Məhkəmə qərarları › İş №1(073)-101/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-101/2024

04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-101/2024 04.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat:15:00 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxx 1990-cı ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 6 azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonu Söyüdlü kəndində qeydiyyatda olan və həbs olunana kimi Cəlilabad şəhəri H.Əliyev prospekti ev 209 mənzil 09-da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, bu iş üzrə 25 yanvar 2024-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə saat 16 radələrində Cəlilabad rayon Mərkəzi Xəstəxananın təcili tibbi yardım bölməsinin palatasında əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, təcili tibbi yardım bölməsinin həkimi Şahid1 ilə mübahisə edərkən orada xidmət aparan X1 Şöbəsinin mülki mühafizəçisi Zərərçəkmiş şəxs onun mübahisəsini görüb yaxınlaşaraq ictimai qaydanın pozulmasının qarşısını alan zaman Təqsirləndirilən şəxs ona zor tətbiq edib əlində olan mətbəx bıçağı ilə onu vurmuş və bıçaq onun əynində olan gödəkçəsinin sol qarşı hissəsini zədələyərək şəxslər üzərində zor tətbiq olunması, silah qismində istifadə edilən əşya tətbiq edilməsi, özgənin əmlakının zədələnməsi ilə və ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə müşayiət edilən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Cəlilabad şəhərində ailə üzvləri ilə birlikdə yaşayır, psixi xəstəliyi ilə əlaqədar 3-cü dərəcəli əlildir. Əvvəllər məhkum olunmuş və sonuncu dəfə 2021-ci ildə cəzaçəkmə yerindən gəlmişdir. X7 şəkər xəstəsi olduğu üçün səhhətində yaranmış problemlə əlaqədar 25 yanvar 2024-cü il tarixdə saat 09 radələrində anası X2 rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada anasına ilk tibbi yardım göstərilərək ciddi problem olmadığını və anasını aparıb ev şəraitində müalicə olunmasını demişlər. Ona görə də anası Gülnazı saat 10 radələrində qaytarıb evlərinə gətirmiş, anasını evlərinə gətirəndən bir neçə dəqiqə sonra yenə onun halı pisləşmişdir. Ona görə də saat 10:30 radələrində yenidən anası Gülnazı xəstəxanaya apararaq stasionar müalicə olunmasını istəmişdir. Yenə də anasına tibbi yardım göstərilərək saat təxminən 16 radələrinə qədər onlar xəstəxanada olsalar da anasını stasionar müalicəyə qəbul etməmişlər. Sonra həkimlərdən baş həkimin gəlməsini tələb edərək baş həkimlə görüşmək istədiyini demişdir. Həkimlər də ona baş həkim onunla görüşməyə gələ bilməz demiş, sonra o, həkimlərə anasının səhhəti ilə əlaqədar özünü yaxşı hiss etmədiyini, həmin vaxt cibində olan iki ədəd bıçağı çıxardaraq əlində tutub, özünə xəsarət yetirəcəyini demişdir. Adını bilmədiyi həkim ona nə bilirsə etməsini və kimə neyliyəcəyini demişdir. Həmin vaxt xəstəxananın mühafizəçisi, adını sonradan bildiyi Zərərçəkmiş şəxs da yanlarında olmuşdur. Mühafizəçi Zərərçəkmiş şəxs onu sakitləşdirmək istəmişdir. Lakin o, yenə də baş həkimi çağırmalarını demiş, lakin baş həkimi çağırmamışlar. Sonra anasının halı biraz da pisləşdiyini görüb uca səslə baş həkimi çağırmalarını və gəlib xəstəyə baxmasını demişdir. O uca səslə danışarkən mühafizəçi ona baş həkim gəlməyəcəyini demiş, o yenə də təkrarən baş həkimi çağırmalarını demişdir. Onun bu sözündən sonra mühafizəçi Zərərçəkmiş şəxs onun üstünə gələrək baş həkim ora gəlməyəcəyini demişdir. O, Elmirin üstünə gəldiyini görüb əlləri ilə onun sinəsindən kənara itələmişdir. Həmin vaxtı Cəlilabad RPŞ-nin əməkdaşları ora gəlmiş, polis əməkdaşları onun əlində olan bıçaqları görüb bıçaqları ondan istəmişlər. O, əlində olan bıçaqları polis əməkdaşlarına vermiş, bundan sonra polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. Hal-hazırda Zərərçəkmiş şəxsla barışmış, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Törətdiyi cinayət əməlindən peşmandır, himayəsində altı azyaşlı uşağı var, 3-cü qrup əlildir. Ona görə də bu halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün qismən etirafından əlavə işin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla da aşağıdakı qaydada tam sübuta yetirilir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, X1 Şöbəsində mülki mühafizəçi işləyir. 2 ildir Cəlilabad rayon Mərkəzi Xəstəxanasında mühafizəçi kimi xidmətə çıxır. 25 yanvar 2024-cü il tarixdə xəstəxanada xidmətdə olmuş, saat 16 radələrində xəstəxananın 1-ci mərtəbəsində təcili tibbi yardım bölməsi tərəfdə dəhlizdə olarkən təcili tibbi yardım bölməsinin həkimi Şahid1 onu çağırıb Cəlilabad şəhər sakini Anar adlı şəxsin anasını tibbi yardım göstərilməsi üçün gətirdiyini, Təqsirləndirilən şəxs anasına tibbi yardım göstərdiyini və səhhətində ciddi problem olmadığını, lakin Təqsirləndirilən şəxs palatada söyüş söyərək səs-küy salaraq anasını xəstəxanaya stasionar müalicəyə qəbul edilməsi üçün baş həkimi çağırmalarını tələb etdiyini və ona Anarı sakitləşdirməsini demişdir. Ona görə də o, təcili tibbi yardım bölməsinin palatasına daxil olmuş, həmin vaxt təcili tibbi yardım bölməsinin digər əməkdaşları da orada olmaqla Anarın ucadan qışqıraraq səs-küy salaraq baş həkimi çağırmalarını tələb etməsini görmüşlər. O, yaxınlaşıb Anarı nizam-intizama dəvət edərək xəstələri narahat etməməsini demiş, lakin Anar onun qanuni tələblərinə əməl etməyərək hərəkətlərini davam etdirmişdir. Yenə də Təqsirləndirilən şəxs nizam-intizama dəvət etmiş, lakin buna baxmayaraq Anar hərəkətlərini davam etdirərək əynində olan jaketinin hər iki qolundan bıçaq çıxardaraq bıçaqın birini bir əldində digərini isə bir əlində tutaraq sağ əlində olan bıçaqla onun boğaz nahiyəsindən vurmaq istəyərkən sol qolunu qarşıya verərək Anarın qolunu özündən kənarlaşdırdığından bıçaq ona dəyməmişdir. Təqsirləndirilən şəxs sonra əlində olan digər bıçaqla onun qarın nahiyəsindən vurmaq istəyrkən geri çəkildiyi üçün bıçaqın tiyəsi onun əynində olan gödəkçəsinə dəyərək gödəkçəsinin qarşı tərəfini zədələmişdir. Sonra o, imkan tapıb palatadan dəhlizə çıxaraq əvvəlcə mühafizəçi İdris Mahmudova zəng edib Təqsirləndirilən şəxs hərəkətləri barədə məlumat vermiş, bundan sonra isə həmin ərazidə xidmət aparan Cəlilabad RPŞ-nin PPXB-nün polis nəfəri Şahid3 zəng edərək hadisə barədə ona da məlumat vermişdir. Bundan təxminən 6-7 dəqiqə sonra Cəlilabad RPŞ-nin PPXB-nın əməkdaşı Şahid3 digər polis əməkdaşı ilə ora gəlmişlər. Şahid3 bıçaqları Anarın əlindən alaraq onu polis şöəbəsinə aparmışdır. Hal-hazırda Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad RPŞ PPXB-nin manqa komandiri kimi xidmət edir. 25 yanvar 2024-cü il tarixdə saat təxminən 16 radələrində RPŞ-nin PPXB-nün polis nəfəri Şahid4la birlikdə xidmətdə olan əməkdaşları yoxlayarkən, Cəlilabad rayon Mərkəzi Xəstəxanasında xidmətdə olan X1 Şöbəsində mülki mühafizəçi işləyən Zərərçəkmiş şəxs ona zəng edərək tez xəstəxananın təcili tibbi yardım bölməsinə gəlməsini demişdir. Həmin vaxtı onlar xəstəxananın yaxınlığında olduğları üçün dərhal Şahid4la birlikdə ora getmişlər. Ora gedəndən sonra Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs xəstəxananın birinci mərtəbəsinin dəhlizində olduğunu və onun əlində iki ədəd bıçaq olduğunu görmüşlər. Həmin vaxtı o, bilmişdir ki, Təqsirləndirilən şəxs xəstəxananın təcili tibbi yardım bölməsinin həkimi Şahid1 ilə palatada mübahisə edərkən mühafizəçi Zərərçəkmiş şəxs yaxınlaşıb onu sakitləşdirmək istəyərkən Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs vurmaq istəyərkən bıçaq Zərərçəkmiş şəxs əynindəki gödəkçəsinin qarşı sol hissəsini zədələmişdir. O, yaxınlaşıb Təqsirləndirilən şəxs əlində olan iki ədəd bıçağı alaraq onun özünü də polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin PPXB-nün polis nəfəri Şahid4 da eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım bölməsində həkim işləyir. 25 yanvar 2024-cü il tarixdə saat 11 radələrində əvvələr tanıdığı Cəlilbad şəhər sakini Gülnaz Quliyeva adını bilmədiyi bacısı oğlu ilə təcili tibbi yardım bölməsinə gəlmişdir. Tibb bacısı X3 Quliyevanın təziqin ölçərək təziqinin normadan çox yuxarı olduğunu demişdir. Sonra o, Nirufərə Gülnaza iynə vurmasını və təziqi qaydasına düşməsini demişdir. Ona görə də X4 iynə vurmuş, bir qədərdən sonra onun təziqi normal vəziyyətə düşmüşdür. Gülnazın təzyiqi normal vəziyyətə düşəndən sonra şəkəri qalxmaması üçün ona sistem qoşdurmuş, sistem qoşulub qurtarandan bir qədər sonra Gülnaz çıxıb evinə getmişdir. Saat təxminən 14 radələrində Gülnazın oğlu Təqsirləndirilən şəxs yenidən Gülnazı təcili tibbi yardım bölməsinə gətirərək anasının vəziyyətinin yaxşı olmadığını və anasını xəstəxanada stasionar müalicəyə yerləşdirilməsini demişdir. O, yenidən Gülnazı müayinə edib onun səhətində həyatı göstəriciləri normal olduğunu görərək, ona həyatı göstəricilərinin normal olduğunu demişdir. X6 onun sözü ilə razılaşmayaraq anasını stasionar müalicəyə yerləşdirmələrini tələb etmişdir. Sonra o, mərkəzi xəstəxananın stasionar şöbəsinin həkimi Hafiz həkimlə telefon əlaqəsi saxlayaraq vəziyyəti deyərək xəstənin stasionar müalicədə qalmaq istədiyini demişdir. Hafiz həkim Şəlalə həkimi Gülnazı müayinə etmək üçün göndərmiş, Şəlala həkim Gülnazı müayinə edərək nevropataloq həkim müayinəsi lazım olduğunu, əgər nevropataloq həkim məsləhət bilsə Gülnazı stasionar müalicədə yatızdıracaqlarını demişdir. Sonra o, Gülnazın oğlu Təqsirləndirilən şəxs xəstəxanada nevropataloq həkim olmadığını, başqa yerdən həkim çağırmasını və gəlib müayinə etməsini, əgər nevropataloq həkim məsləhət bilsə anasının stasionara malicəyə qəbul olunacağını demiş, Anar da ona təkidlə nevropataloq həkimi onlar özü çağırmalarını demişdir. Bundan sonra Anar onunla mübahisə edərək nəlayiq söyüşlər işlədərək, baş həkimi çağırmasını və baş həkimin gəlib anasına baxmasını və baş həkim özü nevroprataloq həkim gətizdirməsini demişdir. O Anara reanimasiyada ağır xəstə olduğunu, həkimlər həmin xəstə ilə məşğul olduqlarını və baş həkimin özünun də orada olduğunu demişdir. Bundan sonra Anar iki ədəd böyük bıçaq çıxardıb əllərində tutaraq qışqıraraq baş həkim gəlməsini tələb etmiş, gəlmədiyi halda oranı dağıdacağını demişdir. Həmin vaxt mühafizəçi Zərərçəkmiş şəxs dəhlizdə olmuş, o, mühafizəçi Elmiri çağırıb Anarı sakitləşdirməsini və xəstələr narahat olduğunu demişdir. Ona görə də Elmir gəlib Anarı nizam-intizama dəvət etmiş, lakin Anar Elmirin sözünə məhəl qoymayaraq hərəkətlərini davam etdirmişdir. Mühafizəçilər Anarı sakitləşdirməyə çalışmış, elə bu zaman Anar əlində olan bıçağı Elmirin boğaz nahiyəsinə dirəyib ona çölə çıxmasını və onun sözünə müdaxilə etməməsini demişdir. Elmir kənara çəkilərkən Anar yenidən onu bıçaqla vurmaq istəyərkən bıçaq Elmirin əynində olan gödəkçəsinə dəyib zədələsə də özünə xəsarət yetirməmişdir. Elə bu zaman Cəlilabad RPŞ-nin bir neçə əməkdaşı ora gələrək bıçaqları Anarın əlindən alaraq sonra onu polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım bölməsində feldşer vəzifəsində işləyir. 25 yanvar 2024-cü il tarixdə saat 11 radələrində Cəlilbad şəhər sakini Gülnaz Quliyeva təcili tibbi yardım bölməsinə gələrək təzyiqi həkim Şərqiyyənin göstərişi əsasında tibb bacısı Nilufər tərəfindən ölçülmüş, sonra ona iynə vurularaq sistem qoşulmuşdur. Bundan sonra Gülnazın təzyiqi normal vəziyyətə düşərək çıxıb evinə getmişdir. Saat təxminən 14 radələrində Gülnazın sonradan adını bildiyi oğlu Təqsirləndirilən şəxs yenidən Gülnazı təcili tibbi yardım bölməsinə gətirərək anasının vəziyyətinin yaxşı olmadığını və anasının xəstəxanada stasionar müalicədə olmasını demişdir. Şərqiyyə həkim yenidən Gülnazı müayinə edərək onun səhhətində həyatı göstəriciləri normal olduğunu demiş, X6 həkimin sözü ilə razılaşmayaraq anasının stasionar müalicəyə yerləşdirməsini tələb etmişdir. Sonra Şərqiyyə həkim mərkəzi xəstəxananın stasionar şöbəsinin həkimi Hafiz həkimlə telefon əlaqəsi saxlayaraq vəziyyəti demişdir. Hafiz həkim Şəlalə həkimi müayinə üçün göndərmiş, Şəlala həkim Gülnazı müayinə edəndən sonra ona nevropataloq həkim müayinəsi lazım olduğunu, əgər nevropataloq həkim məsləhət bilsə stasionar müalicədə qalacağını demişdir. Sonra Şərqiyyə həkim Gülnazın oğlu Anara xəstəxanada nevropataloq həkim olmadığını və başqa yerdən həkim çağırmasını demiş, Anar da Şərqiyyə həkimə nevropataloq həkimi onların çağırmalarını tələb etmişdir. Bundan sonra Anar Şərqiyyə həkimlə mübahisə edərək baş həkimin ünvanına nalayiq söyüşlər işlədib baş həkimi çağırmalarını və baş həkimin özünün nevroprataloq həkim gətizdirməsini demişdir. Şərqiyyə həkim isə Anara reanimasiyada ağır xəstə olduğunu və həkimlər həmin xəstə ilə məşğul olduğlarını, baş həkim özü də orada olduğunu demişdir. Bundan sonra Anar iki ədəd böyük bıçaq çıxardıb əllərində tutaraq qışqırıb baş həkimi çağırmalarını tələb etmiş, baş həkimi çağırmadığları halda oranı dağıdacağını demişdir. Həmin vaxt mühafizəçi Zərərçəkmiş şəxs dəhlizdə olmuş, Şərqiyyə həkim mühafizəçi Elmiri çağırıb Anarı sakitləşdirməsini və xəstələr narahat olduğunu demişdir. Elmir gəlib Anarı nizam-intizama dəvət etmiş, lakin Anar Elmirin sözünə məhəl qoymayaraq hərəkətlərini davam etdirmişdir. Mühafizəçilər onu sakitləşdirməyə çalışırarkən Anar əlində olan bıçağı Elmirin boğaz nahiyyəsinə dirəyib ona çölə çıxmasını tələb etmiş, Elmir kənara çəkilərkən Anar yenidən onu bıçaqla vurmaq istəmiş, lakin bıçaq onun əynində olan gödəkçəsinə dəyib zədələsə də özü xəsarət almamışdır. Elə bu zaman Cəlilabad RPŞ-nin bir neçə əməkdaşı ora gələrək bıçaqları Anarın əlindən alaraq sonra onu polis şöbəsinə aparmışlar. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş və bu barədə müvafiq protokollar tərtib edilmişdir. 26 yanvar 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Cəlilabad rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım bölməsinin palatasında baş vermişdir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29 mart 2024-cü il tarixli, 3-16-16/2-3/452 nömrəli məhkəmə-soyuq silah ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfatməişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29 mart 2024-cü il tarixli, 3-16-16/2-3/449 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş xidməti gödəkçənin səthində bir ədəd zədə vardır. Həmin zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin (bıçaq və sair bənzər xarakterli alətin) təsiri nəticəsində yaranmağa xarakterik kəsilmə zədəsidir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsi tərəfindən verilmiş 26 fevral 2024-cü il tarixli, 502 nömrəli məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilmiş qeyri-psixotik pozuntular o dərəcədə ifadə olunmayıb ki, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Bununla əlaqədar Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətlidir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Cəlilabad rayon Mənzil İstismar Sahəsinin 14 fevral 2024-cü il tarixli arayışından və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2011-ci il təvəllüdlü Erol Əmirov, 2013-cü il təvəllüdlü İsmayıl Əmirov, 2015-ci il təvəllüdlü Yusif Əmirov, 2018-ci il təvəllüdlü Süleyman Əmirov, 2020-ci il təvəllüdlü Davud Əmirov və 2024-cü il təvəllüdlü Menessa Əmirova adlı 6 azyaşlı uşağı ver. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində altı azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan iki ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd gödəkçə isə hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 127 (bir yüz iyirmi yeddi) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan iki ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd gödəkçə isə hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə ekspertiza xərci olan 127 (bir yüz iyirmi yeddi) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar