Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-112/2023 16.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirli bilinib 2 (iki) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, Cəlilabad şəhəri M.ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,645 qram narkotik vasitə heroin əldə edib üzərində qanunsuz olaraq saxlamaqla daşımış, 2023-cü ilin mart ayının 7-də saat 18:40-da Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Cəlilabad şəhəri, Məhəmməd Füzuli küçəsində saxlanılaraq şübhəli kimi Cəlilabad rayon polis şöbəsinin inzibati binasına dəvət olunmuş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibində qanunsuz olaraq saxladığı bir ədəd sellofan kəsiyi bükümündə tiryəkdən kustar üsulla hazırlanmış təmiz çəkisi 0,645 qram narkotik vasitə olan həmin heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhərində ailə üzvləri ilə birlikdə yaşayaraq fərdi əməklə məşğul olmuşdur. Təxminən 1 ildən artıq müddətdir ki, bəzi vaxtlarda narkotik vasitə olan heroini kağızın arasına doldurub yandıraraq tüstüsünü qəbul etmişdir. 2022-ci ilin oktyabr ayında üzərindən narkotik vasitə aşkar olunduğu üçün Cəlilabad Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli hökmü ilə ona 2 il azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. 07 mart 2023-cü il tarixdə saat 18:30 radələrində yaşadığı evdən çıxıb piyada Cəlilabad şəhərində yerləşən «Bağ» adlanan çay evinə gedərkən şəhərin H.Əliyev prospekti ilə gedib «Silsilə» deyilən əraziyə çatarkən yerdə sellofan büküm olduğunu görmüş, həmin bükümü yerdən götürüb açıb baxarkən bükümün arasında narkotik vasitə heroin olduğunu görmüşdür. Narkotik vasitə heroin qəbul etdiyi üçün həmin heroini sonra özü qəbul etmək üçün əynində olan cins şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra çayxanaya getmək fikirindən yayınıb qayıdaraq evlərinə getmək istəyərkən yaşadığı M.Füzuli küçəsinə çatarkən 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək, Cəlilabad RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşdarı ondan üzərində narkotik vasitə, psixotrop maddə, cinayət xarakterli hər-hansı bir əşya və predmet olub-olmadığını xəbər almış, o da cibində narkotik vasitə heroin olduğunu, həmin heroini bir neçə dəqiqə əvvəl yerdən tapdığını və özü qəbul etmək üçün üzərində saxladığını demişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, o da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində sənədləşmə aparılaraq müdafiəçinin iştirakı və video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilərkən polis əməkdaşları ona üzərində narkotik vasitə, cinayət xarakterli hər hansı bir əşya və predmet varsa təqdim etməsini təklif etmişlər. O da əynində olan şalvarının sağ yan cibində bir ədəd bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroini yerdən tapdığını və özü qəbul etmək üçün cibində saxladığını bildirərək, heroini çıxardıb təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi sellofan bükümü açıb baxaraq sonra onu elektron tərəzidə çəkib zərfə qablaşdırmış, zərfin ağzı möhürlənmiş, üzərində şəxsi axtarış aparılmış, təqdim etdiyi bir büküm heroindən başqa onun üzərindən narkotik vasitə, cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamış, bu barədə polis əməkdaşları protokol tərtib etmiş, protokol ucadan oxumuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolu imzalamışdır. Hazırda əməlindən səmimi peşmandır və ailədə yeganə qazanc gətirəm şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı 07 mart 2023-cü il tarixdə raportla şöbə rəisinə məruzə etmiş, sonra isə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edərək qərar şöbə rəisi tərəfindən təsdiq olunmuşdur. Bundan sonra o, CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Cəlilabad şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 18:40 radələrində Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, M.Füzuli küçəsində olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edərək, ondan üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs cibində heroin olduğunu bildirmiş, sonra ona onlarla birlikdə polis şöbəsinə gəlməsini təklif etmişlər Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim olunmuş müdafiəçinin iştirakı ilə sənədləşmə aparılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs üzərində video çəkliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanarkən ona üzərində narkotik vasitə, cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sağ yan cibində bir ədəd bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroini həmin gün Cəlilabad şəhərindən «Sil-Silə» deyilən ərazidən tapdığını və özü qəbul etmək üçün cibində saxladığını bildirərək, şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Həmin büküm açılıb baxılarkən bükümün arasında ilk baxışdan narkotik vasitə heroinə oxşar maddə olduğunu görmüşlər. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq narkotik vasitə və cinayət xarakterli hər-hansı bir əşya və predmet aşkar olunmamış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdəki heroinə oxşar maddə elektron tərəzidə çəkilərək ekspertizaya təqdim edilməsindən ötrü kağız zərfə qoyularaq zərfin ağzı möhürlənmiş, bu barədə təhqiqatçı Samir Musayev tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş halda 01 ədəd bükümdə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 08 mart 2023-cü il tarixli, 19/271 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,645 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (tədqiqata sərf olundu 0,05 qr, qalıq 0,595 qr). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 409 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulundan yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmasının əvvəli 07 mart 2023-cü ildən hesablanmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs və ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və ona, təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. İşdə olan tələbnamədən və sənədlərdən görünür ki, təqsirləndirilən şəxs Əhmədov X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Cəlilabad rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Əhmədov X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gününü çəkmiş və 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,595 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə əsasən 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlıqdan mərhum etmə cəzasına bərabər tutulmaqla Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan mərhumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 07 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 0,595 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(073)-112/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-112/2023
16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver