Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-104/2024 21.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Abşeron rayonunun Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə təmiz çəkisi 417,909 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 26 may 2022-ci il tarixdə, saat 03:20-də Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhəri, H.Əliyev prospektində şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əlində saxladığı bir ədəd sellofan paketin içərisindən bir ədəd bağlamada ümumi təmiz çəkisi 417,909 qram olan çətənə bitkisindən (kannabis) kustar üsulla hazırlanmış həmin narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, “Facebook” sosial şəbəkəsi vasitəsilə özünü Vüsal adı ilə təqdim edən şəxslə tanış olmuşdur. Sosial şəbəkədə aralarındakı münasibət dərinləşdikdən sonra o, həmin şəxsə narkotik vasitə marixuana istifadəçisi olduğunu bildirmişdir. Vüsal adlı şəxs isə ona demişdir ki, lazım olduğu vaxt ona narkotik vasitə marixuana təşkil edə bilər. xx.xx.2022-ci il tarixdə o, istifadə etmək məqsədilə “Facebook” sosial şəbəkəsi vasitəsilə özünü Vüsal adı ilə təqdim edən şəxsdən ona marixuana təşkil edə bilməsini soruşmuşdur. Vüsal isə ona demişdir ki, onun üçün narkotik vasitə marixuana təşkil edə bilər, lakin narkotik vasitəni Cəlilabad rayonundan götürməlidir. O da onunla razılaşmış və həmin şəxs ona demişdir ki, narkotik vasitənin müqabilində o, həmin şəxsə 330 manat pul verəcəkdir. Həmin şəxs ona demişdir ki, narkotik vasitəni götürdükdən sonra ona plastik bank kartı nömrəsi atacaq və o, həmin kart hesabına pulu göndərəcəkdir. Bundan sonra həmin şəxs ona demişdir ki, narkotik vasitə marixuananı Cəlilabad şəhəri, H.Əliyev prospektinin sonunda yerləşən plakatın yanına qoyduracaq və o narkotik vasitəni oradan götürməlidir. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, “20 yanvar” dairəsində rayonlara gedən taksilər dayanan yerə gəlmişdir. Həmin vaxt orada olan taksilərin birinə yaxınlaşıb Cəlilabad rayonuna getmək istədiyini bildirmişdir. Taksi sürücüsü ona demişdir ki, onu Cəlilabad şəhərinə gətirə bilər. Bundan sonra həmin taksi sürücüsü ona demişdir ki, ona 30 manat pul ödəməlidir. O da taksi sürücüsü ilə razılaşmışdır. Bundan sonra onlar Cəlilabad rayonuna yola düşmüşlər. Təxminən 03 radələrində onlar Cəlilabad rayonuna çatmışlar. O, taksi sürücüsündən xahiş etmişdir ki, onu Cəlilabad şəhəri, H.Əliyev prospektinin sonunda yerləşən plakatın yanında düşürtsün. Taksi sürücüsü də onunla razılaşmış və o, Cəlilabad rayonu, H.Əliyev prospektinin sonunda yolun kənarında taksidən düşmüş, taksi sürücüsünün pulunu ödədikdən sonra taksi sürücüsü oradan çıxıb getmişdir. Bundan sonra Vüsal adlı şəxsin ona dediyi yerə gedib yolun kənarında olan plakatın yanından bir ədəd bağlamada olan narkotik vasitə marixuananı götürüb piyada hərəkət edərək geri qayıtmağa başlamışdır. O, fikirləşmişdir ki Cəlilabad şəhərindən Bakı şəhərinə gedən taksilərin yanına gedərək taksi ilə Bakı şəhərinə qayıdar. Bir az hərəkət etdikdən sonra iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Həmin şəxslər onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək ondan üzərində qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmamasını soruşmuşlar. O da həmin şəxslərə üzərində narkotik maddə olan marixuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərində şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə rayon polis şöbəsinə gəlməyini bildirmişlər. O da həmin şəxslərlə razılaşaraq polis şöbəsinə gəlməyə razılıq vermişdir. Rayon polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan və özünü Cəlilabad rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Elnur Kazımov kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq rayon polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrimi ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. X4 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərində aparılacaq şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə təhqiqatçı məlumat vermişdir. Daha sonra təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini təklif etmişdir. Bu təklifdən sonra o, əlində saxladığı bir ədəd sellofan paketdə olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. X6 tərəfindən onun təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş, sonra həmin kütlə zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən üzərinə imzalar edilmişdir. Bundan sonra təhqiqatçı həmin kütlənin nə olması və nə məqsədlə üzərində gəzdirməyi barədə ona şifahi sual vermişdir. O, həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni şəxsi istifadsi üçün “Facebook” sosial şəbəkəsində tanış olduğu şəxslə danışaraq əldə etdiyimi bildirmişdir. Bundan sonra üzərində axtarış davam etdirilmiş, lakin üzərindən başqa qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra üzərində axtarış aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Üzərində şəxsi axtarış aparılan zaman və ya ona yaxınlaşan zaman polis əməkdaşları ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişlər, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və üzərində narkotik vasitə olmasından heç kimin məlumatı olmamışdır. Hazırda əməlindən səmimi peşmandır, ilk dəfədir ki cinayət törədir və İİİ qrupp əlildir. Qeyd edilənlərin nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyim olmamışdır. Təqsirləndirilən şəxs Cəlilabad rayon ərazisində qanunsuz olaraq narkotik vasitə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Cəlilabad rayon polis şöbəsinin rəhbərliyinin müvafiq əmrinə əsasən o və Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ibarət olmaqla əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 26 may 2022-ci il tarixdə, təxminən saat 03:20 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müəyyən edilmiş və Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, H.Əliyev prospektində Cəlilabad rayonu Abdullu kəndi istiqamətində yolun kənarı ilə piyada hərəkətdə olmasını görüb əməliyyat müşahidəsinə götürmüşlər. Təxminən beş dəqiqə sonra Təqsirləndirilən şəxs yolun kənarında yerləşən mişar daşlarından hörülmüş plakatın yanına keçmiş və az müddət sonra əlində bir ədəd sellofan paket ilə piyada olaraq geri qayıtmağa başlamışdır. Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, H.Əliyev prospektində Abdullu kəndi istiqamətindən Cəlilabad şəhəri istiqamətinə piyada hərəkət etməyə başlamışdır. Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman o və əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğunu bildirib ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmamasını soruşmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan sellofan torbanın içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onların dəvətinə etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Elnur Kazımov tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra Cəlilabad RPŞ-nin KTQ-nin inspektor kriminalisti X3 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet vardırsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı sellofan paketi təqdim edərək həmin sellofan paketin içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan paketin içərisinə baxış keçirilən zaman həmin paketin içərisində bir ədəd bükümdə narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs özünün narkotik vasitə istifadəçisi olduğunu, “Facebook” sosial şəbəkəsində bir nəfər şəxslə tanış olduğunu, həmin şəxsə söhbət zamanı narkotik vasitə istifadəçisi olduğunu bildirdiyini, həmin şəxs də ona narkotik vasitə marixuana təşkil edə biləcəyini bildirməsini, bundan sonra həmin şəxslə danışaraq Cəlilabad rayonuna gələrək narkotik vasitə marixuananı əldə etdiyini, həmin şəxslə sosial şəbəkədə tanış olduğunu və yalnız orada həmin şəxslə əlaqə saxladığını, əldə etdiyi narkotik vasitədən istifadə etmədiyini, üzərindən aşkar olunan narkotik vasitə olan marixuanaya bənzər kütləni istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi narkotik vasitədən başqa qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarına əlavə olunmuş 26 may 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd sellofan paketin içərisindən bir ədəd bağlamada ümumi təmiz çəkisi 417,909 qram olan çətənə bitkisindən (kannabis) kustar üsulla hazırlanmış həmin narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza Mərkəzinin X5 tərəfindən verilmiş 26 may 2022-ci il tarixli, 19/629 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 417,909 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (tədqiqata sərf edildi 0,02 qram, qalıq 417,889 qram təşkil edir). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X1 Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2022-ci il tarixli, 661 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nin təqdim etdiyi **********0 nömrəli arayışa əsasən İİİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan elektron məhkəmə informasiya məlumatından görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlildir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və İİİ qrupp əlil olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, xx.xx.2022-ci il tarixdə Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinəəsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinəəsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişşəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədəəvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinəəsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 661 saylı rəyə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunduğu müəyyən edilsə də, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın 3-cü bəndinin 3.2-ci hissəsinə görə narkomanlıq xəstəliyinə düçar olmuş əlil şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. İşüzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 417.889 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İşüzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 26 may 2022-ci ildən 27 may 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 yerləşən evi tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 417,889 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan RespublikasıŞirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(073)-104/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-104/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver