Məhkəmə qərarları › İş №1(073)-1/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-1/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-1/2024 29.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1969-cu ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, bu iş üzrə 03 noyabr 2022-ci il tarixdən həbsdə və ev dustaqlığında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 03 noyabr 2022-ci il tarixdə saat 05 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhəri, H.Aslanov küçəsində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 01 ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,820 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əynindəki şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək, verdiyi ifadəsində göstərdi ki, 03 noyabr 2022-ci il tarixdə saat 05 radələrində yaşadığı evdə olan zaman əvvəllər də tanıdığı Baş Narkotiklərlə Mübarizə X4 Regional şöbəsinin əməkdaşları onun yaşadığı evə daxil olaraq, onu heç bir əsas göstərmədən Baş Narkotiklərlə Mübarizə X4 Regional şöbəsinə, yəni Lənkəran rayonuna aparmışlar. Həmin şöbədə ona təzyiq göstərərək, qarşısına bir bükümdə narkotik vasitə qoyaraq həmin narkotik vasitənin ona məxsus olmasını boynuna almasını demişlər. O da məcbur qalaraq, onlarla razılaşmışdır. Bundan sonra onu Cəlilabad rayon Polis Şöbəsinə gətirmişlər. Həmin gün səhərə yaxın Cəlilabad rayon Polis Şöbəsində otaqlardan birində Baş Narkotiklərlə Mübarizə X4 Regional şöbəsinin təhqiqatçısının və həmin təhqiqatçı ilə birlikdə gəlmiş müdafiəçinin (vəkil) iştirakı ilə onun üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Videoçəkiliş zamanı məcbur qaldığından ondan aşkar olunmuş həmin narkotik vasitənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həqiqətdə isə ondan aşkar olunmuş narkotik vasitə tiryək ona məxsus olmamışdır. Özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilmir. O heç bir cinayət törətməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə X4 Regional şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 03 noyabr 2022-ci il tarixdə Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanması, müvafiq qaydada onun üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” tərəfindən qərar qəbul edilmişdir. Həmin gün şöbə rəhbərliyinin əmri əsasında onun rəhbərliyi ilə əməliyyat-təhqiqat qrupu yaradılmışdır. Daxil olan əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs əməliyyat nəzarətinə götürülmüşdür. 03 noyabr 2022-ci il tarixdə saat 05 radələrində Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, H.Aslanov küçəsində olduğunu görüb ona yaxınlaşaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs şifahi olaraq üzərində narkotik vasitə və ya qanunla qadağan olunan hər hansı bir maddə, predmet olubolmamasını soruşan zaman o, davranışları ilə daha da şübhə yaratmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu ən yaxın olan Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. Şöbəyə daxil olduqdan sonra birlikdə təhqiqatçı tərəfindən şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Lənkəran rayon vəkillər bürosunun vəkili X3 dəvət olunduqdan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara bildirmişdir. Bundan sonra, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs də bu təklifdən sonra əynində olan şalvarın sağ yan cibində olan bir ədəd sellofan bükülünü çıxararaq təhvil vermişdir. Təhqiqatçı həmin bükülüdə aşkar olunan maddənin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda bükümdə narkotik vasitə tiryək olduğunu, həmin maddəni Cəlilabad şəhəri ərazisində “Şəhidlər Xiyabanı” deyilən yerdə tanımadığı şəxsdən şəxsi istifadə etmək üçün aldığını və üzərində saxladığını bildirmişdir. Daha sonra onun üzərinə axtarış davam etdirilmişdir. Lakin üzərindən qanunla qadağan olunan hər hansı əşya, maddə predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd sellofan bükülü açıldıqdan sonra baxış keçirilən zaman narkotik vasitə tiryəkə bənzər maddə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə şəffaf sellofanda elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 07 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə X4 Regional şöbəsinin polis nəfəri Şahid3 və Şahid4 Şahid1 ifadəsinə uyğun ifadələr vermişdirlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 veridyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbənin təhqiqatçısı vəzifəsində işləyir. 03 noyabr 2022-ci il tarixdə səhər saatlarında Baş Narkotiklərlə Mübarizə X4 Regional şöbəsinin əməkdaşları tərəfindən bir nəfər şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılması barədə ona məlumat verilmiş və o Cəlilabad rayon Polis Şöbəsinə dəvət edilmişdir. Cəlilibad rayon Vəkil Bürosunun vəkilləri ilə əlaqə saxlamağa çalışsa da səhər tezdən olduğundan əlaqə saxlaya bilməmişdir. Bu səbəbdən də şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Lənkəran rayon Vəkil Bürosunun vəkili X3 təqdim edilmiş və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon Polis Şöbəsinin otaqlarından birində videoçəkilişlə şəxsi axtarış və baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs 01 ədəd sellofan bükümdə narkotik vasitə tiryəkə bənzər maddə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunmuş həmin maddənin tiryək olduğunu, özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra isə həmin maddə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs saxlanıldığı və sonrakı müddətdə ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmadığını bildirmişdir. Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanması, müvafiq qaydada onun üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” tərəfindən qərar qəbul edilmişdir. Həmin gün şöbə rəhbərliyinin əmri əsasında onun rəhbərliyi ilə əməliyyat-təhqiqat qrupu yaradılmışdır. Daxil olan əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs əməliyyat nəzarətinə götürülmüşdür. 03 noyabr 2022-ci il tarixdə saat 05 radələrində Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, H.Aslanov küçəsində olduğunu görüb ona yaxınlaşaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs şifahi olaraq üzərində narkotik vasitə və ya qanunla qadağan olunan hər hansı bir maddə, predmet olub-olmamasını soruşan zaman o, davranışları ilə daha da şübhə yaratmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu ən yaxın olan Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. Şöbəyə daxil olduqdan sonra birlikdə təhqiqatçı tərəfindən şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Lənkəran rayon vəkillər bürosunun vəkili X3 dəvət olunduqdan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara bildirmişdir. Bundan sonra, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs də bu təklifdən sonra əynində olan şalvarın sağ yan cibində olan bir ədəd sellofan bükülünü çıxararaq təhvil vermişdir. Təhqiqatçı həmin bükülüdə aşkar olunan maddənin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda bükümdə narkotik vasitə tiryək olduğunu, həmin maddəni Cəlilabad şəhəri ərazisində “Şəhidlər Xiyabanı” deyilən yerdə tanımadığı şəxsdən şəxsi istifadə etmək üçün aldığını və üzərində saxladığını bildirmişdir. Daha sonra onun üzərinə axtarış davam etdirilmişdir. Lakin üzərindən qanunla qadağan olunan hər hansı əşya, maddə predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd sellofan bükülü açıldıqdan sonra baxış keçirilən zaman narkotik vasitə tiryəkə bənzər maddə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə şəffaf sellofanda elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 07 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini təklif edilmiş, Təqsirləndirilən şəxs də bu təklifdən sonra əynində olan şalvarın sağ yan cibində olan bir ədəd sellofan bükülünü çıxararaq təhvil vermişdir. Təhqiqatçı həmin bükülüdə aşkar olunan maddənin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda bükümdə narkotik vasitə tiryək olduğunu, həmin maddəni Cəlilabad şəhəri ərazisində “Şəhidlər Xiyabanı” deyilən yerdə tanımadığı şəxsdən şəxsi istifadə etmək üçün aldığını və üzərində saxladığını bildirmişdir. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 noyabr 2022-ci il tarixli 19/1143 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə tiryəkə bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözləri və imzalar olan zərfi açdıqda, 1 ədəd bükümdə təmiz çəkisi 0,820 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədqiqata 0,05 qram sərf olunmuş, 0,770 qram qalıq qalmışdır. İşdə olan məhkəmə narkoloji ekspertizasının 03 noyabr 2022-ci il tarixli 1144 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində 2020-ci ildən “Opium narkomanlığı” diqnozu ilə qeydiyyatda durur. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsini özünümüdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəlilabad rayon Mərkəzi xəstəxanası X9 daxil olan 22 noyabr 2022-ci il tarixli, PHŞ/6-32-2-2022-672 saylı məktuba əsasən Nəbiyev X6 RMX-nın polikinika şöbəsinin psixoloji kabinetində xəstə kimi qeydiyyatda yoxdur. 2013-cü il tarixdən narkoloji kabinetdə qeydiyyatdadır. Təqsirləndirilən şəxs 05 yanvar 2022-ci il tarixdə J 45.0 “allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma” diaqnozu ilə poloklinika şöbəsinə, 17 yanvar 2022-ci il tarixdə J 45.8 “Qarışıq astma” diaqnozu ilə vərəm kabinetinə müraciət etmişdir. Salyan rayon Mərkəzi xəstəxanası X9 daxil olan 09 mart 2023-cü il tarixli, 34 saylı məktuba əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Bronxial astma infeksion allergik forma, kəskin ventilyasiya pozğunluğu, sağ tərəfli vərəm mənşəli enssudofiv plevret diaqnozu ilə Salyan RMX PHŞ-vərəm şöbəsində dispanser qeydiyyata alınıb. Halhazırda 01 fevral 2023-cü il tarixdən Salyan RMX PHŞ- vərəm şöbəsində stasionar müalicə almışdır. Məhkəmə Təqsirləndirilən şəxs Bronxial astma və vərəm xəstəsi olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Masallı rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 11 ay 22 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və 15 may 2020-ci il tarixdə cəza müddəti bitmişdir. İş materiallarında olan Cəlilabad rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 65.3-cü maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmaqla cəzasını çəkib qurtarmış hesab edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin məhkumluqları ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında hüquqi mövqe kimi qeyd etmişdir ki, əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında isə Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. İş materiallarına əlavə olunmuş, 03 noyabr 2022-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci il tarixdə saat 06:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 4(073)-194/2022 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli 03 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 4(073)-195/2022 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinə əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 1(073)-36/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilənədək dəyişdirilməmişdir. Cinayət işinə əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli 1(073)-36/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməmişdir. İşdə olan Cəlilabad rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 1 (073)- 36/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzasının əvvəli 03 noyabr 2022-ci ildən hesablanmaqla cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilib 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1 (106)- 663/2023 saylı qərarından görünür ki Cəlilabad rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 1 (073)-36/2023 saylı hökmü ləğv edilərək, cinayət işinin materialları Cəlilabad rayon məhkəməsinə yeni məhkəmə baxışı mərhələsinə qaytarılmış və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilən halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində 2020-ci ildə “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 0,770 qram qalan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 03 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində 2020-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,770 qram qalan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar