Məhkəmə qərarları › İş №1(073)-106/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-106/2025

06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-106/2025 06.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 10:45 X9 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1994-cü il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, Cəlilabad Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 3 (üç) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qərarı ilə 7 (yeddi) ay 7 (yeddi) gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmiş, 06 may 2024-cü il tarixdə cəzasını çəkib qurtarmış, lakin məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, bu iş üzrə 09 may 2025-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən vaxta və mənbədən qanunsuz olaraq xeyli miqdarda 1 (bir) ədəd bilster kəsiyində təsiredici maddəsinin miqdarı 0,04 qram olan üzərində «F/M40» yazısı həkk olunmuş 01 ədəd narkotik vasitə olan metadon həbini əldə edib daşımaqla üzərində saxlamış, Cəlilabad rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən 09 may 2025-ci il tarixdə saat 17 radələrində Cəlilabad şəhəri H.Əliyev prospketində saxlanılaraq üstü yoxlanılarkən əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd blister kəsiyində həmin narkotik vasitə olan metadon həbi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Cəlilabad şəhərində müxtəlif yerlərdə fəhləlik edərək ailəsini dolandırır. O, sonuncu dəfə 2021-ci ildə narkotik maddə istifadə etmişdir. 09 may 2025-ci il tarixdə işləmək məqsədi ilə Cəlilabad şəhərində “Silsilə” adlanın əraziyə getmək üçün yaşadığı evdən çıxmışdır. Həmin əraziyə çatmağa az qalmış yerdə olan qəhvəyi rəngli “həb” diqqətini çəkmiş və onu götürüb içinə baxıdıqda onun içərisində narkotik vasitə olan metadon həbi olduğunu görmüşdür. Daha sonra həmin həbi istifadə etmək məqsədi ilə şalvarının sağ yan cibinə qoymuşdur. Təxminən saat 17 radələrində evə qayıdan zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Daha sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını soruşmuşlar. Həmin vaxt narkotik vasitə olan metadon həbi üzərində olduğuna görə onlara üzərində bir ədəd narkotik vasitə olan metadon həbi olduğunu demişdir. Həmin vaxt ondan həmin həbi təqdim etməyini istəmişlər. O da əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə qoyduğu həmin bükülünü polis əməkdaşlarına təhvil vermişdir. Həmin həbin olduğu büküm polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilən zaman onun çəkisinin 0,61 qram olması müəyyən edilmişdir. O, həmin həbi Cəlilabad şəhərindən tapdığını və ondan istifadə etmədiyini bildirmişdir. Həmin həb zərfə qoyulmuş və protokol tərtib edilmişdir. O da həmin protokola və zərfin üzərinə imza etmişdir. Bundan sonra onu Cəlilabad RPŞ-yə dəvət etmişlər və o da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə şöbəyə gəlmişdir. Orada onun hüquqlarını müdafiə etməsi üçün vəkil təyin olunmuş və daha sonra ondan üzərində qanunla qadağan olunmuş hansı əşya olub-olmamasını soruşmuşlar. O da onlara başqa qanunla qadağan olunmuş predmet olmadığını bildirmişdir. Daha sonra zərf açılaraq onun içərisinə baxış keçirilmişdir. Daha sonra təkrar həmin həb zərfə qoyulmuş və protokol tərtib edilmişdir. O da həmin protokola və zərfin üzərinə imza etmişdir. Polis əməkdaşları onu saxlayan, habelə Cəlilabad RPŞ-nə gətirdikləri zaman ona qarşı heç bir zor tətbiq etməmişlər. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır, himayəsində bir azyaşlı uşağı vardır, mədəsində yırtıq olduğu üçün əməliyyat olunmuş, mədəsinə plastinka (plasmass) qoyulduğu üçün mütəmadi olaraq dəhşətli ağrıları olur. Odur ki, bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 may 2025-ci il tarixdə Cəlilabad RPŞ-yə Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ-nin rəhbərliyinin müvafiq əmrinə əsasən o, Cəlilabad RPŞ-nin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkilləri Şahid3dan və X1, Cəlilabad RPŞ-nin Post Patrul Xidməti Bölməsinin polis nəfəri Şahid4 ibarət olmaqla əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, 09 may 2025-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müəyyən edilərək o, Cəlilabad şəhəri H.Əliyev prospektində hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 10 dəqiqə müşahidə etdikdən sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Şifahi olaraq üzərində narkotik vasitə və ya psixotrop maddələr olub-olmamasını soruşan zaman Təqsirləndirilən şəxs hazırda üzərində narkotik vasitə olan metadon həbinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılması və götürmə keçirilməsi üçün şərait olduğundan həmin yerdə Təqsirləndirilən şəxs üzərində yoxlama və götürmə aparılacağını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri tərəfindən elan edildikdən sonra yoxlama və götürmə zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd blister kəsiyinin içərisindəki həbi təqdim etmiş və həmin həbin narkotik vasitə olan metadon olduğunu qeyd etmişdir. Həmin blisterin üzərində “Methadone 40” yazısı həkk olunmuş arxa hissəsi gümüşü rəngli qabaq hissəsi isə qəhvəyi rəngli blisterdə həb olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik maddə tərəzidə çəkildikdə çəkisinin 0,61 qram olması müəyyən edilmişdir. Daha sonra müvafiq qaydada qablaşdırılıb üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 141 saylı möhrü ilə möhürlənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üstünün yoxlanılması davam etdirilmişdir. Onun üzərindən əlavə olaraq dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik maddəni haradan və nə məqsədlə əldə edilməsi soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik maddəni 09 may 2025-ci il tarixdə səhər saatlarında Cəlilabad şəhəri ərazisindən tapdığını, üzərindən aşkar edilmiş həmin narkotik maddəni gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, lakin həmin narkotik maddədən istifadə etmədiyini bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs tərəflərindən Cəlilabad RPŞ-yə dəvət edilmişdir. Polis Şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik maddə olan metadona bənzər həb və yoxlama və götürmə aparılmasının özündə əks etdirən DVD disk ilə birlikdə təhqiqatçıya təhvil verilmişdir. Videoçəkiliş aparılmaqla təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının videoçəkilişinə baxış keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddəyə bənzər kütlə olan 1 ədəd blisterin qablaşdırıldığı bükümə baxış keçirilmişdir. Həmin blisterdə narkotik maddəyə bənzər kütlə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Yekunda təhqiqatçı tərəfindən təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid3 və Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 da eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, polis əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Şifahi olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddələr olub-olmamasını soruşan zaman, Təqsirləndirilən şəxs hazırda üzərində narkotik vasitə olan metadon həbinin olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra yoxlama və götürmə zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd blister kəsiyinin içərisindəki həbi təqdim etmiş və həmin həbin narkotik vasitə olan metadon olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik maddə tərəzidə çəkildikdə çəkisinin 0,61 qram olması müəyyən edilmişdir. Onun üzərindən əlavə olaraq dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik maddəni haradan və nə məqsədlə əldə edilməsi soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik maddəni 09 may 2025-ci il tarixdə, səhər saatlarında Cəlilabad şəhəri ərazisindən tapdığını, üzərindən aşkar edilmiş həmin narkotik maddəni gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, lakin həmin narkotik maddədən istifadə etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş, Cəlilabad RPŞ-də aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 09 may 2025-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd metadon həbinin aşkar olunaraq götürülməsi barədə 06:49 dəqiqədən ibarət olan videogörüntünü özündə əks etdirən bir ədəd “DVD” diskə təhqiqatçısı X5 tərəfindən baxış keçirilmiş, baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs götürülərək qablaşdırılmış bir ədəd zərf açılaraq içərisində olan bir ədəd metadona bənzər həb elektron tərəzidə çəkilən zaman çəkisinin 0,62 qram olması müəyyən edilmiş və təkrar ekspertizaya göndərilməsi üçün yeni zərfə yerləşdirilərək üzəri möhürlənib, iştirakçılar tərəfindən imzalanmışdır. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsi tərəfindən verilmiş 10 may 2025-ci il tarixli 6/1751 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən.... və s.” yazılar, adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd blister kəsiyində üzərində “F/M40” yazısı həkk olunmuş 01 ədəd dərman tabletinin tərkibində təsiredici maddəsinin miqdarı 0,04 qram olan narkotik vasitə - metadon müəyyən edilmişdir. Tədqiqata sərf edildi 0,5 tabletka, qalıq 0,5 tabletka olmuşdur. İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 30 iyun 2025-ci il tarixli 365 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata götürülməsi məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Cəlilabad Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Abbasov X2 Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən ona qəti olaraq 3 (üç) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qərarı ilə 7 (yeddi) ay 7 (yeddi) gün cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmiş, 06 may 2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. İş materiallarına əlavə olunmuş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 06 iyul 2014-cü il təvəllüdlü X3 adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan, Cəlilabad rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “Xora xəstəliyi, mədənin perfor olunmuş xorası” diaqnozu qoyularaq qarın boşluğunun drenajı əməliyyatı icra olunmuş və qida borusuna plastik yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, xəstə olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Həmin Məcəllənin 62.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Qanunun mənasına görə, cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və ya bu cür halların məcmusu o halda müstəsna hal hesab edilə bilər ki, onlar cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmış olsun. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş metadon tərkibli 1 ədəd dərman tabletini təsadüfən yerdən tapmış və məhkəmə-narkoloji ekspertizasının 30 iyun 2025-ci il tarixli 365 saylı rəyindən də göründüyü kimi narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən özü istifadə etmək üçün qanunsuz olaraq üstündə saxlayaraq daşımışdır. 09 may 2025-ci il tarixdə polis əməkdaşları ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşduqda könüllü olaraq üzərində metadon tərkibli 1 ədəd dərman tabletinin olmasını etiraf etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs törətdiyi cinayətin məqsədi və motivi, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Məhkəmə bütün bu halları, habelə təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, yaşayış yerində müsbət xarakterizə olunmasını, mədə xəstəliyindən əziyyət çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını müstəsna hal qismində nəzərə alaraq ona Cinayət Məcəlləsinin 65.3-cü maddəsinin tətbiq olunmaqla cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 11 may 2025-ci il tarixli 4(073)-24/2025 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 may 2025-ci il tarixdən hesablanmaqla 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Cinayət Məcəlləsinin 65.3-cü maddəsini tətbiq etməklə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonra qalan 0,5 ədəd metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şübhəli şəxs qismində saxlanılarkən üzərinə baxış keçirilən zaman və Cəlilabad RPŞ-də aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin köçürüldüyü 2 (iki) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 09 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonra qalan 0,5 ədəd metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şübhəli şəxs qismində saxlanılarkən üzərinə baxış keçirilən zaman və Cəlilabad RPŞ-də aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin köçürüldüyü 2 (iki) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar