Məhkəmə qərarları › İş №1(072)-18/2023

Cəbrayıl Rayon Məhkəməsi Hökm — İş №1(072)-18/2023

12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(072)-18/2023 12.10.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 16:45 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs (mülki iddiaçı): Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Zaqatala rayonu, Bazar kəndində anadan olmuş, subay Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Zaqatala rayonu, Bazar kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əhmədov X4 rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olan və hazırda ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs 2-ci Qarabağ müharibəsi iştirakçısı olmuş oğlu Şahid1 İİİ qrup əlillik dərəcəsində pensiya düzəltdirəcəyinə dair yalan vəd verib, etibarından sui-istifadə edərək onu aldatmaqla 02 dekabr 2022-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə yerüstü piyada keçidinin yanında “Bakı-Sumqayıt” avtomobil yolunun Sumqayıt şəhəri istiqamətində gedərkən sağ tərəfində yerləşən adsız kafedə nağd formada 2500 (iki min beş yüz) AZN məbləğində, eyni zamanda özünə məxsus "xxxx" ASC-yə aid plastik kartın “4169 7388 5807 8375” nömrəli hesabına 23 dekabr 2022-ci il tarixdə, saat 20:33 radələrində Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən “Uğur” marketdə olan “e-Manat” ödəmə terminalı vasitəsilə 200 (iki yüz) AZN məbləğində, 27 dekabr 2022-ci il tarixdə Bakı Metropoliteninin “28 May” metrostansiyası yaxınlığında istintaqa məlum olmayan terminal vasitəsilə 100 (yüz) AZN məbləğində və 21 mart 2023-cü il tarixdə, saat 13:55 radələrində Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbədən keçən 1-11 saylı qəsəblərarası avtomobil yolunun kənarında yerləşən “Sərfəli” marketdə olan “e-Manat” ödəmə terminalı vasitəsilə 200 (iki yüz) AZN məbləğində pul olmaqla, vahid niyyət ilə köçürtdürdüyü Zərərçəkmiş şəxs məxsus ümumilikdə 3000 (üç min) AZN məbləğində pulu vahid niyyət ilə ələ keçirməklə, dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Zaqatala rayonu, Bazar kəndində yaşayır. Zərərçəkmiş şəxs övladı Şahid1 Bakı Metropoliteninin “Azadlıq” metrostansiyası yaxınlığında yerləşən “Benjamin” adlı kafedən “gitara ifaçısı” kimi tanıyır. 2022-ci ilin oktyabr-noyabr aylarında Sevindik ilə həmin kafedə söhbət edən zaman Sevindik ona müharibə iştirakçısı olduğunu demişdir. O, Sevindiyə müharibə iştirakçısı olduğunu nəzərə alaraq pensiya düzəltdirəcəyini elcəcə də onu inandırmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışlarının olduğunu demişdir. Sevindik isə valideynləri ilə məsləhət edib, ona xəbər edəcəyini bildirmişdir. Həmin vaxtdan bir neçə gün sonra Sevindik ilə kafedə yenidən görüşən zaman sonuncudan nə qərara gəldiyini soruşarkən Sevindik ona atası Oruca bu barədə dediyini və atasının onunla əlaqə saxlayacağını demişdir. Həmin vaxtdan bir neçə gün sonra istifadəsində olan “***-*******” nömrəli mobil telefonuna “***-*******” nömrəsindən zəng olunaraq, özünü Sevindiyin atası kimi təqdim edən şəxs, yəni Oruc ona Sevindiyə pensiya düzəltdirmək istədiyini bildirmişdir. O, Oruca Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifədə işləyən tanışlarının vasitəsilə 3000 (üç min) AZN məbləğində pul qarşılığında Sevindiyə pensiya düzəltdirəcəyini demişdir. Oruc onunla razılaşmış və növbəti gün görüşərək pensiya məsələsi ilə bağlı ətraflı söhbət etməsini bildirmişdir. O, Oruca oğlu Sevindiyin şəxsiyyət vəsiqəsinin surətinin və tibbi sənədlərin gətirməsini demişdir. 02 dekabr 2022-ci il tarixdə, saat 20:00 radələrində Oruc və birlikdə gələn tanımadığı şəxslər ilə Bakı şəhəri, Nəsimi rayonu “Şamaxinka” adlanan ərazidə yol üstü piyada keçidinin yanında olan adını dəqiq bilmədiyi kafedə görüşmüşdür. Həmin zaman o, Oruca Sevindiyin onunla dost olduğunu və Sevindik üçün pensiya düzəltdirəcəyinə dair söz vermişdir. Həmçinin o, Oruca Sevindiyin pensiyasını tanışlarının vasitəsilə 3000 (üç min) AZN məbləğində pul qarşılığında düzəltdirəcəyini demişdir. Eyni zamanda Sevindik ilə dost olduğuna görə işin əvvəlində 2500 (iki min beş yüz) AZN məbləğində pul verməsini, qalan 500 (beş yüz) AZN məbləğində pulu isə işin sonunda pensiya kartını götürəndə verməsini bildirmişdir. Oruc da onunla razılaşmış və Sevindiyə məxsus şəxsiyyət vəsiqəsinin surətini və tibbi sənədləri ona vermişdir. Bundan başqa, Oruc Sevindiyə pensiya düzəlməsi üçün ona tanışlarının yanında 2500 (iki min beş yüz) AZN məbləğində pul vermişdir. O, Orucun verdiyi həmin pulu və sənədləri alaraq, 2023-cü ilin yanvar ayının sonlarına qədər Sevindiyə əlilliklə bağlı pensiya düzəltdirəcəyini demişdir. Sonra hər biri kafedən çıxıb getmiş və o, Orucdan aldığı 2500 (iki min beş yüz) AZN məbləğində pulu şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa, şəxsi işləri ilə bağlı borcları çoxaldığı üçün o, 23 dekabr 2022-ci il tarixdə yenidən Oruca zəng edərək, oğlu Sevindiyin pensiya işlərində sənədlərin təsdiqlənməsi üçün 200 (iki yüz) AZN məbləğində pul göndərməsini demişdir. Həmçinin Oruca göndərəcəyi 200 (iki yüz) AZN məbləğində pulun pensiya işi ilə bağlı qalan 500 (beş yüz) AZN məbləğində çıxılacağını bildirmişdir. Oruc onunla razılaşmış və pulu hansı qaydada göndərəcəyini ondan soruşmuşdur. O, öz istifadəsində olan mobil telefonla özünə məxsus "xxxx" ASC-yə aid “4169 7388 5807 8375” nömrəli plastik kartın şəklini çəkib “Whatsapp” yazışma proqramı vasitəsilə Oruca göndərmişdir. Həmin gün, yəni 23 dekabr 2022-ci il tarixdə Oruc ona məxsus "xxxx" ASCyə aid “4169 7388 5807 8375” nömrəli hesaba 200 (iki yüz) AZN məbləğində pul köçürmüş və qəbzin şəklini çəkib ona göndərmişdir. Oruc ona zəng edərək pulun köçməsini soruşmuş və o, Oruca göndərdiyi 200 (iki yüz) AZN məbləğində pulun onun hesabına yükləndiyini, eləcə də Sevindiyin işlərində irəliləyişin olduğunu və Sevindiyin İİİ qrup əlillik dərəcəsində pensiya düzələcəyini demişdir. Oruc isə ona heç bir etiraz etməmiş və hansı dərəcədə olmasından asılı olmayaraq pensiya düzəlməsində köməklik etməsini xahiş etmişdir. O, Orucu bir daha özünə inandıraraq, Sevindiyə İİİ qrup pensiya düzəltdirəcəyi vədini vermişdir. Həmin gün, yəni 23 dekabr 2022-ci il tarixdə Orucun ona göndərdiyi 200 (iki yüz) AZN məbləğində pulu özünə məxsus plastik kartından çıxaraq şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa, 27 dekabr 2022-ci il tarixdə Oruca yenidən zəng edərək, Sevindiyin pensiya işi ilə bağlı əlavə olaraq 100 (yüz) AZN məbləğində pul göndərməsinin vacib olduğunu demişdir. Oruc ondan hansı səbəbdən yenidən pul istədiyini soruşan zaman o, Oruca Sevindiyin işlərinin yazılması üçün “Lalə” adlı xanıma zəhmət haqqı kimi əlavə 100 (yüz) AZN məbləğində pul verməsini bildirmişdir. Oruc onun sözlərinə inanmış və həmin gün, yəni 27 dekabr 2022-ci il tarixdə ona məxsus "xxxx" ASC-yə aid “4169 7388 5807 8375” nömrəli hesaba 100 (yüz) AZN məbləğində pul köçürmüşdür. Sonra Oruc ona zəng edərək, pulun köçməsini soruşduqda o, Oruca pulun köçdüyünü və işləri tezləşdirmək üçün həmin 100 (yüz) AZN məbləğində pulu “Lalə” adlı xanıma verəcəyini demişdir. Lakin Orucun ona göndərdiyi 100 (yüz) AZN məbləğində pulu kartından çıxaraq şəxsi tələbatı üçün xərcləmişdir. Bundan sonra dəfələrlə Oruc ona zəng edərək, Sevindiyin pensiyası ilə bağlı maraqlanmışdır. O, Oruca yaxın vaxtlarda Sevindiyin pensiyasının düzələcəyini və banka yaxınlaşaraq kartı götürəcəyini bildirmişdir. Oruc onun sözlərinə inanmış və pensiya işlərinin tezləşməsini xahiş etmişdir. 2023-cü ilin “Novruz” bayramı ərəfəsində pula ehtiyacı olduğu üçün yenidən Oruca zəng etməsini planlaşdırmışdır. Buna görə 21 mart 2023-cü il tarixdə Oruca zəng edərək, Sevindiyin pensiya işlərinin tam yekunlaşdığını və “Novruz” bayramından sonra banka yaxınlaşaraq kartı götürməsini, buna görə də qalan 200 (iki yüz) AZN məbləğində pulu göndərməsini demişdir. Oruc inanaraq, ona məxsus "xxxx" ASC-yə aid “4169 7388 5807 8375” nömrəli hesaba 200 (iki yüz) AZN məbləğində pul köçürmüşdür. Köçürülmüş 200 (iki yüz) AZN məbləğində pula aid olan qəbzin şəklini çəkib ona göndərmişdir. O, yenidən Oruca yalan vəd verib, “Novruz” bayramdan sonra banka yaxınlaşaraq kartı götürməsini demişdir. Həmin gün Orucun ona məxsus karta köçürdüyü 200 (iki yüz) AZN məbləğində pulu bankomatlara yaxınlaşaraq, kartından çıxarıb şəxsi tələbatı üçün xərcləmişdir. Onu da qeyd edir ki, o, Zərərçəkmiş şəxs inandırmaq üçün ona yalandan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifədə işləyən tanışının vasitəsilə oğlu Şahid1 İİİ qrup pensiya düzəltdirəcəyinə söz vermişdir. Lakin onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində heç bir tanışı olmamışdır. Eləcə də Zərərçəkmiş şəxs inandırmaq üçün ona yalandan “Lalə” adlı xanımın sənədləri toplaması üçün zəhmət haqqı kimi 100 (yüz) AZN məbləğində pul göndərməsini demişdir. Lakin onun “Lalə” adlı tanışı olmamışdır. Eyni zamanda bildirir ki, o, Şahid1 İİİ qrup əlillik dərəcəsində pensiya düzəltdirəcəyinə dair yalan vəd verib, atası Zərərçəkmiş şəxs vahid niyyət ilə ümumilikdə 3000 (üç min) AZN məbləğində pulunu ələ keçirərək, dələduzluq etmiş və əldə etdiyi həmin pul məbləğini şəxsi tələbatı üçün xərcləmişdir. O, hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir və səmimi peşmanlıq hissi keçirir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Şahid1 onun övladıdır, o, 2-ci Qarabağ müharibəsində iştirak etmiş və müharibə zamanı kəllə-beyin travması almışdır. Təqsirləndirilən şəxs övladı Sevindiyin vasitəsilə tanımışdır. 01 dekabr 2022-ci il tarixdə yaşadığı evdə olan zaman oğlu Sevindik ona tanışının pensiya işlərində köməklik edəcəyini bildirdiyini demişdir. Buna görə o, Sevindikdən həmin şəxsin mobil telefon nömrəsini istəmiş və özü də həmin şəxslə əlaqə saxladıqdan sonra bu barədə bir şey deyəcəyini bildirmişdir. Həmçinin Sevindik ona həmin tanışının istifadəsində olan “***- *******” nömrəsini vermiş və ona “Ozal” adlı şəxsin 3000 (üç min) AZN məbləğində pul qarşılığında pensiya ilə təmin etdirəcəyini demişdir. Sevindik 3000 (üç min) AZN məbləğində pul qarşılığında pensiya düzəltdirən tanışı olduğunu dediyi üçün onun ilə razılaşmışdır. Növbəti gün, yəni 02 dekabr 2022-ci il tarixdə, saat 11:00 radələrində Sevindiyin ona vediyi “Ozal” adlı şəxsin istifadəsində olan “***-*******” mobil telefon nömrəsinə öz istifadəsində olan “***-*******” nömrə ilə zəng etmişdir. Ozal telefonu açmış və o, özünü Sevindiyin atası kimi təqdim edərək, onun ilə telefonda danışmış və oğluna pensiya işlərində köməklik edəcəyini dediyini soruşmuşdur. Ozal ona pensiya işlərinin görülməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifədə işləyən tanışlarının olduğunu və həmin şəxslərin vasitəsilə Sevindiyin pensiya işində köməklik edəcəyini demişdir. Lakin Ozal hazırda işdə olduğu üçün işdən sonra görüşərək üzbəüz bu barədə danışmasını demişdir. O, Ozala həmin gün, saat 20:00 radələrində Bakı şəhəri Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə görüşmələrini bildirmişdir. Ozal onun ilə razılaşmış və ondan hansı rayondan olmasını soruşmuşdur. Ozal ona Zaqatala rayonunda anadan olduğunu və hazırda Bakı şəhərində yaşadığını demişdir. Ozalı tanımadığı üçün görüşə getməmişdən əvvəl Zaqatala rayonundan olan “Ələsgər” adlı tanışına zəng edərək, Zaqatala rayonundan “Ozal” adlı şəxsi tanıyıbtanımadığını soruşmuşdur. “Ələsgər” adlı tanışı ona tanımadığını və başqa bir tanışına zəng edərək, maraqlanacağını demişdir. Bundan sonra Ələsgər öz tanışına zəng edərək, “Ozal” adlı şəxsi və qohumlarını maraqlanarkən, həmin şəxs Ələsgərə tanımadığını lakin başqa birindən soruşaraq və tərbiyəli ailənin övladı olduğunu bildirmişdir. Ozalın tərbiyəli ailədən olduğunu bildikdən sonra o, tam rahatlaşmış və həmin gün, saat 20:00 radələrində tanışı “Rafiq” ilə birlikdə birlikdə Bakı şəhəri Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə yerləşən yolüstü piyada keçidin yan tərəfində “Bakı-Sumqayıt” avtomobil yolunun sağ tərəfində adını dəqiq bilmədiyi kafedə əyləşmişlər. Onlardan 10-15 dəqiqə sonra tanışı Ələsgər və sonuncunun tanışı “Adil” adlı şəxs gələrək kafeyə daxil olmuşlar. Daha sonra kafeyə Ozal gəlmiş və tanışları ilə birlikdə söhbət etməyə başlamışlar. Bu zaman Ozal ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifədə işləyən tanışının olduğunu, həmin şəxs ilə danışdığını və Sevindiyin pensiya işini 3000 (üç min) AZN məbləği pul qarşılığında görəcəyini demişdir. Lakin 2500 (iki min beş yüz) AZN məbləğində pulu hazırda işlərin görülməsi üçün həmin vaxt verməsini, qalan 500 (beş yüz) AZN məbləğində pulu isə işlər yekunlaşdıqdan sonra kartı götürəndə verəcəyini bildirmişdir. O, Ozalın istiqanlı münasibətinə görə onun yalan vədlərinə inanmışdır. Həmçinin Ozal ona əvvəllər Azərbaycan Respublikası Vergilər Nazirliyində və hazırda isə “Kontakt Home” mağazasında işlədiyini demişdir. Bundan sonra, o, Sevindiyin şəxsiyyət vəsiqəsinin, tibbi sənədlərin surətini və 2500 (iki min beş yüz) AZN məbləğində pulu tanışlarının yanında Ozala vermişdir. Ozal həmin sənədlərin surətini və 2500 (iki min beş yüz) AZN məbləğində pulu ondan götürmüşdür. Ozal ona 2023-cü ilin yanvar ayının sonlarına oğlu Sevindiyə İİİ qrup pensiya düzəltdirməkdə köməklik edəcəyini və yanvar ayının sonlarında zəng olunaraq kartı götürəcəklərini demiş və o da tanışları ilə birlikdə Ozal ilə görüşərək, kafeni tərk edib getmişdir. Bundan başqa, 23 dekabr 2022-ci il tarixdə Ozal ona “Whatsapp” proqramı vasitəsilə özünə məxsus "xxxx" ASC-yə aid “4169 7388 5807 8375” nömrəli plastik kartın şəklini göndərmiş və “Whatsapp” yazışma proqramı vasitəsilə zəng edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışı qalan puldan 200 (iki yüz) AZN məbləğində pulu istədiyini demişdir. O, Ozalın sözlərinə inanmış və yaşadığı yerin yaxınlığında olan Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən “Uğur” marketdə olan “e-Manat” ödəmə terminalı vasitəsilə Ozalın ona göndərdiyi kart hesabına 200 (iki yüz) AZN məbləğində pul köçürmüş və köçürdüyü pula aid qəbzin şəklini çəkərək Ozala göndərmişdir. Bundan başqa, 27 dekabr 2022-ci il tarixdə Ozal “Whatsapp” yazışma proqramı vasitəsilə yenidən ona mesaj yazaraq sənədləri yazıb hazırlayan “Lalə” adlı xanım işləri gördüyünə görə zəhmət haqqı kimi 100 (yüz) AZN məbləğində pul istədiyini demişdir. O, həmin zaman Bakı Metropoliteninin “28 May” metrostansiyası yaxınlığında olduğu üçün dəqiq bilmədiyi terminal vasitəsilə Ozalın ona göndərdiyi özünə məxsus "xxxx" ASC-yə aid “4169 7388 5807 8375” nömrəli plastik kart hesabına əlavə 100 (yüz) AZN məbləğində pul köçürmüşdür. Lakin həmin zaman işləri ilə bağlı tələsdiyi üçün pulu köçürməsi barədə qəbzi zibil qabına atmış və yoluna davam etmişdir. Sonra Ozala zəng edərək, pulun köçüb-köçməməsini soruşmuş və o da 100 (yüz) AZN məbləğində pulun köçdüyünü demişdir. Bundan sonra, o, 2023-cü ilin yanvar ayında Ozala zəng edərək, Sevindiyin pensiyası ilə bağlı məsələnin hansı yerdə qaldığını soruşduqda Ozal ona yalan vədlər verərək, işlərin getdiyini və son günlərdə yekunlaşacağını demişdir. Həmin vaxtdan sonra dəfələrlə mobil telefon vasitəsilə Sevindiyin pensiya işinin nə yerdə qaldığını soruşduqda Ozal ona yalan vədlər verərək, hazırlandığını və son günlərdə kartı götürəcəyini demişdir. 21 mart 2023-cü il tarixdə Ozal ona yenidən zəng edərək, işlərin sonu olduğunu və aralarında nə qədər pulun qaldığını soruşmuşdur. O, Ozala Sevindiyə pensiya düzəltdirməsini üçün 3000 (üç min) AZN məbləğində puldan 2800 (iki min səkkiz yüz) AZN məbləğində pulun verdiyini və 200 (iki yüz) AZN məbləğində pulun qaldığını demişdir. Ozal ona bayramla əlaqədar olduğuna görə işlərin gecikdiyini və qalan 200 (iki yüz) AZN məbləğində pulu da göndərməsini, eləcə də bayramdan sonra kartı hazır olaraq götürməsi barədə zəng olunacağını demişdir. O, Ozalın yalan vədinə inanmış və həmin vaxt Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbədə olduğu üçün həmin qəsəbədə yol kənarında yerləşən “Səməndər” marketə daxil olaraq, həmin marketdə olan “e-Manat” ödəmə terminalı vasitəsilə Ozalın ona göndərdiyi "xxxx" ASC-yə aid “4169 7388 5807 8375” nömrəli plastik kart hesabına 200 (iki yüz) AZN məbləğində pul köçürmüşdür. Köçürdüyü 200 (iki yüz) AZN məbləğində pula aid çekin şəklini də çəkərək, Ozalın “Whatsapp” yazışma proqramına göndərmişdir. Bundan sonra Ozal ilə dəfələrlə mobil telefon və “Whatsapp” yazışma proqramı vasitəsilə əlaqə saxlamasına baxmayaraq, Ozal ona yalan vədlər verərək işlərin bitdiyini və kartın göndəriləcəyini demişdir. Lakin o, Ozalın yalan vədlərinə aldandığını anladıqdan sonra bu barədə 26 aprel 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək, məlumat vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs onun övladı Şahid1 İİİ qrup əlillik dərəcəsində pensiya düzəltdirəcəyinə dair yalan vəd verib, vahid niyyət ilə onun ümumilikdə 3000 (üç min) AZN məbləğində pulunu ələ keçirərək, dələduzluq etmişdir. Baş vermiş cinayət əməli nəticəsində ona dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs 3000 (üç min) AZN məbləğində maddi ziyanın tutularaq, özünün xeyrinə ödənilməsi və Təqsirləndirilən şəxs məhkəmə tərəfindən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsində bildimişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Zərərçəkmiş şəxs onun atasıdır. Təqsirləndirilən şəxs iş ilə əlaqədar tanımışdır. Belə ki, o, Azərbaycan Milli Konservatoriyasının 2-ci kurs tələbəsidir. Dərs vaxtlarından sonra Bakı Metropoliteinin “Azadlıq” metrostansiyası yaxınlığında “Benjamin” adlı kafedə akustik musiqi, yəni gitara ifa edir. 2022-ci ilin sentyabr-oktyabr aylarında həmin kafedə olan zaman Ozal tez-tez həmin kafeyə gəldiyi üçün aralarında münasibət yaranmışdır. Ozal dostları ilə kafeyə gələrkən ona zəng etmiş və bu səbəbdən də aralarında münasibət yaranmışdır. Həmin vaxtdan bir müddət sonra, yəni 29 noyabr 2022-ci il tarixdə, saat 23:00 radələrində həmin kafedə ikisi birlikdə əyləşib söhbət edərkən o, Ozala 2-ci Qarabağ müharibəsi iştirakçısı və 4 (dörd) medalının olduğunu, eyni zamanda 80 (səksən) AZN məbləğində “veteran pulu” aldığını demişdir. Bu zaman Ozal ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifədə işləyən tanışlarının olduğunu bildirmişdir. Həmçinin həmin tanışlarının köməkliyi ilə öz qohumlarına da pensiya düzəltdirdiyini və ona da pensiya düzəltdirməkdə köməklik edə biləcəyini demişdir. Ozala onun üçün də pensiya düzəltdirməkdə köməklik etməsini xahiş etmişdir. Ozal isə ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifədə işləyən tanışları ilə danışaraq bu barədə məlumat verəcəyini bildirmişdir. O, Ozalın yalan sözlərinə inanıb, valideynləri ilə danışıb xəbər edəcəyini demişdir. Növbəti gün həmin kafedə Ozal ilə görüşərək söhbət edən zaman sonuncu ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifədə işləyən tanışları ilə danışdığını, 3000 (üç min) AZN məbləği pul qarşılığında ona pensiya düzəltdirəcəyini, eləcə də 2500 (iki min beş yüz) AZN məbləğində pulu ilk olaraq verməsini və qalan 500 (beş yüz) AZN məbləğində pulu kartı ona təhvil verərkən alacağını demişdir. O, Ozalın yalan vədlərinə inanıb, həmin gün yaşadığı evə gedərək, atası Oruca kafedə olan tanışı “Ozal” adlı şəxsin ona pensiya düzəldirməkdə köməklik etmək istədiyini bildirmişdir. Atası onun ilə razılaşmış və ondan Ozalın mobil telefon nömrəsini istəmişdir. O, Ozalın mobil telefon nömrəsini atasına vermişdr. Bundan sonra atası Ozal ilə mobil telefon vasitəsilə əlaqə saxlamış və ona pensiya düzəltdirmək üçün görüşmüşlər. Lakin o, atasının Ozal ilə harada görüşməsini bilməmişdir. Bundan başqa, atası Ozala başqa üsullarla da pul göndəmiş, amma onun həmin söhbətlərin heç birindən məlumatı olmamışdır. Lakin 2023-cü ilin mart ayının sonlarında atası ona Ozal tərəfindən aldanıldıqlarını və Ozalın ona pensiya düzəltdirmək adı ilə aldadaraq, ümumilikdə 3000 (üç min) AZN məbləğində pulunu ələ keçirməsini demişdir. Beləliklə, Təqsirləndirilən şəxs ona İİİ qrup əlillik dərəcəsində pensiya düzəltdirəcəyinə dair yalan vəd verib, zərərçəkmiş şəxs-atası Zərərçəkmiş şəxs ümumilikdə 3000 (üç min) AZN məbləğində pulunu ələ keçirərək, dələduzluq etmişdir. Baş vermiş cinayət əməli nəticəsində zərərçəkmiş şəxsatası Zərərçəkmiş şəxs dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən şəkildə ödənilməmişdir. Cinayət işində olan 15 iyun 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs tutulmuşdur. Cinayət işində olan 17 iyun 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan 17 iyun 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Biləsuvar Rayon Polis X2 Yerindən azad edilmişdir. Cinayət işində olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” Cəbrayıl Rayon Məhkəməsinin 1(072)-018/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “axtarış” elan edilməklə, barəsində seçilmiş seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinin 3-13-70/2-4249/2023 saylı, 16 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2023-cü il tarixdə Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərində tutularaq, İmişli Rayon Polis X2 Yerinə təhvil verilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasının 3-16-17/40/2-4492/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2023-cü il tarixdə Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq, 18 sentyabr 2023-cü il tarixdə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işində olan Zaqatala Rayon Məhkəməsinin 1(033)-016/2019 saylı, 29 mart 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 1 (bir) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işində olan 31 may 2023-cü il tarixli tələbnamədən (Əlavə 9) görünür ki, Zaqatala Rayon Məhkəməsinin 1(033)-16/2019 saylı, 29 mart 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 1 (bir) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 23 oktyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Çobankol Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası X1, qardaşı X6, qardaşının arvadı X3, qardaşının övladları X7 və X8 ilə birlikdə Zaqatala rayonu, Bazar kəndində yaşayır. Cinayət işində olan Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Çobankol Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Cinayət işində olan Zərərçəkmiş şəxs 12 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində ona dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş, onun Təqsirləndirilən şəxs qarşı tələbi və şikayəti vardır, mülki iddianın təmin edilərək, məhkəmə tərəfindən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həmin maddələrinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə tюrətməyən cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsini və səmimi peşmanlığını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, eləcə də onun cəmiyyətdən təcrid olunmadan islah oluna bilməyəcəyini nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının təqsirləndirilən şəxsin barəsində “həbs” qətimkan tədbirinin seçildiyi vaxtdan hesablanmasını və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə cinayət işində olan mülki iddia ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsində qeyd edilmiş işin mübahisəli faktiki halları, daha doğrusu, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs dəymiş maddi zərərinin həcminin ümumilikdə məhz 3000 (üç min) AZN məbləği təşkil etməsi məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı üçün iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad edilmiş və işin mübahisəli faktiki halları əsaslandırılmış və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilmişdir. Ümumiyyətlə, mülki iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi işin mübahisəli faktiki halları formal mülahizələrə deyil, kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin haqqında qərar qəbul edilir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə məsrəfləri və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 iyun 2023-cü il tarixdən 17 iyun 2023-cü il tarixədək “şübhəli şəxs” qismində tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəza müddətinə bir günə bir gün hesabı ilə 2 (iki) günə bərabər hesablanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 3000 (üç min) AZN məbləğində maddi ziyan tutularaq, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar