Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-108/2024 27.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ saat 16:40 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1994-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtarmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, 11 mart 2024-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,433 qram psixotrop maddə - metamfetamin əldə edib üzərində qanunsuz olaraq saxlamaqla daşımış, 2024-cü ilin mart ayının 11-də saat 17:15-də Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Cəlilabad şəhəri H.Əliyev prospektində saxlanılaraq şübhəli şəxs kimi Cəlilabad rayon polis şöbəsinin inzibati binasına dəvət olunmuş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibində qanunsuz olaraq saxladığı bir ədəd sellofan kəsiyi bükümündə ağ rəngli kristallardan ibarət təmiz çəkisi 1,433 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2023-cü ildə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə məhkum olunaraq ona azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Məhkum olunmasına baxmayaraq bəzi vaxtlarda yenə narkotik vasitə və psixotrop maddədən istifadə etmişdir. 11 mart 2024-cü il tarixdə tutulmamışdan təxminən 2-3 gün əvvəl Cəlilabad şəhərində yerləşən mərkəzi bazarda olarkən yerdə bir ədəd sellofan büküm olduğunu görərək həmin bükümü yerdən götürüb açıb baxarkən bükümün arasında psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Metamfetamini sonra qəbul etmək üçün əynində olan şalvarının cibinə qoymuş, elə həmin günü metamfetamindən az bir miqdarda qəbul edərək qalan metamfetamini isə başqa vaxtı qəbul etməsi üçün cibində saxlamışdır. O, 11 mart 2024-cü il tarixdə saat 17 radələrindən sonra Cəlilabad şəhəri H.Əliyev prospektindən piyada keçib gedərkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Cəlilabad RPŞ-nin əməkdaşları olduğlarını demişlər. Həmin polis əməkdaşdarı ondan üzərində narkotik vasitə, psixotrop maddə, cinayət xarakterli hər-hansı bir əşya və predmet olub-olmadığını xəbər almış, o, da cibində bir büküm psixotrop maddə metamfetamin olduğunu demişdir. Bundan sonra polis əməkdaşları ona onlarla birlikdə polis şöbəsinə gəlməsini demiş, ona görə də polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində sənədləşmə aparılaraq ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkliş vasitəsilə üzərində şəxsi axtarış keçirilərkən polis əməkdaşları bir daha ondan üzərində narkotik vasitə, psixotrop maddə, cinayət xarakterli hər hansı bir əşya və predmet varsa təqdim etməsini demişlər. O da əynində olan cins şalvarının sağ yan cibində olan bir ədəd sellofan bükümdəki psixotrop maddə olan metamfetamini təqdim edərək onu bazardan tapdığını və özü qəbul etmək üçün cibində saxladığını demişdir. Polis əməkdaşları onun təqdim etdiyi sellofan bükümü açıb baxdıqdan sonra onu elektron tərəzidə çəkib zərfə qablaşdıraraq möhürləmişlər. Sonra onun üzərində şəxsi axtarış aparılmış, təqdim etdiyi bir büküm metamfetamindən başqa onun üzərindən psixotrop maddə, narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Qeyd olunanlar barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğuna imza etmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır. Odur ki, bunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidin ifadəsi, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs psixotrop maddə, narkotik vasitə qəbul etməsi, üzərində psixotrop maddə və narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı 11 mart 2024-cü il tarixdə raportla şöbə rəisinə məruzə edərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş və qərar şöbə rəisi tərəfindən təsdiq olunmuşdur. Sonra o, CAB-nin əməliyyat müvəkkili Şahid2la birlikdə Təqsirləndirilən şəxs Cəlilabad şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər.Həmin günü saat 17:15 radələrində Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, H.Əliyev prospektində olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində psixotrop maddə və narkotik vasitə olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs cibində psixotrop maddə metamfetamin olduğunu demiş, ona görə də Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə gəlməsini demişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə gəlmiş, sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmələri ilə əlaqədar şöbə rəisinə raportla məruzə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim olunmuş müdafiəçinin iştirakı ilə sənədləşmə aparılaraq şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs üzərində videoçəkliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanarkən ona üzərində psixotrop maddə, narkotik vasitə, cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sağ yan cibində bir ədəd bükümdə metamfetamin olduğunu, həmin metamfetamini 2-3 gün əvvəl Cəlilabad şəhərindən bazardan tapdığını, metamfetamindən az miqdarda istifadə etdiyini, qalan metamfetamini isə özü başqa vaxt qəbul etmək üçün cibində saxladığını deyərək şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxardıb təqdim etmiş, həmin büküm açılıb baxılarkən bükümün arasında ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar maddə olduğunu görmüşlər. X4 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq psixotrop maddə və cinayət xarakterli hər-hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd sellofan bükümdəki metamfetaminə oxşar maddə elektron tərəzidə çəkilərək ekspertizaya təqdim edilməsindən ötrü kağız zərfə qoyularaq zərfin ağzı möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sağ yan cibində bir ədəd bükümdə metamfetamin olduğunu, həmin metamfetamini 2-3 gün əvvəl Cəlilabad şəhərindən bazardan tapdığını, metamfetamindən az miqdarda istifadə etdiyini, qalan metamfetamini isə özü başqa vaxt qəbul etmək üçün cibində saxladığını deyərək şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli 19/239 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 1,433 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf olunmuş, 1,383 qram qalıq qalmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 13 mart 2024-cü il tarixli 265 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji xəstəxanasında 2023-cü ildən “opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 1(099)- 417/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Cəlilabad rayon İcra və Probasiya şöbəsinin 07 may 2024-cü il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxs Ağayev X1 Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2023-cü il tarixli hökmü ilə ona təyin olunmuş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 07 may 2024-cü il tarixədək 8 (səkkiz) ay 19 (on doqquz) gününü çəkmiş, çəkilməmiş 1 (bir) il 9 (doqquz) ay 7 (yeddi) gün cəzası qalmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar, residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 11 mart 2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2024-cü il tarixdə saat 17:40-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, Cəlilabad rayon məhkəməsinin 13 mart 2024-cü il tarixli 4(073)-30/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli 11 mart 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə olunmuş Cəlilabad rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə görə hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında 2023cü ildən “opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 1,383 qram qalan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbayvan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 9 (doqquz) ay 7 (yeddi) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 10 (on) ay 18 (on səkkiz gün) azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə ona təyin olunmuş 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli 11 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında 2023-cü ildən “opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 1,383 qram qalan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbayvan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-108/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-108/2024
27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver