Məhkəmə qərarları › İş №1(073)-109/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-109/2025

04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-109/2025 04.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 10:40 X3 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1994-cü ildə Cəlilabad rayonu Maşlıq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Maşlıq kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 may 2025-ci ildə saat 10 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Qaz 3302-18” yük markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə köhnə Ələt-Astara-İran sərhədi avtomobil yolunun Cəlilabad rayon ərazisindən keçən 141-ci km-də, Ələt qəsəbəsi istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, yəni sürücü sürətdən və hərəkət şəraitindən aslı olaraq qabaqda gedən nəqliyyat vasitəsi ilə düzgün ara məsafəsi seçməli, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısına almaq üçün mümkün olan tədbirləri görməli, qarşısında eyni istiqamətdə hərəkətdə olan minik markalı avtomobillə lazimi ara məsafəsi saxlamalı, qarşısında hərəkətdə olan avtomobilin sürücüsü sürətini kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, nəqliyyat vasitəsinin sürətini azaltmaqla, hərəkətin təhlükəsizliyini təmin etməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, eyni istiqamətdə sağ zolaqla hərəkətdə olan Şahid2 idarə etdiyi “Mercedes Benz 210 D” minik markalı ** OG *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna it çıxması səbəbindən sürətini kəskin azaltmış, bu zaman həmin avtomobilə arxadan çırpılmış, daha sonra yük avtomaşının arxası ilə sağ zolaqla hərəkətdə olan Şahid1 idarə etdiyi “Vaz 21074” minik markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sol hissəsi “Qaz 3302-18” yük markalı avtomaşının arxa sağ hissəsinə çırpılmış, nəticədə ehtiyyatsizlıqdan “Vaz 21074” minik markalı avtomaşında olan sərnişin Zərərçəkmiş şəxs sağ bazu sümüyünün orta 1\3-nin çəp qapalı yerdəyişmiş sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına, həmçinin sağlamlığına az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol- nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, onun “Qaz 3302-18 yük” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 28 may 2025-ci ildə saat 10 radələrində idarə etdiyi “Qaz 3302-18 yük” markalı avtomaşınla Ələt- Astara yolu ilə üzü Ələt istiqamətdə sağ zolaqla saatda 55-60 km sürətlə hərəkətdə olmuşdur. Cəlilabad rayon ərazisindən keçdikdə birdən yolun sol hissəsindən sahibsiz bir it yolun sağına doğru qaçmış, bu zaman qarşısında eyni istiqamətdə hərəkətdə olan “Mercedes Benz 210D” markalı avtomaşının sürücüsü sürətini kəskin azaltmış, həmin anda aralarında məsafə yaxın olduğundan “Qaz 3302-18 yük” markalı avtomaşının qabaq hissəsi həmin avtomaşına arxadan çırpılmışdır. Daha sonra arxadan eyni istiqamətdə hərəkətdə olan “Vaz 21074” markalı avtomaşının qabaq hissəsi “Qaz 3302-18 yük” markalı avtomaşının arxa sağ hissəsinə çırpılmışdır. Hadisə zamanı o, heç bir xəsarət almamışdır. “Vaz 21074” markalı avtomaşında olan sərnişin Zərərçəkmiş şəxs xəsarət almışdır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur, əməlindən səmimi peşmandır. Ona görə də cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərdi ki, 28 may 2025-ci il tarixdə saat 10 radələrində qohumu Şahid1 idarə etdiyi “Vaz 21074” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə sağ zolaqla hərəkətdə olmuşlar. Cəlilabad rayon ərazisindən keçdikdə birdən qarşılarında eyni istiqamətdə hərəkətdə olan “Qaz 3302-18 yük” markalı avtomaşının nəyəsə çırpıldığını görmüş, bu zaman Şahid1 idarə etdiyi “Vaz 21074” markalı avtomaşının qabaq hissəsi həmin “Qaz 3302-18 yük” markalı avtomaşına arxadan çırpılmışdır. Hadisə zamanı qolundan xəsarət almışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, onu bağışlamış və ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmədən bunun nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərdi ki, özünə məxsus “Vaz 21074” markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 28 may 2025-ci ildə saat 10 radələrində idarə etdiyi “Vaz 21074” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə sağ zolaqla saatda 50-55 km sürətlə hərəkətdə olmuşdur. Cəlilabad rayon ərazisindən keçdikdə birdən qarşısında eyni istiqamətdə hərəkətdə olan “Qaz 3302-18 yük” markalı avtomaşının “Mercedes Benz 210D” markalı avtomaşına arxadan çırpıldığını görmüş, bu zaman dərhal avtomaşının əyləcini basmışdır. Həmin vaxtda idarə etdiyi avtomaşının qabaq sol hissəsi “Qaz 3302-18” yük markalı avtomaşına arxadan çırpılmışdır. Hadisə zamanı avtomaşında olan sərnişin Zərərçəkmiş şəxs ilə birgə xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs məxsus “Qaz 3302 yük” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomaşınla 28 may 2025-ci il tarixdə saat təxminən 10 radələrində köhnə Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə sağ zolaqla hərəkətdə olmuşlar. Həmin vaxtda o, avtomaşında sərnişin kimi qabaqda əyləşmişdir. Cəlilabad rayon ərazisindən keçəndə birdən qarşılarında tanımadığı “Mersedes Benz 210D” markalı avtomaşın qarşısına it çıxdığı üçün ani anda sürətini kəskin azaltmışdır. Həmin anda Təqsirləndirilən şəxs qəzadan yayınmaq üçün dərhal avtomaşınımın əyləcini basmaqla avtomaşını saxlamaq istəmiş, lakin məsafə yaxın olduğundan idarə etdiyi avtomaşının qabaq hissəsi “Mersedes Benz 210D” markalı avtomaşının arxa hissəsinə çırpılmışdır. Daha sonra arxalarında gələn “Vaz 21074” markalı avtomaşın onların olduğu “Qaz 3302 yük” markalı avtomaşına arxa sağdan çırpılmışdır. “Vaz 21074” markalı avtomaşında olan sərnişin xəsarət almışdır. Hadisə zamanı o, heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərdi ki, Şahid1 onun doğma oğludur. Oğlu Şahid1 məxsus “Vaz 21074” markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomaşını vardır. 28 may 2025-ci il tarixdə saat təxminən 10 radələrində Şahid1 idarə etdiyi “Vaz 21074” markalı avtomaşınla köhnə Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə saatda təxminən 50-55 km sürətlə sağ zolaqla hərəkət etmişlər. Həmin vaxtda o, avtomaşında sərnişin kimi əyləşmişdir. Cəlilabad rayon ərazisindən keçəndə birdən görmüşdür ki, qarşılarında hərəkətdə olan “Qaz 3302 yük” markalı avtomaşın öz qarşısında eyni istiqamətdə gedən ağ rəngli “Mersedes Benz minik” markalı avtomaşına arxadan çırpılmışdır. Həmin anda Şahid1 dərhal avtomaşının əyləcini basmış, lakin “Qaz 3302” markalı avtomaşınla aralarında məsafə az olduğundan onların olduğu avtomaşının qabaq sol hissəsi “Qaz 3302 yük” markalı avtomaşının arxa sağ hissəsinə arxadan çırpılmışdır. Hadisə zamanı o, heç bir xəsarət almamışdır. Ancaq avtomaşında olan sərnişin Zərərçəkmiş şəxs sağ qolundan xəsarət almışdır. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X2-Təcrübi və X1 rayon şöbəsinin 12 iyun 2025-ci il tarixli 335 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində- sağ bazu sümüyünün orta 1\3-nin çəp qapalı yerdəyişmiş sınığı müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti 28 may 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2025-ci il tarixli 8/1242 nömrəli rəyindən görünür ki, “Qaz 3302-18 yük” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Qüdrət oğlunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşə əlavə olunmuş, alkotestr vərəqəsindən görünür ki, 28 may 2025-ci ildə saat 14:12-də sürücü Təqsirləndirilən şəxs Qüdrət oğlu “Jupiter X” markalı alkotestr vasitəsi ilə sərxoşluğunun olub-olmaması yoxlanılmış və hadisə zamanı onun sərxoş olmadığı müəyyən edilmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin 17 iyun 2025-ci il tarixli, 3-13-16-5/2-5979/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2019-cu il tarixdə AE 441934 nömrəli sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirərək onun barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdikləri ifadələri, onların ərizələrində göstərdikləri halları və digər iş materiallarını nəzərə alaraq hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xətanın tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan ləğv edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olub- olmaması məsələsinin araşdırılması üçün qərarın surəti Cəlilabad rayon prokuroruna göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan “Vaz 21074” markalı ** VK *** qeydiyyat nişanlı avtomobilin, “Mercedes Benz 210 D” markalı ** OG *** dövlət qeydiyyat nişanlı avtomobilin və “Qaz 3302-18 yük” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətdən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan ləğv edilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmaması məsələsinin araşdırılması üçün qərarın surəti Cəlilabad rayon prokuroruna göndərilsin. İş üzrə maddi sübut olan “Vaz-21074” markalı ** VK *** qeydiyyat nişanlı avtomobilin, “Mercedes Benz 210 D” markalı ** OG *** dövlət qeydiyyat nişanlı avtomobilin və “Qaz 3302-18 yük” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxsdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qərar 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar