Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-111/2023 20.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 12:20 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Cəlilabad rayonunun Maşlıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Maşlıq kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 145.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 yanvar 2023-cü il tarixdə saat 15 radələrində yaşadıqları Cəlilabad rayonu Maşlıq kəndində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs qonşusu X3 ilə telefonla əlaqə saxladığına görə ona xəyanət etməsindən özlüyündə əmin olduğu üçün ata evinə geri qayıtmasını tələb etməsinə baxmayaraq Zərərçəkmiş şəxs evi tərk etmədiyinə görə sonuncunu iradəsi ziddinə atası evinə aparmaq üçün onun burun, sol göz və çənə nahiyəsinə qəsdən bir neçə dəfə əli ilə zərbə vuraraq zor tətbiq etməklə müqavimətini qırıb, hər iki qolunu ip və yapışqan lentlə bağlayıb onu qanunsuz azadlıqdan məhrum etdikdən sonra, onu yaşadıqları evin ikinci mərtəbəsinin pilləkənlərindən birinci mərtəbəyə itələyib yıxaraq ona sağlamlıq üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid burun nahiyəsində şişkinlik, qançır, burun sümüyünün yerini dəyişən sınığı, hər iki tərəfdə burun tənəffüsünün pozulması, sol gözaltı nahiyədə, alt çənə nahiyəsində, sağ mil-bilək oynağı və sağ baldır nahiyəsində qançırlardan ibarət xəsarətlər yetirmiş, daha sonra Zərərçəkmiş şəxs əlləri bağlı vəziyyətdə iradəsinə zidd olaraq zorla özünə məxsus “VAZ-2107” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına oturdub Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən ata evinin qarşısına aparıb həmin vəziyyətdə orada düşürdükdən sonra geri qayıtmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Cəlilabad rayonu Maşlıq kəndində yaşayır və fəhləçilik edərək ailəsini dolandırır. Zərərçəkmiş şəxs onun arvadıdır. Zərərçəkmiş şəxs ilə 2010-cu ildə, yəni 13 il əvvəl ailə qurmuş və birgə nikahlarından iki övladları vardır. 23 dekabr 2022-ci il tarixdə arvadı Zərərçəkmiş şəxs ona xəyanət etməsindən şübhələnmişdir. Belə ki, həmin gün evə gələndə ona zəng vurmuş, evə almağa nə lazım olmasını soruşanda Zərərçəkmiş şəxs mobil telefonu uzun müddət “məşğul” göstərmişdir. Biraz keçəndən sonra Günay özü onu yığdıqda səsindən onun həyəcanlı olduğunu hiss etmişdir. Evə gələndən sonra azyaşlı qızı Əminəyə anasının telefonunu gətirdib ona baxandan sonra görmüşdür ki, Günay onun nömrəsindən başqa ona gələn digər zəngləri silmişdir. O, Günaydan ona kimin zəng vurduğunu soruşmuş, lakin, Günay telefonla danışdığını boynuna almamışdır. O da təkidlə soruşanda Günay ola bilsin ki, telefonda nasazlıq olduğunu demişdir. Ertəsi gün o, yenə Günaydan kiminlə danşdığını soruşduqda sonuncu, ona kiminsə onu səhv yığdığıı demişdir. O isə Günaya irad tutub əvvəllər səhv zəng gəldiyi vaxt ona bu barədə dediyini, amma bu dəfə heç nə demədiyini bildirmişdir. Günay həmin gün söhbətdən birtəhər yayınmışdır. Lakin o, bu işin axırına çıxmadığına görə ürəyində şübhə qalmışdır. Buna görə də bu hadisənin üstündən təxminən 2-3 gün keçmiş o, yenə də bu barədə söhbət açmış və nəhayət Günay ona qonşuları X1 ona biganə olmadığını, Vüsalın ondan xoşu gəlməsini dediyini etiraf etmişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs ona qonşu Vüsalla təxminən 7-8 aydır ki, yaxın münasibətləri olduğunu, hətta o, evdə olmayanda Vüsalın onlara gəldiyini, uşaqlar məktəbdə və yaxud yuxarı evdə olanda onunla görüşdüyünü etiraf etmişdir. Bu etirafı eşidəndən sonra o, Günaya ona xəyanət etdiyini, nə qədər ki onunla işi yoxdur, çıxıb ata evinə getməsini demişdir. Zərərçəkmiş şəxs isə səhvini boyun alıb ona yalvararaq səhvini düzəltməsi və Vüsaldan yaxasını qurtarması üçün ondan möhlət istəmişdir. O, isə Günaya səhvi özünün etdiyini, buna görə də necə düzəldəcəksə özünün düzəltməsini demişdir. Günay ona söz versə də, öz sözünə əməl etməmişdir. O, 05 yanvar 2023-cü il tarixdə saat 15 radələrində evə gəlmişdir. Həmin vaxt uşaqlar yaxınlıqda yaşayan atası İslamın evində olmuşlar. Zərərçəkmiş şəxs ona yaxınlaşıb Vüsalın evini yandırmaq istədiyini, lakin bunu edə bilmədiyini demişdir. O da Günaya xəyanət səhvini düzəldə bilməmişdirsə yığışıb atası evinə getməsini demişdir. Lakin, Günay ona heç yerə getməyəcəyini demişdir. O da Zərərçəkmiş şəxs bu sözünə əsəbiləşib ona “otur maşına səni atan evinə Biləsuvara aparıram” demişdir. Onlar həmin vaxt yaşadığı evin ikinci mərtəbəsində pilləkənlərin yanında olmuşlar. Zərərçəkmiş şəxs qışqırmağa başlayıb heç yerə getməyəcəyini demişdir. O da Günayın bu sözünə əsəbiləşib qışqıranda sağ əlinin ovuc hissəsi ilə onun ağız və burun nahiyəsindən bir dəfə şillə ilə bərk, yumruqla sol göz nahiyəsindən zərbə vurmuşdur ki, hay-küy salmasın. O, zərbə vurduqdan sonra Zərərçəkmiş şəxs pilləkəndən birinci mərtəbəyə yıxılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs yerdən qaldırıb əllərini bağlayaraq özünə məxsus olan “VAZ-2107” markalı 15- BT-457 dövlət qeydiyyat nişanlı avtomaşının arxa oturacağına oturdub onu atası evinə, Biləsuvar rayonu, Xırmandalı kəndinə aparmışdır. Orada Günayı atasının evinin qabağında darvaza yanında düşürüb, onu qardaşı Qismətin arvadı Nuranəyə təhvil verib, sonuncuya baldızı Günayın ona xəyanət etdiyini demişdir. Zərərçəkmiş şəxs orada qoyub öz kəndlərinə qayıtmışdır. Törətdiyi cinayət əməlindən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxs olan arvadı Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Himayəsində iki azyaşlı uşağı var, ailəsinin yeganə qazanc gətirənidir. Ona görə də bu halları nəzərə alaraq ona həbslə əlaqəli olmayan yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün etirafından əlavə işin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla da aşağıdakı qaydada tam sübuta yetirilir. Beləki, iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxs çox qısqanc adam olduğu üçün bununla bağlı aralarında əvəllər tez-tez ailə münaqişəsi olmuşdur. Təxminən 2022-ci ilin oktyabr ayında Maşlıq kəndində yaşadıqları evin həyətində iş gördüyü vaxt onlarla qonşuluqda yaşamış Vüsal Həsənovun ona tərəf baxdığını və ona qarşı biganə olmadığını hiss etmişdir. Bundan bir müddət keçəndən sonra onun hissləri təsdiqini tapmışdır. Belə ki, Vüsal Həsənov onların həyətindən öz həyətinə gedəndə yaxınlaşıb ondan xoşu gəldiyini demişdir. O isə Vüsala ailəli olduğunu, ünvanı düz tapmadığını demişdir. Bu söhbəti o, əvvəl qanqaraçılıq olmaması üçün əri Ruslandan gizli saxlamışdır. Lakin buna baxmayaraq Vüsal öz hisslərini ondan gizlətməmişdir və o, qorxmuşdur ki, haçansa əri Ruslan bundan xəbər tutacaqdır. Ona görə də bu söhbəti həmin ərəfədə əri Təqsirləndirilən şəxs bildirmişdir. Təqsirləndirilən şəxs bu xəbəri eşidən kimi Vüsalı döyməsi üçün onunla xoş danışaraq aldadıb evə gətirməsini təklif etmişdir. O da Təqsirləndirilən şəxs yanında Vüsalla telefonda xoş danışmışdır ki, Vüsal onların yaşadığı evə gəlsin. Lakin Vüsal nədənsə şübhələnib onlara gəlməmişdir. Buna görə də əri Təqsirləndirilən şəxsla münaqişəsi başlamışdır. Ruslan ondan günahını yumadığı halda onun yaşadığı evi tərk etməsini tələb etmişdir. Bu səbəbdən 05 yanvar 2023-cü il tarixdə təxminən saat 15 radələrində aralarında yaranmış mübahisə zamanı Ruslan ondan atası evinə getməsini tələb etmişdir. Lakin o, əri Təqsirləndirilən şəxs evdən getməyəcəyini dedikdə Ruslan yumruqla onun burun nahiyəsindən və sol gözündən zərbə vurub “gedək səni atan evinə aparıram” demişdir. Həmin vaxt onlar evin ikinci mərtəbəsində, pilləkənin yanında olmuşlar. O, müqavimət göstərib heç yerə getməyəcəyini bildirmişdir. Buna görə Ruslan onun əl-qolunu iplə bağlayıb, üzərinə yapışqan lent vurmuşdur ki, o, əlini aça bilməsin. Çünki, o, evi tərk etmək istəməmiş və Ruslana müqavimət göstərmişdir. Təqsirləndirilən şəxs qollarından tutub onu birinci mərtəbəyə düşürmək istəsə də o, ona müqavimət göstərməyə davam etmişdir. Müqavimət göstərməyə davam etdiyini görüb Ruslan onu ikinci mərtəbənin pilləkənindən yerə tullamış və o, yuvarlanıb 1-ci mərtəbəyə düşmüşdür. Təqsirləndirilən şəxs onu 1-ci mərtəbədən evin aşağısına salıb, sonra onu özünə məxsus “VAZ-2107” markalı avtomaşının arxa oturacağına əyləşdirmişdir. Əri Təqsirləndirilən şəxs onu vurması və itələyərək pilləkənlərdən yıxması nəticəsində o, xəsarət almışdır. Daha sonra Təqsirləndirilən şəxs avtomobili işə salıb onu Biləsuvar rayonu, Xırmandalı kəndinə atası evinə aparıb, orada onu darvazanın yanında zorla avtomobildən düşürüb getmişdir. Həmin vaxt burnundan axan qanı yumaq üçün üçün həyətlərinə keçmişdir. Orada atasının evinə daxil olmadan elə həyətdə gəlinləri Nuranə onun qolunda olan ipi və yapışqan lenti bıçaqla kəsib onun üzünün qanını yumuşdur. O, daha sonra yola qayıdıb, marşrut avtobusu ilə yenə Maşlıq kəndinə qayıtmışdır. Halhazırda o, təqsirləndirilən şəxs olan əri Təqsirləndirilən şəxsla barışmışdır, iki azyaşlı övladları var, ailəsinin dağılmasını istəmir, ona görə də əri Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Şahid – Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun baldızı Zərərçəkmiş şəxs əridir. O, 05 yanvar 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı Biləsuvar rayonu Xırmandalı kəndindəki evin həyətində ev işləri ilə məşğul olan zaman qapının qarşısında avtomobil dayandığını eşitmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs darvazadan içəri daxil olub ondan əri Qisməti çağırmasını istəmişdir. O isə Ruslana Qismətin işdə olduğunu demişdir. Daha sonra, Təqsirləndirilən şəxs ona qaynanasını çağırasını demişdir. O, qayınanasının da evdə olmadığını və baldızıgildə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünə məxsus “VAZ-2107” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb arxa qapısını açaraq oradan Zərərçəkmiş şəxs dartıb çölə çıxarmış və dərhal avtomobilinə oturub oradan uzaqlaşmışdır. O, baldızı Zərərçəkmiş şəxs döyüldüyünü və burnunun qanadığını, Günaya yaxınlaşdıqda onun qollarının da yapışqan lentlə bağlı olduğunu görmüşdür. O, köməklik edib Günayı həyətə gətirdikdən sonra bıçaqla həmin yapışqan lenti kəsdikdə onun qollarının iplə də balı olduğunu görmüş və ipi də kəsmişdir. Daha sonra Zərərçəkmiş şəxs əlini və üzünü yuduqdan sonra yenidən yaşadığı kəndə qayıdacağını bildirib getmişdir. Zərərçəkmiş şəxs ona nə baş verdiyini deməmişdir. O, daha sonra bu barədə qayınanası Şahid2 danışmışdır. Şahid – Şahid2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızı, Təqsirləndirilən şəxs isə qızı Zərərçəkmiş şəxs əridir. Zərərçəkmiş şəxs 2010-cu ildən 13 il əvvəl Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və Cəlilabad rayonu, Maşlıq kəndində yaşayır. Kürəkəni Təqsirləndirilən şəxs çox qisqanc adamdır. Təxminən 6 ay əvvəl onlarla qapı qonşu olan Vüsal Həsənovun üstündə onların ailəsində söz-söhbət yaranmışdır. Bu barədə Təqsirləndirilən şəxs özü ona bildirib və xahiş etmişdir ki, gəlib qızını onun evindən aparsın. Sonuncu dəfə 05 yanvar 2023-cü il tarixdə yaşadığı Biləsuvar rayonu, Xırmandalı kəndində qızı Hafilənin oğlu nəvəsi Firudin hərbi xidmətdən qayıtdığı üçün ona dəyməyə getmişdir. Həmin günü təxminən saat 17-də evə qayıdanda oğlu Qismətin arvadı, Şahid1 ona demişdir ki, Təqsirləndirilən şəxs qızı Günayı döymüş və gətirib qapının ağzında qoyub getmişdir. Həmin vaxt Günayın qolları yapışqan lent və iplə bağlı olmuşdur. Gəlini Şahid1 bıçaqla həmin lenti və ipi kəsmişdir. O, özü həmin ipi və lenti həyətdə yandırmışdır. Günay əlini və üzünü yuyub yol maşını ilə Təqsirləndirilən şəxs dalınca yenə də Maşlıq kəndinə qayıtmışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X6-Təcrübi və X2 rayon şöbəsinin 14 yanvar 2023-cü il tarixli 21 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun nahiyyəsində şişkinlik, qançır, burun sümüyünün yerini dəyişən sınığı, hər iki tərəfdə burun tənəffüsünün pozulması, sol göz altı nahiyədə, alt çənə nahiyəsində, sağ mil-bilək oynağı və sağ baldır nahiyəsində qançırlar müəyyən olunmuşdur. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmuyu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 145.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 145.2.5-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Muğan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Muğan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 yanvar 2023-cü il tarixli, 5-41/2-21-28 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2011-ci il təvəllüdlü X4 və 2014cü il təvəllüdlü X5 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunması, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn: cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın onun özünün və ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək həmin cəzanın ona şərti olaraq təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın real olaraq icrası ilk növbədə onun özünün və ailəsinin həyat şəraitini hədsiz dərəcədə ağırlaşdırmış olar. Bu zaman məhkəmə, onun zərərçəkmişlə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, iki azyaşlı uşağının olmasını, ər-arvad olmalarını, əvvəllər hər hansı bir cinayət əməli törətməməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzanın təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması, törətdiyi cinayəti etiraf etməsi, əməlindən səmimi peşiman olması onun islah yoluna qədəm qoymasına dəlalət edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi cəzanın məqsədlərini təmin edə bilər və o, real olaraq cəza çəkmədən islah oluna bilər. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.5-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm 20 (iyirmi) gün keçdikdən sonra qanuni qüvvəyə minir, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-111/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-111/2023
20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver