Məhkəmə qərarları › İş №1(072)-5/2025

Cəbrayıl Rayon Məhkəməsi Hökm — İş №1(072)-5/2025

12.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(072)-5/2025 12.09.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1985-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Cəyli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Qobu qəsəbəsi, S.S.Axundov küçəsi, fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ünvan 1 ünvanda təsis edilmiş 13 yanvar 2022-ci il tarixli lisenziya əsasında “tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma” fəaliyyət növləri ilə məşğul olan "xxxx" MMC ilə bağladığı 0109/06 saylı, 01 sentyabr 2024cü il tarixli xidmət müqaviləsinə əsasən MMC-nin sifarişi əsasında Cəbrayıl rayonu, Şükürbəyli kəndi ərazisində tikilmiş su anbarında təmizlik işlərinin görülməsi fəaliyyətinə nəzarəti həyata keçirərkən, “İİİ-4-80 Tikintidə təhlükəsizlik texnikası” Tikinti-norma və qaydaları”nın 2.27-ci bəndinin və DÜST 12.4.059-89 “Əmək təhlükəsizliyi standartları sistemi. Tikinti. Qoruyucu invertar çəpərlər. Ümumi texniki şərtlər”in 2.2.11-ci bəndinin tələblərini qəsdən pozaraq, Cəbrayıl rayonu, Şükürbəyli kəndi ərazisində tikilmiş su anbarının dam örtüyünün künc hissəsində olan boşluğun üzərinin etibarlı şəkildə bağlanmasını, həmçinin həmin boşluğun bağlanmasına nəzarət etmək vəzifəsini yerinə yetirməyərək tikinti sahəsində təhlükəsiz iş şəraitinin yaradılmasını və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasını təmin etməyərək öz hərəkətsizliyinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda cinayətkarcasına etinasızlıq nəticəsində onları görməmiş, buna görə də 18 dekabr 2024-cü il tarixdə, saat 16:30 radələrində su anbarında təmizlik işlərinin görülməsi zamanı tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi və bu obyektdə yenidənqurmanın aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində Təqsirləndirilən şəxs tərəfindən fəhlə kimi işlərin yerinə yetirilməsinə cəlb olunan Zərərçəkmiş şəxs su anbarının dam örtüyünün künc hissəsində əvvəlcədən binanın monolitini saxlama təyinatlı dəmir dirəklərin çıxarılması üçün açıq vəziyyətdə saxlanılan uzunluğu 200 sm., eni 85 sm., hündürlüyü 430 sm., olan boşluqdan yerə yıxılması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və az ağır zərərin vurulmasına, yəni dalağın cırılması və daxili qanaxma ilə müşayiət olunan qarnın qapalı küt travması, sağ mil sümüyünün tipik yerində qapalı yerini dəyişən sınığı, alın nahiyəsində sıyrıq, göz nahiyəsində qançır xəsarəti dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, S.S.Axundov küçəsi, fərdi yaşayış evində yaşayır və fərdi əməklə məşğul olur. Özü ixtisasca tikinti mühəndisi olmasa da, lakin bir müddət tikinti sahəsində işləmişdir. Belə ki, o, əvvəllər Az Deniz” MMC-də “briqadir” vəzifəsində işləmişdir. "xxxx" MMC Cəbrayıl şəhəri ərazisində su anbarlarının tikintisi işlərini həyata keçirir. Həmin cəmiyyətin işçisi, yəni əvvəlcədən birgə işlədiyi, tanışı Şahid1 Cəbrayıl rayonu ərazisində su anbarının tikintisi işini görə biləcəyini xəbərini aldıqda, o, həmin təkliflə razılaşmışdır. Belə ki, o, əvvəl "xxxx" MMC-nin tərkibində Cəbrayıl rayonu, Horovlu kəndi ərazisində su anbarının tikintisində “briqadir” kimi işləmişdir. Bu səbəbdən də, o, "xxxx" MMC-nin direktoru Şahid6 ilə 0109/06 saylı, 01 sentyabr 2024-cü il tarixli xidmət müqaviləsi bağlamışdır. Xidmət müqaviləsinə əsasən Cəbrayıl rayonu, Horovlu və Şükürbəyli kəndləri ərazisində içməli su ilə təmini və Zəngilan rayonu, Ağalı kəndində yeraltı keçidin tikintisi işləri ona həvalə edilmişdir. Vəzifəsi layihə üzrə tikinti işlərini həyata keçirməkdən ibarət olmuşdur. Onu da qeyd edir ki, xidmət müqaviləsini mətni ilə tanış olmadan imzalamışdır. Rəhbərlik etdiyi işçi qrupu 5 (beş) nəfərdən ibarət olmuşdur. İşçi qrupu onun özündən, Zərərçəkmiş şəxs, Şahid4, Şahid3 və Şahid7 ibarət olmuşdur. Onun xidmət müqaviləsinə əsasən işçilərə tikintidə texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına dair təlimat ilə tanış etmə, eləcə də işçilərinin işə götürülməsi ilə bağlı öhdəliyinin olması barədə baş vermiş hadisədən sonra məlumatı olmuşdur. İşçi qrupunun üzvü olmuş, Zərərçəkmiş şəxs ilə əmək müqaviləsi bağlanılmamışdır. Buna baxmayaraq, işçilərə texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimat keçirilmiş, eləcə də işçilər onun tərəfindən fərdi mühafizə vasitələri ilə təmin olunmuşlar. O, Cəbrayıl rayonu, Şükürbəyli kəndi ərazisinə təxminən 2024-cü ilin noyabr ayından "xxxx" MMC tərəfindən yarımçıq qalmış işlərin reallaşdırılması üçün gəlmişdir. Baş vermiş hadisə barədə bildirir ki, o, 18 dekabr 2024-cü il tarixdə, saat 08:00 radələrində işçi qrupunun üzvləri ilə birlikdə dəmir və təmizlik işlərinin görülməsini həyata keçirmişdir. Su anbarının 1-ci mərtəbəsi tikili vəziyyətdə hazır olmuş, lakin anbarın qapaqları qurulmamışdır. Bundan başqa, su anbarının 1-ci mərtəbəsinin üst hissəsində 4 (dörd) ədəd qapaq quraşdırılmamış və həmin qapaqların ölçüsü 85x85 sm., təşkil etmişdir. Bundan başqa, su anbarının 1-ci mərtəbəsində quraşdırılmış və dəmir dirəklərin çıxarılması üçün ölçüsü 200x85 sm., olan səth açıq qalmışdır. Həmin yerin üzəri qapalı olmalı və ya kənarları açıq-aşkar görünəcək şəkildə mühafizə olunmalıdır. Lakin binanın monolitini saxlamaq üçün nəzərdə tutulan dəmirlərin çıxarılması məqsədilə həmin ərazi boş saxlanılmışdır. Həmin səthin qapanmasını təmin etmək üçün üzərinə 2 (iki) ədəd 5x10 sm., olan taxta bitişik formada atılır və həmin taxtanın altına isə 40 sm.,-dən bir diametri 7.5 sm., hündürlüyü bağlı vəziyyətdə 3 m., açıldıqda 6.5 m., olan dəmir dirəklər qoyulur ki, armatur vurulduqdan sonra rahatlıqla betonlana bilsin. Həmin gün, təxminən saat 16:30 radələrində çay fasiləsindən sonra yarımçıq qalmış işlər, yəni açıq sahənin doldurulması və təmizlik işləri həyata keçirilməli idi. Lakin bu zaman Zərərçəkmiş şəxs diqqətsizlikdən həmin açıq hissədən yerə yıxılmışdır. Onu da qeyd edir ki, həmin yerin üzərinə ölçüsü 5x10 sm., olan qoşa taxta atılsa da, lakin altına sabitliyi təmin etmək üçün dəmir dirək vurulmamışdır. Yəni hadisə baş verən gün qoşa taxta armatur olan hissəyə məftil ilə bağlandığı və altında dəmir dirək olmadığı üçün möhkəmliyi təmin olunmamışdır. Bu səbəbdən də, Zərərçəkmiş şəxs hündürlüyü 4.30 m., hissədən yerə yıxılaraq, müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Bu barədə dərhal "xxxx" RSY-nin X11 məlumat verilmiş və hadisə yerinə həkim gələrək, Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilmişdir. Daha sonra Zərərçəkmiş şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Onu da qeyd edir ki, Zərərçəkmiş şəxs onun əmisinin oğludur. Baş vermiş hadisədən sonra Zərərçəkmiş şəxs maddi imkanı daxilində maddi və mənəvi köməklik, ümumiyyətlə diqqət və qayğı göstərmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Ümumiyyətlə, baş vermiş hadisəyə görə bir insan kimi səmimi peşmanlıq hissi keçirir, vicdan əzabı çəkir və belə bir hadisənin baş verməsini heç vaxt arzu etməz idi. Hesab edir ki, bu müddət ərzində öz səhvini dərk etmiş və nəticə çıxarmışdır. Özü ailəldir, himayəsində 3 (üç) yetkinlik yaşına çatmayan, azyaşlı uşağı vardır, ailəyə yeganə qazanc gətirən şəxsdir və atası yataq xəstəsidir. Məhkəmə qarşısında söz verir ki, gələcəkdə bir daha cinayət əməli törətməyəcək, nizam-intizama və qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Kürdəmir rayonu, Cəyli kəndində yaşayır. Təqsirləndirilən şəxs onun əmisinin oğludur və aralarında heç bir ədavət yoxdur. Təqsirləndirilən şəxs Cəbrayıl rayonu, Horovlu və Şükürbəyli kəndləri ərazisində içməli su ilə təmini, Zəngilan rayonu, Ağalı kəndində yeraltı keçidin tikintisi işi həvalə edilmişdir. Bu səbəbdən də, Röyal özünün rəhbərliyi ilə işçi qrupu yaratmışdır. İşçi qrupu 5 (beş) nəfərdən ibarət olmuşdur. İşçi qrupu onun özündən, Təqsirləndirilən şəxs, Şahid4, Şahid3 və Şahid7 ibarət olmuşdur. Baş vermiş hadisədən sonra bilmişdir ki, onlara tikintidə texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına dair təlimat ilə tanış etmə öhdəliyi Təqsirləndirilən şəxs olmuşdur. Onu da qeyd edir ki, tikintidə texniki təhlükəsizlik ilə bağlı şifahi təlimat keçirilsə də, lakin heç bir jurnalı və kitabı imzalamamışdır. O və digər işçilər fərdi mühafizə vasitələri ilə təmin olunmuşdur. İşçilərin gündəlik iş saatı saat 08:00-dan 18:00-a dək, saat 13:00-dan 14:00-a dək nahar fasiləsi, saat 11:00-dan 11:30-a dək və saat 16:00-dan 16:30-a dək çay fasiləsi olmuşdur. O, 14 dekabr 2024-cü il tarixdə Cəbrayıl rayonu, Şükürbəyli kəndinə gəlmiş və 16 dekabr 2024-cü il tarixdən əmək fəaəliyyətinə başlamışdır. O, digər işçilər ilə birlikdə 18 dekabr 2024-cü il tarixdə, saat 08:00 radələrində qəlib və dəmir işlərinin görülməsini həyata keçirmişdir. Belə ki, su anbarının 1-ci mərtəbəsi tikili vəziyyətdə hazır olmuş, lakin su anbarının 1-ci mərtəbəsinin üst hissəsində olan 4 (dörd) ədəd qapaq quraşdırılmamışdır. Buna səbəb su anbarının 1-ci mərtəbəsində quraşdırılmış dəmir dirəklərin çıxarılması üçün ölçüsü 200x85 sm., olan səth açıq qalmışdır. Əslində həmin yerin, yəni açıq səthin üzəri qapalı olmalıdır. Lakin binanın monolitini saxlamaq üçün nəzərdə tutulan dəmirlərin çıxarılması üçün həmin ərazi boş saxlanılmışdır. Həmin gün, təxminən saat 16:30 radələrində çay fasiləsindən sonra tikinti obyektində həmin açıq sahə doldurulmalı və təmizlik işləri həyata keçirilməli idi. O, həmin vaxt mobil telefon vasitəsilə danışdığına görə fikri yayındığı üçün diqqətsizlikdən həmin açıq sahədən (boşluq) yerə yıxılmışdır. Onu da qeyd edir ki, həmin yerin üzərinə ölçüsü 5x10 sm., olan qoşa taxta atılsa da, lakin altına sabitliyi təmin etmək üçün dəmir dirək vurulmamışdır. Yəni hadisə baş verən gün qoşa taxta armatur olan hissəyə məftil ilə bağlandığı və altında dəmir dirək olmadığı üçün möhkəmliyi təmin olunmamışdır. Bu səbəbdən də, o, hündürlüyü 4.30 m., hissədən yerə yıxılaraq, müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Bu barədə dərhal "xxxx" RSY-nin X11 məlumat verilmiş və hadisə yerinə həkim gələrək, ona ilkin tibbi yardım göstərilmişdir. Daha sonra o, Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Onu da qeyd edir ki, əgər həm həmin boşluğun üzərindəki qoşa taxtanın altında dəmir dirək atılmaqla, möhkəmliyi təmin olunsa, həm də özü diqqətsizlik etməsə idi, bu hadisə baş verməyəcəkdir. Hal-hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanda yaşayır və ixtisasca tikinti mühəndisidr. O, 2024-cü ilin avqust ayından etibarən "xxxx" MMC-də “tikinti rəhbəri” vəzifəsində işləyir. Vəzifəsi aylıq görülən işlərin tərtib olunmasından, maliyyə və mühasibatlıq işlərinin görülməsindən ibarətdir. "xxxx" MMC Cəbrayıl şəhəri ərazisində su anbarlarının tikintisi ilə məşğul olur. İşçiləri “işə götürmə” səlahiyyəti şirkətin direktoru Şahid6 olmuşdur. Təqsirləndirilən şəxs "xxxx" ASC-də işlədiyi vaxtdan etibarən tanıyır. Təqsirləndirilən şəxs məsuliyyətli işçi olduğu üçün onu "xxxx" MMC-nin rəhbərliyinə məsləhət görmüşdür. Təqsirləndirilən şəxs əvvəllər "xxxx" MMC-də işçi kimi dəmir, beton, qəlib işlərinin görülməsi ilə məşğul olmuşdur. Bu səbəbdən də, su anbarlarının tikintisi ilə bağlı "xxxx" MMC ilə Təqsirləndirilən şəxs xidmət müqaviləsi bağlanmışdır. Eyni zamanda bildirir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsinin tarixi və şərtləri, Təqsirləndirilən şəxs rəhbərlik etdiyi işçi qrupunun neçə nəfərdən ibarət olması, işçilərin şəxsiyyəti haqqında, işçilərə tikintidə texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına dair təlimat ilə tanış etmə, işə götürmə öhdəliyinin kimə məxus olması, eləcə də "xxxx" MMC-nin tərkibində “SƏTƏM” vəzifəsində fəaliyyət göstərən şəxs haqqında dəqiq məlumatı olmamışdır. Hadisə baş verən gün Bakı şəhərindən Cəbrayıl rayonuna gəlirmiş. Yolda olduğu müddət ərzində layihənin rəhbəri Rəsul müəllim mobil telefon vasitəsilə zəng vuraraq, ona bu barədə məlumat vermişdir. Onu da qeyd edir ki, bildiyinə görə layihə üzrə tikinti obyektində tikinti və təmizlik işləri tam başa çatmadığı üçün tərəflər arasında təhvil-təslim həyata keçirilməmişdir. Buna baxmayaraq, “Forma 2” sənədi əsasında 2024-cü ilin dekabr ayında tikintinin dəyəri ödənilmişdir. Daha sonra ona məlum olmuşdur ki, işçi Zərərçəkmiş şəxs tikinti obyektində üzəri açıq sahədən, yəni açıq sahənin üzərinə ölçüsü 5x10 sm., olan qoşa taxta atılsa da, lakin altına sabitliyi təmin etmək üçün dəmir dirək vurulmadığı üçün hündürlüyü 4.30 m., hissədən yerə yıxılaraq, müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanda yaşayır. O, 2024-cü ilin iyun ayından etibarən bir müddət "xxxx" MMC-də “layihə rəhbəri” vəzifəsində işləmişdir. Vəzifəsi görülən işlərə qismən nəzarətin həyata keçirilməsindən ibarət olmuşdur. "xxxx" MMC Cəbrayıl şəhəri ərazisində su anbarlarının tikintisi işi ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır, belə ki, o, bir müddət "xxxx" MMC-də dəmir, beton, qəlib işlərinin görülməsi ilə məşğul olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs əvvəllər "xxxx" MMC-nin tərkibində Cəbrayıl rayonu, Horovlu kəndi ərazisində su anbarının tikintisində “briqadir” kimi işləmişdir. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs ilə "xxxx" MMC-nin rəhbərliyi arasında xidmət müqaviləsi bağlanmışdır. Lakin tərəflər arasında bağlanmış xidmət müqaviləsinin tarixi və şərtləri, Təqsirləndirilən şəxs rəhbərlik etdiyi işçi qrupunun neçə nəfərdən ibarət olması, işçilərin şəxsiyyəti haqqında, işçilərə tikintidə texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına dair təlimat ilə tanış etmə, işə götürmə öhdəliyinin kimə məxus olması, eləcə də "xxxx" MMC-nin tərkibində “SƏTƏM” vəzifəsində fəaliyyət göstərən şəxs haqqında dəqiq məlumatı olmamışdır. İşçilərin gündəlik iş saatı saat 08:00-dan 18:00-a dək, saat 13:00-dan 14:00-a dək nahar fasiləsi, saat 11:00-dan 11:30-a dək və saat 16:00-dan 16:30-a dək çay fasiləsi olmuşdur. Su anbarı tikili vəziyyətdə hazır olsa da, lakin su anbarının qapaqları qurulmamışdır. Belə ki, su anbarının 1-ci mərtəbəsinin üst hissəsində 4 (dörd) ədəd qapaq quraşdırılmamışdır. Anbar 2 (iki) hissədən ibarətdir. Hər iki tikilinin üzərində 2 (iki) ədəd, ümumilikdə tikilinin üzərində 4 (dörd) ədəd qapağın olması nəzərdə tutulmuşdur. Həmin qapaqların ölçüsü 85x85 sm., təşkil edir. Onu da qeyd edir ki, su anbarının 1-ci mərtəbəsində quraşdırılmış dəmir dirəklərin çıxarılması üçün ölçüsü 200x85 sm., olan səth açıq qalmışdır. Sonradan həmin sahənin betonlanması nəzərdə tutulmuşdur. Hadisə baş verdiyi gün, yəni 18 dekabr 2024-cü il tarixdə, təxminən saat 17:30 radələrində Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsilə zəng edərək, 1 (bir) nəfər işçinin, yəni Zərərçəkmiş şəxs yıxılaraq xəsarət aldığını və ona ilkin tibbi yardımın göstərilməsi üçün həkim çağrıldığını bildirmişdir. O, bundan sonra dərhal hadisə yerinə getmişdir. Həmin vaxt artıq xəsarət almış şəxs su anbarının içərisindən kran operatoru tərəfindən manipülator vasitəsilə çıxarılmış və xərəyə qoyularaq, Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Onu da qeyd edir ki, bildiyinə görə layihə üzrə tikinti obyektində tikinti və təmizlik işləri tam başa çatmadığı üçün tərəflər arasında təhvil-təslim həyata keçirilməmişdir. Daha sonra ona məlum olmuşdur ki, işçi Zərərçəkmiş şəxs tikinti obyektində üzəri açıq sahədən, yəni açıq sahənin üzərinə ölçüsü 5x10 sm., olan qoşa taxta atılsa da, lakin altına sabitliyi təmin etmək üçün dəmir dirək vurulmadığı üçün hündürlüyü 4.30 m., hissədən yerə yıxılaraq, müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.ünvan 4 ünvanda yaşayır. O, 07 fevral 2013-cü il tarixdən etibarən “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi”ndə “mühəndis” vəzifəsində işləyir. Vəzifəsi aparılan tikintinin layihəyə uyğun təşkil edilməsindən ibarətdir. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında həmin şirkətin yerinə yetirdiyi işlərə nəzarət edir. Bundan başqa, "xxxx" MMC ilə "xxxx" MMC arasında podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında Cəbrayıl rayonu, Şükürbəyli kəndi ərazisində su anbarının tikintisi "xxxx" MMC-yə həvalə olunmuşdur. Onu da qeyd edir ki, bildiyinə görə həmin su anbarının tikintisi podrat müqaviləsi əsasında "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs həvalə olunmuşdur. Cəbrayıl rayonu ərazisində iş olan zaman o, həftədə 3-4 günlük oraya ezam olunmuşdur. Cəbrayıl rayonu ərazisində işlər dayandığı üçün 06 noyabr 2024-cü il tarixdən sonra Cəbrayıl rayonunda olmamış və eləcə də “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi”nin heç bir əməkdaşı 06 noyabr 2024-cü il tarixdən etibarən 18 dekabr 2024-cü il tarixədək Cəbrayıl rayonunda olmamışdır. Su anbarında qəlib işləri görüldükdən sonra iş dayandırılmış, lakin həmin vaxt su anbarının tavan hissəsində dəmir-beton işləri reallaşdırılmamışdır. O, 18 dekabr 2024-cü il tarixdə Cəbrayıl rayonu, Horovlu kəndi ərazisində tikilmiş su anbarının ərazisində borulama işləri həyata keçirildiyi üçün həmin işlərinə nəzarət etmişdir. Bu zaman fəhlələr Cəbrayıl rayonu, Şükürbəyli kəndi ərazisində tikilən su anbarında “Səxavət” adlı işçinin iş görən zaman yıxılaraq xəsarət aldığını bildirmişlər. O, dərhal hadisə yerinə getmiş, lakin hadisə yerində heç kimi görə bilməmişdir. Eləcə də o, baş vermiş hadisə barədə “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi”nin rəhbərliyinə məlumat vermişdir. Daha sonra ona məlum olmuşdur ki, işçi Zərərçəkmiş şəxs tikinti obyektində üzəri açıq sahədən, yəni açıq sahənin üzərinə ölçüsü 5x10 sm., olan qoşa taxta atılsa da, lakin altına sabitliyi təmin etmək üçün dəmir dirək vurulmadığı üçün hündürlüyü 4.30 m., hissədən yerə yıxılaraq, müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Onu da qeyd edir ki, həmin tikinti obyektində tikinti işləri tam başa çatmadığı üçün tərəflər arasında su anbarının təhvil-təslimi həyata keçirilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Füzuli rayonu, Horadiz şəhərində yaşayır. O, 28 iyul 2021-ci il tarixdən 18 dekabr 2024-cü il tarixədək "xxxx" MMC-də “direktor” vəzifəsində işləmişdir. Vəzifəsi bütün işlərə nəzarət etməkdən ibarət olmuşdur. "xxxx" MMC Cəbrayıl rayonu, Horovlu və Şükürbəyli kəndlərində su anbarlarının tikintisi işi ilə məşğul olur. Şirkətdə işçiləri işə götürmə səlahiyyəti onun olmuşdur. Təqsirləndirilən şəxs tanıyır, belə ki, o əvvəllər "xxxx" MMC-də işləmişdir. Bundan başqa, "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında 01 sentyabr 2024-cü il tarixdə xidməti müqaviləsi bağlanmışdır. Onu da qeyd edir ki, "xxxx" MMC 2023-cü il tarixdən etibarən "xxxx" RSY Şirkətinin subpodratçısı kimi fəaliyyət göstərdiyi üçün şikrətdə “SƏTƏM” vəzifəsində çalışan işçilər "xxxx" şirkəti tərəfindən təmin olunmuşdur. Lakin Təqsirləndirilən şəxs rəhbərlik etdiyi işçi qrupunun neçə nəfərdən ibarət olması, işçilərin şəxsiyyəti haqqında, işçilərə tikintidə texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına dair təlimat ilə tanış etmə, eləcə də işə götürmə öhdəliyinin kimə məxus olması haqqında məlumatı olmamışdır. Daha sonra ona məlum olmuşdur ki, işçi Zərərçəkmiş şəxs tikinti obyektində üzəri açıq sahədən, yəni açıq sahənin üzərinə ölçüsü 5x10 sm., olan qoşa taxta atılsa da, lakin altına sabitliyi təmin etmək üçün dəmir dirək vurulmadığı üçün hündürlüyü 4.30 m., hissədən yerə yıxılaraq, müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Ucar rayonu, Təzə Şilyan kəndində yaşayır. O, 2024-cü ilin iyul ayından etibarən bir müddət "xxxx" MMC-də “dəmirçi” vəzifəsində işləyir. Bu müddət ərzində o, Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. O, tanışlıq münasibəti əsasında "xxxx" MMC-dən işdən çıxaraq, Cəbrayıl rayonu, Şükürbəyli və Horovlu kəndləri, eləcə də Zəngilan rayonu, Ağalı kəndi ərazisində su anbarlarının tikintisində Təqsirləndirilən şəxs yanında “fəhlə” kimi işə başlamışdır. "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında xidmət müqaviləsinin bağlanıb-bağlanmaması haqqında onun heç bir məlumatı olmamışdır. Sadəcə olaraq, Təqsirləndirilən şəxs tərəfindən işçi qrupu yaradılaraq su anbarlarının tikintisi işinin reallaşdırıldığını bilmişdir. O, əvvəlcə Təqsirləndirilən şəxs ilə birlikdə Cəbrayıl rayonu, Horovlu kəndində işlərin görülməsinə başlamışdır. İşçi qrupu 5 (beş) nəfərdən ibarət olmuşdur. İşçu qrupu onun özündən, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid4 və Şahid7 ibarət olmuşdur. Baş vermiş hadisədən sonra bilmişdir ki, onlara tikintidə texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına dair təlimat ilə tanış etmə öhdəliyi Təqsirləndirilən şəxs olmuşdur. Onu da qeyd edir ki, tikintidə texniki təhlükəsizlik ilə bağlı şifahi təlimat keçirilsə də, lakin heç bir jurnalı və kitabı imzalamamışdır. O və digər işçilər fərdi mühafizə vasitələri ilə təmin olunmuşdur. İşçilərin gündəlik iş saatı saat 08:00dan 18:00-a dək, saat 13:00-dan 14:00-a dək nahar fasiləsi, saat 11:00-dan 11:30-a dək və saat 16:00-dan 16:30-a dək çay fasiləsi olmuşdur. 2024-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs onlara Cəbrayıl rayonu, Şükürbəyli kəndi ərazisində olan su anbarının tikintisində binanın monolitini saxlamaq üçün dəmir dirəklərin anbarın içərisindən çıxarılmalı olduğunu, ümumilikdə bir neçə yarımçıq tikinti və təmizlik işlərinin görülərək, açıq olan səthlərin qapanmasını icra edərək, tikintinin başa çatdırılmalı olduğunu bildirmişdir. Onlar 14 dekabr 2024-cü ildə həmin işlərin görülməsi və həmin ərazidə olan dəmir dirəklərin çıxarılması üçün Cəbrayıl rayonu, Şükürbəyli kəndi ərazisinə getmişlər. Belə ki, 18 dekabr 2024-cü il tarixdə, təxminən saat 08:00 radələrində işçi qrupu ilə birlikdə qəlib və dəmir işlərinin söküntüsünü, eləcə də təmizlik işlərini həyata keçirmişlər. Belə ki, su anbarının 1 mərtəbədən ibarət olması nəzərdə tutulmuşdur və həmin vaxt su anbarı tikili vəziyyətdə hazır olmuşdur. Lakin anbarın qapaqları qurulmamışdır. Belə ki, su anbarının 1-ci mərtəbəsinin üst hissəsində 4 (dörd) ədəd qapaq quraşdırılmamışdır və həmin qapaqların ölçüsü 85x85 sm, təşkil edir. Bu səbəbdən də, su anbarının 1-ci mərtəbəsində quraşdırılmış dəmir dirəklərin çıxarılması üçün ölçüsü 200x85 sm., olan səth açıq qalmışdır. Əslində həmin açıq səthin üzəri qapalı olmalıdır. Bundan başqa, həmin açıq səthin kənarları lentlə ilə bağlanmamışdır. Binanın monolitini saxlamaq üçün nəzərdə tutulan dəmirlərin çıxarılması üçün həmin ərazi boş saxlanılmışdır. Dəmir dirəklərin çıxarılması işlərini reallaşdırdıqdan sonra açıq səthin qapanmasını təmin etmək üçün üzərinə 2 (iki) ədəd 5x10 sm., olan taxtanı bitişik formada atmışlar. Həmin taxtanın altına isə 40 sm.,-dən bir diametri 7.5 sm., hündürlüyü bağlı vəziyyətdə 3 m., açıldıqda 6.5 m., olan dəmir dirəklər qoyulmuşdur ki, armatur vurulduqdan sonra betonlana bilsin. Həmin gün, təxminən saat 16:30 radələrində çay fasiləsindən sonra açıq olan sahənin doldurulması və həmin ərazinin təmizlənməsi işi həyata keçirilməli idi. O, həmin vaxt Səxavət mobil telefon vasitəsilə danışaraq, onlardan uzaqlaşıb kənara getmişdir. Daha sonra onlar Səxavətin səsini eşidib, ona tərəf getmiş və onun həmin boşluqdan yerə yıxıldığını görmüşlər. Onu da qeyd edir ki, həmin yerin üzərinə ölçüsü 5x10 sm., olan qoşa taxta atılsa da, lakin altına sabitliyi təmin etmək üçün dəmir dirək vurulmamışdır. Yəni hadisə baş verən gün qoşa taxta armatur olan hissəyə məftil ilə bağlandığı və altında dəmir dirək olmadığı üçün möhkəmliyi təmin olunmamışdır. Bu səbəbdən də, Səxavət hündürlüyü 4.30 m., hissədən yerə yıxılaraq, müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Bu barədə dərhal "xxxx" RSY-nin X11 məlumat verilmiş, hadisə yerinə həkim gələrək, Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilmiş və daha sonra o, Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid7 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işində elektron sorğu məlumatından görünür ki, "xxxx" MMC vergi ödəyicisi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatdadır və kommersiya hüquqi şəxsdir. (Hüquqi ünvanı: ünvan 1, ev 58, mənzil 19 A və VÖEN: **********) Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş EL-17/2022 saylı, 13 yanvar 2022-ci il tarixli lisenziyanın surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "xxxx" MMC-yə “tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini” həyata keçirməyə görə 13 yanvar 2022-ci il tarixdə EL-17/2022 qeydiyyat nömrəli lisenziya verilmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş EL-17/2022/1 qeydiyyat nömrəli, 13 yanvar 2022-ci il tarixli lisenziyanın əlavəsinin surətindən görünür ki, 13 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "xxxx" MMC-yə xüsusi torpaq işləri, ankerlərin torpağa bərkidilməsi və binaların “torpaqda divar” üsulu ilə tikilməsi, enmə quyularının və kessonların qurulması, beton və dəmir-beton konstruksiyaların quraşdırılması, metal konstruksiyaların quraşdırılması, ağac konstruksiyalarının quraşdırılması, fasad işləri, svay işləri, mühəndis-kommunikasiya və şəbəkələrin qurulması işləri, hidrotexniki işlər, sualtı-texniki işlər, dambaların (torpaq bəndlərin) tikintisi, limanların tikintisi, pirslərin tikintisi, sahilbərkitmə işləri, su anbarları, yol tikintisi, avtomobil yolları, aerodromların uçuş-enmə zolaqları, elektrik sərnişin nəqliyyatı (tramvay, trolleybus və hava-kanat xətləri) yolları, dəmiryol xətləri, körpülərin, estakadarların və yol ötürücülərinin tikintisi, xüsusi qurğuların tikintisi və quraşdırılması, rezervuarlar və qazholderlər (qaz anbarı) kimi fəaliyyət növlərinin həyata keçirilməsinə icazə verilmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş 0109/06 saylı, 01 sentyabr 2024cü il tarixli xidmət müqaviləsinin surətindən görünür ki, “sifarişçi” "xxxx" MMC ilə “icraçı” “Təqsirləndirilən şəxs” arasında “Cəbrayıl rayonu, Horovlu və Şükürbəyli kəndlərinin içməli su ilə təmini və Zəngilan rayonu, Ağalı kəndində yeraltı keçidinin tikintisi” layihələrində təmir və beton işlərinin həyata keçirilməsi barədə xidmət müqaviləsi bağlanmışdır. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş 0109/06 saylı, 01 sentyabr 2024cü il tarixli xidmət müqaviləsinin surətindən görünür ki, müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilədə işlər elektron qaimə və təhvil-təslim aktı təhvil verilməsindən sonra “içraçı”nın bank hesabına köçürülür. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş 0109/06 saylı, 01 sentyabr 2024cü il tarixli xidmət müqaviləsinin surətindən görünür ki, müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə təmir işlərinin görülmə müddəti 31 dekabr 2024-cü il tarixədək nəzərdə tutulmuşdur. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş 0109/06 saylı, 01 sentyabr 2024cü il tarixli xidmət müqaviləsinin surətindən görünür ki, müqavilənin bu 4.1.4-cü bəndinə əsasən “icraçı” texniki təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühitin mühafizəsi qaydalarına ciddi riayət olunmasını təmin edir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş 0109/06 saylı, 01 sentyabr 2024cü il tarixli xidmət müqaviləsinin surətindən görünür ki, müqavilənin bu 4.1.6-cı bəndinə əsasən təmir işlərinin aparılması zamanı, “icraçı”nın təqsiri nəticəsində üçüncü şəxslərin həyat və sağlamlıq və əmlakına vurula biləcək ziyana görə icraçı tam məsuliyyət daşıyır. Cinayət işində olan 3-53-5/2-995/2025 saylı, 20 iyun 2025-ci il tarixli “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi”nin məktubundan görünür ki, “Cəbrayıl şəhərinin, Cəbrayıl rayonunun Horovlu və Şükürbəyli kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması” işləri üzrə "X3 Müdiriyyəti” publik hüquqi şəxs ilə "xxxx" MMC arasında 09 oktyabr 2024-cü il tarixli STK/YİSM/2024/11 nömrəli müqavilə imzalanmışdır. Cinayət işində olan 20 dekabr 2024-cü il tarixli “hadisə yerinə baxış haqqında” protokoldan görünür ki, hadisə yeri Horadiz-Ağbənd avtomobil yolunun Cəbrayıl rayonu, Şükürbəyli kənd ərazisindən keçən 41-ci kilometrliyinin yaxınlığında 39.309661 N, 47.114124 E koordinatlarında yerləşir. Hadisənin baş verdiyi yerdə Cəbrayıl rayonu, Şükürbəyli kəndi ərazisində içməli su anbarının tikintisi işləri həyata keçirilməsi davam etdirilir. Qeyd olunan su anbarı 1 (bir) mərtəbəli olmaqla tikilisi hazır vəziyyətdədir. Həmin tikilinin hündürlüyü 4.30 sm.,-dir. Tikili 2 (iki) otağın birləşməsindən ibarətdir. Həmin su anbarının yanında 1 mərtəbəli qəlibləri hazırlanmış tikili vardır. Su anbarının içərisinə baxış keçirilməsi üçün torpaq örtüklə bina arasında taxta parçası yerləşdirilmişdir. Həmin taxta parçası ilə qalxdıqdan sonra binanın dam örtüyünə gəlinir. Binanın dam hissəsində hər otaq üçün ayrıca 2 (iki) qapaq quraşdırılmışdır. Dam örtüyünün künc hissəsində ətrafında armatur çıxıntıları olan açıq səth var. Həmin səth açıq formada, boşluq şəklində olmaqla betonlanmamışdır. Həmin açıq səthdən su anbarının içərisinə düşüb çıxmaq üçün hündürlüyü 4 m., olan kustar üsulla hazırlanmış taxta pilləkən anbarın divarına söykənilmişdir. Həmin pilləkən yerə və yaxud da su anbarının divarına heç bir avadanlıqla bərkidilməmişdir. Su anbarının içərisinə daxil olduqda taxta pilləkənin yanında binanın monolitini saxlama təyinatlı 1 (bir) ədəd dəmir dirəyin olması müşahidə edilir. Həmin dəmir dirək altlıqlı olmaqla bağlı vəziyyətdə 324 sm., açıldıqda 6.5 m., uzunluqdadır. Bundan başqa, dəmir dirəyin yanında 1 (bir) ədəd taxta parçası vardır. Həmin taxta 2 (iki) taxtadan ibarət olmaqla bir-birinin üzərinə bərkidilmiş haldadır. Qeyd olunan taxtanın uzunluğu 370 sm.,-dir. Bundan başqa, taxta pilləkənin söykənmiş olduğu divarda qanabənzər ləkələrin olduğu gözə çarpır. Həmçinin yer səthinə baxış keçirilən zaman orada tibbi avadanlıqların istifadə edildiyi müşahidə edilməkdədir. Digər otağa baxış keçirilən zaman həmin otağın döşəmə səthinin su qalıqlarının yarandığı, taxta pilləkənin quraşdırıldığı görünür. Cinayət işində olan 02 iyul 2025-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs Mayılov X7 rayonu, Şükürbəyli kəndi ərazisində yerləşən su anbarını təqdim edərək, 18 dekabr 2024-cü il tarixdə, saat 16:30 radələrində Zərərçəkmiş şəxs su anbarına qalxarkən yıxıldığı yeri, boşluq olduğu açıq səthi, həmin boşluğun ətrafını, Zərərçəkmiş şəxs ayağını qoyduğu qoşa taxtanın olduğu yeri, həmin boşluqda olan taxtaların altında dəmir dirək olmadığı üçün 4.30 sm., olan boşluqdan yerə yıxılaraq xəsarət aldığını bildirmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X17 İmişli Rayon Şöbəsinin 766 saylı, 27 dekabr 2024-cü tarixli ilkin ekspert rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər: 1. Dalağın cırılması və daxili qanaxma ilə müşayiət olunan qarnın qapalı küt travması, sağ mil sümüyünün tipik yerində qapalı, yerini dəyişən sınığı, alın nahiyəsində sıyrıq, göz nahiyəsində qançır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 18 dekabr 2024-cü il tarixdə hündürlükdən yıxlması zamanı əmələ gələ bilərdi. 2. Qeyd olunmuş xəsarətlər ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1515 saylı, 18 mart 2025-ci il tarixli ilkin ekspert rəyindən görünür ki, 1. Qərarın üçüncü sualı üzrə: Cəbrayıl rayonu, Şükürbəyli kəndi ərazisində su anbarının dam örtüyünün künc hissəsində 430 sm., dərinlikdə olan boşluğun üzərinin etibarlı (dayanıqlı) şəkildə bağlanmaması hadisənin texniki səbəbi olmuşdur. 2. Qərarın birinci, ikinci, dördüncü və beşinci sualları üzrə: Baş vermiş hadisə ilə əlaqədar “İİİ-4-80” “Tikinti norma və qaydaları”nın 2.27-ci bəndinin və DÜST 12.4.059-89 “Əmək təhlükəsizliyi standartları sistemi. Tikinti. Qoruyucu inventar çəpərlər. Ümumi texniki şərtlər”in 2.2.11-ci bəndinin tələbləri pozulmuşdur. Cəbrayıl rayonu, Şükürbəyli kəndi ərazisində su anbarının dam örtüyünün künc hissəsində 430 sm., dərinlikdə olan boşluğun üzərinin etibarlı şəkildə bağlanması təmin olunmadığına görə “İİİ-4-80” “Tikintidə təhlükəsizlik texnikası” “Tikinti norma və qaydaları”nın 2.27-ci bəndinin və DÜST 12.4.059-89 “Əmək təhlükəsizliyi standartları sistemi. Tikinti. Qoruyucu inventar çəpərlər. Ümumi texniki şərtlər”in 2.2.11-ci bəndinin tələbləri tikinti sahəsində təhlükəsiz iş şəraitinin yaradılmasını və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasını təmin etməli olan şəxs(lər) tərəfindən pozulmuşdur (konkret şəxs(lər) istintaq tərəfindən araşdırılmalarla müəyyən edilə bilər). Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, Zərərçəkmiş şəxs özü tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarının və təlimatlarının tələblərinin pozulması halı müəyyən edilmir. İlkin “məhkəmə əmək təhlükəsizliyinin tədqiqi ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri 100 (yüz) AZN məbləği təşkil edir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş MN ******* saylı, 17 mart 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Cinayət işində olan 24 aprel 2025-ci il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, fakta görə 24 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işində olan 13 iyun 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 13 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan 13 iyun 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə X13 Şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X12 18-1-20/2-1726/2025 saylı, 20 may 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X12 poliklinika şöbəsində narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda olmamışdır. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş Seriya AZE 11349495 №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 birgə nikahından 24 yanvar 2010-cu ildə “X8” adında uşaqları anadan olmuşdur. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş Seriya AZE 11348050 №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 birgə nikahından 16 fevral 2012-ci ildə “X9” adında uşaqları anadan olmuşdur. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş Seriya AA ******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 birgə nikahından 30 avqust 2020-ci ildə “X10” adında uşaqları anadan olmuşdur. Cinayət işində olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 809 saylı, 30 iyun 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvüləri-arvadı X5, övladları X8, X9 və X10 ilə birlikdə Bakı şəhərində yaşayır. Cinayət işində olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-29/4/2-30 saylı, 30 iyun 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Cinayət işində olan “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X15 tərəfindən verilmiş kompüter-tomoqrafiya (KT) müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs atası X2 hərəkət artefaklarına bağlı müaəyinə suboptimal dəyərləndirilir. Hər iki tərəfdə göz almaları simmetrikdir. Retrobulbar nahiyyədə, görmə sinirlərində, göz sinirlərində, göz əzələlərində pataloji həcm, struktur dəyişikliyi təyin edilmir. Masthoid hücrələrin pnevmatizasiyası təbiidir. Serebal atrofiyaya bağlı subaraxnoidal sahələr, beyin sulkuslarında və yan maddəciklər passiv dilatasiya izlənilir. Sol serebal hemsiferdə parietotemporal paylarda subkortikal ağ maddədə kəskin-yarımkəskin mərhəllə işemik insulta bağlı çətin seçilən geniş hipodens sahə qeyd edilir. Cinayət işində olan Zərərçəkmiş şəxs 12 iyul 2025-ci il tarixli və 12 sentyabr 2025-ci il tarixli teleqramlarından görünür ki, hal-hazırda onun Təqsirləndirilən şəxs heç bir tələbi və şikayəti yoxdur, onunla barışmışdır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həmin maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barələrində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə “Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünün təqsirli bilməməsinə dair verdiyi ifadəsinə” hüquqi qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi inandırıcı deyildir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsi məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun ifadələri ilə, eləcə də ekspert rəyləri, cinayət işində olan mötəbər sübutlar ilə təkzib olunduğu üçün onun ifadəsinə tənqidi yanaşılmalı və ifadəsi özünü müdafiə edilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan cinayət əməli törətməsini, baş vermiş hadisəyə görə səmimi peşmanlığını, cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmamasını, bu müddət ərzində öz səhvini dərk edərək, nəticə çıxarmasını, davranışında islah olunması əlamətlərinin aşkarlığını, məhkəmə qarşısında gələcəkdə bir daha cinayət əməli törətməyəcəyi və qanunlara əməl edəcəyi barədə söz verməsini, eləcə də onun işğaldan azad edilmiş ərazilərdə tikinti-yenidənqurma işlərində fəal iştirak etməsini, ailəli, ailə vəziyyətini, himayəsində yetkinlik yaşına çatmayan, azyaşlı uşaqlarının və ailəyə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barələrində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan islah işləri ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının məhkumun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmasını və barələrində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə “Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə” cəzasının təyin edilməməsi ilə bağlı hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan cinayət əməli törətdiyi, baş vermiş hadisəyə görə səmimi peşmanlıq hissi keçirdiyi, ailəyə yeganə qazanc gətirən şəxs olduğu, ailə vəziyyəti, eləcə də işğaldan azad edilmiş ərazilərdə tikinti-yenidənqurma işlərində fəal iştirak etdiyi üçün törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi nəzərə alınmaqla, əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilməsi həm də ədalətli sayıla bilməz. Halbuki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.09-cu maddəsinə əsasən tikinti fəaliyyəti – tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyətidir. Həmin Məcəllənin 3.0.10-cu maddəsinə əsasən tikinti obyektləri – tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğulardır. Həmin Məcəllənin 3.0.16-cı maddəsinə əsasən müvəqqəti tikili – torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikilidir.. Həmin Məcəllənin 3.0.17-ci maddəsinə əsasən tikinti-quraşdırma işləri – tikinti layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində obyektin inşası və ya təmiri, yenidən qurulması yaxud bərpasıdır. Həmin Məcəllənin 3.0.23-cü maddəsinə əsasən tikinti ərazisi – tikinti üçün ayrılmış və nişanlanmış torpaq sahəsidir. Həmin Məcəllənin 3.0.24-ci maddəsinə əsasən tikinti meydançası – tikinti ərazisində tikintinin aparılması üçün zəruri olan torpaq sahəsidir. Həmin Məcəllənin 3.0.25-ci maddəsinə əsasən tikinti sahəsi – tikinti ərazisində tikinti obyektlərinin altındakı torpaq sahəsidir. Həmin Məcəllənin 3.0.26-cı maddəsinə əsasən şəhərsalma və tikintiyə dair normativ sənədlər – şəhərsalma və tikinti fəaliyyətinə dair qaydalar, habelə standartlar, şərtlər, texniki normalar və şəhərsalma və tikintini tənzimləyən digər texniki normativ hüquqi aktlar; Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə cinayət işində olan ekspertiza xərci ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı ilkin “məhkəmə-əməyin mühafizəsi və təhlükəsizlik texnikası ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində eskpertiza xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət nəfinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və aylıq qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla, 1 (bir) il, 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ilkin “məhkəmə-əməyin mühafizəsi və təhlükəsizlik texnikası ekspertizas”ının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində eskpertiza xərci tututlaraq, dövlət nəfinə ödənilsin. Hökmün icrası Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar