Məhkəmə qərarları › İş №1(073)-101/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-101/2023

19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-101/2023 19.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad şəhəri Təbriz küçəsi ev 40-da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 1,499 qram olan psixotrop maddə - metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 27 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Cəlilabad şəhəri, H.Əliyev prospektində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, 27 yanvar 2023-cü il tarixdə, səhər saatlarında şəxsi işi ilə əlaqədar Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Silsilə” adlanan ərazidə piyada hərəkət edən zaman yerdə olan 1 bükülü onun diqqətini cəlb etmişdir. Həmin bükülünü yerdən götürüb içərisinə baxarkən, psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğunu görmüşdür. O, özü əvvəllər narkotik vasitə və psixotrop maddə aludəçisi olduğu üçün həmin psixotrop maddəni götürmək qərarına gəlmiş və psixotrop maddəni əynində olan gödəkçənin cibinə qoyaraq hərəkət etməyə başlamışdır. O, real şərait olmadığı üçün həmin psixotrop maddədən istifadə edə bilməmişdir. 27 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində şəxsi işi ilə əlaqədar Cəlilabad şəhəri, H.Əliyev prospektində piyada hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşya olub-olmamasını soruşmuşlar. O isə üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra onu şübhəli şəxs kimi Cəlilabad RPŞ-yə gətirmişlər. Polis şöbəsində ona hüquqları izah olunmuş və ona müdafiəçi təyin edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, əşya və ya predmet varsa könüllü şəkildə təqdim etsin. O da əynindəki tünd rəngli gödəkçənin sağ yan cibində olan 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Müdafiəçisinin iştirakı ilə həmin maddəyə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və qablaşdırılıb möhürlənmişdir. Hazırda əməlindən səmimi peşmandır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. 27 yanvar 2023-cü il tarixdə, təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri, H.Əliyev prospektində onlar tərəfindən müşahidəyə götürülmüşdür. Bir neçə dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs isə üzərində qanunla qadağan edilmiş psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra Cəlilabad RPŞ-nin KTQ-nin inspektor kriminalisti X2 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisində psixotrop maddə metamfetamin vardır. Həmin bükülüyə onlar tərəfindən baxış keçirildikdən sonra bükülünün içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokolu imzalamışlar. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən şəffaf sellofana bükülmüş 1 ədəd bükümdə həmin narkotik vasitə metamfetamin aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi Lənkəran regional bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 19/114 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan metamfetaminə bənzər kütlə......” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -1,499 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir (tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,449 qram təşkil edir). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 245 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xətəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:30-da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, xx.xx.2023-cü il tarixdə, saat 12:30-da Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 1,499 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə 60 (altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 yanvar 2023-cü ildən 29 yanvar 2023-cü ilədək, 2 (iki) gün müddətə həbsdə saxlanılması nəzərə alınmaqla, həmin müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 19 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbsə alınsın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan 1,449 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar