Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-106/2024 27.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ saat 11:40 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1990-cı ildə Cəlilabad rayonu Novoqolovka kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd azyaşlı uşağı olan, Masallı rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli blinib qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasından çəkməmiş, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonu Uzuntəpə kəndində qeydiyyatda olan və həbs olunana kimi həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, bu iş üzrə 10 mart 2024-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda - 1.479 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşımaqla üzərində saxlamış, 10 mart 2024-cü il tarixdə saat 14 radələrində Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd sellofan bükülüdə həmin narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1 ilə yaxındır narkotik vasitə olan heroin istifadə edir. 09 mart 2024-cü il tarixdə təxminən saat 14 radələrində şəxsi işi ilə əlaqədar olaraq Bakı şəhəri Suraxanı rayonu Ramana qəsəbəsində tanımadığı bir ərazidə piyada hərəkətdə olduğu zaman yolun kənarında yerdə bir ədəd sellofan bükülü görmüş, həmin sellofan bükülü diqqətini cəlb etmiş və buna görə də həmin bükülünü yerdən götürmüşdür. Həmin sellofan bükülünü açıb içərisinə baxmış və içərisində narkotik vasitə heroin olduğunu müəyyən etmişdir. Əvvəllər narkotik vasitə heroin istifadə etdiyinə görə həmin sellofan bükülünün içərisindəki maddəni tanıyıb heroin olduğunu bilmiş və həmin sellofan bükülüdə olan heroini gələcəkdə istifadə etməkdən ötrü əynində olan qara rəngli gödəkçənin sol yan cibinə qoyub üzərində saxlamışdır. Həmin gün Bakı şəhərindən Cəlilabad rayonuna gəlmiş, yaşadığı evdə həmin sellofan bükülüdə olan heroinin bir hissəsindən istifadə etmiş və qalan hissəsini isə həmin sellofan bükülüdə əynində olan qara rəngli gödəkçəsinin sol yan cibinə qoyub üzərində saxlamışdır. 10 mart 2024-cü il tarixdə təxminən saat 14 radələrində şəxsi işi ilə əlaqədar Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisindən keçən avtomobil yolunun kənarı ilə piyada hərəkətədə olduğu zaman üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb polis əməkdaşı olduğunu bildirmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet olub-olmamasını soruşmuşlar. Polis əməkdaşlarına üzərində narkotik vasitə heroin olduğunu bildirmiş və bundan sonra polis əməkdaşları onu Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. Onların dəvətinə etiraz etməyib onlarla birlikdə polis şöbəsinə getməyə razılıq vermişdir. Cəlilabad RPŞ-də hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuş və üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra hüquqlarını müdafiə etmək üçün ona təqdim edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmağa başlanılmışdır. Üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilən hər hansı bir əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükülü çıxardaraq polis əməkdaşlarına təqdim etmiş və təqdim etdiyi həmin sellofan bükülünün içərisində heroin olduğunu bildirmişdir. Təqdim etdiyi bir ədəd sellofan bükülüdə olan narkotik vasitə heroinə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Bundan sonra üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış aparılmış və həmin narkotik vasitə heroindən başqa üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilən hər hansısa bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd sellofan bükülüdə olan narkotik vasitə heroin ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq bu barədə protokol tərtib olunmuş və o, da həmin protokola imza etmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşmandır, himayəsində dörd azyaşlı uşağı vardır. Odur ki, bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs ilə ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 10 mart 2024-cü il tarixdə ona daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədilə həmin tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmri ilə əməliyyat qrupu yaradılmış və bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən yerlər onlar tərəfindən müəyyən edilmişdir. 10 mart 2024-cü il tarixdə, təxminən saat 14 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində piyada hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Bir neçə dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu Cəlilabad Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların dəvətinə etiraz etməyərək onlarla birlikdə Cəlilabad RPŞ-nə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edilmiş və hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində onların iştirakı ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd sellofan bükülü çıxarıb təqdim edərək həmin bükülünün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Şifahi sorğu zamanı təqdim etdiyi həmin narkotik vasitə heroini 09 mart 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Ramana qəsəbəsi ərazisində yerdən tapdığını, bir hissəsini istifadə etdiyini və gələcəkdə istifadə etmək məqəsədilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və onlar da həmin protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd sellofan bükülü çıxarıb təqdim edərək həmin bükülünün içərisindəki maddənin narkotik vasitə - heroin olduğunu bildirmişdir. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən verilmiş 10 mart 2024-cü il tarixli 19/235 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 1,479 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram sərf olunmuş, 1,429 qram qalıq qalmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 14 mart 2024-cü il tarixli 263 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqdi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində 2024-cü ilin fevral ayından “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Masallı Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli 1(073)-62/2024 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 5 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Cəlilabad RİHB-nin Uzuntəpə kənd İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü İlkanə Abışova, xx.xx.2013-cü il təvəllüdlü Elmir Abışov, xx.xx.2018-ci il təvəllüdlü Fatimə Abışova və xx.xx.2019-cu il təvəllüdlü Nihad Abışov adlı dörd uşağı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 10 mart 2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2024-cü il tarixdə saat 14:10-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli 4(073)-29/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 iyun 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli 10 mart 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə olunmuş Cəlilabad rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayəti Masallı Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli hökmündən əvvəl, yəni 10 mart 2024-cü il tarixdə törətdiyindən ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində nəzərdə tutulan cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında 2024cü ilin fevral ayından “opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 1,429 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Masallı Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə uyğun olaraq hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 10 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında 2024-cü ilin fevral ayından “opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 1,429 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-106/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-106/2024
27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver