Məhkəmə qərarları › İş №1(072)-3/2025

Cəbrayıl Rayon Məhkəməsi Hökm — İş №1(072)-3/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(072)-3/2025 13.02.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 13:35 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Müdafiəçi1 vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 2000-ci il tarixdə Zərdab rayonu, Şahhüseynli kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Zərdab rayonu, Şahhüseynli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən çətənə bitkisindən kustar üsulla hazırlanmış 335 qram təmiz çəkiyə malik xeyli miqdarda qurudulmayan marixuananı qəsdən satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək sellofan torbaya yığıb saxlamış və həmin narkotik vasitə hesab edilən qurudulmayan marixuananı Zəngilan rayonu, Ağalı kəndi ərazisində fəaliyyət göstərən və özünün işlədiyi "xxxx" Şirkətinə məxsus düşərgənin yataqxanasına daşıyaraq, orada sellofan torbada saxlamışdır. 21 oktyabr 2024-cü il tarixdə, təxminən saat 18:30 radələrində sellofan torbaya yığaraq saxladığı həmin narkotik vasitə hesab edilən qurudulmayan marixuananı cinayətdən xəbərsiz olmaqla “TAXİ” fəaliyyətini həyata keçirən Şahid9 idarə etdiyi “MERCEDES-BENZ C220” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağında əyləşərək, həmin oturacağın arxa tərəfində olan səs gücləndiricilərin yanında paltarları olan çantada gizlədərək, “Zəngilan-Cəbrayıl-Füzuli” avtomobil yolu ilə Zəngilan rayonu, Ağalı kəndindən Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi istiqamətində daşımışdır. 21 oktyabr 2024-cü il tarixdə, təxminən saat 19:40 radələrində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi yaxınlığındakı 3 saylı “Nəzarətburaxılış məntəqəsi”ndə Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən avtomobilin salonunda arxa sərnişin oturacağının arxa tərəfində olan səs gücləndiricilərin yanından ona məxsus qara rəngli çantada sellofan torbanın içərisində narkotik vasitə hesab edilən qurudulmayan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasında avtomobilə baxış zamanı avtomobilin salonunda, arxa sərnişin oturacağının arxa tərəfində olan səs gücləndiricilərin yanından ona məxsus polietilen torbada xeyli miqdarda, yəni təmiz çəkisi 335 qram qurudulmayan marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Zərdab rayonu, Şahhüseynli kəndində kəndində yaşayır. Özü narkotik vasitə hesab edilən marixuana istifadə edir. Baş vermiş hadisə barədə bildirir ki, 2024-cü ilin avqust ayından etibarən 21 oktyabr 2024-cü il tarixədək Zəngilan rayonu ərazisində fəaliyyət göstərən "xxxx" Şirkətində “fəhlə” vəzifəsində işləmişdir. Həmin şirkətdə işlədiyi müddət ərzində, təxminən 15-16 oktyabr 2024-cü il tarixdə, günorta vaxtı Zəngilan rayonu, Ağalı kəndi ərazisindəki qamışlıq sahəyə ayaqyoluna gedən zaman orada 1 (bir) ədəd qırılmış çətənə kolu aşkar etmişdir. Özü narkotik vasitə istifadə etdiyi üçün həmin kolun üzərində olan yarpaqları qoparıb, ətrafdan tapdığı sellofan torbaya yığmış və kolun budaqlarını qırıb oradan keçən su kanalına atmışdır. Sonra həmin sellofan torbaya yığdığı narkotik vasitəni qurumadığı üçün gecələdiyi evdə çarpayısının yanında paltarlarının yığdığı qara rəngli çantada gizlətmiş, lakin bu barədə heç kimə məlumat verməmişdir. 21 oktyabr 2024-cü il tarixdə, təxminən saat 18:30 radələrində Zəngilan rayonu, Ağalı kəndi yaxınlığında işlədiyi şirkətdən o, iş yoldaşları Şahid7 və Şahid8 ilə birlikdə onların həmkəndlisi Şahid9 idarə etdiyi “MERCEDES-BENZ C220” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə yaşadıqları evə aparmasını xahiş etmişdir. Eləcə də o, Arzumandan yolüstü Beyləqan rayonu, “Daşburun” dairəsi adlanan yerdə düşürməsini xahiş etmişdir. Onlar Arzuman ilə razılaşmış, o və Şakir avtomobilin arxa sərnişin oturacağında, Pərviz isə avtomobilin qabaq sərnişin oturacağında əyləşmişdir. Özü isə göy rəngli sellofan torabaya yığdığı narkotik vasitəni içərisində gizlətdiyi paltarları olan qara rəngli əl çantasını avtomobilin arxa oturacağının arxa tərəfində olan səs gücləndiricilər olan yerdə qoymuşdur. Həmin gün, təxminən saat 19:30 radələrində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi yaxınlığındakı polis postuna çatmışlar. Postda xidmət aparan polis əməkdaşları avtomobilin salonunu yoxlayan zaman avtomobilin arxa oturacağının arxa tərəfində olan səs gücləndiricilərin yanından ona aid çantanın içində sellofan torbanı götürərək, həmin torabada narkotik vasitənin olduğuna aid şübhə yarandığını bildirmişlər. Bu səbəbdən də, onu, sürücü Arzumanı, sərnişinlər Pərvizi və Şakiri avtomobil ilə birlikdə Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə birlikdə Cəbrayıl Rayon Polis Şöbəsinə getmişlər. Cəbrayıl Rayon Polis Şöbəsinin xidməti otaqlarının birində, müdafiəçinin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə, onun üzərində şəxsi axtarış aparılmışdır. O, şəxsi axtarış zamanı polis əməkdaşlarına əynində olan boz rəngli şalvarın sol ön cibindən özünə məxsus olan “HONOR X8” markalı mobil telefonu və əynində olan gödəkcənin sağ yan cibindən Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsini çıxarıb, təqdim etmişdir. Daha sonra sərnişin qismində əyləşdiyi “MERCEDES-BENZ C220” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa sərnişin oturacağının arxa tərəfindən ona məxsus qara rəngli əl çantasının içərisində narkotik vasitə hesab edilən qurudulmayan marixuana olan 1 (bir) ədəd göy rəngli sellofan torba aşkar edilmişdir. Avtomobildən aşkar edilərək, götürülmüş həmin narkotik vasitə onun və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq zərfin içərisinə qoyulmuş, möhürlənmişdir. Onu da qeyd edir ki, onun özünün narkotik vasitə hesab edilən qurudulmayan marixuananı satmaq və ya kiməsə bağışlamaq niyyəti olmamış, sadəcə olaraq, özünün istifadə etməsi üçün özündə saxlamışır. Eyni zamanda bildirir ki, ümumiyyətlə o, həmin narkotik vasitə hesab edilən qurudulmayan marixuana, eləcə də onu əl çantasında sellofan torabaya yığaraq gizlətməklə “MERCEDES-BENZ C220” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna qoyması barədə sürücü Şahid9, iş yoldaşları Şahid7 və Şahid8 heç bir söz deməmiş və onların bundan xəbəri olmamışdır. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir, səmimi peşmanlıq hissi keçirir və gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Özü subaydır, gələcəkdə ailə qurmaq və gələcəyə nikbin planları vardır. Demək olar ki, ailəyə yeganə qazanc gətirən şəxsdir. Azadlıqdan məhrum etmə bağlı olmayan cəza təyin edilərsə və azadlıqda qalarsa, öz zəhməti hesabına işləməklə ailəsinin maddi ehtiyaclarını qarşılacaqdır. Məhkəmə qarşısında söz verir ki, gələcəkdə bir daha cinayət əməli törətməyəcək, nizam-intizama və qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, Cəbrayıl Rayon Polis X21 Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləyir və polis serjantıdır. Cəbrayıl Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən tərtib edilmiş qrafikə əsasən 21 oktyabr 2024-cü il tarixdə, saat 08:00-dan saat 20:00-a dək Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi yaxınlığındakı 3 saylı “Nəzarət-buraxılış məntəqəsi”ndə o, Cəbrayıl Rayon Polis X5 Bölməsinin xidmət üzrə baş inspektoru, polis leytenantı Şahid4 və Cəbrayıl Rayon Polis X21 Xidməti Bölüyünün polis nəfəri, polis serjantı X18 ilə birlikdə xidmətdə olmuşdur. Həmin gün, təxminən saat 19:40 radələrində “Nəzarət-buraxılış məntəqəsi”ndə xidmətdə olan zaman Cəbrayıl rayonundan Füzuli rayonu istiqamətinə hərəkət edən “MERCEDES-BENZ C220” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobil polis postuna yaxınlaşmış və dayanması üçün işarə vermişlər. Həmin avtomobili postda saxlamışlar və avtomobildə sürücüdən əlavə 1 (bir) nəfər şəxs qabaq sərnişin oturacağında, 2 (iki) nəfər şəxs isə arxa sərnişin oturacağında əyləşmişdir. Sürücüyə avtomobilin yük yerinə və salonuna baxış keçiriləcəyini bildirib, yük yerini açmasını xahiş etmişlər. Sürücü Şahid9 avtomobildən düşərək yük yerini açmış və baxış zamanı yük yerində qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Lakin avtomobilin salonuna baxış zamanı arxa sərnişin oturacağının arxa tərəfində səsgücləndiricilərin yanında olan 1 (bir) ədəd qara rəngli əl çantasının olduğunu görmüşlər. Həmin çantaya baxış zamanı çantada paltarlardan başqa 1 (bir) ədəd sellofan torba olduğunu görmüşlər. Həmin bükülünün narkotik vasitəyə bənzər kütlənin olmasına şübhə yarandığı üçün kimə məxsus olduğunu soruşmuşlar. Bu zaman avtomobilin arxa sərnişin oturacağında əyləşmiş Təqsirləndirilən şəxs avtomobildən düşərək, paltarlar olan çantanın, eləcə də sellofan torbada olan bükülünün də ona məxsus olduğunu və şəxsi istifadəsi üçün narkotik vasitə olduğunu demişdir. Bu səbəbdən də, avtomobildə olan şəxslər postda saxlanılmışlar. O, bu barədə raportla Cəbrayıl Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Bundan sonra, həmin ərazi “şəxsi axtarış” və “avtomobilə baxış” keçirilməsi üçün müvafiq yer olmadığına görə həmin şəxslər, yəni Təqsirləndirilən şəxs, sürücü Şahid9, sərnişinlər Şahid7 və Şahid8 “MERCEDES-BENZ C220” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasına aparılmış, özü isə postda xidmətini davam etdirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəbrayıl Rayon Polis X21 Xidməti Bölüyünün polis nəfəri, polis serjantı X3 Şamil Mehman oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Cəbrayıl Rayon Polis X2 Qrupunun əməliyyat müvəkkilli vəzifəsində işləyir və polis kiçik leytenantıdır. 21 oktyabr 2024-cü il tarixdə Cəbrayıl Rayon Polis X21 Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Həsənov X12 rayonu, Cocuq Mərcanlı kəndi yaxınlığındakı 3 saylı “Nəzarət-buraxılış məntəqəsi”ndə xidmətdə olan zaman avtomobilin salonunun arxa sərnişin oturacağın arxa tərəfində səs gücləndiricilərin olduğu yerdə olan qara rəngli əl çantasında narkotik vasitəyə bənzər kütlə aşkar etdiyi üçün raportla rəhbərliyə məruzə etdiyinə görə həmin avtomobildə olan şəxslər avtomobillə birlikdə Cəbrayıl Rayon Polis Şöbəsinə gətirilmişlər. Cəbrayıl Rayon Polis X21 Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid5 raportu əsasında araşdırma aparılması üçün Cəbrayıl Rayon Polis X11 təhqiqatçısı, polis baş leytenantı X10 həvalə edilmişdir. Cəbrayıl Rayon Polis Şöbəsinin xidməti otaqlarının birində, müdafiəçinin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə, həmin şəxslərin, eləcə də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sol ön cibindən özünə məxsus olan “HONOR X8” markalı mobil telefonu və əynində olan gödəkcənin sağ yan cibindən Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsini çıxarıb, təqdim etmişdir. Daha sonra sərnişin qismində əyləşdiyi “MERCEDES-BENZ C220” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa sərnişin oturacağının arxa tərəfindən Təqsirləndirilən şəxs məxsus qara rəngli əl çantasının içərisində narkotik vasitə hesab edilən qurudulmayan marixuana olan 1 (bir) ədəd göy rəngli sellofan torba aşkar edilmişdir. Lakin avtomobildən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar edilməmişdir. Baxış zamanı sellofan torbada içində yaşıl rəngli, spesifik iyə malik kütlə, yəni narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlə olduğu müəyyən olunmuşdur. Həmin narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlə sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 424 (dörd yüz iyirmi dörd) qram olduğu müəyyən edilmişdir. Avtomobildən aşkar edilərək, götürülmüş həmin narkotik vasitə baxışda iştirak edən şəxslərin, eləcə də Təqsirləndirilən şəxs və onun müdafiəçinin iştirakı ilə qablaşdırılaraq zərfin içərisinə qoyulmuş, möhürlənmişdir. “Baxış” protokolu tərtib olunaraq baxış iştirakçılarına ucadan oxunmuş, protokol baxış iştirakçıları, о cümlədən Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəbrayıl Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Bərdə rayonu, Lənbəran kəndində yaşayır. Narkotik vasitənin heç bir növündən istifadə etməmişdir. Zəngilan rayonu, Ağalı kəndi ərazisində fəaliyyət göstərən "xxxx" Şirkətində “usta” vəzifəsində işləyir. Baş vermiş hadisə barədə bildirir ki, 21 oktyabr 2024-cü il tarixdə, təxminən saat 18:30 radələrində əmisi Şahid8 ilə birlikdə Şahid9 idarə etdiyi “MERCEDES-BENZ C220” markalı, **-UK-*** qeydiyyat nişanlı avtomobil vasitəsilə yaşadıqları Bərdə rayonuna getmək üçün razılaşmışlar. Bu barədə digər iş yoldaşı Təqsirləndirilən şəxs da məlumat vermişlər. Emil də onlara yaşadığı Zərdab rayonuna gedəcəyini, sürücü Arzumana yolüstü Beyləqan rayonu, “Daşburun” adlı dairəvi yolda düşürməsini demişdir. Onlar Arzuman ilə razılaşmış, o, avtomobilin qabaq sərnişin oturacağında, Emil və Şakir avtomobilin arxa sərnişin oturacağında əyləşmişdir. Həmin gün, təxminən saat 19:30 radələrində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi yaxınlığındakı polis postuna çatmışlar. Bu zaman postda xidmət aparan polis əməkdaşları onların “portal icazə”lərinin olub-olmadığını, eləcə də avtomobilin yük yerini və salonuna yoxlamışlar. Avtomobilin yük yerində qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Lakin polis əməkdaşları avtomobilin salonuna baxış zamanı avtomobilin arxa oturacağının arxa tərəfində olan səs gücləndiricilərin yanından paltarlar yığılmış əl çantasında 1 (bir) ədəd sellofan bükülünün olduğunu görüb, həmin bükülünün narkotik vasitəyə bənzər kütlənin olmasına şübhə yarandığı üçün kimə məxsus olduğunu soruşmuşlar. Bu zaman avtomobilin arxa sərnişin oturacağında əyləşmiş, Təqsirləndirilən şəxs avtomobildən düşərək, paltarlar olan çantanın, eləcə də sellofan torbada olan bükülünün ona məxsus olduğunu və şəxsi istifadəsi üçün narkotik vasitə olduğunu demişdir. Bu səbəbdən də, onlar həmin postda saxlanılmışlar. Daha sonra onu, sürücü Şahid9, avtomobildə olan sərnişinlər Təqsirləndirilən şəxs və Şahid8 idarə etdiyi “MERCEDES-BENZ C220” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə birlikdə Cəbrayıl Rayon Polis Şöbəsinə getmişlər. Cəbrayıl Rayon Polis Şöbəsinin xidməti otaqlarının birində, müdafiəçinin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə, onun və həmin şəxslərin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Daha sonra sərnişin qismində əyləşdikləri “MERCEDES-BENZ C220” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa sərnişin oturacağının arxa tərəfindən Təqsirləndirilən şəxs məxsus qara rəngli əl çantasının içərisində narkotik vasitə hesab edilən qurudulmayan marixuana olan 1 (bir) ədəd göy rəngli sellofan torba aşkar edilmişdir. Avtomobildən aşkar edilərək, götürülmüş həmin narkotik vasitə baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılaraq zərfin içərisinə qoyulmuş, möhürlənmişdir. “Baxış” protokolu tərtib olunaraq baxış iştirakçılarına ucadan oxunmuş, protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. Eyni zamanda bildirir ki, onun Təqsirləndirilən şəxs haradan və hansı məqsəd ilə narkotik vasitə əldə etməsi barədə, eləcə də onun əl çantasında sellofan torabaya yığaraq gizlətdiyi narkotik vasitəni idarə etdiyi avtomobilin yük yerinə qoymasından heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 Şahid7 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işində olan 22 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, fakt üzrə 22 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, icraata qəbul edilərək, ibtidai istintaq aparılmışdır. Cinayət işində olan 21 oktyabr 2024-cü il tarixli “şübhəli şəxsi tutma haqqında” qərardan və protokoldan görünür ki, 21 oktyabr 2024-cü il tarixdə saat 23:05-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 23 oktyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 23 oktyabr 2024-cü il tarixdə, saat 11:20-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan 23 oktyabr 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, 23 oktyabr 2024-cü il tarixdə, saat 13:00-da Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X14 Bölməsinin 18/872 saylı, 22 oktyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ağ kağızda “...Mercedes Benz markalı....**-UK-***....” sözləri və imzalar olan polietilen torbadakı 2 ədəd polietilen torba bükümdə ayrı-ayrılıqda yaş vəziyyətdə təmiz çəkisi-85 qram, 250 qram, ümumi çəkisi-335 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmayan marixuanadır. Qeyd: Marixuananın ümumi təmiz çəkisi-335 qram, tədqiqata sərf edildi-0.10 qram və qalıq-334.90 qram. Məhkəmə bioloji ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri 49.74 (qırx doqquz, yetmiş dörd) AZN məbləği təşkil edir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X25 Ambulator X1 7227 saylı, 07 noyabr 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs nevroloji statusu: kəllə-beyin inervasiyası norma daxilindədir. Bəbəklər eynidir. Fotoreaksiya normaldır. Akkomodasiya və konvergensiya normaldır. Nistaqm yoxdur. Burun-dodaq büküşləri simmetrikdir. Udma və yumşaq damaq refleksi normaldır. Dili orta xətt üzrədir. Kerer nöqtələr ağrısızdır. Vətər və sümüküstü refleksləri normaldır. Parez və plegiya yoxdur. Patoloji reflekslər aşkarlanmır. Romberq vəziyyətində dayanıqlıdır. Psixi vəziyyəti: Bələdliliyi məkana, zaman və öz şəxsiyyətinə saxlanılıb. Ünsiyyətə həvəslə daxil olu, suallara düzgün, sual çərçivəsində cavab verir. Təfəkküründə patologiya aşkar olunmur. Mühakimələri və mülahizələri məntiqlidir. Emosional iradi sferası sabitdir. Əhval-ruhiyyəsi normal səviyyədədir. Psixoproduktiv simtomatika olan qavrama pozuntuları, sayıqlama ideyaları və s. müəyyən edilmir. Öz psixi vəziyyətinə qarşı tənqidi münasibəti saxlanılıb. Təqsirləndirilən şəxs kannabioidlərdən epizodik istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X23 Şəxs “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X20 18-1-79/2-689/2024 saylı, 21 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Rəşidov X6 Poliklinika şöbəsinin Narkoloji və psixiatriya kabinetində qeydiyyatda durmur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X20 xx/xx-13492 saylı, 25 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Rəşidov X13 narkoloji qeydiyyatda olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X20 14389 saylı, 26 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Rəşidov X7 müalicədə olmamışdır. Cinayət işində olan 09 yanvar 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində yenidən ittiham elan edilməsi barədə” qərardan görünür ki, 09 yanvar 2025-ci il tarixdə, saat 10:20də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona yenidən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan 08 yanvar 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid9 21 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs xeyli miqdarda, yəni təmiz çəkisi 335 qram olan narkotik vasitə hesab edilən qurudulmayan marixuananı qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması faktı üzrə qabaqcadan əlbirliyinin olması, eyni zamanda ona məxsus avtomobilin salonunda arxa sərnişin oturacağının arxa tərəfində olan səsgücləndiricilərin yanında gizlədərək narkotik vasitə daşımasından xəbərinin olması təsdiq olunmadığına görə onun əməlində cinayət tərkibi olmaması əsası ilə Şahid9 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 307.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Şahid7 21 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs xeyli miqdarda, yəni təmiz çəkisi 335 qram olan narkotik vasitə hesab edilən qurudulmayan marixuananı qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması faktı üzrə qabaqcadan əlbirliyinin olması, eyni zamanda onun da sərnişin qismində əyləşdiyi avtomobilin salonunda arxa sərnişin oturacağının arxa tərəfində olan səsgücləndiricilərin yanında gizlədərək narkotik vasitə daşımasından xəbərinin olması təsdiq olunmadığına görə onun əməlində cinayət tərkibi olmaması əsası ilə Şahid7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 307.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Şahid8 21 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs xeyli miqdarda, yəni təmiz çəkisi 335,0 qram olan narkotik vasitə hesab edilən qurudulmayan marixuananı qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması faktı üzrə qabaqcadan əlbirliyinin olması, eyni zamanda onun da sərnişin qismində əyləşdiyi avtomobilin salonunda arxa sərnişin oturacağının arxa tərəfində olan səsgücləndiricilərin yanında gizlədərək narkotik vasitə daşımasından xəbərinin olması təsdiq olunmadığına görə onun əməlində cinayət tərkibi olmaması əsası ilə Şahid8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 307.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 21 oktyabr 2024-cü il tarixdə Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanmamışdan əvvəllər də narkotik vasitə hesab edilən marixuana istifadə etməsi faktında üzərində narkotik vasitə aşkar olunmadığı üçün cinayətin və inzibati xətanın tərkibi olmaması əsası ilə Təqsirləndirilən şəxs barəsində həmin xüsusat üzrə inzibati icraatın açılması və cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ona məxsus qara rəngli çantada sellofan torbada təmiz çəkisi 335 qram narkotik vasitə hesab edilən qurudulmayan marixuananı qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması faktı təsdiq olunmadığı üçün onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” cinayətinin tərkibi olmadığı üçün Təqsirləndirilən şəxs barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ona məxsus qara rəngli çantada sellofan torbada təmiz çəkisi 335 qram narkotik vasitə hesab edilən qurudulmayan marixuananın əkib-becərmədən Zəngilan rayonu ərazisində su kanalının kənarında qamışlıq sahədən tapdığı çətənə kolunun yarpaqlarından toplaması xüsusatı üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan “Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiya etmə” inzibati xətanın tərkibi olmadığı üçün inzibati icraatın açılması və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan “qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə” cinayətinin tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Şahhüseynli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 316 saylı, 05 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs valideynləri X8 və X17 ilə birlikdə Zərdab rayonu, Şahhüseynli kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. Cinayət işində olan Azərbaycan Respublikası Zərdab Raayon İcra Hakimiyyəti Başçısının Şahhüseynli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında nümayəndəliyə heç bir şikayət ərizəsi daxil olmamışdır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsini, ilk dəfə cinayət əməli törətməsini, səmimi peşmanlığını, bu müddət ərzində öz səhvini dərk edərək, nəticə çıxarmasını, davranışında islah olunması əlamətlərinin aşkarlığını, məhkəmə qarşısında gələcəkdə bir daha cinayət əməli törətməyəcəyi və qanunlara əməl edəcəyi barədə söz verməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 07:00-a dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə cinayət işində olan ekspertiza xərci ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı ilkin “məhkəmə bioloji ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 49.74 (qırx doqquz, yetmiş dörd) AZN məbləğində eskpertiza xərci təqsirləndirilən şəxs X9 tutularaq, dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən sənəd cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır. Məhkəmə cinayət işində olan maddi sübutlar ("xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş məlumatlara dair 2 (iki) ədəd “CD” disk, “şəxsi axtarış və götürmə” aparılmasına dair 4 (dörd) ədəd “CD” disk, “baxış və götürmə” aparılmasına dair 1 (bir) ədəd “CD” disk) ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işində olan bu sübutlar cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə cinayət işində olan digər maddi sübutlarla bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 334.90 qram narkotik vasitə olan qurudulmayan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 oktyabr 2024-cü il tarixdən 23 oktyabr 2024-cü il tarixədək saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəza müddətinə bir günə iki gün hesabı ilə 4 (dörd) gününə bərabər hesablanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 07:00-a dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ilkin “məhkəmə bioloji ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 49.74 (qərx doqquz, yetmiş dörd) AZN məbləğində eskpertiza xərci tututlaraq, dövlət nəfinə ödənilsin. Cinayət işində olan "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş məlumatlara dair 2 (iki) ədəd “CD” disk, “şəxsi axtarış və götürmə” aparılmasına dair 4 (dörd) ədəd “CD” disk, “baxış və götürmə” aparılmasına dair 1 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Cinayət işi üzrə maddi sübutun qalığı olan Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 334.90 qram narkotik vasitə olan qurudulmayan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Zərdab Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar