Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(072)-8/2024 12.09.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Cəmilli Ülvi Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi: Müdafiəçi1 vəkili X1, Təqsirləndirilən şəxs2 müdafiəçisi: Müdafiəçi1 vəkili X3, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 oğlunun və Təqsirləndirilən şəxs2 iştirakı ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilmələrinə dair Cəbrayıl Rayon Məhkəməsinə cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Sumqayıt rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən 27 iyul 2016-cı il tarixdə verilmiş “B”, “CE” və “D” kateqoriyalarına aid nəqliyyat vasitələrini idarəetmə hüququnu təsdiq edən AE seriyalı 025205 nömrəli sürücülük vəsiqəsi əsasında 04 aprel 2024-cü il tarixdə, saat 12:00 radələrində özünün istifadəsində olan “MERCEDES-BENZ E 220” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 1-11 saylı qəsəbələrarası avtomobil yolunda 2 saylı qəsəbədən 3 saylı qəsəbənin yaxınlığında olan qəbiristanlıq istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozması nəticəsində, yəni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin üçüncü hissəsinin və 64-cü maddəsinin birinci hissəsinin tələbinə əsasən eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsinin sürətini kəskin azaltdığı və ya gözlənilmədən dayandığı təqdirdə onunla toqquşmanın qarşısını almaq üçün sürətdən və hərəkət şəraitindən asılı olaraq ara məsafəsini düzgün seçməli olduğu halda onunla eyni zolaqda və özündən qabaqda gedən Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ-2105” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə həddindən artıq yaxınlaşmaqla ara məsafəsini düzgün seçmədiyindən, həmçinin avtomobil yolunda 3.24 – maksimum hərəkət sürətinin 50 km/saatadək məhdudlaşdırılmasına dair qadağan nişanının mövcud olmasına baxmayaraq minik avtomobilini 70 km/saat sürətlə idarə edərək, qeyd edilən tələblərə riayət edəcəyi təqdirdə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda onlara riayət etmədiyindən hərəkətdə olduğu yolun 3 saylı qəsəbə ərazisindən keçən hissəsində onunla eyni zolaqda özündən qabaqda getməklə yolun sol tərəfinə dönmə əməliyyatını həyata keçirən, Təqsirləndirilən şəxs2 idarə etdiyi markası və dövlət nömrə nişanı yuxarıda göstərilən avtomobillə toqquşması nəticəsində ehtiyatsızlıqdan özünün idarə etdiyi minik avtomobilinin qabaq-sağ oturacağında sərnişin qismində hərəkətdə olan Zərərçəkmiş şəxs baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, sifətin sol yanaq nahiyəsində sıyrıq və sol mil sümüyünün distal ucunun yerini dəyişmiş qapalı sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına, yəni zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs2 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin dördüncü hissəsinin tələblərinə zidd olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan 04 aprel 2024-cü il tarixdə, saat 12:00 radələrində özünün mülkiyyətində olan “VAZ-2105” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 1-11 nömrəli qəsəbələrarası avtomobil yolunda 2 saylı qəsəbədən 3 saylı qəsəbənin yaxınlığında olan qəbristanlıq istiqamətində hərəkət edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində, yəni həmin Qanunun 69-cu maddəsinin yeddinci hissəsinin birinci bəndinin tələbinə əsasən əks istiqamətli nəqliyyat axınlarını ayıran, yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin girişin qadağan edildiyi sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərən 1.1 – üfüqi nişanlanma xəttini (düz bütöv xətti) kəsməyin qadağan olunmasına baxmayaraq və həmin tələblərə riayət etməklə yol-nəqliyyat hadisəsinin qarşını almağa texniki imkanı olduğu halda onlara riayət etmədiyindən hərəkətdə olduğu yolun 3 saylı qəsəbənin ərazisindən keçən hissəsində əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini (düz bütöv xətti) kəsməklə əks istiqamətli nəqliyyat axınına çıxaraq və nəqliyyat axınının əksinə hərəkət edərək yolun sol tərəfində yerləşən avtoyuma məntəqəsinə dönərkən onun ardınca eyni istiqamətdə hərəkət edən Təqsirləndirilən şəxs1 idarə etdiyi “MERCEDES-BENZ E 220” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və bununla da ehtiyatsızlıqdan sonuncunun avtomobilin qabaqsağ oturacağında sərnişin qismində hərəkətdə olan Zərərçəkmiş şəxs baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, sifətin sol yanaq nahiyəsində sıyrıq və sol mil sümüyünün distal ucunun yerini dəyişmiş qapalı sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına, yəni zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinin məhkəməyədək icraat zamanı aradan qaldırılmadan mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulra yol verildiyi müəyyən edilmişdir. Belə ki, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, Azərbaycan Respublikasının dövlət dilini şifahi bilir, lakin bu dilin latın qrafikalı əlifbası ilə yazıb-oxumağı bilmir. İbtidai istintaq zamanı Azərbaycan Respublikasının dövlət dilinin latın qrafikalı əlifbası ilə yazıboxumağı bilmədiyi üçün ona cinayət işinin materialları tanış edilmədən imza etdirilmişdir. Cinayət işinin materiallarından görünür ki, 1. Cinayət işinin ibtidai istintaqı zamanı müdafiəçinin iştirakının təmin edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının dövlət dilini şifahi bilən, lakin bu dilin latın qrafikalı əlifbası ilə yazıb-oxumağı bilməyən Təqsirləndirilən şəxs1 barəsində həyata keçirilmiş istintaq hərəkətləri zamanı mütəxəssisin iştirakı təmin edilməmiş və onun prosessual hüquqları məhdudlaşdırılmış, 2. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiə hüquqları pozulmuş və 3. Cinayət işi üzrə ittiham aktı müvafiq olaraq Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmamışdır. Məhkəmə ittiham və müdafiə tərəfinin fikrini dinləyib, cinayət işini tam, obyektiv və hərtərəfli araşdırıb, hesab edir ki, Azərbaycan Respublikasının dövlət dilini şifahi bilən, lakin bu dilin latın qrafikalı əlifbası ilə yazıb-oxumağı bilməyən Təqsirləndirilən şəxs1 barəsində keçirilmiş istintaq hərəkətləri zamanı mütəxəssisin iştirakı təmin edilmədiyi üçün onun prosessual hüquqları məhdudlaşdırılmaqla, eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət hadisəsi barədə şahid qismində ifadəsi əsasında onların özünə qarşı ittiham irəli sürülməklə (şəxsin susmaq hüququnun və öz əleyhinə ifadə verməmək hüququnun pozulması...) müdafiə hüquqları pozulmuş və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində ifadələri sübut kimi qəbul edilmədən onların ifadələri ittiham aktının tərtib edilməsində istifadə edilmişdir. Bu səbəbdən də, cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, eləcə də cinayət işinin ibtidai istintaqını aparmış Cəbrayıl Rayon Polis X4 müstəntiqi, polis kapitanı X6 barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəmə “mütəxəssisin iştirakı təmin edilmədiyi üçün təqsirləndirilən şəxsin prosessual hüquqlarının məhdudlaşdırılması və müdafiə hüququ pozulması” ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməməsinin hüquqi mövqeyinə əsasən cinayət prosesinin həyata keçirilməsində dil xüsusi vasitələrdən biridir. Cinayət mühakimə icraatının aparıldığı dili bilmək şübhəli və ya təqsirləndirilən şəxs üçün öz mövqeyini və hüquqlarını müdafiə etmək imkanı yaradır. İcraatın aparıldığı rəsmi dili kifayət qədər yaxşı bilməmək isə müdafiə tərəfi üçün müəyyən qədər çətin şərait yaradır. Bu səbəbdən də, cinayət prosesində şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şəxsə dövlət dilində tərtib olunan sənədlərin məzmununun çatdırılması mühümdür. Cinayət prosesində şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxsə rəsmi dövlət dilində tərtib olunan sənədlərin məzmununun çatdırılması məsələsinə müdafiənin həyata keçirilməsi üçün faydalı vasitələr baxımından yanaşılmalıdır. Yəni cinayət ədalət mühakiməsində şübhəli və ya təqsirləndirilən şəxsə öz müdafiəsini lazımı səviyyədə qurması üçün kifayət qədər vasitələr ayrılmalıdır. Bu vasitələrə aşağıdakıları aid etmək olar: işin materialları ilə tanış olmaq; şəxsin ona qarşı irəli sürülən ittihamı aydın başa düşmək; hər hansı prosessual tələbi irəli sürmək və s. Beləliklə, şəxsin cinayət mühakimə icraatının aparıldığı dili bilməsinə baxmayaraq, prosessual sənədlərin yazıldığı Azərbaycan dilinin latın qrafikalı əlifbasını bilməməsi səbəbindən həmin sənədlərlə bilavasitə onları oxumaqla tanış olmaq imkanından məhrum olması onun prosessual hüquqlarını məhdudlaşdırır. Latın qrafikasını bilməyən şəxslərin hüquqlarının təminatı cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxslərin hüquqlarının təminatından az olmamalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 96.1-ci maddəsinə əsasən mütəxəssis cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında elm, texnika, incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Yetkinlik yaşına çatmamış zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə şahidin dindirilməsində iştirak etmiş müəllim mütəxəssis hesab olunur. Mütəxəssis cinayət prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə bilər. Həmin Məcəllənin 96.4.5-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətləri həyata keçirən şəxsə kömək məqsədi ilə sənədlərin və əşyaların aşkar edilməsi, möhkəmləndirilməsi, götürülməsi, texniki vasitələrdən və kompüter proqramlarından istifadə edilməsi, iş materiallarının tədqiq edilməsi, ekspert qarşısında suallar qoyulması üçün öz bacarığından və biliyindən istifadə edərək, cinayət prosesini həyata keçirən şəxsə, orqana, məhkəmə iclasında iştirak edən cinayət prosesi tərəflərinə peşəsinə aid sualları və hərəkətləri izah etməlidir. “Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir...Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin təyinatı cinayət törətmiş şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən etməkdir. CPM bu prosedurları müəyyən edərək, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb etmə prosesində tarazlı (balanslı) imkanların olmasını təmin edir. Belə ki, qanunvericilikdə ittiham tərəfi ilə müdafiə tərəfi arasında nisbi tarazlaşmış imkanların hüquqi əsasları müəyyən edilmişdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət prosesinin həyata keçirilməsində dil xüsusi vasitələrdən biridir. Cinayət mühakimə icraatının aparıldığı dili bilmək şübhəli və ya təqsirləndirilən şəxs üçün öz mövqeyini və hüquqlarını müdafiə etmək imkanı yaradır. İcraatın aparıldığı rəsmi dili kifayət qədər yaxşı bilməmək isə müdafiə tərəfi üçün müəyyən qədər çətin şərait yaradır. Həmin Qərarda qeyd edilmişdir ki, cinayət prosesində şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şəxsə dövlət dilində tərtib olunan sənədlərin məzmununun çatdırılması zəruridir...Cinayət prosesində şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxsə rəsmi dövlət dilində tərtib olunan sənədlərin məzmununun çatdırılması məsələsinə müdafiənin həyata keçirilməsi üçün faydalı vasitələr baxımından yanaşılmalıdır. Cinayət ədalət mühakiməsində şübhəli və ya təqsirləndirilən şəxsə öz müdafiəsini lazımı səviyyədə qurması üçün kifayət qədər vasitələr ayrılmalıdır. Bu vasitələrə aşağıdakıları aid etmək olar: işin materialları ilə tanış olmaq; şəxsin ona qarşı irəli sürülən ittihamı aydın başa düşmək; hər hansı prosessual tələbi irəli sürmək və s. Həmin Qərarda qeyd edilmişdir ki, şəxsin cinayət mühakimə icraatının aparıldığı dili bilməsinə baxmayaraq, prosessual sənədlərin yazıldığı Azərbaycan dilinin latın qrafikalı əlifbasını bilməməsi səbəbindən həmin sənədlərlə bilavasitə onları oxumaqla tanış olmaq imkanından məhrum olması onun prosessual hüquqlarını məhdudlaşdırır. Latın qrafikasını bilməyən şəxslərin hüquqlarının təminatı cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxslərin hüquqlarının təminatından az olmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti” üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunvericilik cəmiyyətdə gedən dəyişiklikləri və ümumiyyətlə, ictimai münasibətlərin müxtəlifliyini tam axıra kimi nəzərə ala bilməz. Qanunverici bütün halları əhatə edən və daim inkişafda olan hüquq münasibətlərini tənzimləyən hüquq normalarının qəbul olunmasına çalışsa da, bəzən bu obyektiv olaraq mümkün olmur. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “b” yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mayzit Rusiyaya qarşı” iş üzrə 20 yanvar 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “c” yarımbəndində təsbit olunmuş hüququn məqsədi müdafiə tərəfini adekvat təqdim etməkdən ibarətdir. Təqsirləndirilən şəxsə təqdim edilməli olan imkan ona müdafiəsini hazırlamağa kömək edən və ya edə biləcək vasitələrlə məhdudlaşdırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il tarixli və “Popov Rusiyaya qarşı” iş üzrə 13 sentyabr 2006-cı il tarixli Qərarlarında qeyd edilmişdir ki, çəkişmə prinsipi baxımından Konvensiyanın 6-cı maddəsinin məqsədi təqsirləndirilən şəxsə qarşı tərəflə müqayisədə onu əlverişsiz vəziyyətdə qoymayan şərtlərlə öz müdafiəsini qura bilməsi üçün ağlabatan imkan verməkdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Rasmussen Polşaya qarşı” iş üzrə, “Seleznev Rusiyaya qarşı” iş üzrə, “Moiseyev Rusiyaya qarşı” iş üzrə 09 oktyabr 2008-ci il tarixli, “Matıjek Polşaya qarşı” iş üzrə 24 aprel 2007-ci il tarixli işlər üzrə Qərarlarında qeyd edilmişdir ki, müdafiə işinin asanlaşdırılması məqsədilə təqsirləndirilən şəxsin iş materiallarından müvafiq sənədlərin surətlərinin əldə etməsinə və aparılmış qeydlərdən istifadə etməsinə mane olunmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kan Avstriyaya qarşı” və “Qreqaseviç Macarıstana qarşı” işlər üzrə Qərarlarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “b” yarımbəndi təqsirləndirilən şəxsin effektiv müdafiəsinin məhkəməyə hazırlıq üçün “zəruri” olan hər şeyi əhatə edir. Təqsirləndirilən şəxs öz müdafiəsini-məhkəməyə bütün müvafiq müdafiə arqumentlərinin təqdim etmək və beləliklə, məhkəmə icraatının nəticəsinə təsir etmək imkanı ilə bağlı məhdudiyyətlə üzləşmədən, müvafiq qaydada təşkil edə bilməlidir. Bundan başqa, məhkəmə “şəxsin cinayət hadisəsi barədə şahid qismində ifadəsi əsasında onun özünə qarşı ittihamın irəli sürülməsi (şəxsin susmaq hüququ və öz əleyhinə ifadə verməmək hüququ)” ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyinə əsasən şahid dindirmədə ona məlum olan bütün hallar üzrə suallara tam və düzgün cavab vermək, eləcə də ifadələrinin düzgünlüyünü istintaq və ya digər prosessual hərəkətlərin protokolunda imzası ilə təsdiq etmək vəzifəsinə malikdir. Eləcə də Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən şahid məhkəmədə və ya ibtidai istintaqda yalan ifadə verməyə və (və ya) ifadə verməkdən imtina etməyə görə cinayət məsuliyyəti daşıyır. Belə olduğu təqdirdə, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 15 iyul 2024-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297-298-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət izah edilərək, bu barədə onlardan iltizam alınmaqla, baş vermiş hadisə barədə ifadələri alınmışdır. 02 avqust 2024-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən sübutlar qiymətləndirilməsi həyata keçirilmiş və həmin şəxslərin 15 iyul 2024-cü il tarixli şahid qismində ifadələri sübut kimi qiymətləndirilməklə, daha sonra həm də onların ifadələri əsasında onların özünə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq olaraq 263.1 və 263-1.1-ci maddələri ilə ittiham elan edilmişdir. (03 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan olunmuşdur...) Belə ki, “Sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından inzibati materialın ayrılması haqqında” 02 avqust 2024-cü il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsində həm də iş üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində bildirdiyi hallar...öz əksini tapmış, eləcə də şahid ifadələri və işdə olan digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. Bundan başqa, həmin qərarın nəticə hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyi üçün toplanmış sübutları kifayət hesab olunsun. Həmin qərarın nəticə hissəsinin 2-ci bəndində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilsin, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilsin və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Həmin qərarın nəticə hissəsinin 3-cü bəndində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilsin, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilsin və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Hətta bu zaman (şahid qismində dindirilərkən) həmin şəxslər müdafiəçinin iştirakı olmadan şahid qismində dindirilməklə, cinayət işinin ibtidai istintaqı zamanı araşdırılan məsələ üzrə gələcəkdə özlərinin müdafiəsi üçün əsaslı arqument irəli sürmək hüququndan məhrum edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalan ifadə verməyə və (və ya) ifadə verməkdən imtina etməyə görə cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq edildikdən sonra şahid qismində dindirilməsi, sonradan isə həm də bu ifadələrin onlara elan edilmiş ittihamın əsasını təşkil etməsi bir daha dəlalət edir ki, istintaq orqanı tərəfindən onların prosessual hüquqlarının kobul pozulmasına yol verilmişdir. Məhz bu hal Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 6-cı maddəsinin, yəni “ədalətli məhkəmə araşdırması hüququ”nun pozuntusu hesab edilir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə əsasən “ədalətlilik” anlayışı cinayət işlərində aşağıdakı üç problemli sahədə əlavə tədbirləri nəzərdə tutur. a) Provokasiyadan müdafiə; b) Susmaq hüququ və əleyhinə ifadə verməmək hüququ; c) Ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsindən kobudcasına imtina edilən ölkəyə deportasiya və ya ekstradisiya olunma... “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş susmaq və öz əleyhinə ifadə verməmək hüququ ittiham tərəfinin təqsirləndirilən şəxsin öz əleyhinə ifadə verməmək hüququna əhəmiyyət vermədən ondan ifadə almasının qarşısını alır. Susmaq hüququ təkcə hüquq pozuntusunu birbaşa etiraf etmək məsələsi ilə məhdudlaşmır, həm də sonradan cinayət prosesində ittiham tərəfinin işinə yarayacaq hər hansı ifadəni verməmək hüququnu nəzərdə tutur. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda ifadə verməməyi qərara almış təqsirləndirilən şəxsin bu istəyinə məhəl qoyulmasının üç əsas növü göstərilmişdir. 1) təqsirləndirilən şəxsin üzərinə qanun əsasında və sanksiya tətbiqi təhlükəsi altında ifadə vermək vəzifəsinin qoyulması, o cümlədən sübutemə vəzifəsində növbəliliyin dəyişdirilməsi, yəni ittiham tərəfi ərizəçinin təqsirkar olduğunu sübut etməyə borclu olduğu halda, ərizəçinin üzərinə təqsirsiz olduğunu sübut etmək vəzifəsinin qoyulması; 2) fiziki və ya psixoloji məcburiyyətin tətbiqi; 3) gizli təhqiqat texnologiyasından istifadə etməklə, aldatma yolu ilə ifadə verməyə məcbur etmə. Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə əsasən Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndində təsbit edilmiş “müdafiə hüquqları” ilə bağlı aşağıdakı hallar əsas məsələlər hesab edilir. a) Cinayət prosesində minimal müdafiə hüquqlarının təmin edilməli; b) Müdafiə hüquqları çox vaxt Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququ ilə birgə araşdırılmalı; c) Müdafiə hüquqlarından hər hansı birinin pozulduğunu sübut etmək üçün ərizəçilər onların müdafiə hüquqlarına tətbiq edilən məhdudiyyətin bötüvlükdə məhkəmə araşdırmasının (apellyasiya və kassasiya mərhələləri də daxil olmaqla) ədalətliliyi üçün sonradan düzəldilməsi mümkün olmayan mənfi nəticələr doğurduğunu sübut etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 95.4-cü maddəsinə əsasən şahid bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir: 95.4.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək üçün gəlmək və dindirmədə ona məlum olan bütün hallar üzrə suallara tam və düzgün cavab vermək; 95.4.2. ifadələrinin düzgünlüyünü istintaq və ya digər prosessual hərəkətlərin protokolunda imzası ilə təsdiq etmək; Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı zamanı şahidi cinayət prosesini həyata keçirən orqana müşayiət etmək üçün onun tərəfindən nümayəndə qismində dəvət edilmiş və bu hərəkətlərin aparılmasının başlanğıcında gəlmiş nümayəndə (vəkil və ya digər şəxs) səlahiyyətini təsdiq edən müvafiq sənədləri təqdim etdikdən sonra aşağıdakı hüquqlara malikdir: 105.1.1. təmsil etdiyi şəxsin hansı cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə çağırıldığını bilmək; 105.1.2. təmsil etdiyi şəxsin iştirakı ilə keçirilən istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək; 105.1.3. təmsil etdiyi şəxsin razılığı ilə onun dindirilməsində iştirak edən tərcüməçiyə etiraz etmək; 105.1.4. xahişlər etmək; 105.1.5. təmsil etdiyi şəxsə hüquqi məsələlər üzrə izahat vermək. Həmin Məcəllənin 105.2-ci maddəsinə əsasən şahidin nümayəndəsi bu Məcəllənin 102.9cu maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297.1-ci maddəsinə əsasən məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etməmin manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 298-ci maddəsinə əsasən şahidin və ya zərərçəkmiş şəxsin ifadə verməkdən imtina etməsi-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Ekle Almaniyaya qarşı” iş üzrə 22 iyul 1982cı il tarixli, “Foti İtaliyaya qarşı” iş üzrə 10 dekabr 1982-ci il tarixli və “X2rşı” iş üzrə 18 fevral 2010-cu il tarixli Qərarlarında qeyd edilmişdir ki, “cinayət ittihamı” ilə əlaqədar işlərdə hər hansı şəxsin şübhəli şəxs elan edilməsi rəsmən ona bildirildikdən sonra, yaxud şəxsə rəsmən “ittiham” edilməsə də mahiyyət etibarı ilə ittiham xarakterli praktiki tədbirlər, məsələn, axtarış tədbirləri həyata keçirildikdə Konvensiyanın 6-cı maddəsinin təmin etdiyi müdafiə işə düşür. Şəxs polis tərəfindən dindirilirsə və bu dindirmənin xarakteri həmin şəxsin potensial olaraq şübhəli şəxs sayıla biləcəyinə əsas verirsə və onun dindirmədəki cavabları sonradan məhkəmə araşdırmasında ona qarşı dəlil kimi istifadə edilirsə, şəxs rəsmən şübhəli və ya təqsirləndirilən şəxs statusuna malik olmasa belə, Konvensiyanın 6cı maddəsinin müddəaları bu dindirməyə şamil olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Vera Fernandes-Huidobro İspaniyaya qarşı” iş üzrə 06 yanvar 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, polis və ya prokurorluq orqanları “qərəzsizlik”, “müstəqillik” və ya “qanun əsasında yaradılma” tələbinə cavab verməli vacib deyil. Lakin istintaq funksiyalarının və ya məhkəməyəqədər araşdırmanın hakim tərəfindən həyata keçirilməsini nəzərdə tutan cinayət ədliyyə sistemlərində qərəzsizlik tələbi istintaq orqanına da şamil oluna bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “H. Belçikaya qarşı” iş üzrə 30 noyabr 1987ci il tarixli Qərarında qeyd edilmişdir ki, “tərəflərin bərabərliyi” prinsipinin minimum tələblərinin tam anlayışı verilməsə də, işin xarakterinə və araşdırılan məsələnin tərəflər üçün nə dərəcədə əhəmiyyətli olmasına uyğun olaraq adekvat prosessual təminatlar möcvud olmalıdır. Bu təminatlar sırasına aşağıdakılar aid edilə bilər. a) sübutları təqdim etmək; b) qarşı tərəfin sübutlarına etiraz etmək; c) araşdırılan məsələyə dair arqument irəli sürmək. Avropa İnsan Hüquqları Məhkəməsinin “Yaremenko Ukraynaya qarşı” iş üzrə 12 iyun 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, vəkillə təmsil olunmayan şəxsdən etirafın alındığı bu işdə polis müstəntiqi təqsirləndirilən şəxsin məcburi qaydada hüquqi yardımla təmin edilməsindən yayınmaq üçün onun cinayət əməlinin anlayışı ilə manipulyasiya etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Şabelnikin Ukraynaya qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, vəkillə təmsil olunmayan şəxs hətta dindirmə zamanı şübhəli şəxs statusuna malik olmasa belə, məsələn, dindirilməyə şahid kimi çağırılsa belə, etiraf almaq məqsədi ilə ona təzyiq göstərilməməlidir... Vəkilin iştirakı olmadan şahiddən etirafın alınması və sonradan həmin etiraf əsasında ittiham hökmünün çıxarılması araşdırmadakı müdaxilə metodları konteksində şəxsin öz əleyhinə ifadə verməmək hüququnun pozuntusu hesab edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Bruskonun Fransaya qarşı” iş üzrə 14 oktyabr 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin şahid qismində və ya şübhəli şəxs qismində dindirilməsi heç də bütün hallarda aydın olmur, bunlardan sonuncusu susmaq hüququna malik olduğu halda birincisi belə hüquqa malik deyil. Belə işləri təhlil edərkən məhkəmə dindirilən şəxsi potensial şübhəli şəxs hesab etmək üçün əsaslar olubolmadığını müəyyənləşdirmək məqsədi ilə təkcə onun formal statusuna deyil, həm də dindirmənin faktoloji hallarını nəzərə alır, belə ki, həmin şəxs potensial şübhəli şəxsdirsə, susmaq hüququna hörmət edilməsini tələb edə bilər... Polis təcridxanasında saxlanılan şahidin and içməklə verdiyi ifadə əsasında ittiham hökmü çıxarılmaqla həmin şəxsin hüquqi yardımla təmin edilməsi və susmaq barədə lazımi qaydada məlumatlandırılmaması araşdırmadakı müdaxilə metodları konteksində şəxsin öz əleyhinə ifadə verməmək hüququnun pozuntusu hesab edilmişdir. Bundan başqa, məhkəmə “cinayət işi üzrə ittiham aktının müvafiq olaraq bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması” ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən ifadəsi cinayət prosesində sübut kimi qəbul olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Ümumilikdə isə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Lakin cinayət işinin ibtidai istintaqı zamanı istintaq orqanı tərəfindən, ümumiyyətlə təqsirləndirilən şəxslərin ifadələri mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməmiş, eləcə də tam, hərtərəfli və obyektiv yoxlanılmamış, təhlil olunmamış və cinayət təqibi üzrə toplanmış digər sübutlarla birlikdə bir-biri ilə müqayisə edilməmişdir. Beləliklə, hazırki cinayət işinin ibtidai istintaqı zamanı cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna deyil, yalnız bir hissəsinə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilmişdir. Halbuki, Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Belə olduğu təqdirdə, istintaq orqanı tərəfindən ittiham aktı həm də sübut kimi qəbul edilməyən (yəni mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməyən, tam, hərtərəfli və obyektiv yoxlanılmayan, təhlil olunmayan və cinayət təqibi üzrə toplanmış digər sübutlarla birlikdə bir-biri ilə müqayisə edilməyən...) təqsirləndirilən şəxslərin ifadələrindən istifadə edilməklə tərtib edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2.1-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri sübut kimi qəbul olunur Həmin Məcəllənin 125.2.4-cü maddəsinə əsasən cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə,əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi aşağıdakılara nail olunmasına kömək edir: 146.2.1. ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına; 146.2.2. cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə; 146.2.3. cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə. Həmin Məcəllənin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) yol verildikdə, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmadıqda, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 289.3.2-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar göstərilir: Həmin Məcəllənin 300.2-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarları çıxarmaqla yanaşı məhkəmə aşağıdakı hərəkətləri yerinə yetirməlidir: 300.2.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı barədə məsələyə baxmaq; 300.2.2. qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmaq; 300.2.3. qətimkan tədbiri məsələsinə dair qərar çıxarmaq. Həmin Məcəllənin 300.3-cü maddəsinə əsasən Bu Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə həmçinin məhkəməyədək icraat zamanı bu Məcəllənin 303.3-cü maddəsində göstərilən kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə şərh olunanlara, eləcə də yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs2 müdafiə hüquqları pozulduğu və cinayət işi üzrə ittiham aktı müvafiq olaraq Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmadığı üçün cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 299, 300, 303.3.1, 303.3.6 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Cəbrayıl rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(072)-8/2024
Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №1(072)-8/2024
12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver