyabr 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən onun şəxsiyyətini təsdiq edən sənədlər, sürücülük vəsiqəsi, 15000 İran İslam Respublikası realı, “NOKİA” markalı mobil telefon, İran İslam Respublikasına məxsus bank kartları və şəxsi geyim əşyaları aşkar edilərək, götürülmüşdür. Cinayət işində olan 14 aprel 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 15 aprel 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 15 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-269/2023 saylı, 15 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “İNTERPOL”un Milli Mərkəz Bürosunun 3-13-25/2-5381/2023 saylı, 01 may 2023-cü il tarixli məktubundan görünür ki, İran İslam Respublikasının vətəndaşı, 06 sentyabr 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs İsmiəli oğlunun beynəlxalq axtarışda olması barədə “İNTERPOL”un “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X2 6521 saylı, 03 may 2023-cü il tarixli məktubundan görünür ki, İran İslam Respublikasının vətəndaşı, 06 sentyabr 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına əsasən Respublika Psixiatriya Xəstəxanasında müalicə almamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X2 xx/xx-5090 saylı, 08 may 2023-cü il tarixli məktubundan görünür ki, İran İslam Respublikasının vətəndaşı, 06 sentyabr 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində müalicə almamış və qeydiyyatda olmamışdır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdikləri cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının təqsirləndirilən şəxsin tutulduğu vaxtdan hesablanmasını, “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 1 (bir) il, 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza qismində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası əsas cəza növünü çəkdikdən sonra icra edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(072)-15/2023
Cəbrayıl Rayon Məhkəməsi Hökm — İş №1(072)-15/2023
06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver