Məhkəmə qərarları › İş №1(073)-103/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-103/2025

23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-103/2025 23.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Xüsusi ittihamçı X1 iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikasının CM-in 148-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında verdiyi şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, Müəyyən etdi: X4 məhkəməyə xüsusi ittiham qaydasında şikayət verərək 13 iyul 1981-ci ildə Cəlilabad rayonu Təzəkənd kəndində anadan olmuş, həmin kənddə yaşayan X2 cinayət məsuliyyətinə cəlb edilməsi və onun Azərbaycan Respublikasının CM-in 148-1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı X4 şikayəti onunla əsaslandırmışdır ki, X5 onun ünvanına nalayiq ifadələr yazdığı fotoşəkilləri “Tiktok” sosial şəbəkəsində (internet platformasında) özünə məxsus olan, açdığı saxta profillərdə paylaşaraq onun şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq söyüşlərlə qəsdən alçaltmışdır. Belə ki, Nəzərov Vüqar şəkillərdə “bu şərəfsiz mənim evimi satdırdı, dedi sənə pul verəcəm, vermədi” kimi sözlər yazaraq onu təhqir etmişdir. Halbuki, Vüqar Nəzərovla bacısı Aygün Məmmədova boşandıqdan sonra əmlakın bölünməsi barədə məhkəməyə müraciət edilmiş, məhkəmə qərarı əsasında əmlak yarı bölünmüş, Vüqar Nəzərov notarial qaydada maddi ziyanın ödənilməsi ilə bağlı barışıq ərizəsi vermişdir. İş Cəlilabad Rayon Məhkəməsinin icraatına 18 iyul 2025-ci il tarixdə daxil olmuş və iş üzrə məhkəmə hazırlıq iclası 23 iyul 2025-ci il tarixə təyin olunaraq bu barədə tərəflərə rəsmi məlumat verilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayətinin mahiyyətinə uyğun izahat verərək X2 barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün istintaq aidiyyəti üzrə Cəlilabad rayon prokurorluğuna göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “TikTok” tətbiqindən çəkilmiş profilin surətlərindən məlum olur ki, həmin profil X2 adından yazılmamışdır. Həmçinin xüsusi ittihamçı şikayət ərizəsində barəsində verilən yazıların saxta profillərdən yazıldığını qeyd etmişdir. İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsinin tərkibini yaradır. Maddənin «Qeyd»inə əsasən bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. Qanunvericiliyin tələbinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsində nəzərdə tutulmuş cinayət ictimai-xüsusi ittiham qaydasında təqib edilən cinayətdir. Həmin Məcəllənin 37.2-ci maddasinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 215.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq prokurorluq tərəfindən aparılır. Həmin Məcəllənin 302.1.5-ci maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Ona görə də məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli, verilmiş şikayət baxılması üçün istintaq aidiyyəti üzrə Cəlilabad rayon prokurorluğuna göndərilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 Azərbaycan Respublikası CM-in 148-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün istintaq aidiyyəti üzrə Cəlilabad rayon prokurorluğuna göndərilsin. Qərardan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim. Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar