Məhkəmə qərarları › İş №1(073)-106/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-106/2023

19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-106/2023 19.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1979-cu ildə Cəlilabad rayonunun Pakrovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Günəşli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 21 aprel 2023-cü il tarixdə, saat 17 radələrində arvadı Əliyeva Zəhra Mübaşir qızı ilə yaşadıqları fərdi yaşayış evinin həyətində ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı sonuncunun sol gözaltı nahiyəsinə qəsdən yumruqla vuraraq, ona sol gözaltı nahiyədə şişkinlik, qançır və əzilmiş yara ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, 2011-ci ildə Zərərçəkmiş şəxs ilə el adəti ilə ailə qurmuş, əvvəllər Cəlilabad rayonunun Günəşli kəndində valideyinləri ilə birlikdə yaşamışlır və son 3 ildir ki, Cəlilabad şəhərinə köçmüşlər. Cəlilabad şəhərində kirayə tutduğu evdə həyat yoldaşı Zəhra övladları 10 yaşlı Vəfalı, 5 yaşlı Səfalı və qaynanası Gülşən ilə birlikdə yaşayırlar. Son bir neçə aydır ki, spirtli içkilər aludəçisi olmuş, hər gün demək olar ki, spirtli içki qəbul edir və bu səpkidə Zəhra ilə aralarında münaqişələr baş verir. Zəhra bir neçə dəfə barəsində polisə şikayət etmiş, ancaq hər dəfə barışmışlar. xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində evdən çıxmış, ailəsi isə evdə qalmışdır. Son günlərin adəti üzrə spirtli içki qəbul etmək üçün Cəlilabad şəhəri, H.Əliyev prospektində “Silsilə” deyilən yerdə mağazaların birindən 3 manatlıq spirtli içki almış və həmin spirtli içkini qəbul etmişdir. Bundan sonra sərxoş vəziyyətə düşmüşdür. Həmin gün saat 17 radələrində sərxoş vəziyyətdə piyada olaraq kirayə yaşadıqları evə gəlmişdir. Evin həyətinə daxil olan kimi onu həyətdə Zəhra içkili vəziyyətdə görmüş və onu danlamağa başlamışdır. Zəhra ondan niyə içdiyini soruşmuş və aralarında mübahisə yaranmışdır. Buna görə əsəbləşib onu yumruqla üz nahiyəsindən və boyun nahiyəsindən vurmuşdur, Zəhra zərbələrin təsirindən arxaya getmiş, bu zaman onu təpiklə bel nahiyəsindən də iki dəfə vurmuşdur. Zəhra 102 xidmətinə zəng edəcəyini demiş, həmin zaman artıq nə etdiyini başa düşmüş və evin həyətindən çıxmışdır. Buna baxmayaraq Zəhra polisə şikayət edəndən sonra onu polis əməkdaşları içkili vəziyyətdə küçədə görmüşlər və RPŞ-nə dəvət etmişdir. RPŞ-də sərxoşluğu ilə bağlı həkim müayinəsindən keçmiş, həkim onun orta ağır dərəcəli sərxoş olduğunu bildirmişdir. Özü vərəm xəstəsiliyindən əziyyət çəkir. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışmışlar, ailə münasibətlərini hələ ki, bərpa etməsələr də zərərçəkmiş şəxs onu bağışlamışdır. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əridir. Təqsirləndirilən şəxslə faktiki evlənmişlər, lakin nikahlarını rəsmiləşdirməmişlər. Birgə həytlarından Vəfalı və Səfalı adlı uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra bir müddət Cəlilabad rayonunun Günəşli kəndində Anarın valideynləri ilə birlikdə yaşasalar da, sonradan Cəlilabad şəhərinə köçərək kirayədə yaşamağa başlamışlır. Anar ondan təxminən 18 yaş böyükdür və o spirtli içki aludəçisidir. Anar spirtli içki qəbul etdiyi üçün aralarında tez-tez münaqişələr baş verir, bu səbəbdən anası X2 onunla qalır. Anar spirtli içki qəbul edəndən sonra onu döydüyü üçün bir neçə dəfə onun barəsində şikayət etmiş, lakin Anar hərəkətlərini bir daha təkrar etməyəcəyinə söz verdiyi üçün hər dəfə onu bağışlamış və barışmışlar. Anar polisə şikayət etdiyi üçün son bir il ərzində onu döyməmiş, ancaq spirtli içki qəbul etməyə davam etmişdir. Anar işləmədiyi üçün özü məcbur olub sahədə fəhlə kimi işləyib azyaşlı övladlarını saxlayır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində kirayə yaşadığı evin həyətində azyaşlı övladları Vəfalı və Səfalı ilə birlikdə olan zaman Anar küçədən həyətə içkili vəziyyətdə daxil olmuş, onu bu vəziyyətdə görmüş və nə üçün spirtli içki qəbul etdiyini soruşmuşdur. Anar isə “əcəb edib içmişəm, sənə neynirəm ki” demiş, o isə Anara “mən əziyyət çəkib sahədə işləyib uşaqlarımızı saxlayıram, səndən ayrılacağam” demişdir. Bunu dedikdən sonra Anar üzərinə gəlmiş, bir dəfə sol göz nahiyəsinin alt hissəsinə və burun nahiyəsinə yumruq zərbəsi vurmuş, o zərbədən arxaya getmiş, Anar təkrar bir dəfə yumruqla boynunun arxa hissəsinə və təpiklə 2 dəfə bel nahiyəsindən vurmuşdur. Həmin vaxt burnundan qan gəldiyini görmüş, Anara polisə şikayət edəcəyini deyib küçəyə çıxmış, Anar isə polisə şikayət edəcəyini bilib həyətdən qaçıb getmişdir. Hazırda ailə münasibətlərini bərpa etməsələr də, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və onu bağışlamışdır. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş şahid X3 təhqiqat zamanı Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirilir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 246 saylı ekspert rəydən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs sol gözaltı nahiyədə şişkinlik, qançır və əzilmiş yara müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, yumruqla vurulma nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdıqlarını, tələb və şikayətinin olmadığını göstərərək, məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdıqlarını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərərək, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdikləri ifadələri, onların ərizələrində göstərdikləri halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar işin icraatına xitam verilməlidir. İş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir. İctimai təhlükəli əməli törətdikdən sonra Zərərçəkmiş şəxs ilə barışmışlar. Zərərçəkmiş şəxs isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir və belə nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi zərərçəkmiş şəxsin və başqa şəxslərin mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir, eyni zamanda həmin cinayət təqibi üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.5-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi mümkün sayılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar