Məhkəmə qərarları › İş №1(072)-9/2025

Cəbrayıl Rayon Məhkəməsi Hökm — İş №1(072)-9/2025

13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(072)-9/2025 13.01.2026 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 18:55 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Xüsusi ittihamçı: X8, Təqsirləndirilən şəxs X10 müdafiəçisi: Müdafiəçi vəkili X6, Təqsirləndirilən şəxs: X10 iştirakı ilə, 22 sentyabr 2002-ci ildə Sabirabad rayonu, Qalaqayın kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Qalacıq kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan X10... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair X8 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X16 yalan olduğunu bilə-bilə X8 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yaymaqla böhtan atmış, eləcə də internet informasiya ehtiyatında şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs X16 özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. 2021- 2022-ci illər ərzində X7 Bakı şəhəri, Nizami rayonu ərazisində işlətdiyi “Çay Sarayı” kafesində “ofisiant” vəzifəsində işləmiş və həmin dövrdə Bakı şəhərində yaşamışdır. Xüsusi ittihamçı X13 da həmin kafenin qarşısında yerləşən “Avand” kafeni işlətmiş və həmin dövrdən etibarən onu tanıyır. İşlədiyi “Çay Sarayı” kafesinin sahibi, “keçmiş müdiri” Fariz ilə Şöhrətin arasında avtomobil alğı-satqısı münasibətlərində müəyyən narazılıqlar yaranmış, hətta mülki mübahisəyə məhkəmədə baxılmış və o, mülki iş üzrə məhkəmədə şahid qismində dindirilmişdir. Eyni zamanda, bildirir ki, xüsusi ittihamçı X8 şikayətində ona qarşı irəli sürdüyü ittiham tam əsassızdır və həqiqətə uyğun deyildir. O, xüsusi ittihamçı X11 təhqir etməmiş və ona böhtan atmamışdır. Eyni zamanda, bildirir ki, o, bir neçə il əvvəl mobil telefonunda olan “gmail” vasitəsilə “tik-tok” sosial şəbəkəsində “qismet.xelilov014” adlı profil açmışdır. Bir müddət “qismet.xelilov014” adlı profildən istifadə etsə də, lakin istifadəsində olan mobil telefon sınaraq yararsız vəziyyətə düşdüyü üçün “qismet.xelilov014” adlı profildən istifadə edə bilməmişdir. Eyni zamanda, bildirir ki, o, “tik-tok” sosial şəbəkəsində “qismet.xelilov014” adlı profil açmamış və X8 barəsində təhqiredici paylaşımlar etməmişdir. Bundan başqa, bildirir ki, həm Bakı Şəhəri Nizami Rayon Prokurorluğunda, həm də Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində araşdırma zamanı müstəntiq və təhqiqatçı tərəfindən ona təzyiq edildiyi üçün qorxusundan izahatında X13 onun “keçmiş müdiri” X9 şərlədiyinə görə əsəbələşərək, “tiktok” sosial şəbəkəsində özünəməxsus “qismet.xelilov014” adlı profildə X5 barəsində təhqiredici paylaşımlar etdiyini bildirmişdir. Ümumiyyətlə, o, xüsusi ittihamçı X8 şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yaymamış, eləcə də onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmamışdır. Beləliklə, özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə təqsirli bilmir, hesab edir ki, ona qarşı irəli sürülmüş ittiham şər və böhtandır. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən ədalətli qərar, yəni bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı xüsusi ittihamçı X13 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Rəsullu kəndində yaşayır və Bakı şəhəri, Nizami rayonu ərazisində yeləşən “Avand” kafesini işlədir. Təqsirləndirilən şəxs X16 2021-2022-ci illər ərzində həmin kafenin qarşısında yerləşən “Çay Sarayı” kafesində “ofisiant” vəzifəsində işləmiş və həmin dövrdən etibarən onu tanıyır. “Çay Sarayı” kafesinin sahibi Fariz ilə onun arasında avtomobil alğı-satqısı münasibətlərində müəyyən narazılıqlar yaranmış, hətta mülki mübahisəyə məhkəmədə baxılmış və X16 mülki iş üzrə məhkəmədə şahid qismində dindirilmişdir. Xüsusi ittihamla bağlı bildirir ki, X16 “tik-tok” sosial şəbəkəsində özünəməxsus “qismet.xelilov014” adlı profildə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yaymaqla böhtan atmış, eləcə də şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Belə ki, təqsirləndirilən şəxs X16 “tik-tok” sosial şəbəkəsində özünəməxsus “qismet.xelilov014” adlı profildə onun foto şəkillərini yerləşdirərək, üzərində “Müdürüm Fariz müəllimi şərləyərək həbs elətdirib və obyektini əlindən almaq istəyən şəxslər və s. məzmunlu” ifadələr yazmaqla, ona böhtan atmışdır. Bundan başqa, təqsirləndirilən şəxs X16 “tik-tok” sosial şəbəkəsində özünəməxsus “qismet.xelilov014” adlı profildə “peysər” və ana söyüşü olan ifadələr”, onun foto şəklinin üzərində “mənə nə qədər arvadı qızı adamamki 21700 duk maşına görə 68000 borca girmişəm. Farizi tutdurmağın səbəbi odur ki, onu arvadımla tutmuşam və s. məzmunlu” ifadələr yazmaqla, onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Təqsirləndirilən şəxs X16 tərəfindən internet informasiya ehtiyatında onun barəsində yayılmış təhqiredici məlumatları ailə üzvləri, qohumları, dost-tanışı görüb-eşitmiş və bununla bağlı ona zəng vurub, narahatlıqlarını bildirmişlər. Eyni zamanda, bildirir ki, həm Bakı Şəhəri Nizami Rayon Prokurorluğunda, həm də Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində araşdırma zamanı təqsirləndirilən şəxs X16 izahatında X13 onun “keçmiş müdiri” X9 şərlədiyinə görə əsəbələşərək, “tik-tok” sosial şəbəkəsində “qismet.xelilov014” adlı profildə X5 barəsində təhqiredici paylaşımlar etdiyini etiraf etmişdir. Hesab edir ki, təqsirləndirilən şəxs X16 tərəfindən internet informasiya ehtiyatında onun barəsində yayılmış şərəf və ləyaqətini ləkələyən fikirlər əxlaqi prinsiplərə ziddir, cəmiyyət və ayrı-ayrı şəxslər arasında onun barəsində mənfi rəy yaradılmasına yönəldilmişdir. Bütün bunları nəzərə alaraq, təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, qəti olaraq 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə məhkəmə tərəfindən hökm qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətin materialında olan Nizami Rayon Prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 mart 2025-ci i tarixli qərarından görünür ki, X16 izahatında “tik-tok” sosial şəbəkəsində özünəməxsus “qismet.xelilov014” adlı profildə X8 barəsində şərəf və ləyaqətini nalayiq formada alçaldan, təhqiredici xarakterli paylaşımlar etdiyini etiraf etmişdir. Xüsusi ittiham qaydasında şikayətin materialında olan Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 iyul 2025ci i tarixli qərarından görünür ki, X16 izahatında “tik-tok” sosial şəbəkəsində özünəməxsus “qismet.xelilov014” adlı profildə X8 foto şəklini yerləşdirməklə, onun barəsində şərəf və ləyaqətini nalayiq formada alçaldan, təhqiredici xarakterli paylaşımlar etdiyini etiraf etmişdir. Xüsusi ittiham qardasında şikayətin materialında olan “CD” diskə baxış keçirilmiş və “CD” diskin yaddaş görüntüsündən görünür ki, X16 “tik-tok” sosial şəbəkəsində özünəməxsus “qismet.xelilov014” adlı profildə X8 foto şəklini yerləşdirməklə, üzərində “Müdürüm Fariz müəllimi şərləyərək həbs elətdirib və obyektini əlindən almaq istəyən şəxslər və s. məzmunlu” ifadələr yazmışdır. Xüsusi ittiham qardasında şikayətin materialında olan “CD” diskə baxış keçirilmiş və “CD” diskin yaddaş görüntüsündən görünür ki, X16 “tik-tok” sosial şəbəkəsində özünəməxsus “qismet.xelilov014” adlı profildə X8 foto şəklini yerləşdirməklə “peysər” və ana söyüşü olan ifadələr”, eləcə də “mənə nə qədər arvadı qızı adamamki 21700 duk maşına görə 68000 borca girmişəm. Farizi tutdurmağın səbəbi odur ki, onu arvadımla tutmuşam və s. məzmunlu” ifadələr yazmışdır. Məhkəmə ilk növbədə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə ittiham ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə xüsusi ittihamçı X8, təqsirləndirilən şəxs X10 məhkəmədə verdiyi ifadəsini iş materialları ilə müqayisəli şəkildə təhlil edərək, eləcə də toplanmış materialların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X10 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətləri yoxdur. Belə ki, təqsirləndirilən şəxs X4 Şöhrət Şəmil oğlunun davranışı barədə fikir bildirmişdir. Lakin ona böhtan atmamışdır. Bu səbəbdən də, toplanmış sübutların məcmusu təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsinə dair təqsirliliyini təsdiq etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Aparılmış məhkəmə istintaqının nəticələrinə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X12 qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını xüsusi ittihamçı X2 mülahizələri təşkil etmişdir. Bu səbəbdən də, X10 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin tərkibi olmadığı üçün ona bəraət verilməlidir. Məhkəmə ilk əvvəl onu da qeyd edir ki, şəxs barəsində yayılmış məlumatlarda tənqidə yol verilir, lakin təhqir qəbul edilməzdir. Bununla yanaşı, cəmiyyətdə müəyyən nüfuza malik şəxslər onların barəsində yayılmış məlumatlara müəyyən dözümlülük nümayiş etdirməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinin İ-İİ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır... Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinə əsasən məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin mövqelərinin qorunması ilə bağlı prosessual təminatların mövcudluğu baxımından işin mahiyyəti üzrə prosessual hüquq bərabərliyinin təmin olunması yolu ilə ittiham və müdafiə tərəfinin hər birinin bütün dəlillərinin məhkəmə prosesində baxılıb qiymətləndirilməsi təqsirsizlik prezumpsiyası prinsipinin təmin edilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir. Həmin Qərarda qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmünün əsaslılığının digər şərti məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsi, yəni həmin sübutların CPM-nin 146-cı maddəsinin tələbinə cavab verməsidir. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 saylı, 21 fevral 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 vəLingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Həmin Qərarda qeyd edilmişdir ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur. Həmin Qərarda qeyd edilmişdir ki, hər bir şübhə obyektiv olaraq şübhə edilən şəxslə güman edilən cinayət hadisəsi arasında əlaqə fakt və məlumatlarla təsdiq olunduqda əsaslı hesab oluna bilər. Əsaslı şübhə yalnız şəxsin əvvəllər hər hansı hüquq pozuntusu törətməsinə əsaslana bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “b” yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasnın 10-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Vanhamoe Almaniyaya qarşı” iş üzrə Qərarında qeyd edilmişdir ki, məlumatarın “təhqir” və ya “tənqid” məqsədilə yayılması əhəmiyyət kəsb edir. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə şəxs barəsində yayılmış məlumatlarda tənqidə yol verilir, lakin təhqir qəbul edilməzdir. Belə ki, yayılmış məlumatlar təhqiredici məqsəd daşımamalıdır. Bununla yanaşı, cəmiyyətdə müəyyən nüfuza malik şəxslər onların barəsində yayılmış məlumatlara müəyyən dözümlülük nümayiş etdirməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Foks, Kempbell və Hartli “Birləşmiş Krallığa” qarşı” və “Çebotari Moldovaya qarşı” işlər üzrə Qərarlarında qeyd edilmişdir ki, şübhənin ağlabatan əsaslar üzərində qurulması tələbi qanunsuz həbs və tutulmadan müdafiənin mühüm hissəsini təşkil edir. Şübhənin vicdanlı əsasda olması faktı kifayət deyil. “Əsaslı şübhə” ifadəsi bəhs olunan şəxsin cinayət əməlini törədə bilmiş olduğuna obyektiv müşahidəçini qane edəcək faktların və ya məlumatların mövcudluğudur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə 03 dekabr 1997-ci il tarixli Komissiyanın Qərarında qeyd edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o halda pozulmuş olur ki, məhkəmələr tərəfindən prosessual qaydalar pozulmuş olsun. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mayzit Rusiyaya qarşı” iş üzrə 20 yanvar 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “c” yarımbəndində təsbit olunmuş hüququn məqsədi müdafiə tərəfini adekvat təqdim etməkdən ibarətdir. Təqsirləndirilən şəxsə təqdim edilməli olan imkan ona müdafiəsini hazırlamağa kömək edən və ya edə biləcək vasitələrlə məhdudlaşdırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərlərinin” işi üzrə 21 yanvar 2007-ci il tarixli və “Hiro Balani İspaniyaya qarşı iş” üzrə 9 dekabr 1994-cü il tarixli Qərarlarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsi tələb edir ki, dövlətdaxili məhkəmələr həm mülki, həm də cinayət işlərində çıxardıqları qərarları əsaslandırsınlar. Məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş arqument işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq, əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Vera Fernandez-Huidobro İspaniyaya qarşı” iş üzrə 06 yanvar 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, qərəzsizlik tələbi “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə hətta istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasınavə qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda, bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bununla yanaşı, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, təqsirləndirilən şəxs X10 törətdiyi cinayət əməli xüsusi ittihamçı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X16 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X16 cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 46-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 saylı, 21 fevral 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin Qərarda qeyd edilmişdir ki, kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Məhkəmə “təqsirləndirilən şəxs X10 məhkəmə istintaqı zamanı özünün təqsirli bilməməsinə dair verdiyi ifadəsinə” hüquqi qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi inandırıcı deyildir. Belə ki, təqsirləndirilən şəxs X10 ziddiyyətli ifadəsi həm məhkəmə iclasında xüsusi ittihamçının ifadəsi, həm də işin faktiki halları və xüsusi ittiham qaydasında şikayətin materialında olan mötəbər sübutlar ilə təkzib olunduğu üçün onun ifadəsinə tənqidi yanaşılmalı və ifadəsi özünü müdafiə edilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təqsirləndirilən şəxs X10 törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X10 ilk dəfə cinayət əməli törətməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X12 cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, onun şəxsiyyətini, xüsusilə cəmiyyətdə milli dəyərlərin tam şəkildə bərqərar edilməsinə, vətəndaşın qürurunun qorumasına xidmət edən, insanları daxili zənginliyə və mənəvi saflığa səsləyən ailə dəyərlərini təhdid etməsini, eləcə də son zamanlar belə qəbildən olan cinayətlərin sayının artmasını, yəni internet informasiya ehtiyatlarında vətəndaşların özlərinin, ailə üzvlərinin, yaxın qohumlarının şərəf və ləyaqətini ləkələyən, ailə dəyərlərinə zərbə vuran məlumatların yayılmasını, cəmiyyətdən təcrid olunmadan islah oluna bilməyəcəyini, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilərsə, cəmiyyətdə mənfi emosiyalar doğuracağını və yenidən cinayət törətməklə, cəmiyyət üçün təhlükə yaradacağını nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın təyin edilməsini, barəsində “həbs” qətimkan tədbirinin seçilməsini və cəzaçəkmə müddətinin başlanğıcının təqsirləndirilən şəxsin “zaldan həbs edildiyi tarixdən, yəni 13 yanvar 2026-cı il tarixdən” hesablanmasını məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamışdır. Bir sıra toplumlardan fərqli olaraq, Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını daha tam və dolğun şəkildə qoruyub saxlamaqdadır. Müstəqil Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Azərbaycan Respublikasının dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün kompleks tədbirlər görülür. Xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır. Cəmiyyətin və dövlətin formalaşması və inkişafında ailə mühüm vasitədir. Fiziki və mənəvi baxımdan sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür. Cəmiyyətdəki dəyərlər və normalar ailədə formalaşır və yayılır. Ailə üzvlərinin cəmiyyətə aktiv iştirakı həm fərdi, həm də ümumi rifaha müsbət təsir edir. Valideynlərin nümunəsi uşaqlarda vətəndaşlıq məsuliyyətini inkişaf etdirir. Ailə və cəmiyyət arasında qarşılıqlı təsir davamlı inkişaf üçün vacibdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 saylı, 21 fevral 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, təhqir və böhtanla bağlı işlər üzrə təqsirləndirilən şəxslər barəsində cəza tədbiri seçərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, ifadə azadlığının demokratik cəmiyyətin təməl sütunlarından biri olmasını və bununla bağlı Avropa Məhkəməsinin presedent hüququnu nəzərə alsınlar. Məhkəmə qeyd edir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Bundan başqa, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər və cəmiyyətdə mənfi emosiyalar doğura bilər. Məhkəmə hesab edir ki, təyin olunmuş cəza və onun həddi həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə xüsusi ittiham qardasında şikayətin materialında olan maddi sübutlar (xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş 4 (dörd) ədəd “CD” disk) ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qardasında şikayətin materialında olan bu sübutlar cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən sənəd cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352, 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməldə cinayət tərkibi olmadığı üçün ona bəraət verilsin. X12 oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 yanvar 2026-cı il tarixdən hesablansın. X10 barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş 4 (dörd) ədəd “CD” disk cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar