Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(072)-19/2023 10.08.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 15:55 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1980-cı ildə Cəbrayıl rayonu, Dağtumas kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Sirik kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs orta-ağır dərəcəli alkoqol sərxoşluğu vəziyyətində ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış, eləcə də davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, həmçinin ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq hərəkətləri edərək, 11 aprel 2023-cü il tarixdə, saat 19:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Biləsuvar rayonu, 2 saylı qəsəbədə yerləşən 402 saylı evin həyətində inşa etdirdiyi sonuncuya məxsus mağazanın qapısını heç bir səbəb olmadan təpiklə vurub sındıraraq, həmin mağazaya daxil olmuşdur. Daha sonra, o, Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin ünvanına yüksək səslə nalayiq ifadələr işlədərək, qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə qeyd olunan mağazada piştaxtalarına düzülmüş spirtli və digər içkiləri, ərzaq və gündəlik təlabat mallarını müxtəlif istiqamətlərə atıb sındırması, eləcə də mağazanın pəncərəsinin və qapılarının şüşələrini sındırması, 2 (iki) ədəd giriş qapısını zədələməsi nəticəsində sonuncuya ümumilikdə 673.80 (altı yüz yetmiş üç, səksən) AZN məbləğində maddi ziyan vurmuş və mağazanın qarşısında, eləcə də küçə ilə gedən şəxslərin narahatlığına səbəb olan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Zərərçəkmiş şəxs qəsəbə sakini kimi tanıyır. Baş vermiş hadisə barədə bildirir ki, 11 aprel 2023-cü il tarixdə, təxminən saat 16:00 radələrində o, yaşadığı evdə yemək yeyən zaman tək 0.5 litr həcmində olan spirtli içki, yəni araq qəbul etmişdir. Yeyib-içdikdən sonra yaşadığı evdən çıxaraq qonşusu İlqara məxsus mağazaya getmiş və oradan 1 (bir) ədəd “Qo” markalı spirtli içki almışdır. Daha sonra yaşadığı evə getmiş və həmin spirtli içkini qəbul etmişdir. Bundan sonra, o, sərxoş vəziyyətdə təxminən saat 19:00 radələrində yaşadığı evdən çıxaraq yenidən “Qo” markalı spirtli içki almaq məqsədilə İlqara məxsus mağazaya getmişdir. Oraya çatan zaman mağazanın qapısının bağlı olduğunu görüb, əsəbləşmiş və mağazanın giriş qapısını təpiklə vurmuşdur. Zərbənin təsirindən qapı qırılıb, mağazanın içərisinə sol tərəfə aşmışdır. Bu zaman həmin qapının üst hissəsində olan şüşə sınaraq, yerə səpələnmişdir. Daha sonra o, mağazanın pəncərəsinin şüşələrini yumruqla vurub sındırıb, mağazaya daxil olmuş və həyətə açılan qapısını təpiklə vurmuşdur. Bu zaman qapının aşağı hissəsi deşilmiş və qapının üst hissəsində olan şüşə sınaraq, yerə səpələnmişdir. Mağazaya daxil olduqdan sonra o, piştaxtalara düzülmüş spirtli və digər içkiləri, ərzaq və gündəlik təlabat mallarını müxtəlif istiqamətlərə atıb sındırmışdır. Bu zaman İlqar və onun qızı Məleykə mağazada olsalar da, lakin o, sərxoş vziyyətdə olduğu üçün ona müdaxilə etməmişlər. Bir neçə dəqidə keçdikdən sonra hadisə yerinə polis əməkdaşları gələrək, onu Cəbrayıl Rayon Polis Şöbəsinə aparmışlar. Eyni zamanda bildirir ki, onun bu hərəkətləri təxminən 20-25 dəqiqə davam etmişdir. Həmin vaxt mağazanın qarşısında və küçədə tanımadığı digər şəxslər də olmuşdur. O, hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir və səmimi peşmanlıq hissi keçirir. Baş vermiş cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi zərəri tam ödəmişdir. Belə ki, Zərərçəkmiş şəxs ilə barışmış, ona qarşı tələb və şikayəti yoxdur. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanda yaşayır. Yaşadığı evin həyətində qarşı tərəfi 1-11 saylı qəsəbələrarası asfalt yola açılan mağaza inşa etdirmiş, həmin mağazada ərzaq və gündəlik təlabat malları satır. Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanıyır. Baş vermiş hadisə barədə bildirir ki, 11 aprel 2023-cü il tarixdə, təxminən saat 18:40 radələrində qızı Məleykə xanım özlərinə məxsus həmin mağazada alış-veriş etmişdir. Bu zaman o, mağazanın qarşısında, yəni küçədə dayanmış Qabilin sərxoş vəziyyətdə mağazaya tərəf gəldiyini görmüşdür. O, Qabilin sərxoş vəziyyətdə olduğunu görüb, onun qarşısına gedərək nə almaq istədiyini soruşmuşdur. Qabil ona “Qo” markalı spirtli içki almaq istədiyini demişdir. O, mağazaya daxil olaraq, piştaxtadan 1 (bir) ədəd “Qo” markalı spirtli içki götürüb, Qabilə vermişdir. Qabil də həmin içkinin pulunu ona vermişdir. Daha sonra Qabil mağazadan çıxıb getmişdir. Təxminən 15-20 dəqiqədən sonra qaynının arvadı Natavan mobil telefon vasitəsilə zəng edərək, demişdir: “Qabil küçə ilə nalayiq ifadələr işlədərək, yaşadığınız evə tərəf gəlir.” O da qızı Məleykəyə demişdir: “Mağazanı bağla, get yaşadığımız evə, Qabil küçə ilə söyüş söyə-söyə bura gəlir.” Qızı Məleykə mağazanın küçəyə açılan plastik qapısını içəri tərəfdən bağlamış, sonra mağazanın yaşadıqları evin həyətinə açılan qapısından keçib, həmin qapını da bağlayıb evə getmişdir. Özü isə yaşadığı evin həyətinə girmiş və həyətdə dayanmışdır. Təxminən 3-4 dəqiqə sonra o, mağazdan nalayiq ifadələr və şüşə sınması səsini eşitmişdir. O, küçəyə çıxmış və bu zaman görmüşdür ki, Qabil mağazanın qapısını sındırıb, mağazaya daxil olmuşdur. Beləliklə, Qabil onun və ailə üzvlərinin ünvanına yüksək səslə nalayiq ifadələr işlədərək, mağazada piştaxtalarına düzülmüş spirtli və digər içkiləri, ərzaq və gündəlik təlabat mallarını müxtəlif istiqamətlərə atıb sındırmışdır. O və qızı Məleykə mağazada olsalar da, lakin Qabil sərxoş vziyyətdə olduğu üçün ona müdaxilə etməmişlər. Bir neçə dəqidə keçdikdən sonra hadisə yerinə polis əməkdaşları gələrək, Qabili Cəbrayıl Rayon Polis Şöbəsinə aparmışlar. Eyni zamanda bildirir ki, Qabilin bu hərəkətləri təxminən 20-25 dəqiqə davam etmişdir. Həmin vaxt mağazanın qarşısında və küçədə tanımadığı digər şəxslər də olmuşdur. Baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 673.80 (altı yüz yetmiş üç, səksən) AZN məbləğində maddi ziyan dəymişdir. Bütün bunlara baxmayaraq, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Belə ki, baş vermiş cinayət hadisəsi nəticəsində ona dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanda yaşayır. Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanıyır. Zərərçəkmiş şəxs onun baldızının əridir. Baş vermiş hadisə barədə bildirir ki, 11 aprel 2023-cü il tarixdə, təxminən saat 19:00 radələrində yaşadığı evdə olan zamanı küçədən səs-küy və nalayiq ifadələr eşitmişdir. Küçəyə çıxan zaman görmüşdür ki, Qabil nalayiq ifadələr işlədərək, İlqarın yaşadığı evə tərəf gedir. Buna görə də, o, baldızı Məlahətə mobil telefon vasitəsilə zəng etmiş, lakin telefona İlqar cavab verdiyi üçün bu barədə ona məlumat vermişdir. Belə ki, o, İlqara demişdir: “Qabil küçə ilə nalayiq ifadələr işlədərək, yaşadığınız evə tərəf gəlir, Məleykəyə de ki, mağazanı bağlayıb evə getsin.” Bundan 3-4 dəqiqə sonra o, yaşadığı evdən çölə çıxmış və İlqarın yaşadığı evə tərəf getmişdir. Bu zaman görmüşdür ki, Qabil mağazanın qapısını sındıraraq mağazaya daxil olmuş, İlqara və onun ailə üzvlərinin ünvanına yüksək səslə nalayiq ifadələr işlədərək, mağazada piştaxtalarına düzülmüş spirtli və digər içkiləri, ərzaq və gündəlik təlabat mallarını müxtəlif istiqamətlərə atıb sındırır. Daha sonra hadisə yerinə polis əməkdaşları gələrək, Təqsirləndirilən şəxs oradadan uzaqlaşdırmışlar. Eyni zamanda bildirir ki, Qabilin bu hərəkətləri təxminən 20-25 dəqiqə davam etmişdir. Həmin vaxt mağazanın qarşısında və küçədə tanımadığı digər şəxslər də olmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 256 saylı, 12 aprel 2023-cü il tarixli rəyindən görünür ki, 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində heç bir xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş 29 saylı, 02 may 2023-cü il tarixli “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2023-cü il tarixdə, saat 19:39-da müayinə olunan zaman “orta dərəcəli alkoqol sərxoşluğu” vəziyyət müəyyən edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası "xxxx" MMC-nin 38 saylı, 10 may 2023-cü il tarixli arayışından görünür ki, Zərərçəkmiş şəxs məxsus mağazada olan ona məxsus spirtli və digər içkilərin, ərzaq və yeyinti, həmçinin gündəlik təlabat mallarının, eləcə də mağazanın qapılarının, pəncərəsinin şüşəsinin sınması və qapısının zədələnməsi nəticəsində dəymiş maddi ziyan-591.75 (beş yüz doxsan bir, yetmiş beş) AZN məbləği təşkil edir. Belə ki, müəyyəm parametrlərə malik tikinti detallarının orta bazar qiymətilə dəyəri: 113.75 (yüz on üç, yetmiş beş) AZN məbləği; ərzaq və qeyriərzaq mallarının, tütün məmulatlarının orta bazar qiymətilə dəyəri: 478 (dörd yüz yetmiş səkkiz) AZN məbləği təşkil edir. Cinayət işində olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X3 197 saylı, 19 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Rayon Poliklinikasının Nevroloji və Ruhiəsəb kabinetində dispanser qeydiyyatda olmamışdır. Cinayət işində olan 05 iyun 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixdə, saat 19:25-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs tutulmuşdur. Cinayət işində olan 07 iyun 2023-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işində olan 07 iyun 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan Cəbrayıl Rayon Məhkəməsinin 4(072)-003/2023 saylı, 07 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan 20 iyun 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işində olan 21 iyun 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan Zərərçəkmiş şəxs 10 avqust 2023-cü il tarixli ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmə tərəfindən ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Biləsuvar Rayonu Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 856 saylı, 17 may 2023-ci il tarixli arayışdan görünür ki, Hacıyev X1 rayonu, 2 saylı qəsəbə, ev 372 ünvanda yaşayır. Cinayət işində olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Biləsuvar Rayonu Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 44 saylı, 17 may 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Cinayət işində olan 18 aprel 2023-cü il tarixli tələbnamədən (Əlavə 9) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər müxtəlif tarixlərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5, 128, 152 və 221.1-ci maddələri nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, müəyyən müddət azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 324/2018 saylı, 25 oktyabr 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 16 iyul 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həmin maddələrinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsini, səmimi peşmanlığını, zərərçəkmiş şəxsə dəymiş maddi zərərin ödəməsini, eləcə də zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs kimi məhkumluğu ödənilmədən yenidən 11 aprel 2023-cü il tarixdə qəsdən cinayət törətdiyi üçün onun əməlində cinayətlərin residivi müəyyən edilsə də, lakin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər (hazırda törətdiyi böyük ictimai təhlükə törətməyən cinayət əməli) nəzərə alınmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, eləcə də onun cəmiyyətdən təcrid olunmadan islah oluna bilməyəcəyini nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının təqsirləndirilən şəxsin “şübhəli şəxs qismində” tutulduğu vaxtdan hesablanmasını, “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə cinayət işində olan maddi sübutlarla bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş 2 (iki) ədəd içki qabı dəyəri olmayan əşya hesab edilərək, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübutun qalığı olan Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş 2 (iki) ədəd içki qabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(072)-19/2023
Cəbrayıl Rayon Məhkəməsi Hökm — İş №1(072)-19/2023
10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver